525.Az

"Problemlərin kosmetik yox, sistemli həllinə üstünlük veririk"


 

KÜRDƏMİR REGİONAL MƏDƏNİYYƏT İDARƏSİNİN RƏİSİ FAİQ XUDANLI İLƏ MÜSAHİBƏ

"Problemlərin kosmetik yox, sistemli həllinə üstünlük veririk"<b style="color:red"></b>

- Faiq müəllim, idarə rəisi olduğunuz müddət ərzində hansı işləri həyata keçirmisiniz və gələcək hədəflər nələrdir?

- Doğrusu, mədəniyyət sahəsində qısa vaxt ərzində köklü bir dəyişikliklərə nail olmaq çətindir. Düşünürəm, uzun illər ərzində yığılıb qalan problemlərin həlli kifayət qədər zaman alacaq. Deməliyəm ki, bu çoxsaylı  problemlərin obyektiv və subyektiv səbəbləri var. Bizim məqsədimiz isə ilk növbədə məhz bu səbəblərin aradan qaldırılmasıdır. Əlbəttə, biz problemlərin kosmetik yox, sistemli həlli variantına üstünlük veririk. Fəaliyyətimizdə əsaslı dəyişikliklərə nail olunması üçün mədəniyyət sahəsində idarəetmənin müasir, innovativ texnologiyaların tətbiqi əsas götürülür. Ötən müddət ərzində qarşıya çıxan məsələlərin həlli ilə paralel olaraq, sağlam qüvvələrin səfərbər edilməsinə üstünlük vermişik. Eyni zamanda, qarşıya qoyulan hədəflərə çatma imkanlarını müəyyənləşdirmək üçün idarənin tabeçiliyində fəaliyyət göstərən müəssisələrin kadr potensialının öyrənilməsi, maddi-texniki bazasının, bina balans mənsubiyyəti və vəziyyətinin tam təhlil edilməsi işi aparılır. Əsas hədəfimiz regionda sağlam və şəffaf mühitin formalaşdırılması, mədəni xidmətin keyfiyyətini yüksəltməkdir.

- Sizi bu şəkildə düşünməyə sövq edən, ruhlandıran əsas amil nədir?

- Bilirsiniz, Vətən müharibəsindəki qələbəmiz ölkəmizin həyatında bir dönüş nöqtəsi olaraq yeniləşməyə, inkişafa istiqamətlənmiş prioritet vəzifələrin icrasının məsuliyyətini üzərimizə qoydu. Müzəffər Ali Baş Komandanın 44 günlük Vətən müharibəsinin yekunlarından sonra işğaldan azad edilmiş ərazilərimizə tarixi səfərləri, Şuşada baş tutan "Xarıbülbül" musiqi festivalı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin və incəsənətinin dünyaya tanıtması, təbliği istiqamətində gördüyü işlər, Mədəniyyət Nazirliyinin iş prinsipi, yeni yanaşmaları bizə stimul verən qaynaqlardır.

- Vətən müharibəsində parlaq qələbəmizdən sonra qarşıda mədəniyyətimizin Qarabağa qaytarılması dayanmaqdadır. Siz qayıdış prosesini necə dəyərləndirir, gələcəkdə hansı işləri həyata keçirməyi nəzərdə tutursunuz?

- Cənab nazir Anar Kərimovun bu yaxınlarda "Xalq qəzeti"nə verdiyi müsahibəsi mədəniyyət sahəsində çalışanların islahatlar dövründə fəaliyyət istiqamətlərini bir daha müəyyən edir. Bu müsahibə yeni mədəniyyət siyasətinə baxışı, mədəniyyətin Qarabağa qaytarılmasını, maddi və qeyri-maddi dəyərlərimizin dinamik təşviqi kimi həlli vacib məsələləri özündə ehtiva edir.

Bildiyiniz kimi, Kürdəmir Regional Mədəniyyət İdarəsi Füzuli və Xocavənd rayonlarındakı mədəniyyət müəssisələrini də əhatə edir. İşğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarında həyata keçiriləcək bərpa prosesində də məhz cənab nazirin qeyd etdiyi istiqamətlər əsas götürüləcək və bütün qüvvələr yeni bir mədəniyyət formulunun yaradılması istiqamətində səfərbər olunacaq. Bizim də qarşımızda Füzuli və Xocavənd rayonlarının mədəni həyatının bərpası durur. Həm bir sıra tədbirlərin həyata keçirilməsi, həm də Füzuli və Xocavənddə fəaliyyətləri bərpa ediləcək mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işləyirik. Bunu da əlavə edim ki, hazırda Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik metodologiyasının müasirləşdirilməsi məqsədilə hazırlanan "Mədəniyyət Nazirliyinin institusional islahatlarının icrasına dəstək proqramı" çərçivəsində Kürdəmir Regional Mədəniyyət İdarəsinin üzərinə qoyulan vəzifələrin icrası istiqamətində ciddi hazırlıq işləri aparılır.

