FBM-in bugünkü söz konusu yazıçı Almaz Ərgünəş Bəyazidin "Yuva" hekayəsidir.
Düşünürdüm ki, Almaz xanımın "Yuva"sı sərt tənqidlərə məruz qalacaq. Ona görə yox ki, zəif mətndir. Ona görə ki, Almaz xanım öncəki dartışmalarda qələm yoldaşlarının hekayələrinə yanaşmada özünün sərtliyi, barışmazlığı, güzəştsizliyi ilə seçilirdi. Amma düşündüyüm kimi olmadı. Bu nədəndir? Hekayənin qeyri-adi uğurundan, yoxsa Almaz xanıma qələm yoldaşlarının hörmətindən?
Müzakirəni oxuyun!
Layihənin ideya rəhbəri və moderatoru Əsəd Cahangir
***
Gülnar Səma: Oxunaqlı hekayədir, amma qeyri-adi nəsə tapmadım. Yırtıq çəkmə-şirinçay-direktor üçbucağını adi bir uşaqpulu həll edir.
Süleyman Hüseynov: Almazın bu hekayəsini bir neçə dəfə oxumuşam. Həyat reallığıdır. Əfsuslar olsun ki, hekayədə baş verən əhvalat bu gün də aktualdır. Yazıçı qarşısına qoyduğu məqsədə tam çatır. Hekayənin dili sadə, oxucuya aydındır. Bu, mənim bir oxucu fikrimdir. Müəllifə yeni uğurlar arzu edirəm!
Gülnarə Cəmaləddin: Almaz xanım maraqlı yazıçıdır. Yenidən oxudum bu hekayəni. Yadıma çox dəyərli bir şairimiz Ələkbər Salahzadənin Almaz xanımın "Yuva" və "Əşşi" hekayələri haqqında söylədiyi bir fikir düşdü: "Almaz xanımın təkcə "Yuva" və "Əşşi" hekayələri onun ədəbiyyatda qalması üçün kifayət edər". Almaz xanımın obrazları canlıdır, diridir, səninlə danışır, səni danışdırır, öz ehtiyacları ilə səni məşğul etməyi bacarır. İstəmədən onunla həmdərd, həmfikir olursan. Yazıçının gücü onun müşahidələrindədir, hadisələri qabaqlamağındadır və yaşadığı dövrü tanımağındadır. Uğur olsun, Almaz xanım.
Şəfəq Abdullayeva: Çox gərginlik var. Amma həyatın özüdü bu hekayə.
Rəfiqə Şəms: "Yuva" hekayəsi aktuallığı baxımından bu günümüzlə səsləşir. Bu əsər istər-istəməz Sovet dönəminin yaşam tərzi ilə bu günün yaşam tərzi arasındakı kəskin fərqi ortaya qoyur. Kapitalizm cəmiyyətinin eybəcərliklərini qısa, lakonik ifadə edən bu hekayə ağır həyat tərzi yaşayan, evinə hətta şəkər almağa ehtiyaclı olan bir adamın mənəvi sarsıntılarını göz önünə gətirir. Bu ehtiyac burulğanında çabalayan insanların nostalji hisslərinin gözəl ifadəsidir. Almaz xanıma günümüzün nəbzini tutan bu gözəl hekayəni yazdığına görə təşəkkür edir və böyük yaradıcılıq uğurları arzulayıram.
Sona İsmayılova: Hekayəni oxudum, çox maraqlıdır. Almaz xanıma yeni yaradıcılıq uğurları arzu edirem.
Murad Süleyman: Bəzən əzən tərəf elə ən istəkli zən (qadın) olur. Qurulmuş ictimai formasiyalar, cəmiyyətlər ailə-yuva-ocaq məsələlərinə muxtəlif yönlərdən yanaşıb. Bu hekayə də istisna deyil. Hekayə, mənim fikrimə görə, zəmanə üçün yazılsa da, orada hər zamanın güzgüsündə bəndəni xar edən ehtiyac və bu ehtiyacdan törəyən həyat çətinliyi ön plandadır. Həyat gəldi də, keçdi də, nə əyin-başım, nə də qazanım-aşım oldu. Qıtlıq, ehtiyac tam acıqlanır, amma çıxış yolu nədir? Nə etməli? Bu suallar cavabını tapmır. Hörmət və izzətlə.
