525.Az

NATO rus qoşunlarının Qarabağda olmasından narahatdır


 

NATO rus qoşunlarının Qarabağda olmasından narahatdır<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Elxan Şahinoğlu, politoloq:

- Həm Rusiya prezidenti Vladimir Putin, həm də xarici işlər naziri Sergey Lavrov Qarabağla bağlı suallara cavab vermək məcburiyyətində qaldılar. Vladimir Putin Rusiya vətəndaşlarının suallarına onlayn formatında cavab verərkən Qarabağ haqqında danışdı, Sergey Lavrov isə Antalyada türkiyəli həmkarı Mövlüd Çavuşoğlu ilə görüşərkən mövzuya toxundu.

Putin Qarabağ ermənilərinin gələcəyi haqqında fikir yürüdərkən, Lavrov Antalyada olduğuna görə Türkiyə ilə birgə addımlardan danışdı. Misal üçün, Putin dedi ki, Rusiya Qarabağda yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacaq. "Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil" deyən Kreml sahibi normal infrastrukturun qurulması probleminin mövcudluğunu vurğulayıb. Putin Azərbaycanla Ermənistan arasındakı sərhəd probleminə də toxundu: "Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin müəyyən olunması məsələsi var, harada ki, heç vaxt dövlət sərhədi olmayıb. Bu, ancaq iki müttəfiq respublika arasında inzibati sərhəd olub. Biz indi bu işin həyata keçirilməsi prosesindəyik. Rusiya, Azərbaycan və Ermənistandan ibarət xüsusi üçtərəfli qrup yaratmışıq. Regionda normal münasibətlərin bərpa olunması üçün hər şeyi edirik. Bu işdən faydalananlar sözsüz ki, Dağlıq Qarabağın sakinləri olmalıdır. İstərdim, düşünüm ki, onilliklər ərzində yığılıb qalan bütün çətinliklərə baxmayaraq, belə də olacaq".

Putinin sözlərindən belə çıxdı ki, Rusiya həm Qarabağdakı ermənilərin sosial problemlərini həll edəcək, həm də Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşdirilməsində hakim rolunu oynayacaq.

Sergey Lavrov isə Türkiyədə olduğuna görə Ankaraya xoş gəlsin deyə birgə əməkdaşlıq haqqında bunları dedi: "Biz bu gün Mövlud Çavuşoğlu ilə razılaşdıq ki, hər kəs öz imkanından istifadə edib Azərbaycan və Ermənistanın barışığına, onlar arasında münasibətlərin normallaşmasına, azərbaycanlılar və ermənilərin bu torpaqda yanaşı, mehriban qonşular kimi yaşamaları üçün şərait yaratmağa kömək etsin. Onda əminik ki, bütün məsələlər, o cümlədən, siyasi xarakterli məsələləri daha asan həll etmək mümkün olacaq. Bir daha qeyd edirəm ki, bizim əməkdaşlığımızın əlavə istiqaməti bu regionda nəqliyyat kommunikasiya, iqtisadi əlaqələrin bərpa olunmasıdır. Türkiyə Prezidenti Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin regionun inkişafı üçün "3+3" əməkdaşlıq platforması ilə bağlı təklifi bizdə müsbət reaksiya doğurub. Bu gün biz bu barədə də danışdıq. Düşünürəm ki, burada bizim ilk vaxtlar üçün yaxşı planlarımız var. Təkrar edirəm ki, biz Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı nəticəli əməkdaşlıqdan məmnunuq".

Putinin və Lavrovun nə demələrindən asılı olmayaraq Azərbaycan-Türkiyə hərbi ittifaqının güclənməsi Kremli narahat edir, ancaq buna açıq etiraz edə bilmirlər, əksinə, Ankaranın ünvanına xoş sözlər səsləndirirlər. Bu da Türkiyənin Cənubi Qafqazda artan roluna işarədir. Buna baxmayaraq, Rusiya Ermənistana bundan sonra da havayı hərbi texnika göndərməkdə, orada yeni hərbi bazalar yaratmaqda davam edəcək. Bizim vəzifəmiz isə Qarabağa nəzarəti tam ələ almaq yolunda Türkiyə ilə birgə addımlamaqdır.

Elçin Alıoğlu, jurnalist:

- "Həmişə Zəngəzur dəhlizindən yazır və danışırsınız, amma Xankəndi, Xocalı, Xocavənd və Ağdərədən bəhs etmirsiniz. Niyə?"

Ən çox eşitdiyim, oxuduğum sualdır.

Hadisələrin subyekti və obyektini qarışdırmamaq, siyasəti sxolastikaya sürükləməmək, baş verənlərin kontekstini mürəkkəbləşdirməmək üçün susmaq gərəkirdi.

Susurdum.

Fəqət, indi açıq yaza bilərəm.

Azərbaycanlı məcburi köçkünlərin hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və s. yaşayış məntəqələrinə, ev-eşiklərinə, yurd yerlərinə qayıdışı prosesinə hazırlıq gedir.

Bununla bağlı olaraq BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı ilə zəruri prosedurlar çərçivəsində müzakirələr aparılır.

Müzakirələr uğurludur.

Sadəcə, bunu yaza bilərəm hələlik.

Vaxtilə Bakıda, Gəncədə, Sumqayıtda və s. məkanlarda yaşamış ermənilərin qayıdışı müzakirə mövzusu deyil.

Mikayıl Cabbarov, iqtisadiyyat naziri:

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi "Karabakh.Center" layihəsi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasına xidmət edir. Qarabağın dirçəlişi istiqamətində müəyyənləşdirilmiş milli prioritetlər regionun yüksək rifahını təmin edəcək.

Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı məqsədilə maarifləndirmə işinin aparılması olduqca əhəmiyyətlidir.

Rəhman Hacıyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri:

- Əziz dostlar! Bu gün "Fairmont Baku" otelində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Karabakh.Center" (www.karabakh.center) layihəsinin rəsmi təqdimatı keçirilib.

Tədbirdə iştirak edən bütün qonaqlarımıza ürəkdən təşəkkürümü bildirirəm.

"Karabakh. Center" layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

Bu internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.

Saytda əvvəllər işğal altında olan ərazilərdə yerləşən dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10 mindən çox fotoşəkli və video görüntüləri yer alır.

Bütün fotoşəkilləri və videoları saytın "Urbisid" bölməsində tapmaq mümkündür.

Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir.

"Münaqişə" və "Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur.

İnternet resursunun məzmunu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə yenilənəcəkdir.

Dilbər guşəmiz olan Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcəkdir.

Fürsətdən istifadə edərək, Qarabağ Dirçəliş Fondu adından bu internet resursunun yaradılmasının təşəbbüskarı olan möhtərəm Mehriban xanım Əliyevaya göstərdiyi etimada görə, hörmətli Müşahidə Şurasının üzvlərinə isə göstərdikləri dəstəyə görə dərin minnətdarlığımızı bildirmək istərdim.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-yə (AZTV) də minnətdarlığımızı bildirirəm.

Onu da qeyd edim ki, bu internet resursu heç şübhəsiz ki, həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən, arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcəkdir.

Qeyd etmək istərdim ki, bu gün Qarabağ Dirçəliş Fondunu təmsil edən şəxs kimi bu təqdimatda çıxış etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu yüksək etimadı göstərdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyeva öz dərin minnətdarlığımı bildirmək istərdim. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm.

Sonda Azərbaycan xalqının şüarına çevrilən, Ali Baş Komandan İlham Əliyevin sözlərindən sitat gətirmək istərdim: "Qarabağ Azərbaycandır!"

Emin Əmrullayev, təhsil naziri:

- Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhəri Nəsimi rayonunda yerləşən Texniki-humanitar liseyə dünya şöhrətli alim, görkəmli elm xadimi Lütfi Zadənin adı verilib.

Ümidvaram ki, bu təhsil ocağında görkəmli alimin davamçıları yetişəcək və dünya miqyasında töhfələr verəcəklər. 

Eminquey Akif, şair:

- Hər bir peşə müqəddəs və şərəflidir. Polis də bu peşələrdən biridir. Bu sahədə çalışan insanların zəhməti ölçüyəgəlməzdir. İstidə də, boranda da bu sahənin əməkdaşlarının rolu danılmazdır.

Vaxtilə Heydər Əliyevin rəhbərliyi altında polis orqanlarının əməkdaşları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyllərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başlamışdılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yaranmış, onların dövlətə, hüquq-mühafizə orqanlarına inamı daha da artmış, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürülmüşdü. Bu siyasəti hazırda ölkə Prezidenti cənab İlham Əliyev də uğurla davam etdirir və asayişin qorunması sahəsində əldə edilən uğurlar göz qabağındadır.

2 iyul həmin şərəfli peşə sahiblərinin bayramıdır. Bir qələm əhli kimi aramızda vaxtilə peşəmlə əlaqədar müəyyən insidentlər yarananda bəlkə də özümü haqlı saymışam. Amma zaman keçdikcə görmüşəm ki, Azərbaycan polisi həqiqətən insanların rifahı, qanunçuluğun qorunması naminə əlindən gələni əsirgəmir.

Odur ki, bu çətin və ağır peşədə çalışan işçiləri, başda Azərbaycan daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov olmaqla, bütün şəxsi heyəti təbrik edir, onlara uğurlar arzu edirəm. İnanıram ki, Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaq. 

Asif Nərimanlı, jurnalist:

- NATO rus qoşunlarının Qarabağda olmasından narahatdır.

Şimal Alyansının Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bildirib ki, rus hərbçilərinin Qarabağda olmasını Moskvanın Gürcüstan ətrafında hərbi qüvvələrini artırması kimi qəbul edirlər və əlavə edib ki, Azərbaycan rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir.

NATO-nun narahatlığı Azərbaycanın əlini gücləndirən məqamlardandır.

Birincisi, Bakı rus qoşunlarının sülhməramlı adı altında Qarabağda 5 ildən artıq qalmaq istəyinə qarşı NATO-nun da dəstəyini əldə edir;

İkincisi, NATO-nun bu mövqeyi Rusiyanı bölgədə maraqlarını qorumaq üçün Ankara və Bakı ilə anlaşmağa məcbur edir;

Rövşanə Ağasəfqızı, jurnalist:

- Məmur... idarə rəisi... millət vəkili... şöbə müdiri... biznesmen... neft çıxaran... ev tikən... ekslər... indikilər... Nə vacib düşüb ki, şeir yazasınız? İlham pərisi pərvazlanıb uçmağa yer axtarır, ya parlaq istedad məhv olur? Bəlkə, bekarçılıqdan? Yazırsınız lap əccəb edirsiniz e, amma sonrası lap həngamədir - bəstəkar tap, söz topasına musiqi yazdır, pul xərclə, müğənniyə oxut... Müğənni də çıxır deyir, filankəs inciyər, baxacaq, qoy bəhmənkəsin mahnısını oxuyum... İstidən öldüm, mahnı da qurtarmır ki...

 





02.07.2021    çap et  çap et