525.Az

Yeni körfəz savaşı: Çin üçün "xaos çəngəli"


 

Yeni körfəz savaşı: Çin üçün "xaos çəngəli"<b style="color:red"></b>

Yaxın Şərqin ərəb-müsəlman dövlətləri arasında son zamanlar ixtilafların gücləndiyi haqqında KİV informasiyalar yayır. Ekspertlər bu prosesin bir çox aspektlərini təhlil etməyə çalışırlar. Müqayisələr göstərir ki, hadisələr çox təhlükəli istiqamət almağa başlayıb. Hətta Fars körfəzində yeni müharibə ehtimalı artıb. Bunun fonunda regional və qlobal güclərin atacağı addımlar maraq doğurur. Bütövlükdə Avrasiya məkanını nələrin gözlədiyi aktuallıq kəsb edir.

Ərəb dünyasının ixtilafları: səbəb nədir?

Dünya Ukrayna ətrafında yaranmış həyəcandan yaxa qurtarmamış çoxdandır ki, alov içində olan Yaxın Şərqdə yeni təhlükə meydana gəlməyə başlayıb. Regionun ərəb dövlətləri arasında müəyyən ziddiyyətlər xeyli vaxtdır ki, mövcud idi. Suriya və Misir məsələsi isə daha dərində fikir ayrılıqları yaratdı. Bunu inkar etmək real vəziyyəti düzgün qiymətləndirməmək və Yaxın Şərqi daha qorxunc ssenarilərin ağuşuna atmaq deməkdir.

Əslində, Körfəz ölkələri arasında münasibətlərin yeni məzmun kəsb etməsinin əsas səbəbi Suriyada cərəyan edən hadisələrə fərqli yanaşmaların mövcudluğudur. Əvvəlcədən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri kimi bölgə dövlətləri Suriyada müxalifətə aktiv dəstək verdi. Burada strategiya aydın idi: B.Əsəd rejimini silah yolu ilə devirmək. Çünki Dəməşq faktiki olaraq İran və Rusiyanın təsiri altında idi. Onu Qərb və Səudiyyə Ərəbistanı, Qətər və başqa sünni dövlətlərin nüfuz dairəsinə daxil etmək arzusu vardı.

Bu ssenari alınmadı. Daha doğrusu, silahla B.Əsəd rejimini devirmək mümkün olmadı. Əsas səbəb isə Rusiya və Çinin rəsmi Dəməşqi dəstəkləməsi oldu. Hadisələrin bu cür dəyişməsi Yaxın Şərqin bütün ölkələrini yeni terror dalğası ilə üz-üzə qoydu. O cümlədən, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və digərləri, obrazlı desək, "Suriyanın vəziyyətinə düşməmək" üçün çıxış yolları axtardılar.

Bu prosesə Misir hadisələri də ciddi təsirini göstərdi. Qahirədə baş verənlər bütövlükdə Yaxın Şərqdə siyasi İslamın taleyi məsələsini aktuallaşdırdı. "Müsəlman qardaşları", "əl-Qaidə", "Nusra cəbhəsi", "Hizbullah", "Həmas" və s. dini qrupların siyasi-ideoloji kursu iflasa uğradı. Onların daha çox terror olayları ilə əlaqələndirilməsi halları intensivləşdi. İndi faktiki olaraq elə bir ərəb dövləti yoxdur ki, onun dinə əsaslanan və dünyada normal qəbul edilən ideoloji kursu mövcud olsun. Bu, ümumiyyətlə, İslam aləminə ciddi siyasi zərbədir.

Vəziyyətin bu cür dəyişməsi regionda liderlik iddiası olan ərəb dövlətləri arasında intriqalara yol açmalı idi. Çünki onlar günahkarı kənarda axtarmağa başladılar. Bir-birini ittiham etməklə daha dərin fikir ayrılıqlarının əsasını qoydular (bax: məs., Мехди Джоукар, Асгар Юсефи. Обострение противоречий на заседании Совета сотрудничества арабских государств Персидского залива / "İnosmi.ru", 13 mart 2014).

Ərəb dövlətləri arasında ixtilaflar yaradan digər bir faktor İrandır. İranın şiəliyi təbliğ etməsi sünni ərəbləri qıcıqlandırır. Buna baxmayaraq, bir neçə ərəb dövləti Tehranla əməkdaşlığa can atırlar. Bu isə Səudiyyə Ərəbistanını qane etmir. Son zamanlar isə sünni-şiə qarşıdurması aspektində vəziyyəti daha dramatik edən proseslər özünü göstərməyə başlayıb. Rəsmi Bağdad iki ərəb dövlətini – Qətər və Səudiyyə Ərəbistanını ölkədə vətəndaş müharibəsi yaratmaqda günahlandırıb. İraqın baş naziri Nuri əl-Maliki Doha və Ər-Riyadı açıq ittiham edib (bax: Петр Львов. Кто будет тушить пожар в Персидском заливе? / "Новое Восточное Обозрение", 12 mart 2014).

Ekspertlər bunu bir növ Suriyada şiələrin fəaliyyətinə cavab kimi qiymətləndirirlər. İraq İranla Suriya arasında vacib bir ərazidir. Bağdad həm də Tehranın geosiyasi mənada "arxa bağçasıdır". Nuri əl-Maliki İrana yaxınlığı ilə seçilir. Bu səbəblərdən İraqda Ər-Riyada və Dohaya yaxın silahlı qruplaşmaların fəallaşması rəsmi Bağdadı narahat edir. İndi orada sünnilər aktiv surətdə silahlı toqquşmalara gedirlər. Hələlik İraq ordusu onları neytrallaşdıra bilmir.

