|
|
|
|
Nəvaxtsa oxuduğum və yaddaşımda qalan bir şeirin bir misrasını xatırlayıram:
Səndədir, məndədir müəllim ömrü.
Səmimiyyətlə deyilib, səmimiyyətlə oxunub, səmimiyyətlə yaddaşlara hopub. Yəni müəllim ömrü dərs-dərs, il-il ömürlərə paylanır, zərrə-zərrə ömürlərdə yaşayır. Sonralar özüm də müəllimlik peşəsini seçdim. Tanıdığım, biliyinə də, insanlarla (bu baxımdan müəllimlərlə, şagirdlərlə) ünsiyyət mədəniyyətinə də, dünyagörüşünə də yaxşı bələd olduğum Nüsrət müəllimin timsalında müəllimlik peşəsinin gərəkliyinə, duruluğuna bir daha əmin oldum. Sonralar bu deyimin fəlsəfəsini daha əhatəli dərk etdim. Bu fəlsəfə deyirdi ki, xalq üçün, el-oba (yəni Vətən) üçün yaşanılan ömür təkcə ömür yiyəsinə məxsus deyil. Həm də nurlandırdığı ömürlərə də məxsusdu. Bu, ustada şagird ehtiramı, milli mentalitetin tələbidi, dədə öyüdünə əməl etməkdi. Sonralar şagirdləri də onun yanında siqaret çəkmədi; bu günlərin sabahlar üçün yaşanılması həm də belə olur...
Bir dostum var. İndi yaşı yetmişi haqlayıb. İyirmi yaşından məzunu olduğu orta məktəbdə müəllim işləyib. Bu müddətdə şagird olanda ona dərs demiş müəllimlərdən heç biri onun siqaret çəkdiyini görməyib. İstidə-bürküdə də, yağışda-qarda da, yolda-izdə də, toyda-vayda da...
Müəllim öyrədəndi, müəllim ustaddı, müəllim yol göstərəndi. Müəllim həm də işıqdı, nurdu, ziyadı ki, yüzlərlə, minlərlə Bayramların da ömrünə düşür. Bu işığın başlanğıcı var, sonu olmur. Heç zaman olmayacaq da. Həyat bəlkə həm də buna görə gözəldi, bəlkə buna görə sonralar Məmməd İsmayıl yazmışdı ki, "hələ yaşamağa dəyər bir az da..."
Nüsrət Şükür oğlu Paşayev 1940-cı ildə Qubadlının Tatar kəndində anadan olmuşdu - Böyük Vətən müharibəsi başlayanda 1 yaşı vardı. Güzəranın, dolanışığın çətinliyi Qubadlının Tatar kəndində yaşayan Paşayevlər ailəsini də sıxırdı (anam deyərdi ki, o illərdə körpələri aclıqdan da, xəstəliklərdən də Tanrı qoruyurdu. Neçə ana südəmər körpəsini də özüylə tarlaya aparardı, özü işləyərdi, körpə kölgəlikdə Allah ümidinə qalardı. Tarlada baxımsız qalmış bir körpəni ilan çaldığını da eşitmişdim. O illərin sıxıntısı həm də belə sıxıntılarıydı...). O illərdə körpələri həm də anaların bir-birinə qədərsiz köməyi qoruyurmuş. Paşayevlər ailəsi də sıxıntı içindəydi - Şükür Paşayev döyüşlərdəydi, döyüşürdü. Digər əsgər ailələri kimi bu ailənin də əlləri kolxozun işindən yapışmışdı, gözləri yollardan; dava uzanırdı, dava qurtarmırdı. Davadakılardan xəbər-ətər gec-gec gəlirdi, hərdən heç xəbər-ətər tutmaq da olmurdu. Camaat davanın ağrılarını hər gün yaşayırdı...
Müharibə başa çatdı. Neçə ailədə hərdən oğul-uşaqdan, qaynatadan qayından xəlvət - gizlin, hərdən aşkar ağlamalar, sızıltılar, ağlama biçimində ağılar eşidilərmiş. "Gəlmədi..." - fəryadı gecənin qaranlığına qarışırmış; gecənin qaranlığı bu fəryada görə daha da qatılaşarmış, çətin günün üzqaralığı kimi...
Nüsrət böyüyürdü, böyüdükcə ailəyə "əl-ayaq" da verirdi; dava illərinin uşaqları vaxtından tez böyüyürmüş...
