525.Az

Millət vəkili : “Avropa Şurası yolu kimlərlə getdiyinin fərqində olmalıdır”


 

Millət vəkili : “Avropa Şurası yolu kimlərlə getdiyinin fərqində olmalıdır”<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında ölkələrin ərazi bütövlüyü problemi ətrafında ciddi müzakirələr getməkdədir. 

525.az-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov belə bir mürəkkəb vəziyyətin yaranmasında həm də Avropa Şurasının özünün, digər nüfuzlu beynəlxalq təşkilatların  günahkar olduğunu bəyan edib. Millət vəkili Ermənistanın Azərbaycana qarşı təcavüzünə illərlə bu qurumda lazım olan sərt münasibətin göstərilməməsinin gec-tez belə nəticələrə, həmin arzuolunmaz presedentin oxşar fəsadlara gətirib çıxaracağına  labüd zəmin yaratdığını vurğulayıb.

R. Hüseynov problemin təfərrüatları ilə bağlı deyib ki, Avropa Şurasının istər ötən sessiyadan keçən bir neçə ayda, istərsə də təşkilatın mövcud olduğu 65 ildə onun bütün  fəaliyyətlərini səciyyələndirən başlıca cəhət narahatlıq duyğusudur.

Onun sözlərinə görə, daha nümunəvi Avropanın və dünyanın qurulmasından ötrü özünü borclu hesab etmək Avropa Şurasına güc verən əsas amildir.
 
“Hər sessiyada “təxirisalınmaz müzakirə” xətti ilə aparılan diskussiayalar isə həmin dərk olunmuş məsuliyyət hissinin göstəricilərindən biridir. Avropada və dünyadakı ən qaynar problem hər dəfə mütləq Avropa Şurasının diqqət mərkəzinə çıxır.  Keçən dəfə də belə idi, bu dəfə də belədir, gələn dəfə də belə olacaq. Lakin onu da düşünürəm ki, burada apardığımız hər təxirəsalınmaz müzakirə həm də bizim daha bir müştərək günahımız deməkdir. Demək, qabaqlayıcı addımları vaxtında ata bilməmişik ki, artıq böhran vəziyyəti yaranıb və indi təlaş içərisində həmin böhrandan çıxış yolu axtarırıq.

Dünya bu gün yarım əsr əvvələ nisbətən daha kiçikdir və daha sülhsevər Avropa barədə düşünürüksə, gərək zahirən uzaq görünən ölkələrdə baş verən hadisələrə də biganə qalmayaq. Çünki biganəliyimiz sabah həmin hadisələrin fəsadlarının öz üstümüzə də gəlib çıxmasına bais ola bilər. Bugünün əsas düsturu kollektiv şəkildə qoruna bilmək, şərə qarşı birlikdə mübarizə aparmaqdır.

Müsəlman Şərqində, ərəb dünyasında kənardan müdaxilə və təsirlər nəticəsində baş verənlər, xalqın demokratiya istəkləri kimi təqdim olunan hadisələr nəticə etibarı ilə bölgədə sabitliyin uzun zaman üçün pozulmasına gətirib çıxarıb. Söz yox, bizlər də bunun fəsadlarını uzun zaman duyacağıq” -deyə, millət vəkili qeyd edib.

R.Hüseynov bildirib ki, böyük dünya müharibələrindən sonra adətən Yer kürəsinin siyasi xəritəsi yenidən müəyyən olunur. “20-25 il əvvəl 20-ci əsrin ən uzun sürən dünya müharibəsinin – soyuq müharibənin tamamlanması ilə də dünyanın və ilk növbədə Avropanın siyasi mənzərəsi xeyli dəyişdi. Tarixi ədalət bərpa olundu və bir sıra dövlətlər onillər əvvəl itirmiş olduqları müstəqilliklərini bərpa etdilər. Lakin həmin gənc müstəqilliklərin bir çoxuna qarşı təhlükələr bugünə qədər davam etməkdədir. Acınacaqlısı odur ki, son illlərdə həmin təhlükələr intensiv şəkildə artmaqdadir. Çünki dünyanın və Avropanın xəritəsini yenidən formalaşdırmağa doğru açıq və gizli cəhdlər getdikcə güclənir. Obrazlı desək, soyuq müharibənin yenidən alovlanması, dünyada və Avropada qütbləşmə ehtimalı böyüyür. Ona gərə də lap əvvəldən soyuq müharibənin doğurduğu fəsadları yox etmək üçün yaranmış və mübarizələr aparmış Avropa Şurasının indiki vəziyyətdə vəzifələri artır.

Belə davam edərsə, biz yaxın gələcəkdə digər yeni müstəqil dövlətlərdə də yaranan gərgin vəziyyəti, demokratiyaya, insan haqlarına, ərazi bütövlüyünə qarşı ciddi təhdidləri müzakirə etməli oacağıq. Çünki artıq dalğa gəlir. Biz öz sıralarımıza da yenidən diqqət yetirməliyik. Yaxşı fikir verməliyik ki, hansı üzv ölkə kimlərin yanındadır, prinsiplərimizə uyğun olmayan hansı dövlətlərlə eyni mövqedədir. Avropa Şurası 14 il ərzində öz sıralarında digər üzv dövlətin ərazisini işğal etmiş, dünyanın qəbul etdiyi ərazi bütövlüyü prinsiplərini pozmuş Ermənistan kimi bir ölkənin varlığına dözübsə, buna qarşı kifayət qədər sərt mövqe nümayiş etdirməyibsə, belə arzuolunmaz presedentin gec-tez başqa oxşar bəlaları yaradacağını da nəzərə almalıydıq.

İnanıram ki, Assambleya növbəti sessiyalardan birindəki təxirəsalınmaz müzakirələrini hansısa üzv ölkədə, ya ölkələrdə artıq yaranmış kritik vəziyyətin nəticələrinin təhlilinə deyil, üzv ölkələrin bir çoxunun qarşılaşa biləcəyi mümkün təhlükələrin qarşısının necə alınması yollarının axtarılmasına həsr edərsə, bu daha düzgün olar və ortaq maraqlarımız baxımından daha artıq fayda verərdi”.    

KAMİL

 

 





08.04.2014    çap et  çap et