525.Az

Bizimlə qalan işığınız - Rafael Hüseynovun yazısı


 

Bizimlə qalan işığınız - <b style="color:red">Rafael Hüseynovun yazısı </b> O, köhnə bakılı idi. Rusiya Federasiyasının ən görkəmli kino xadimlərindən biri, rejissor, aktyor, ssenariçi, Oskar laureatı, xalq artisti Vladimir Menşov. Heç vaxt ölməyəcək bir insanın öldü xəbərini almaq nə qədər acıdır.

Neyləməli, əbədi ayrılıq anı hər kəs üçün bir gün yetişir. Onu 2021-in 5 iyulunda itirdik. Axırıncı görüşümüz Bakıda, 2019-cu ilin 5 aprelində olmuşdu. O ayın 5-dən bu ayın 5-dək sanki bütöv bir ömür keçib. Kim deyər ki, 2020-nin yazından bu yana yaşadığımız aylar 1 ildən bir az çoxdur.Sanki aradan illər keçib. Həm də dünyanın hər yerində. Dünyanın Covid 19-lu aylarının hər biri elə 19 ay qədər uzun və cansıxıcı görünür.

2019-cu il aprelin 5-də Vladimir Menşov Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə qonaq gəlmişdi. Tək deyildi. Onu Avroasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin müşayiət edirdi.
Elə çay süfrəsinə əyləşən kimi Vladimir Valentinoviçə söylədim ki, siz gec-tez bura gəlməli idiniz, bu il gəlməyinizsə lap qanunuyğundur. Dərhal təəccüblənib niyəsini soruşdu. “Çünki, bu muzey sizin bioqrafiyanızla birbaşa bağlıdır”, – dedim. Bir az da heyrətləndi və ikiqat maraqla niyəsini xəbər aldı. Qayıtdım ki, siz 1939-cu il sentyabrın 17-də Bakıda doğulmusunuz. Bundan düz 6-ca həftə sonra – 1939-un 1 noyabrında bu muzeyin yaranması haqqında Azərbaycan Nazirlər Kabineti qərar verib.
Sentyabr günlərində isə artıq dövlət səviyyəsində bu barədə söhbətlər gedirdi və Nizami Gəncəvinin yaxınlaşan 800 illik yubileyi ilə bağlı bu tarixi binada şairin həyat və yaradıcılığına həsr edilən ekspozisiyanın qurulmasının zəruriliyi haqqında danışılırdı. Bir sözlə, siz bu muzeylə yaşıdsınız. Hər ikinizin 80-i təxminən eyni vaxtda tamam olur. Və bu müqəddimədən sonra görkəmli sənətkar artıq yaşıdının – Nizami muzeyinin zallarını gəzməyə hazır idi.
Məşhur filmlərindən, rejissoru olduğu, dünyanın ən ali kino təltifini almış “Moskva göz yaşlarına inanmır”dan, rollarından danışdıq.

 
Arada xatirələr onu keçmişlərə apardı, 1940-cı illəri, Bakıda ötən uşaqlıq çağlarını yada saldı. Və mən də şöhrətli həmyerlimizlə ekspozisiyanı birgə dolaşaraq ona zallarını seyr etdiyimiz tarix dolu binanın başından keçmiş həyəcanlı sərgüzəştləri, Azərbaycan ədəbiyyatının zirvə şəxsiyyətləri haqqında  maraqlı əhvalatları söylədim.
Beləcə, 80 il öncə Bakıda doğulmuş 2 yaşıd ilk dəfə görüşürdü... Ayrılanda söylədi ki, doymadım, Bakıya növbəti dəfə haçan gəlsəm, mütləq yenə bu muzeyi seyr edəcəyəm. Əlavə etdi ki, burada qəribə bir aura var. Sanki adamın yanında nəsə böyük ruhlar dolanır. Qayıtdım ki, 1918-ci ildə Azərbaycanın ilk müstəqil dövləti qurulanda Nazirlər kabineti burada yerləşirmiş, onlar ba binada həm yaşayır, həm işləyirmişlər.  Bu binanın başından ötüb keçmiş dramatik tarixi hadisələrdən bir neçə epizod danışdım.  Fikrə getdi: "Ssenari yaza bilərsən bundan?"
"Niyə yazmıram", -- dedim...
Muzeyin təvəllüd tarixi yadında qalıbmış. Noyabrda zəng vurdu, 80 illiyimizi təbrik elədi. Axırıncı telefon danışığımız da ondan az sonra oldu. Görkəmli sənətkara bir neçə kitabımı bağışlamışdım.
"Вознесение слова" kitabımdakı yazılarırdan bir neçəsini çox bəyənmişdi. Hərəsi bir filmdir deyirdi, elə yazırsan ki, oxuya-oxuya o taleləri görürdüm. Daha nə zəng vuracaq, daha nə Bakıya gələcək, daha nə təzə filmlər çəkəcək, daha nə onun ağıllı, müdrik söhbətlərini eşidəcəyik. Yol bitdi. Bu sərt həqiqətlə barışmaq çətindir. Amma Vladimir Menşov - bu böyük insan və sənətkar iz qoyub axı! Elə iz ki, heç vaxt macal verməyəcək o getsin!
Yalnız xatirəsi yox, elə canlı surəti, enerjisi, işığı da ondan bizə yadigar qalan incilərdən həmişə ürəyimizə axacaq!

 





07.07.2021    çap et  çap et