Nüsrət də görürdü, Nüsrət də duyurdu ki, əsgər ailələri bir qarın ac, bir qarın tox da olsa davadakı əzizinə görə yaşamalıdı, onu yaşatmaq üçün yaşamalıdı, həm də duru ömür yaşamalıdı, həm də qələbə üçün yaşamalıdı. Atası da davadaydı. əmisi də. Bunu üç-dörd ildən sonra biləcəkdi. O vaxta kimi ana ağuşundan sonra dünyanın qayğısızlığı olacaqdı nazbalıncı. O illərdə körpələrin ən gözəl nazbalıncı ana nəfəsiydi, ana əllərinin təmasıydı, ana ümidiydi, bir də anaların özünün də inandığı, məcburən uydurduğu şirin yalanlar. O şirin yalanlar hələ ki, gerçəkləşmirdi...
Nüsrət çətinliklərə, çətin günlərə bac vermədi, oxudu, Xocahan kənd orta məktəbinin 7-ci sinfini bitirdi. Həm də əla qiymətlərlə.
Bakı politexnik texnikumuna daxil oldu, geodeziya və xəritəçilik mühəndisliyi ixtisasına yiyələndi. Sumqayıtda tikintidə işlədi. Gənc mütəxəssis kimi birotaqlı mənzillə də təmin edildi. Qubadlıda ixtisasına uyğun işə qəbul edilməsinə razılıq verildiyinə görə rayona qayıtdı. Lakin bu sahəyə cavabdeh olan şəxs Şükür kişinin yanına gəlib bildirdi ki, Nusrət onun yerinə işə başlasa, işsiz qalacaq və çoxuşaqlı ailəsini dolandıra bilməyəcək. Ailənin ağsaqqalı yeganə çıxış yolunu Nüsrətin təhsilini davam etdirməsində gördü. Bu təklif Nüsrətin ürəyincə oldu.
Oxumaq həvəsi, elmə maraq bu və ya digər səbəbdən ləngiyə bilər. Ancaq bu, onu sonlandırmağa qadir deyil - hələ orta məktəbdə oxuduğu illərdə riyaziyyatı sevirdi, rəqəmlər, düsturlar dünyasının romantikası düşüncələrini bürümüşdü. "Müəllimimdən eşitdiyim "Riyaziyyatı bilənə zaval yoxdu" - kəlmələri məni bu sehirli dünyayla doğmalaşdırdı. Bu səbəbdən sənədlərimi Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə verdim..." - Nüsrət müəllim könül sirdaşlarına belə deyərdi...
Beş il ötüşdü...
Nüsrət Paşayev universiteti bitirdi.
Zəngilan kənd orta məktəbində riyaziyyat müəllimi işləməyə başladı; şagird olanda da, sonralar da müəllimlərini sevirdi Nüsrət, indi şagirdləri sevirdi onu - bir vaxtlar öyrənmək həvəsiylə fərqlənən Nüsrət indi öyrənmək istəyən şagirdlərinin sevimlisiydi. O da şagirdlərinə "Riyaziyyatı bilənə zaval yoxdu", - deyirdi. Bir də qədim yunan filosofunun fikrinə əsaslanıb deyirdi ki, riyaziyyat əqlin, təfəkkürün gimnastikasıdı, bu fənni mükəmməl öyrənməyə çalışın, riyaziyyatı yaxşı oxuyan digər fənləri də asanlıqla qavraya bilir...
Zəngilanda 1 saylı səkkizillik məktəb açılanda Nüsrət Paşayevi ora dəyişdilər. Yeni məktəbdə istər tədris prosesinin, istərsə də riyaziyyat fənninin tədrisinin təşkilinin cəfakeşlərindən oldu Nüsrət müəllim. İlk tədris ilinin pedaqoji uğurları rayon maarif şöbəsində təqdir edildi. Türk cərrahı Tatar hocanın öyrəncilərinə böyük sevgilərlə dediyi bir kəlam var: öz işini özün bəyən; Nüsrət müəllim heç kimin rəyini müəllimliyinə yük (pərsəng) eləmirdi, öz işini özü bəyənirdi, ruhunun pıçıltısı kimi deyirdi ki, "səndədir, məndədir müəllim ömrü..."
Bəzən əsassız söz-söhbətlər fikir ayrılığına, fikir ayrılığı müəyyən mənada, narazılıqlara, narazılıqlar qarşıdurmalara səbəb olur. Belə vəziyyət kollektivin normal fəaliyyətini pozur. Mincivan 36 saylı dəmiryol orta məktəbində belə bir vəziyyət yaranmışdı. Rayon partiya komitəsinin məsləhəti ilə Nüsrət müəllim 1972-ci ilin fevral ayında həmin məktəbin direktoru təyin edildi. Yadıma ustad pedaqoq Abdulla Şaiq düşür, onun pedaqoji məharəti, çətin vəziyyətlərdə kollektivin fəaliyyətini nizamlama qüdrəti düşür. Nüsrət müəllim Mincivan 36 saylı dəmiryol orta məktəbinin fəaliyyətini qısa müddətdə gərəkli axarına sala bildi...
