525.Az

Kəlbəcərə təsərrüfatların köçürülməsi davam edir


 

DAHA 2500 ARI AİLƏSİNDƏN İBARƏT YEŞİKLƏR KƏLBƏCƏR DAĞLARI QOYNUNDA YERLƏŞDİRİLİR

Kəlbəcərə təsərrüfatların köçürülməsi davam edir <b style="color:red"></b>

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyi pilot layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsini davam etdirir.

Təsərrüfatçıların müraciətləri nəzərə alınaraq, iyul ayının ilk günlərindən etibarən, əlavə olaraq 2500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Arıçılıq təsərrüfatlarının yaylaqlara köçündən əvvəl seçilmiş ərazi, sahələr üzrə bir daha monitorinq aparılıb, risklər qiymətləndirilib və mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam etdirilir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında Agentliyin  Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə "Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə" üzrə xüsusi təlim də keçirilib. Həmçinin, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib, fermerlərə bukletlər, broşuralar verilib. Fermerlərə təhlükəsizlik qaydalarına riayət edilməsi, dislokasiya yerlərini tərk etməmələri bildirilib.

Qeyd edək ki, 2500 arı ailəsinin köçürülməsi yuxarıda sözügedən pilot layihəsinin növbəti mərhələsidir. Layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının və arı ailələrinin bir müddət əvvəl, iyun ayında  Qoçdaş yaylağına köçürülməsi həyata keçirilib. Pilot layihəyə uyğun olaraq seçilmiş kəlbəcərli fermerlərə və "Azəraqrar Dövlət Emal və İstehsalat Birliyi" MMC-yə məxsus damazlıq qoyunçuluq təsərrüfatları üzrə 10 min baş xırdabuynuzlu heyvan və 500 arı ailəsi Daxili İşlər Nazirliyinin Kəlbəcər komendantlığı ilə birlikdə dislokasiya üzrə yerləşdirilib.

Artıq Kəlbəcər balının yaylaqda ilk süzümünə də başlanılıb və arı təsərrüfatlarında bol məhsul götürülüb.

 

Kəlbəcərlilər bu yerlərdə öz arıçılıq ənənələrini bərpa edəcəklərinə çox sevinirlər.  

"Bu yerlərdən 28 il idi ki, uzaq düşmüşdük. Çox şükür ki, artıq doğma yurdumuza qayıtmışıq. Mən bu yerlərin hər daşına, torpağına bələdəm. Çünki uşaqlığım, gəncliyim bu yerlərdə keçib. Rəhmətlik atam bu yaylağa həmişə arı yeşiyi qoyardı. İndi onun ənənəsini davam etdirirəm", - deyə kəlbəcərli arıçı Oktay Hümbətov bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, təsərrüfatlar Kəlbəcər yaylağına köçürülərkən ərazinin risk amili dəyərləndirilib və dislokasiya yerləri dəqiq müəyyən olunub.

"Kəlbəcərdə arıçılığın böyük potensialı var. Burada bal 3 dəfə süzülür. Bu yerlərin balı dünyada ən zəngin tərkibli ballardan biridir. Azərbaycanda 640-dan çox dağ-çəmən, yaylaq bitkisi var. Onun da 520-dən çoxu Kəlbəcər yaylaqlarında bitir. Bu baxımdan, əminliklə demək olar ki, Kəlbəcər balı dünyada yüksək keyfiyyətli bal növləri ilə rəqabət apara bilər", - deyə V.Hüseynov bildirib.

Qeyd edək ki, yaylaq mövsümü dövründə Kəlbəcər ərazisinə köçürülmüş qoyunçuluq və arıçılıq təsərrüfatlarının fəaliyyəti, vətəndaşların dislokasiya ərazilərində tətbiq olunan qaydalara riayət etməsi, risklərin dəyərləndirilməsi ilə bağlı əlaqədar qurumlar tərəfindən mütəmadi monitorinqlər  aparılır.

Zakir MURADOV
Gəncə-Kəlbəcər

 

 





07.07.2021    çap et  çap et