525.Az

"Media haqqında" yeni qanun nə vəd edir? - Rəşad Məciddən açıqlama


 

RƏŞAD MƏCİD: "MEDİA HAQQINDA" YENİ QANUN LAYİHƏSİ İNDİKİ MƏRHƏLƏ ÜÇÜN ƏN OPTİMAL SƏNƏDDİR"

"Media haqqında" yeni qanun nə vəd edir? - <b style="color:red">Rəşad Məciddən açıqlama </b>

Azərbaycan Prezidentinin bu il yanvarın 12-də imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" fərmana uyğun olaraq, "Media haqqında" yeni qanun layihəsi hazırlanıb.

Qanun layihəsi Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmaylovun, eləcə də müxtəlif mətbuat orqanlarının - qəzet və veb saytların baş redaktorlarının iştirakı ilə müzakirə də edilib.

Qanun layihəsi ilə bağlı fikirlərini bölüşən "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Media haqqında" yeni qanunun hazırlanmasının vacibliyini bildirib: "Son illər medianın əhatə dairəsi həddindən artıq genişlənib. İndiyədək qüvvədə olan "Kütləvi informasiya vasitələri" haqqında qanun artıq zamanın və texnologiyaların sürətindən xeyli geri qalır. İndi internetin inkişafı, onlayn medianın yaranması, audiovizual medianın ortaya çıxması və bu istiqamətdə sürətlə gedən proseslər "Media haqqında" yeni qanunun vacibliyini şərtləndirdi.

Sözün düzü, media sahəsində yaranmış bu xaotik vəziyyətdən hansı yolla çıxmağın mümkünlüyü məsələsi son illər məni də çox düşündürürdü. Bu mənada, hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin rəhbərliyi, bu qanun layihəsini hazırlayan insanlar doğrudan da böyük əziyyət çəkiblər. Artıq qanun layihəsi qəzet redaktorları, onlayn medianın rəhbərləri ilə müzakirəyə də çıxarılıb. Bu günlərdə ADA Universitetində Medianın İnkişafı Agentliyi seminarlar təşkil edir. Agentliyin icraçı direktoru Əhməd İsmayılov bu seminarlar çərçivəsində media rəhbərlərindən ibarət ayrı-ayrı qruplarda yeni qanun layihəsi barədə məlumat verir, ətraflı diskussiyalar aparılır. Yeni qanun layihəsi müzakirələrə, fikir və təkliflərə tam açıqdır. Buna görə də hesab etmirəm ki, burada hansısa narazılıqlar ortaya çıxsın".

Rəşad Məcid hazırlanmış yeni qanun layihəsində qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə olunması məsələsindən də danışıb: "Qanun layihəsini nəzərdən keçirəndə hiss olunur ki, sənədin üzərində ayrı-ayrı qabaqcıl dünya ölkələrinin təcrübəsini nəzərə almaqla gərgin iş gedib. Bu qanun layihəsinin bir neçə müzakirəsində iştirak etmişəm. Bir sıra məsələlərin necə həll olunacağı mənim üçün də maraqlı idi. Məsələn, bu gün jurnalist adına iddialı çox insanlar var: bir çox sosial şəbəkə istifadəçisi, blogerlər, audiovizual media ilə məşğul olanlar. Ona görə də "Jurnalist kimdir?" sualını konkret cavablandırmaq zərurəti yaranıb. Yeni qanun layihəsində bu sualın təfsiri verilib. Qanun layihəsində aydın şəkildə göstərilir ki, jurnalist informasiya istehsalı ilə məşğul  olan və bununla gəlir əldə edən şəxsdir".

Vahid jurnalist vəsiqəsinin verilməsilə bağlı müzkirələrə toxunan baş redaktorun sözlərinə görə, bu vəsiqəni əldə etmək istəyən, jurnalist adına iddialı hər bir şəxs media reyestrindən keçməli olacaq: "Media reyestri yaradılacaq və bu reyestrə daxil olmaq, hansısa bir yeni media orqanı yaratmaq üçün məlumat vermək lazım gələcək. Düzdür, media reyestrinə daxil olmadan da jurnalist fəaliyyəti göstərmək mümkün olacaq, amma media reyestrinə daxil olan şəxs həm indi, həm də gələcəkdə dövlətin media ilə bağlı verdiyi imtiyazlardan bəhrələnmək imkanı qazanacaq. Məsələn, mediaya hansısa dövlət dəstəyi, jurnalistlərlə bağlı nəzərdə tutulan hansısa imtiyazlar olacaq ki, reyestrə daxil olan jurnalistlər bunlardan yararlana biləcəklər. Məlumdur ki, jurnalistlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün indiyədək üç bina tikilib və onlardan ikisi artıq istifadəyə verilib. Eyni zamanda, indi müzakirələr gedir ki, ictimai nəqliyyatdan, mədəniyyət müəssələrinin xidmətindən jurnalistlər üçün ödənişsiz istifadə təmin olunsun. Bu baxımdan, jurnalistlərin müəyyən bir əhatə dairəsi müəyyənləşdirilməlidir. Türkiyədə buna "sarı kart" deyirlər, biz bunun ölkəmizdə də olmasını istəyirdik. Bu karta sahib jurnalistlər müxtəlif imtiyazlardan bəhrələnirlər. Amma bu o demək deyil ki, kiminsə hansısa jurnalist kimi fəaliyyətinə sərhədlər, çərçivələr qoyulacaq. Vahid jurnalist vəsiqəsinə sahib olmayanlar yenə öz fəaliyyəti ilə məşğul ola biləcəklər. Sadəcə bununla dövlət mətbuatla bağlı öz siyasətini və jurnalist kateqoriyasına daxil olan insanların əhatə dairəsini müəyyənləşdirəcək. Bu dairənin müəyyən sosial və digər imtiyazları da olacaq. Bu da əlbəttə, digər, jurnalist adına iddiası olanları da bu qanun əsasında fəaliyyət göstərməyə sövq edəcək".

Rəşad Məcid yeni qanun layihəsində hələlik sosial şəbəkələrlə bağlı tənzimlənmələrin  yer almadığını da vurğulayıb: "Yeni qanun layihəsində media subyektlərinə  ənənəvi media - çap mediası, yeni veb saytlar və audiovizual media şamil olunur. Tez-tez müzakirəyə çevrilən məsələlərdən biri də odur ki, müxtəlif  "Yutub kanallarının, TV adına iddia edən kanalların fəaliyyəti necə tənzimlənəcək? Nəzərdə tutulur ki, gələcəkdə audiovizual media üçün bir şura yaradılsın və televiziya kimi fəaliyyət göstərəcəkləri halda bu kanallar üçün xüsusi şərtlər müəyyənlıəşdirilsin. O şərtlərə əməl edib fəaliyyət göstərən kanalların fəaliyyətini isə artıq Milli Televiziya və Radio Şurası tənzimləyəcək".

Baş redaktor "Media haqqında" yeni qanun layihəsini indiki mərhələ üçün ən optimal variant hesab etdiyini bildirib: "Bu gün dünyada texnoloji inkişafla əlaqədar sürətli proseslər, dəyişikliklər gedir və təbii ki, bu, medianın formalarına da təsir göstərir. Bu səbəbdən də, ola bilsin, artıq üç-beş ildən sonra, qəbul olunacaq bu yeni qanuna da müəyyən dəyişikliklər edilsin".

Natəvan ABDULLA

 





03.07.2021    çap et  çap et