Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində dünya hərb tarixinə nümunə olacaq şərəfli bir zəfərə imza atdı. Azərbaycanın qorxmaz, cəsur övladları 30 il düşmən tapdağında qalan torpaqlarımızı 44 günə azad edib, həsrətə son qoydu.
Lənkəran rayonunun Nüvədi kəndindən olan baş leytenant Vüsal Kamran oğlu Kazımov da bu haqq savaşımızda xüsusi hünər göstərib canını Vətəninə fəda edən igid oğullarımızdandır. Bu gün Vüsal cismən aramızda olmasa da, adı Lənkəran camaatının dilində əsl övlad məhəbbəti ilə çəkilir, ürəklərdə yaşayır.
Vüsal Kazımovun hər iki valideyni gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Atası Kamran müəllim Lənkəran Dövlət Universitetində çalışır. Dosentdir. Daxilən zəngin, nəcib, xeyirxah insan olan, ziyalı adının məsuliyyətini çiyinlərində şərəflə daşıyan Kamran müəllim həmişə çalışır ki, tələbələri yüksək bilik almaqla bərabər, həm də Vətənini, torpağını sevməyi bacarsınlar. Vüsalın anası Gülər xanım isə Lənkəran rayonu, Yuxarı Nüvədi kənd məktəbində sinif müəllimidir. Böyük ürək, həssas qəlb sahibi olan bu gözəl insan peşəsini sevdiyinə, el-obada nəcib əməllərə görə insanların gözündə ucadır. Bəli, bizim şəhid qəhrəmanımız belə bir ailədə böyüyüb boya-başa çatıb.
Vüsal Kazımov 2007-ci ildə Lənkəran Dövlət Universitetinə daxil olur, Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasına yiyələnir. Ali məktəbi bitirib 2011-ci ildə ordu sıralarına yola düşür. İki ay Təlim Tədris Mərkəzində kursant olur. Tağım komandiri vəzifəsində Vətənin keşiyində durur. Hərbi xidmətini başa vurduqdan sonra doğma Lənkərana qayıdan Vüsal Kazımov Lənkəran şəhər Uşaq poliklinikasının psixi sağlamlıq bölməsində müalicə bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsinə işə götürülür. İşləməklə bərabər, o, həm də Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin qiyabi şöbəsində Mühasibat uçotu və audit ixtisasi üzrə təhsil alır. İşgüzarlığını, insanlara təmənnasız münasibətini nəzərə alıb onu Lənkəran şəhər Uşaq Gənclər və İdman məktəbinin direktoru vəzifəsinə təyin edirlər. Vüsal burada da öz müqəddəs ideyalarını davam etdirir, gənclərin sağlam, vətənpərvər ruhda böyüməsi üçün böyük səy göstərir, Birinci Qarabağ müharibəsi şəhidlərin xatirəsinə idman yarışları keçirməklə uşaqlara qəhrəmanlıq hissləri aşılayır.
Baş leytenant Vüsal Kazımov Vətən müharibəsi başlanan gündən cəbhəyə yollanır, Füzulidə, Cəbrayılda, Xocavənddə şiddətli döyüşlər zamanı böyük şücaət göstərir, hər döyüşə qələbəmizə böyük inamla atılır. Qəhrəman zabit Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Dövlət başçısının sərəncamları ilə şəhid baş leytenant ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün Vüsal Kazımovun ailəsində onun iki yadigarı - Nuray, Aynur adlı iki qız övladı böyüyür. Onlar ata məhəbbəti görməsələr də, qəhərman atalarının ruhu həmişə onların başının üstündə olacaq, bu gül balalar həmişə onun adını qürur duyacaqlar. Qəhrəman atanın Vətənə olan müqəddəs sevgisi övladlarının həyatına daima işıq saçacaq.
Allah qəhrəman şəhidimizə rəhmət eləsin!
Zəfər ORUCOĞLU