Altı il belə ötüşdü - narazılıq olmadan, qarşıdurmalar olmadan, ciddi şikayətlər olmadan, hərə öz işini görməklə...
1970-72-ci illərdə Mincivandakı 36 saylı dəmiryol orta məktəbində yaşanılanlar mahiyyəti etibarilə Zəngilan şəhər orta məktəbində də yaşanılırdı. Belə bir vəziyyət nəinki rayon rəhbərliyini, respublika rəhbərliyini də narahat edirdi. Qəti tədbir görülməliydi. Qəti tədbir kadr seçimiydi. Və istər pedaqoji ustalığına görə, istər rəhbərlik etmə bacarığına görə, istərsə də belə situasiyaları tənzimləmə səriştəsinə görə Nüsrət Paşayev 1978-ci ilin may ayında (tədris ilinin sonlarında verildiyini nəzərə alsaq, rayon və respublika rəhbərliyinin bu təyinata nə qədər həssas yanaşdıqlarına qəti əmin olarıq) Zəngilan şəhər 1 saylı orta məktəbə direktor təyin edildi.
Xarakterinə, məntiqli danışığına, inandıra bilmə qabiliyyətinə yaxşı bələd olduğuma görə deyə bilərəm ki, Nüsrət müəllimin kollektivə ilk müraciətində (buna ilk tövsiyəsi də deyə bilərik) "Maksim Qorki deyirdi ki, insan kəlməsi əzəmətlə səslənir. Müəllim kəlməsi də əzəmətlə, bir qədər də ehtiramla səslənir. Gəlin müəllim olduğumuzu təsdiqləyək", - deyib. Belə bir ricət, nəzarətdən çıxmış fəaliyyətin tənzimlənməsi istiqamətində pedaqoji cəhdin uvertürası kimi səslənib. Səslənib, dinlənilib, düşündürüb - tədris ilinin sonlarında (cəmi bir ay ərzində!) məktəbdə bütün əsassız narazılıqlar, incikliklər aradan qaldırılıb. Sonralar əldə edilən tədris nailiyyətlərinə görə məktəbin bir neçə müəllimi orden və medallara layiq görülüb, fəxri fərman alıb...
Pedaqoji prosesə yeni yanaşma, idarəetmədə yeni (təbii ki, mütərəqqi!) metod və üsullar, müəllim-müəllim, müəllim-şagird münasibətində qarşılıqlı ehtiramın möhkəmləndirilməsi (əslində, yaradılması), şagirdlərin dərsə (deməli, kitaba, deməli, tədrisə) münasibətinin möhkəmləndirilməsi və s. məktəbdə tədris prosesini nəzərəçarpacaq dərəcədə nizamladı; sözün (məntiqli, inandırıcı sözün) su kimi lətafəti (N.Gəncəvi) aylar çəkən qarşıdurmanı aradan qaldırdı. Məntiqi baxımdan hamı "çəkici bir yerə vurmağa başladı". Bu, bir məktəbin timsalında Zəngilanda təhsilin səviyyəsinin daha da yüksələcəyinin zəmanətiydi...
Haqq, əmək itirmir, çəkilən zəhmət bəhrəsinin verir - Nüsrət müəllim 1981-ci ilin sentyabrında rayon maarif şöbəsində məktəb inspektoru vəzifəsinə təyin edildi.
1984-cü ildə Məmmədbəyli kənd orta məktəbinin açılışına birlikdə getmişdik. Yolboyu gözəllikləri görüncə ürəyi riqqətə gəlibmiş - Səməd Vurğunun bir misrasını xatırlatmışdı: Təbiət ilhama çağırır məni. "Şair ilhamlanıb şeir yazar, biz ilhamlananda yaxşı işləməliyik. Yəni şagirdlərimizi daha yaxşı öyrətməliyik...", - demişdi. O vaxtdan illər keçib. Bu gözəl kəlam mənim də günlərimin aydınlığıdı. "İlhama gələndə" ya nəsə yazıram, ya nə haqdasa (Zərdüşt peyğəmbərin təliminə istinadən xeyirli söz) düşünürəm, ya da xeyirli iş görmüş adamları, bu sıradan Nüsrət müəllimi xatırlayıram...
Nüsrət müəllim kifayət qədər geniş erudisiyaya malik ziyalı idi, dünya ədəbiyyatına bələdliyi onun ünsiyyətdə olduğu adamlarla maraqlı söhbətləri təmin edirdi. Söz sözü çəkdikcə ümumi söhbət yenə pedaqoji mövzuyla tamamlanırdı...