- Bilirik ki, hər bir mədəniyyət müəssisəsində şəhidlər guşəsinin olması istiqamətində işlər görürsünüz. İstərdik, bir az bu barədə danışasınız.

- Şəhidlik zirvədir. Şəhid qanı hopmuş hər qarış vətən torpağı müqəddəsdir. Hər bir azərbaycanlı kimi mədəniyyət işçiləri də Vətən uğrunda həyatlarını qurban vermiş vətən oğullarının xatirəsini ehtiramla yad edirlər. Mədəniyyət müəssisələrində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə uşaq musiqi, incəsənət məktəblərində dərs otaqlarına, kitabxanalarda oxu zallarına, rəsm qalereyalarında sərgi salonlarına və digər guşələrə onların adları verilir. Məqsəd birdir, şəhid adını uca tutmaq, bu adı fəxarətlə yad etmək, yaşatmaq və təbliğ etmək.

Şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq mədəniyyət müəssisələrində şəhid guşələrinin yaradılması da gündəlik fəaliyyətimizin tərkib hissəsidir. Bütün bu tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsinin təşkilinə istiqamətlənmiş nümunələrdir.

- Regionlarda aktiv bir mədəni mühitin olmadığı fikrini tez-tez eşidirik. Rəhbərlik etdiyiniz regionda ədəbi-mədəni həyatı canlandırmaq üçün, sizcə, nə etmək lazımdır?

- Mən isə ortaya başqa suallar qoyardım: Aktiv mədəni mühit dedikdə nə başa düşürük? Regionlarda uşaq musiqi və incəsənət məktəbləri, dram və xalq teatrları varmı? Var. Mədəniyyət evləri, klublar, kitabxanalar varmı? Var. Bəs burada fəaliyyət göstərən yüksək ixtisaslı kadrlar, mədəniyyət və incəsənət xadimləri varmı? Şübhəsiz var. Azdır ancaq var. Etiraf etməliyik ki, paytaxt Bakının mədəni mühitinin formalaşmasının əsas bazasını məhz regionlarda ilk təhsilini alan və ilkin olaraq regionlarda formalaşan şəxslər təşkil edir. Bütün bunlara baxmayaraq, regionun mədəni mühitinə sanki biganə münasibət də var. Regionlarda fəaliyyət göstərən mədəniyyət və incəsənət adamları, mən deyərdim, əsl mədəniyyət fədailəridir. Siz bir dəniz təsəvvür edin və bu dənizə axan çayları. Əgər çaylar olmasa, dənizə axan çaylar qurusa, dəniz necə olacaq?

- Regionda motivasiyanın aşağı olması fikri səsləndirilir, bu, nəylə bağlıdır?

- Bu, bütövlükdə regionlarda fəaliyyət göstərən mədəniyyət-incəsənət adamlarına cəmiyyətin bir qədər fərqli baxışı ilə birbaşa bağlıdır. Nəticədə ixtisaslı mədəniyyət adamları ya paytaxta üz tutur, ya da mədəni mühitdən tamamilə ayrılırlar. Az bir qismi isə fədakarcasına öz ömürlərini, bilik və bacarıqlarını mədəniyyətə həsr edirlər. Bəzən isə kölgədə qalırlar. Çalışırıq və çalışacağıq ki, bu sindromu az da olsa qıraq. Düşünürəm yaxın gələcəkdə bir sıra yeniliklərin şahidi olacağıq.

- Mətbuatda yayılan bir xəbərdə regionda yaşayan ədiblərlə bağlı layihəniz olduğu, Yazıçılar Birliyi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının nəzərdə tutulduğu fikri vardı. 

