525.Az

Nəsib bəy Yusifbəylinin cümhuriyyətçi fəaliyyətinə dair ilk elmi tədbir


 

KONFRANS GÖRKƏMLİ İCTİMAİ-SİYASİ XADİMİN ANADAN OLMASININ 140 İLLİYİNƏ HƏSR EDİLİB

Nəsib bəy Yusifbəylinin cümhuriyyətçi fəaliyyətinə dair ilk elmi tədbir <b style="color:red"></b>

"Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi Nəsib bəyindir...  Milli Azərbaycan hərəkatının istiqlala müncər olan qayəsini formulə etmək onun adı ilə bağlıdır. Sadəcə bu, Nəsib ismini Azərbaycan tarixində ölməz və unudulmaz bir ism halına qoymaq üçün kafidir.

Müzəffər istiqlal nəslinin ilk yapacağı şürkan vəzifələrdən birincisi  - siyasi Azərbaycançılığın qabaqcıllarından olan Nəsib bəyin adını əbədiləşdirmək və ona Bakı və Gəncədə abidələr tikməkdən ibarət olmalıdır". Məhəmməd Əmin Rəsulzadənin öz məsləkdaşı haqda dediyi bu ifadələr Azərbaycanın görkəmli dövlət və ictimai-siyasi xadimi, Azərbaycn Cümhuriyyətinin (1918-1920) qurulmasında müstəsna xidmətləri olan Nəsib bəy Yusifbəylinin(1881-1920) doğumunun 140 illiyi münasibətilə Azərbaycan İlahiyyat İnstitutu və Azərbaycan "Türk Ocağı"nın təşkilatçılığı ilə keçirilən "İstiqlal savaşında Nəsib bəy Yusifbəyli yolu" mövzusunda elmi konfransdakı çıxışların əksəriyyətinin leytmotivini təşkil edirdi.

İlahiyyat İnstitutunun akt salonunda toplaşanlarla yanaşı konfransa Türkiyədən, həmçinin, Nəsib bəyin doğulduğu ocaqda yaşayan yaxınları  da daxil olmaqla Gəncədən də iştirakçılar onlayn surətdə qatılmışdılar.

Açılış və salamlama nitqlərində Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Azərbaycan "Türk ocağı"nın başqanı, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlafiyyətli səfiri Cahit Bağçı, millət vəkilləri Fazil Mustafa və Ceyhun Məmmədov, Türk Ocaqları İstanbul Şöbəsinin müdiri doktor Cezmi Bayram konfransı 20-ci əsrin əvvəllərində Azərbaycan siyasi intibahının görkəmli nümayəndəsi Nəsib bəyin irsinin öyrənilməsinə mötəbər elmi töhfə kimi dəyərləndiriblər.

Azərbaycan İlahiyyat İnstitutunun  İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov  və Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun moderatorluğu ilə aparılan konfrans iki hissədə gün boyu davam edib. Konfransa Nəsib bəyin Gəncədəki  ata ocağından - bu görkəmli xadimin  doğulub yaşadığı evdən  onun varislərinin qoşulması da maraq və qürur hissləri ilə qarşılanıb. Evin sahibi, Nəsib bəyin  bacısının nəvəsi, "Tərəqqi" medallı, 83 yaşlı Rəfat Cuvarlı da "Nəsib bəyin həyat yolu" mövzusunda məruzə ilə çıxış edib, Rəfat müəllimin qızı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medallı Elnurə xanım bu ocaqda qorunan,  Nəsib bəyin adı ilə bağlı olan yadigarlardan danışıb.

Elmi konfransda Ankara Universitetində çalışan  tarix elmləri doktoru professor  Nəsib Nəsibli  "Milli qurucularımız" (onlayn, ) Bakı Dövlət Universitetindən, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu  "Nəsib bəy Yusifbəylinin parlament fəaliyyəti",  Azərbaycan Respublikası Milli Məclisinin Redaksiya və nəşr işləri şöbəsinin Mətbu nəşrlərin təminatı sektorunun müdiri,  tarix üzrə fəlsəfə doktoru Lətif Babayev  "Cümhuriyyətin dövlət təhlükəsizliyinin təmin edilməsində Nəsib bəy Yusifbəylinin rolu",  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova "İstiqlal tarixinə yazılan Nəsib bəy ömrü",  Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov "Hacı Zeynalabdin Tağıyevin Nəsib bəy Yusifbəyliyə məktubu haqqında",  AMEA-nın Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova "Nəsib bəy Yusifbəylinin mətbu fəaliyyəti və maarifçilik ideyaları",  Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasından tarix üzrə fəlsəfə doktoru dosent Boran Əziz "Milli idealın gerçəkləşməsində Nəsib bəyin rolu",  Türkiyənin Bursa Uludağ Universitetindən  dosent doktor  Minara Əliyeva Çinar "Nəsib bəy Yusufbəylinin məktublarında Azərbaycan türkləri haqda  düşüncələri" (onlayn), Əməkdar jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qərənfil Xəlilova "Nəsib bəy Yusifbəyli irsinin tarixi əhəmiyyəti", Gəncə Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Cavid Bağırzadə  "Difaidən Türk Ədəmi Mərkəziyyət Partiyasına - Nəsib bəy Yusifbəylinin ictimai-siyasi fəaliyyətinə dair" (onlayn),  həmin universitetin  Azərbaycan və dünya ədəbiyyatı kafedrası ndan filologiya üzrə fəlsəfə doktoru, dosent  Nəzmiyyə Axundova "Nəsib bəy Yusifbəyli haqqında çoxsaylı əsərlərin yazılma səbəbləri" (onlayn),  yenə həmin universitetdən  tarix üzrə fəlsəfə doktoru, dosent Saidə Babayeva  "Milli kimliyimizin formalaşmasında Nəsib bəy Yusifbəylinin fikirləri" (onlayn), Türkiyənin Ege Universitetinin Ədəbiyyat Fakültəsindən  Doktor Yılmaz Özkaya  "Nəsib bəy  Yusufbəylinin təhsil  və modernləşmə haqqında görüşləri" (onlayn),  jurnalist-araşdırmaçı, "525-ci qəzet"in əməkdaşı  Zakir Muradov  "Nəsib bəy Yusifbəyli - siyasi Azərbaycan ideyasının yaradıcısı" (onlayn), Azərbaycan "Türk Ocağı"nın aparat rəhbəri,  "CARÇI Express" jurnalının baş redaktoru Sərxan Carçı "Nəsib bəy Yusifbəyli Türk Ocaqlarının üzvü kimi", Türkiyənin  Ege Universitetinin  Türk Dünyası Araşdırmaları İnstitutunun doktorantı Odər Əlizadə "Qafqaz  Konfederasyasından Türk Konfederasiyasına" (onlayn), araşdırmaçı-yazar Ceyhun Nəbi "Nəsib bəy Yusifbəyli və Azərbaycan istiqlaliyyəti", araşdırmaçı-yazar Ceyhun Mirzəli  "Nəsib bəy Yusifbəylinin "Təslim" hekayəsi və publisistikası" mövzularında çıxış ediblər.

İştirakçılar konfransın görkəmli ictimai-siyasi xadimimiz Nəsib bəy Yusifbəylinin həyat və fəaliyyətinə dair keçirilən ilk böyük elmi toplantı olduğunu xüsusi vurğulayıblar.

Elmi konfransın materialları tam şəkildə nəşr ediləcək.

Zakir Muradov
Gəncə

 

 





06.07.2021    çap et  çap et