Nə biz dünyaya gələndə, nə də dünyadan köçəndə rəyimizi soruşmurlar. Xəbərimiz olmadan dünyaya gəlirik, xəbərimiz olmadan da dünyadan gedirik: ağlaya-ağlaya gəlirik, ağlaşa-ağlaşa da gedirik.
Dünyaya gələn kimi təkcə dünyanın sakini yox, həm də sahibi hesab edirik. Fəqət müdrik bir şairimiz deyib:
Gələn birdi, qalan birdi, gedən bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Deyirlər ki, bir əvvəl var, bir axır,
Yalan sözdür: nə əvvəl var, nə axır.
Türk epos mədəniyyətinin şah əsəri olan "Kitabi-Dədə Qorqud"da deyildiyi kimi: "Gəlimli, gedimli dünya, son ucu ölümlü dünya!"da yaşayırıq.
Qubanın Cimi kəndindən olan filosof şair Ələkbər Salahzadə də belə deyib:
Dünya bir kirkirədi,
Kirədəyik, kirədə.
Ömrümüzü veririk
Elə buna görə də.
Alman filosofu Fridrix Nitsşe yazıb: "İnsanda seviləsi bir şey varsa, bu da onun gəldi-gedəriliyində, bir adlamac olmasıdır".
Bu duyğular məndə eloğlum, şair-publisist Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" (2020) adlı kitabını oxuyanda yarandı. Özümə sual verdim: - Qocalıqdan cavanlığa qayıtmaq mümkündürmü?! 73 yaşlı müəllif çoxlu zəngin tədqiqat aparıb, böyük zəhmət çəkib, öz həyat təcrübəsinə əsaslanıb bəşəriyyəti uzun illər düşündürmüş bu əbədi və əzəli suala cavab verməyə çalışır. Yəni insanın, "yaranmışların əşrəfi" (Nizami) olan İNSANIN əlində mümkün olmayan şey yoxdur. Sadəcə zəhmət və hərəkət lazımdır. Fəqət mən bu fikirdəyəm: gəlin nə qədər istedadımız və imkanımız olsa da, Allahın işinə qarışmayaq! "Ölüm qaşla göz arasındadır" deyib atalar. Ömrü geri qaytarmaq olmaz. Əgər insan bilsə ki, o, lap 500 ildən sonra filan tarixdə öləcək, həmin anda ürəyi partlayıb ölə bilər. Yaxşı ki, biz alın yazımızı oxuya bilmirik, taleyimizdən xəbərimiz yoxdur...
Bütün bunlarla bərabər, Zakir Bayramlının kitabı insana ömür verməsə də, ümid verən əsərdir. Bu dəyərli kitabda özündən əvvəl bu barədə yazan müəlliflərə, hörmət və qədirşünaslıq, bundan dolayısı canlı araşdırma var. Müəllif oxucuya sağlam və uzun ömür yaşamağın sirlərini öyrədir. Doğrudur, bəzən ifrat nəsihətçiliyə də rəvac verir. Lakin əksər məqamlarda real elmi-tarixi fakt və olaylarla oxucunu sağlam həyat tərzinə, yer üzünün gövhəri, Allah əmanəti Ruhun daşıyıcısı olan insanın qədrini bilməyə səsləyir.
İxtisasca həkim olmayan müəllifin bəzən tibbi məsləhətlər verməsi ilə razılaşmaq çətindir, hər bir xəstəyə fərdi şəkildə yanaşmaq lazımdır. Universal müalicə üsulu bəzən zərər də gətirə bilər. Lakin müəllif bu baxımdan oxucuya seçim imkanı da yaradır.
O, qocalığı müdriklik və ucalıq rəmzi hesab edərək onu belə tərənnüm edir:
Dağın əzəməti ucalığında,
Buludlar oynaşan zirvəsindədir.
İnsanın hörməti qocalığında
Həyatda yerini bilməsindədir.
Zövq alım indiki müdrik çağımdan,
Bədbinlik, küskünlük ömrü gödəldir.
Narazı deyiləm qocalığımdan,
Bu dövrü yaşamaq özü gözəldir.
Şair-publisist Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" kitabı zəngin tədqiqat və faktlara əsaslanan, xoş niyyətlə yazılmış maraqlı əsərdir. Bu kitab öz canının qədrini bilən, özünə dəyər verən, qocalıqdan qorxmayan bütün insanlar üçün nəzərdə tutulub.
Zakir Bayramlının "Qocalıqdan cavanlığa qayıdış" əsəri həyat haqqında kitab - həyat kitabıdır. Millətin tarixi, taleyi, xalqın tarixi nəsillərin əlaqəsi sayəsində başa gəlir. Hər nəsil tarixdə öz missiyasını yerinə yetirməyəndə yeni gələn nəslin işi çətinləşir, tarixin yükü ağırlaşır. Ona görə də yaşlı nəslin vəzifəsi öz fəaliyyəti ilə yeni gələn nəslə yol açmaq, onun qarşısındakı yolu göstərmək, ictimai gedişatın prioritetlərini görməkdə kömək etməlidir. Z.Bayramlının bu kitabı həmin nəcib məqsədlərə xidmət edir.
Kitab xüsusən həyata yeni qədəm qoyan hər bir gənc nəsil üçün ibrətli bir həyat dərsliyidir. Azərbaycan gəncliyinin şəxsiyyət kimi formalaşması, onu mənəvi ucalığa çatdırmaq kitabın estetik konsepsiyasını təşkil edir. Belə kitablar həm nəzəri, həm praktik əhəmiyyətə malikdir, çünki onlar zəngin bilik və məlumat, real müşahidə və həyat təcrübəsi əsasında yazılır. Üstəgəl, Z.Bayramlı həm də qəlbi poetik ahənglə vuran incə zövqlü, istedadlı, müdrik bir şairdir. Yeri gələndə fikirlərini qəzələ, bayatıya, rübaiyə, qoşmaya çevirərək insanların qəlbinə yol tapa bilir.
çap et