525.Az

Bədii düşüncənin aydın üfüqləri - Yazı


 

ŞÖVKƏT ZƏRİN HOROVLUNUN SÖZ DÜNYASINDA GÖRDÜKLƏRİM VƏ DUYDUQLARIM

Bədii düşüncənin aydın üfüqləri - <b style="color:red">Yazı </b>

Çağdaş ədəbi-bədii düşüncəmizin zənginləşməsində, təfəkkürümüzün bədii-fəlsəfi parametrlərinin qloballaşan dünyanın ölçülərinə uyğunlaşmasında özünəməxsusluq indeksi ilə çıxış edən istedad sahiblərindən biri Şövkət Zərindir.

O, məxsusi ədəbi-ictimai, bədii-publisistik və bədii-fəlsəfi yaradıcılıq konsepsiyası olan söz adamıdır. Ömür sarayının 80-ci pilləsinə də inamla, yaradıcılıq uğurları ilə qədəm qoyan dəyərli sənətkarımız orijinal, modern düşüncəli şair olmaqla yanaşı, həm də çox maraqlı və sənətkarlıq məziyyələri sərgiləyən nasirdir.

Sövkət Zərinin bədii nümunələrində mövzu və forma dolğunluğu, emosional ifadə tərzi, poetik vasitələrin rəngarəngliyi onun sənətkarlıq bacarığının mühüm elementləri kimi təzahür edir. Ərsəyə gətirdiyi poetik əsərlər öz istinad obyektinə, düşüncə miqyasına və bədii qaynaqlarına görə milli lirikamızın maraqlı nümunələri sırasındadır. Onun şeirlərində millətə, yurda, vətənə, doğma ocağa bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyərlərin, intizar, həsrət dolu sevginin, ləyaqət və insanpərvərlik duyğularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir tərzdə öz ifadəsini tapır. Şövkət Zərinin poeziyasının lokomotivi vətənpərvərlik mövzusudur və bu fakt bədii-fəlsəfi dəyəri ilə onun yaradıcılığına böyük sanbal gətirib. Onun şeirləri bədii-ictimai siqləti ilə seçilir və oxucunu düşündürür. Şövkət Zərinin yaradıcılığında məxsusi bir məziyyət var ki, onu dərhal fərqləndirir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdir. Bu sadəlikdə bədii zənginlik və orijinallıq mövcuddur. Onun şeirlərinin məğzini təşkil edən dərin və poetik ictimai məna uğurlu yaradıcılıq faktıdır.

Doğma yurdu Cəbrayılın uzun müddət işğalda olması onun sənətkar qəlbini həmişə göynədib. Vətəndaşlıq yanğısı ilə qələmə aldığı bütün şeirləri yurd həsrətinə bələnib. "Yellərə sarı", "Bənövşələr hay verən yerə", "Payız fəslinə", "Mən olacağam", "Sənlə gedirəm", "Şəhidlik zirvəsində", "Bahar sevdası", "Köksümə sığınıb gecə", "Bir payız axşamı", "Sinəm vətənləşəcək", "Səni xatırlayıram", "Beşik" və digər əsərləri poetik təravəti, bədii ümumiləşdirməsi və müasirlik ruhu, çağdaşlığı ilə diqqəti cəlb edir. Sadaladığım bu şeirlərin hər birinin özünəməxsus poetik sanbalı var.

Nola, zalım fələk insafa gələ,
Bu bəndi-bərəni aradan silə.
Quş kimi qol açam, sevinə-gülə,
Gedəm o əzəlki illərə sarı.

Qəfil uşaqlığım çıxa qarşıma,
Dizlərim dirənə çaylaq daşına.
Baxmayam ömrümün ahıl yaşına,
Qaçam boz, yovşanlı çöllərə sarı.

Yatağa sığmayan çaylar oyana,
Qartallı dağlarım məğrur dayana.
Hasardan bir kərə deyəm, ay ana,
Bu həsrəti verəm yellərə sarı.

"Qaçam boz yovşanlı çöllərə sarı" misrası bu şeirin və şairin türklüyə xas qan yaddaşının poetik kodudur. Bu poetik nümunələrin hər misrasında duyğuların nəbzi döyünür.

