525.Az

Qanun "Firəngizin ölümü" deyir, ədəbiyyat "Oqtayın faciəsi"


 

Qanun "Firəngizin ölümü" deyir, ədəbiyyat "Oqtayın faciəsi"<b style="color:red"></b>

Bu yaxınlarda qarşıma bir video çıxmışdı, deməli, videoda bir qadın ömürlük məhbusla evlənir. Həmin videonu əslində, bir neçə il qabaq da görmüşdüm.

İlk dəfə görəndə mənə çox təsir eləmişdi. Bir anlıq elə bilmişdim ki, həqiqətən sevgi var. Bunlar da Leyli-Məcnun falandır. İndi isə bu video qarşıma çıxanda bütün mümkün versiyalar ağlıma gəldi, təkcə sevgidən başqa. İlk təxminim də  "əfv olunanlar siyahısına düşmək üçün belə edir" oldu. Xatırlayanda ki, mən bu videonu beş il qabaq bir sevgi dastanı kimi gördüyüm halda indi bu cür görürəm, başa düşdüm ki, artıq böyüyürəm. Bir tərəfdən sevindim ki, artıq böyüyürəm, zamanla hadisələrə daha soyuqqanlı baxa, ağlımın diktəsi ilə qərarlar verə biləcəyəm. Bir tərəfdən də pis oldum ki, artıq bəzi duyğuların gətirdiyi sevinc, kədər hissindən uzaq düşəcəyəm. Qorxdum ki, beş il sonra mən də Anna Kareninanı əxlaqsız, Qreqori Zamzanı cəfəngiyat, Van Qoqu dəli hesab edə bilərəm. Ona görə də nə qədər ki, bütün düşüncəmi məntiqin ixtiyarına verməmişəm, kitabxanamdakı emosional yükü çox olan əsərləri bir neçə dəfə oxuyub, o əsərlərin qəhrəmanlarına bir neçə dəfə ağlamalıyam.

Düşünürəm ki, sən duyğularını bir tərəfə qoyub özünü tam şəkildə məntiqə təslim etsən, sənətin gücünü tam şəkildə duya bilməzsən. Sənətdə məntiq nə gəzir? Sənətdə məntiq duyğuya tabedir. Bəlkə ona görədir ki, sənəti də, lap elə sənətçinin özünü də başa düşmək üçün bəzən əsrlər lazım gəlir. Bəlkə buna görədir ki, bir çox yaradıcı adamın həyatı çətin keçir. Çox az yaradıcı adamlar var ki, onların xoşbəxt, ya da sadə həyatı olsun. Məntiqsiz qərarları həyat asan-asan bağışlamır, axı..

Rəssam Van Qoq qulağını kəsmişdi. Məntiqli adam niyə qulağını kəssin ki? Ancaq onun bu addımı belə ümumi Van Qoqun yaradıcılığı fonunda adiləşir.

Ümumiyyətlə, yaradıcı insan hamının görmədiyini görə bilir deyə çəkir, yazır, yaradır və bu qeyri-adi insan yaratdığını hamının ixtiyarına verir. Bu zaman yaradılanı başa düşmək üçün onu oxuyan, izləyən insanın da üzərinə öhdəlik düşür. Oxucu utopiyaya əsaslanan əsəri məntiqlə, yaxud da yaşadığı dövrün yaşam şərtləri ilə sorğulasa, nə oxuya, nə də yazarını anlaya bilər.

Bunu da unutmayaq ki, emosiyalardan daha çox məntiqin üzərində qurulan ssenarilər, yazılan əsərlər də var. Düzdür, onların sayı nisbətən azdır, ancaq onların da öz oxucusu var.

Əksər əfsanə və rəvayətlərin, qulaqdan-qulağa dolaşan hekayələrin, lap elə onların kağıza çevrilən nümunələrinin  başqa dünyası var.

Əgər biz Cəfər Cabbarlının "Oqtay Eloğlu"sunu məntiqin müşayiəti ilə oxusaq, Oqtayı başa düşmək çox çətin olar. Ancaq Oqtayın iztirabını duyan bir adam başa düşə bilər onun Firəngizi niyə öldürdüyünü? Yoxsa ki, qanun "Firəngizin ölümü" deyir, ədəbiyyat "Oqtayın faciəsi"...

 





03.07.2021    çap et  çap et