- Bəli, mayın ortalarında Regional İdarənin dəstəyi ilə yaradılan "Kür" ədəbi məclisinin bir qrup üzvünü ictimaiyyətə təqdim etdik. Görüşdə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza, Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədri Fazil Əsəd, yazarlar və ziyalılar iştirak edirdi. Birlikdə regionda yaşayan qələm adamlarına necə dəstək ola biləcəyimizi müzakirə etdik, yazarların, ziyalıların təkliflərini eşitdik. "Kür" ədəbi məclisinin əsas məqsədi Regional İdarənin əhatə etdiyi beş rayonda yaşayan ədəbiyyat adamlarını bir araya gətirmək, regiondakı mədəniyyət müəssisələriylə tanış etmək, mədəniyyət-ədəbiyyat sahəsində ustad imzalarla görüşlər təşkil etmək, yazarların ədəbi nümunələrinin ölkənin nüfuzlu qəzet və jurnallarında nəşr olunmasını dəstəkləməkdir. Bu məclisdən ədəbiyyatımıza xidmət edən ciddi imzaların yetişəcəyinə inanırıq. Onlar üçün regionda yerləşən kitabxanaların, muzeylərin, mədəniyyət mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olmaq, ədəbi-mədəni mühitin içində olmaq böyük təcrübə olacaq. Biz regionda ədəbi mühitin inkifaşı istiqamətində Azərbaycan Yazıçılar Birliyi və onun regiondakı bölmələri ilə birlikdə işləməyə hazırıq və görüləcək işlər müəyyən edilib. İlk olaraq iyunun 25-də "Kür" ədəbi məclisinin üzvləriylə Beyləqan rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru, şair-publisist Rəşad Məcidlə çox maraqlı bir görüş keçirildi. Bu istiqamətdə işlərin davam etdirilməsi nəzərdə tutulur.

- Bu il "Nizami Gəncəvi ili"dir, siz bu istiqamətdə hansı tədbirləri həyata keçirirsiniz?

- Cənab Prezidentin bu ili "Nizami Gəncəvi ili" elan etməsi böyük bir mədəniyyət hadisəsidir. Biz də çalışırıq ki,  "Nizami Gəncəvi ili"ndə üzərimizə düşən işi layiqincə yerinə yetirək. Biz artıq müəyyən işlər görmüşük. Deyim ki, Nizami Gəncəviylə bağlı tədbirlərin keçirilməsinə həssaslıqla yanaşaraq illik iş planımızı hazırlamışıq və bu plana uyğun olaraq işlər görməyə davam edirik. Bir neçə nümunə verim. Kitabxanalarımızda Nizami Gəncəvi ilə bağlı sərgilər, guşələr yaradılıb. Musiqi məktəblərimizdə onun şeirlərinə bəstələnən əsərlər diqqət mərkəzində saxlanılır. Müəssisələrimiz ardıcıl olaraq bu böyük şairin əsərlərinə istinad edərək müxtəlif mövzulu seminarlar, dəyirmi masalar keçirirlər. AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı, Kürdəmir Rayon Təhsil Şöbəsinin və Regional İdarənin birgə təşkilatçılığı ilə virtual "Xəmsə möcüzəsi" adlı bədii qiraət müsabiqəsi keçirmişik. Bir şeyi də burada sizə deyim ki, payızda Nizami Gəncəvi ilə bağlı böyük bir elmi konfrans keçirməyi düşünürük.

- Regional İdarəyə tabe olan mədəniyyət müəssisələrinin hazırkı səviyyəsi sizi qane edirmi?

- Düzü, qane etmir. Ən ciddi məqamlar isə kənd mədəniyyət müəssisələrinə aiddir. Belə ki, Sovet dönəmində yaradılmış kənd mədəniyyət evləri, klub və kitabxanalar o dövrlərdə müxtəlif təşkilatlara məxsus binaların bir hissəsində və yaxud da tələbləri ödəməyən binalarda yerləşdirilmişdir. İndi bu binaların əksəriyyəti fiziki cəhətdən tam köhnəldiyindən istismara yararsız vəziyyətə düşmüş və ya qismən yararlıdır. Məhz bu səbəbdən də binaların istismarı zamanı müvafiq qurumlarının texniki tələblərinə tam əməl etmək mümkünsüz olur.

Rayonlarımızda yeni, müasir binalara malik mədəniyyət təsisatlarımız da var. Hər cür mədəni xidmətləri yerinə yetirəcək Heydər Əliyev Mərkəzlərimiz, muzeylərimiz, qalereyalarımız, kitabxanalarımız, uşaq musiqi məktəblərimiz də fəaliyyətlərini davam etdirirlər. Bəzən isə istifadəyə verilmiş yeni binalarda da istismar çətinlikləri ilə üzləşirik. Bütün çətinliklərə baxmayaraq, biz mövcud nöqsanları aradan qaldıracağımıza inanırıq.

 





03.07.2021    çap et  çap et