525.Az

Trampın qayıdış cəhdi - Xaqani Cəfərlinin şərhi


 

Trampın qayıdış cəhdi - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Respublikaçılar Partiyasının iyunun 5-də Şimali Karolinada keçirilən qurultayında ABŞ-ın keçmiş prezidenti Donald Trampın çıxışını onun yenidən Ağ ev uğrunda mübarizəyə başlaması kimi dəyərləndirənlər var. Məsələn, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutunun direktoru Valeri Qarbuzov hesab edir ki, Respublikaçılar Partiyasının qurultayında Donald Trampın çıxışı keçmiş prezidentin Ağ ev uğrunda mübarizəyə başlamasından xəbər verir.

Çox maraqlıdır ki, Trampın Co Baydeni vaxtından əvvəl hakimiyyətdən kənarlaşdıracağını düşünənlər də var. ABŞ tarixində hakimiyyətin qeyri-qanuni yolla ötürülməsi hadisəsi qeydə alınmasa da, Trampın buna nail ola biləcəyinə inanlar mövcuddur.

Əslində, Donald Trampın özü də hakimiyyətin qeyri-qanuni yolla dəyişdirilməsinə çağırış etmir və belə fikirlərin onun üçün nə qədər təhlükəli ola biləcəyinin fərqindədir. Buna görə də, o, qurultayda çıxışı zamanı respublikaçıları Senata aralıq seçkilər zamanı onun dəyərlərini bölüşən namizədləri dəstəkləməyə çağırmaqla və hazırkı prezidentin siyasətini tənqid etməklə kifayətlənib. Respublikaçıların Senata aralıq seçkilər zamanı Trampla eyni mövqedə olanları dəstəkləyib-dəstəkləmədiyini gələn il keçiriləcək seçkilər göstərəcək. Hətta respublikaçıların Trampın tərəfdarlarını dəstəkləməsi demokratların məğlub olacağı anlamına gəlmir. Əgər Senata aralıq seçkilər bu il keçirilsəydi, heç şübhəsiz, demokratların qələbə qazanmaq şansı daha çox olardı.

Co Bayden hökumətinin koronavirusa qarşı mübarizədə uğur qazanması, xüsusilə COVİD-19 virusuna qarşı peyvəndləmə prosesində ciddi nailiyyətə imza atması demokratların mövqelərini gücləndirib. İyunun 30-na olan məlumata görə, 332 milyon 860 min insanın 154 milyon 885 mini koronavirusa qarşı tam peyvənd olunub. Ümumilikdə isə 180 milyondan artıq insana COVİD-19 virusuna qarşı peyvənd köçürülüb. Trampın Co Baydendən üstün lider adlandırdığı Vladimir Putinin rəhbərlik etdiyi Rusiyada isə əhalinin cəmi 17.3 milyonu koronavirusa qarşı tam peyvənd olunub. Bu isə 146 milyon əhalisi olan bir ölkədə insanların cəmi 12 faizinin COVİD-19-ə qarşı peyvənd olunması deməkdir.

Trampın özünün hakimiyyəti zamanı ABŞ-da koronavirusun tuğyan etdiyini, 400 min nəfərin COVİD-19-un qurbanı olduğunu insanların qısa zamanda unutduğunu söyləmək mümkün deyil. Buna görə bəşəriyyətin başı üzərində koronavirusun ölüm təhlükəsi qaldıqca Trampın ciddi nailiyyətə imza atacağı inandırıcı görünmür. Əksinə, Co Baydenin koronavirusla mübaridə seçicilərə verdiyi vədi artıqlaması ilə yerinə yetirməsi, bunun nəticəsi olaraq qadağaların aradan qalxması və iqtisadiyyatın yenidən canlaması, heç şübhəsiz, respublikaçıların əleyhinə, demokratların xeyrinə işləyir. Digər tərəfdən, Co Baydenin iqtisadiyyatın inkişafı üçün iki trilyon dollarlıq sərmayə paketi də bir neçə aydan sonra nəticələr verməyə başlayacaq ki, bu da respublikaçıların əleyhinə işləyəcək.

Donald Tramp koronavirus yoxlanışından keçməyib 

Senata aralıq seçkilərdə respublikaçıların əleyhinə işləyəcək amillərdən biri də Manhetten prokurorluğunun Donald Trampın biznes imperiyasını özündə birləşdirən “Trump Organization”u vergi qanunvericiliyini uzun müddət ərzində pozmaqda ittiham etməsidir. Prokurorluğun məlumatına görə, “Trump Organization” 15 il ərzidə vergi qanunvericiliyini pozmaqla vergidən yayınıb. Prokurorluğun ittihamı birbaşa Trampa qarşı yönəlməsə də, “Trump Organization”un  vergidən yayınması keçmiş prezidentin imicinə ağır zərbə vuracaq. Əgər Manhetten prokurorluğunun 15 maddədən ibarət iddianaməsi məhkəmədə təsdiqini tapsa, bu, Trampın siyasi karyerası üçün ölüm hökmü olacaq. Unutmaq olmaz ki, ABŞ-da cəmiyyətin nəzərində ən ağır cinayətlərdən biri vergidən yayınmaqdır. ABŞ tarixinin ən qəddar qanqsterlərindən biri olan Alfonso Qabriel Al Kapone məhz vergidən yayındığına görə həbs olunmuşdu.

İndi vergidən yayınmaq üçün saxta sxem yaratmaq, genişmiqyaslı oğurluq və iş sənədlərinin saxtalaşdırılması da daxil olmaqla 15 maddədən ibarət ittihamla üzləşən bir biznes imperiyasının başçısının siyasi liderliyə nail olması mümkünsüz görünür. Xüsusilə də feysbuk, tvitter və  quql kimi nəhəng sosial şəbəkələr tərəfindən təcrid edilmiş Donald Trampın əsassız ittihamlarının uğurları aydın görünən Co Bayden üçün ciddi problemə çevriləcəyi ehtimalı çox azdır. Əksinə, Co Baydenin iqtisadiyyatın inkişafı ilə bağlı proqramı uğur qazansa, demokratların hakimiyyəti Franklin Delano Ruzveltin iqtidarı dövründəki kimi güclü və uzunömürlü olacaq. Son rəy sorğuları da bunu təsdiq edir. Rəyi soruşulanların 66 faizi Trampın hətta prezidentliyə namizəd olmasını da istəmir. Ermənistanda Robert Köçəryanın qələbəsini proqnozlaşdıran rusiyalı "ekspert"lər indi də Trampın qayıdışının ssenarisini yazırlar.

 





05.07.2021    çap et  çap et