Nazilə Gultac: Almaz xanım yaxşı yazıçıdır. Həmişə hekayələrini real həyatdan götürür. Bu hekayədə də yoxsul, amma övladları üçün fədakarlıq etmək istəyən bir ata obrazı var. Atalar var ki, heç bilmir, övladları nə yeyir-içir. Harada və necə böyüyür. Bu hekayədə ata-övlad, övlad-ata məhəbbəti öz əksini tapıb. Almaz xanıma uğurlar arzu edirəm.
Varis Yolçuyev: Almaz xanımın uzun illər öncə yazdığı bu hekayə mənə çox doğma gəldi. 90-cı illərin Sumqayıtı, bir çox problemə əlavə olunmuş şəkər problemi, ağır güzəran... O vaxtlar, bütün qara çalarlara baxmayaraq, həqiqətən insanlar köşklərdə növbəyə durub qəzet alırdılar, kitaba da sevgi əvəzsiz idi. Yəni indiki "əvvəl gödəniyyət" kultu hələ bərqərar olmamışdı.
Almaz xanım gözəl insandır, didaktika mütəxəssisidir, həyat bilicisidir, məsləhətvericidir. Hər mövzuya öz baxışı var. Bütün bunları sosial şəbəkə fəalı olması ilə önə çıxara bilir. Onun feysbuk statusları hamı üçün maraq kəsb edir. Bu gün, yəqin ki, Almaz xanımın ədəbi yaradıcılığı daha fərqlidir, daha da püxtələşib.
Yeganə mənə xoş gəlməyən hekayəni yerləşdirən sayt əməkdaşlarının hərf səhvlərinə münasibəti oldu. O qədər korrektə səhvləri var ki! Məncə, portalların pula qənaət etmək üçün korrektorlardan tamam imtina etmələri dəbi yolverilməzdir. Bir-iki hərf səhvi ziyanlı deyil, amma mətn başdan-ayağa səhvlərlə dolu olanda oxucunu özündən itələyir. Niyə Almaz xanımın, digərlərinin əziyyəti yerə vurulsun, axı?
Uğurlar, əziz Almaz xanım! Yazın, yaradın, gənclərə yaxşı, nəcib keyfiyyətlər aşılayın!
Əyyub Qiyas: Çoxumuzu kövrəldə bilən, bəzən dodağımızı qaçıran yazı. Həm dərd var, həm o dərdin içində müəllifin obrazların diliylə deyə bildiyi ironiya, sarkazm. "Yuva" hamımızın içindən keçdiyimiz yerdir və sonda məhz o yuvanın birlik ola bilməsi, o yuvadakı saf, təmənnasız sevginin qalib gəlməsi hekayənin sadə, amma peşəkar ifadə formasıdır. Mən bu hekayəni illər əvvəl də oxumuşdum, bir daha oxudum. Məncə, çoxumuzun belə günümüz olub, bəzən çörək almaq qayğısı adamın başını xarab edib, bəzən məktəbdə yığılan fond puluna görə uşağın evdə üsyanı ilə baş-başa qalmışıq: "Axı, hamı fond pulu verir, mən verməsəm..." Amma bütün bunlarla yanaşı, insan yaşayır, həyat davam edir və bir gün axır ki, sən də "importnu çəkmə" geyə bilirsən. Bəzən gec olur, bəzən çox gec olur, amma olur. Məncə, "Yuva" sadəcə ailə-məişət mövzusunda yazılmış hekayə deyil, bu həm də insanın öz "yuvasına" sədaqətinin bədii sözün dililə gözəl təsviridir. Mən yazıda dramaturgiya axtaran oxucuyam. Əlbəttə, hər müəllifin öz üslub və ifadə forması var. Mənim üçün hekayənin yeganə qüsuru təsvirə daha çox, hadisəyə az yer ayrılmasıdır. Müəllif qısa hekayəsində qəhrəmanı hansısa hadisənin içindən keçirsəydi, məncə, daha uğurlu olardı. Amma hekayə maraqla oxunur və buna görə əziz Almaz xanıma təşəkkür edirəm.