İstənilən misrasına diqqət yetirsək, əmin olarıq ki, Şövkət Zərinin şeirləri əsl istedad məhsuludur, kövrək ruhlu poeziya nümunəsidir.

Lirik qəhrəmanın daxili aləminin, sevgi hisslərinin, məhəbbət iztirablarının ifadəsi Şövkət Zərinin söz palitrasında yeni rənglər, yeni çalarlarla üzə çıxır.

 

Orijinal keyfiyyətlərə malik lirikası Şövkət Zərin ruhunun güzgüsüdür. Çox zaman onun lirik poeziya nümunələri qələm sahibinin həyat və cəmiyyət haqqında düşüncələri, fərdi xarakteri, daxili aləmi, nostalji hissləri, həmçinin, şəxsiyyəti barədə dolğun təəssürat yaratmağa imkan verir. Bu misralarda olduğu kimi:

Bir beşik eyvanda asılı qaldı,
Nə eyvan danışdı, nə beşik dindi.
Tarixin şahidi köhnə beşikdən,
Körpə hənirtisi bir gün kəsildi.

İçində bəslənib neçə oğul-qız,
Neçəsi ağlayıb, ovunub yatıb.
Ana qucağı tək isti beşikdə,
Bir nəsil qayğısız böyüyüb, artıb.

Soyudu içinin odu, istisi,
Yetim tək eyvanda qaldı kimsəsiz.
Çəkilib gedəndə körpə nəfəsi
Laylalı dünyası talandı səssiz.

Yaddaşı qanadan xatirələrdə
Qırıq ümid kimi beşik qalırdı.
Yel vurub yellədən o boş beşiyə
Anam yuxusunda layla çalırdı.

Bu şeirdə insan ömrünün unudulmaz məqamlarından qaynaqlanan nostalji duyğular yüksək poetik detallarla sərgilənib.

Bəllidir ki, bədii sənətin gücü böyük ideyanın, dəyərli fikrin obrazlı təcəssümündə, səmimi və təravətli ehtiva olunmasındadır. Bu keyfiyyətlər qələm sahibindən bədii-sözün məna çalarlarını, dilin incəliklərini duymağı, poetik obrazlar sistemində əsərin forma və məzmun vəhdətini yaratmağı, sənət qarşısında daim məsuliyyət hissini qorumağı tələb edir. Bütün bu məziyyətlər şair Sövkət Zərinin yaradıcılığında öz əksini tapmışdır. Təsadüfi deyil ki, onun şeirlərində təqdim olunan vətən məhəbbəti, inam və xeyirxahlıq duyğuları, həmçinin, qəriblik ağrısı bütövlükdə vətəndaş şair obrazının bədii təcəssümüdür.

Yağmalanan obam hanı,
Odda yanan odam hanı?
Qardaş getdi, atam hanı,
Günəşsiz, günsüz olmuşam.

"Orta Kəhriz", ay "Şıx bulaq",
"Əfəndilər", "Sarı ocaq".
Nə vaxt gəlib səcdə qılaq?
İmansız, dinsiz olmuşam.

Didərginəm, gedim hara?
Fikir məni çəkir dara.
Yönüm düşə o dağlara -
Qibləsiz, yönsüz olmuşam.

 

Şövkət Zərinin nasir kimi özünəməxsusluğunun, orijinallığının heyranlıq doğuran cəhətləri kifayət qədərdir. Onun nəsrimizi zənginləşdirən povest və romanlarında bədii dil xalqın milli xarakterinin və təfəkkür zənginliyinin başlıca amili kimi mühüm səciyyə daşıyır. Canlı xalq dilinin zəngin xəzinəsinə dərindən bələd olması, sözün ifadə imkanlarından geniş surətdə faydalanmağı bacarması nasir məharətinin diqqətəlayiq cəhətləri sırasındadır. Onun nəsr əsərlərində qaldırılan problemlərin zəruriliyi, reallığı, fəlsəfı-psixoloji üslub zəminindəki intensiv axtarışları çağdaş nəsrimizin maraq doğuran hadisələri sırasında aydın nəzərə çarpır.