Yaxın Şərqdən Uzaq Şərqə: yollar körfəzdən keçir

İlk baxışdan aydın təsir bağışlayan bu mənzərənin bəzi qarışıq tərəfləri də var. Məsələ bundadır ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərdən səfirlərini geri çağırıblar (bax: əvvəlki mənbəyə). Bunun arxasında isə səudilərlə qətərlilərin Suriyadakı proseslərə fərqli yanaşması durur. Səudiyyə Ərəbistanı "Müsəlman qardaşları" kimi "Nusra cəbhəsi", "İraq və Levanta İslam dövləti" təşkilatlarını terrorçu qruplaşma kimi tanıyıb. Onlara hər hansı dəstəyi dayandırıb. Qətər isə bu qruplara yardımlarını davam etdirir. İraqa olan hücumların məhz Suriyadakı Qətərə yaxın qrupların təşkil etdiyi bildirilir. Bu hadisələr kifayət qədər mürəkkəb bir mənzərə formalaşdırır və regionda gərginliyin davam edəcəyi qənaəti yaradır.

Bu kontekstdə Ər-Riyadın yeni addımlar atmağa hazırlaşdığı haqqında informasiyalar yayılır. Konkret olaraq Səudiyyə Ərəbistanı Qətər ilə sərhədləri bağlamaq istəyir. Bununla o, həm İrana meyl edən ərəb dövlətlərini xəbərdar edir, həm də radikal dini qruplardan özünü qorumağa çalışır (bax: əvvəlki mənbəyə). Sirr deyil ki, Səudiyyə Ərəbistanının özündə separatizmin alovlanmasını proqnozlaşdırırlar. Problemin başqa bir aspekti isə qlobal geosiyasətlə əlaqəlidir.

Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə "şiə qövsü"nün (İran-İraq-Suriya) yaranmasına mane oldular. Bunun fonunda İraqda daxili vəziyyət gərginləşdi. Burada proseslərin normallaşmasını gözləmirlər. Tehran cavab kimi bir sıra sünni dövlətlərdə separatçı əhval-ruhiyyəni gücləndirmək xətti yeridir. Bununla da Suriyada istədiklərini əldə edə bilməyən terror qrupları "günahkar" qismində Səudiyyə Ərəbistanı və Qətəri hədəf seçə bilərlər.

Bundan Vaşinqton narahatdır. Lakin onun başı Ukraynaya qarışdığından aktiv surətdə hadisələrə təsir edə bilmir. Meydanda tək qalan Səudiyyə Ərəbistanı da bəzən radikal gedişlər edir. Bu cür vəziyyət Yaxın Şərqdə ərəb dövlətləri arasında müharibənin yaranması ehtimalını artırır. Ekspertlər onu olduqca təhlükəli məqam adlandırırlar.

Həqiqətən də Körfəzdə yeni müharibənin başlamasında Amerika və İsrail də müəyyən dərəcədə maraqlıdırlar. Bununla onlar bir neçə geosiyasi məqsədə nail ola bilərlər. Birincisi, ərəb-müsəlman dövlətləri arasına ciddi ixtilaf düşür. Belə vəziyyətdə müsəlmanların İsrailə qarşı vahid cəbhə yaratması mümkün deyil.

İkincisi, Yaxın Şərqdə heç bir müsəlman ölkəsi regional lider ola bilmir. Onlar bu şansı öz aralarında savaş səbəbindən itirirlər. Çünki həmin variantda regionun bütün dövlətlərinin qəbul edə biləcəyi müsəlman dövləti olmur.

Üçüncüsü, Qərb yeni Körfəz savaşı ilə İranı süründürməçi müharibəyə cəlb etmək şansı əldə edir. Şübhəsiz ki, Tehran öz sərhədləri yaxınlığında gedən proseslərə laqeyd qala bilməz. Son zamanlar onun Körfəzə çoxlu sayda hərbi qüvvə yerləşdirdiyi haqqında informasiyalar yayılır. Hətta bəzi Qərb analitikləri Tehranın orada çox gücləndiyini deyirlər. Belə çıxır ki, ərəb-müsəlman dövlətləri arasında müharibənin yaranması dolayısı ilə İrana da zərbə vurmağa əsas verir. Bu gedişatın olduqca riskli olduğunu gizlətmək mümkün deyil.

Bir qədər geniş kontekstdə isə daha düşündürücü planların mövcudluğundan danışmaq lazım gəlir. Avrasiya məkanının coğrafiyasına ümumi nəzər salsaq görərik ki, şimaldan Ukrayna cəbhəsi, cənubdan İran xətti Çinə ikitərəfli çıxışa yol açır. Avropa istiqamətində Rusiya da daxil olmaqla böyük bir xaotik zona meydana gəlir. Yeni Körfəz savaşı ilə eyni mənzərə Cənubi Asiya istiqamətində yaranır. Çin faktiki olaraq "xaos çəngəli" arasında qalır. Bunun hansı fəlakətlərə yol aça biləcəyini təxmin etmək olar.

Hər bir halda müsəlman dövlətlərini əhatə edən və risklərlə dolu bir geosiyasi mənzərənin formalaşmaqda olduğunun fərqinə varılmalıdır. Lakin qəribədir ki, insanlar bunu bilə-bilə proseslərin qarşısını ala bilmirlər. Sanki nəhəng bir dəhşət mexanizmi işə salınıb və o, qarşısına çıxan hər şeyi məhv edir. Bundan bütövlükdə bəşəriyyətin zərər görəcəyi niyə ağıla gəlmir?

Newtimes.az

 





08.04.2014    çap et  çap et