Nüsrət müəllim 1986-cı ilin sentyabrından yeni inşa olunmuş Zəngilan şəhər 3 saylı tam orta məktəbinin direktoru təyin olundu...
Əməkdar müəllim Akif Orucov Nüsrət müəllimlə bir vaxtlar Zəngilan rayon təhsil şöbəsinin məktəb inspektoru olub. Zəngilan pedaqoji mühitinin Nüsrət Paşayev adlı kifayət qədər ehtiramla xatırlanan bir şəxsiyyətini səmimi, bacarıqlı, tələbkar, ciddi, qayğıkeş bir müəllim, pedaqoq kimi xatırlayır. Akif müəllimin fikirlərini "maarif fədaisi" ifadəsilə tamamlayıram...
...Qibtəediləcək vətəndaş ömrü on illərlə şagirdlərinin ömrünə paylanıb. İllər sonrası Nüsrət müəllimin timsalında böyük ehtiramla deyirik ki, səndədi, məndədi müəllim ömrü...
Mən rayon komsomol və partiya komitələrində işlədiyim illərdə Nüsrət müəllimlə vaxtaşırı təmasda olurdum. Hər görüşümüzü, deməli, hər söhbətimizi taledən ömrümə qazanc bilirdim. Polemikalarımızda məni maraqlandıran məsələlər haqqında soruşardım, həvəslə, əsl müəllim məharətiylə cavablandırardı sullarımı - analogiyalar gətirməklə, hadisə və faktlar arasında səbəb-nəticə əlaqələrini də göstərməklə.
O illərdə xidməti işimlə əlaqədar Zəngilan şəhər orta məktəbində də olurdum. Pedaqoji məharətinə bələd olduğum Nüsrət müəllimin xarakterinin daha bir çalarını bütün aydınlığıyla onda gördüm. Nüsrət müəllim həyatdan aldığı dərsi də gözəl mənimsəyibmiş - təsərrüfatçılıq. Məktəbin könüləyatımlı yardımçı təsərrüfatı göz oxşayırdı. Əmək dərslərinin burda keçilməsi həm də əyanilik baxımından böyük pedaqoji dəyərə malik idi. Bu kimi xüsusiyyətlər (rəhbərlik etmə, tədrisin quruluşunun elmi əsaslarla aparılması) məktəbin istinad məktəbinə çevrilməsi ilə nəticələndi...
Yardımçı təsərrüfat həm də şagirdlərin əmək tərbiyəsində əhəmiyyətliydi - onları əməyə (deməli, həyata) hazırlayırdı, bəzən peşə seçiminə də təsir göstərirdi...
Tədrisdə əyanilik həmişə uğurlar gətirir. Məktəbşünaslığa bələd olanlar bilir ki, fənn kabinetləri, fizika, kimya, coğrafiya kimi fənlər üzrə laboratoriyalar, fizika, kimya laboratoriyalarında aparılan təcrübələr, təcrübi dərslər şagirdlərin fənni qavraması prosesini həm sürətləndirir, həm də mənimsəmə prosesinin etibarlığını təmin edir (eşitməni görmə tamamladığına görə). Yeni məktəbdə Nüsrət müəllimin təşəbbüsü ilə belə laboratoriyalar, bəzi fənlər üzrə fənn kabinetləri yaradılmışdı.
Ədəbiyyatımızı da çox sevirdi, incəsənətimizi də. Üzeyir bəyin bəstələrini dinləməkdən doymazdı. "Xalq musiqisi musiqi dünyamızın, Üzeyir bəyin musiqisi bəstələrimizin uvertürasıdı" - belə deyərdi Nüsrət müəllim. Musiqini tədris prosesinə tətbiq edərək deyərdi ki, tədrisin uvertürası nizam-intizamdı; harda işləsə, fəaliyyətə məhz bu amillə başlayar, başlıca (və ilkin!) tələbi bu amil olardı...
1994-cü ilin əvvəllərində ağır xəstələnmişdi. Sumqayıtda müalicə olunurdu. Ona baş çəkməyi özümə mənəvi borc bildim. Getdim. Hal-əhval tutduq. Ustad söhbəti ustalıqla tədrisə çəkirdi. Onu bu düşüncələrin "əlindən almaq" üçün müxtəlif səpkili suallarla müarciət edirdim. Aldığım cavabları onun - peşəkar pedaqoqun, direktor kimi böyük idarəçilik qabiliyyəti olan müəllimin, dərin zəka sahibinin, erudisiyalı ziyalının düşüncələrinin doğmalığında düşüncələrimə köçürürdüm. O vaxtdan bəri hərdən həmin söhbətin də xiffətini çəkirəm. Ustad ömrünə, müəllim ömrünə ehtiram kimi...