Şövkət Zərinin "Tale yolu" romanı və "Əbədiyyətə qədər" povesti yazıçı məharəti ilə yanaşı, həm də yüksək vətəndaşlıq, vətənpərvərlik keyfiyyətlərinin bədii inikasıdır. Müəllifın təsvirindəki realizmin gücü bir tərəfdən həyat hadisələrini dərindən müşahidə etməsində, həyat materialını gözəl bilməsindədirsə, digər tərəfdən bədii sözün qüdrəti ilə səmimi, təbii detallarla sənət müstəvisində sənətkar səriştəsi ilə canlandırmasındadır. Möhkəm süjet xətti mühakimələrin bazisinə, təməlinə çevrildiyi üçün bədii mətləb qəhrəmanın taleyində səciyyəviliyi ilə reallaşır və əsərin emosional cazibədarlığı, həm də ideya-bədii mündəricəsi dolğunlaşır. Yazıçının həyatı realist boyalarla əks etdirmə bacarığı təsvir imkanlarındakı dəqiqlik və konkretlik məharəti bədii surətlərin zahiri görkəmində və lokal epizodların təsvirində də dərin maraq doğurur.

"Şıdırğı yağış kəsmişdi. Bayaqdan yaxın-uzaq xatirələrin əlində çırpınan Qasım ağanın beyni də sakitləşmişdi. Ona elə gəldi ki, Fatma elə indicə içəri girəcək, sürüşüb düşən yorğanı oğlunun çiyninə çəkəcək, alnından öpüb onları nahara çağıracaqdı. Qasım ağa bir az qulaq asdı. Navalçadan düşən tək-tək damcı səsindən başqa heç nə eşitmədi" ("Tale yolu" romanı).

Şövkət Zərin nəsrinin bədii dili öz xəlqiliyi və əlvanlığı, emosionallığı və lakonizmi, fəlsəfi zənginliyi və dolğunluğu, həmçinin, estetikası və dinamizmi ilə diqqət çəkir.

"Hər şey yoldan başlayır, yolda da qurtarır. Nahaq yerə ulu peyğəmbərimiz deməyib ki, ev doğulub ölmək üçün, yol isə yaşamaq üçündür. İnsan oğlu həyata gəldiyi gündən ruhunun kölgəsinə çevrilib, gözəgörünməzin, dərkolunmazın dərgahına doğru yolun axarını, səmtini axtarır. Özünə yol gəzir, yol seçir. Özü boyda sirli-sehirli dünya çarxını fırlada-fırlada öz qanunu ilə hərəyə bir yol açır, hər kəsi bir yolun yolçusu eləyir. Həyat yolu, mübarizə yolu, el yolu, Tanrı yolu, tale yolu..." ("Tale yolu" romanı).

Bu cümlələr sadəcə təsvir elementi deyildir. Burada qədim bir obanın, bir elatın yaddaşı, ulu bir ruhun həniri duyulur. Dədə Qorqud ovqatlı qədim bir tarix, zəngin bir etnoqrafıya boylanır bu cümlələrdən.

Milli kimliyin təravətini, özəlliyini, bununla yanaşı, böyük bir etnoqrafik gözəlliyi məxsusi səliqəylə, səmimi və təbii doğmalıqla bir neçə cümləyə sığışdıra bilmək məharəti həqiqi yazıçı qüdrətinin bədii təsdiqidir.

Müəllif bədii təsvirlə heyranlıq doğuracaq səviyyədə səmimiyyət və dəqiqlik nümayiş etdirir. Bununla belə yazıçı, həm də hadisələr və surətlər barədə uzun söhbət açmağı, geniş məlumat verməyi sevmir, öz düşüncələrini, mətləblərini əsasən hadisələrin dinamikasında, surətlərin xarakterində ifadə edir. Yazıçı bu qəbildən olan əsərlərində qan yaddaşımızın itməməsinin vacibliyini səmimi və inandırıcı faktlarla, yetkin sənət müstəvisində canlandırır, həyat həqiqətinin bədii həqiqətə çevrilməsini uğurla təmin edir. Qeyd olunmalı bir maraqlı cəhət də budur ki, Şövkət Zərinin nəsr əsərlərində də onun poetik təfəkkürünün rəngarəng çalarları duyulur.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





02.07.2021    çap et  çap et