Bahəddin Salman: Hekayəni oxudum. Həyatın reallıqları gözəl qələm adamının dili ilə necə qələmə alınmalıdırsa, öz yazı tərzinə xas şəkildə Almaz xanım da bunun öhdəsindən beləcə gəlməyi bacarıb. Almaz xanıma, can- sağlığı və yaradıcılıq uğurları arzu edirəm.
İbrahim Hacıyev: Almaz xanımın bu hekayəsini ilk oxuyanlardan biri də mənəm. Oxuyunca onun ciddi bir hekayə ustası olduğunu özünə söyləmişdim. Aradan uzun illər keçib. O, az yazan nasirlərimiz sırasında yazar ömrünə davam edir. Qınaqlarımıza baxmayaraq, yenə də az yazır. Amma imza atdığı hekayələr həmişə ürəyimcə olub. Hekayələrindəki obrazların çoxunu, demək olar ki, şəxsən tanıyıram. Onun çox gözəl müşahidə qabiliyyəti və bunu yazıya daşımaq yetənəyi var. Elə "Yuva”dakı kimi. Uğurlar və başarılar diləyirəm.
Aytən Məmməd: Almaz xanımı ilk dəfə oxuyurdum. Yazıçının yazı üslubunu bəyəndim. Hekayədə dəyişən ton hekayəni monotonluqdan qurtarıb. Sonluq O. Henrinin "Gift of Maggi" hekayəsini xatırlatdı.
Həcər Paşayeva: Oxudum. Bu cür əsərləri sevirəm. Yorucu deyil. Keçidlər uzun-uzadı fikirlərlə yormur. Sözünü deyə bilib. Bəzi səhnələr olmasaydı (norka papaqlar altında yatan oğlanlar), bu günlə tam səsləşir. Bu cür əsərləri XIX əsrdə, XX əsrin əvəlində yazılmış hekayələrlə də müqayisə etmək olar: ailə daxilində gedən proseslər bütün cəmiyyətə güzgü tutur, zaman və məkan fərqindən asılı olmayaraq. - "Yadda qalan bir milyonçular olacaq, bir də şairlər, yazıçılar" - fikri adi insanın qəfildən-göydəndüşmə ağlına gələn fəlsəfi fikrə bənzəyir. Bütün cəmiyyəti əhatə edən və indi də davam edən nöqsanlar (müəllimimiz dedi ki, mənə "süpürgə" almayın... Maşını verdilər sənə?.. Yox... Bir ətək pul istədilər) bir hekayədə qısa dialoqlarda məharətlə açıqlanır. Nəhayət, əsərin adının "Yuva" olması rəmzi məna daşıyır. Əvəz öz "yuva"sına - ailəsinə qazanc gətirmək üçün başqa "yuva"ya - nəsə girdabı xatırladan bir yerə getməli imiş. Amma imtina edir. Onun əsl xoşbəxtliyi ailə səmimiyyətinin, həmrəyliyinin olduğu öz yuvasındadır. Əsərin fəlsəfi yekunu budur.
Gülnar Ümid: Sevə-sevə səbrlə oxudum və bu qısa yazıda ən əsası böyük reallıq, utanıb gizlətdiyimiz həqiqətlər özümüzdə güzgü kimi əks olunur. Kövrəldim, çünki bu yazı nəinki ötən illərin təsvirində, əslində, bu illərin də acı reallığını ifşa edir. Hər zaman haqqın tərəfində olan Almaz xanım bütün yazılarında bunu peşəkarcasına təsvir edir və yazılarıyla oxuculara, onu tanıyanlara çatdırır. Bu yazı da bir növ keçmişdə olanların gələcəkdə daha da bir başqa formada yenidən yaşanmasını göstərir. Fərq yalnız zamandır, olacaqlar isə şəkil olaraq dəyişib sadəcə. Sizə hər zaman uğurlar arzu edirəm.
Materialları çapa Nihat Pir hazırladı
çap et