525.Az

Rusiyanın yeni təhlükəsizlik strategiyası - Xaqani Cəfərlinin şərhi


 

QƏRBLƏ MÜBARİZƏ DOKTRİNASI

Rusiyanın yeni təhlükəsizlik strategiyası - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

İyulun 3-də prezident Vladimir Putin Rusiyanın milli təhlükəsizlik strategiyasını təsdiqlədi. 

Qeyd edək ki, Rusiyada qəbul olunmuş qaydaya görə, hər altı ildən bir milli təhlükəsizlik strategiyası yenilənməlidir. Sonuncu dəfə milli təhlükəsizlik strategiyası 2015-ci ildə qəbul edilmişdi. Əgər xüsusi ehtiyac yaranmasa, yeni milli təhlükəsizlik strategiyası altı il sonra qəbul ediləcək. Yeni sənədin qəbulu ilə köhnə milli təhlükəsizlik strategiyası qüvvədən düşür. Sənədin ümumi müddəasında bu strategiyanın ölkənin milli maraqlarını və strateji prioritetlərini, habelə təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin məqsəd və vəzifələrini müəyyənləşdirən əsas strateji planlaşdırma sənədi olduğu bildirilir. Milli təhlükəsizlik strategiyasının əsas məqsədinin isə Rusiyada həyat standartlarının yüksəldilməsi və dünya miqyasında rəqabət qabiliyyətini təmin etmək olduğu vurğulanır.

Əslində isə yeni milli təhlükəsizlik strategiyasını bir cümlə ilə Qərblə mübarizə doktrinası adlandırmaq olar. Bunu sənədin preambula hissəsindən aydın görmək olar. Sənəddə Moskvanın prioritetləri sırasında kiber təhlükəsizlik, Çin və Hindistanla əməkdaşlıq, Qərbdən gələn təhdidlərə qarşı mübarizə yer alır. Milli təhlükəsizlik strategiyasının müəllifləri hesab edirlər ki, bəzi ölkələrin hərəkətləri Rusiyanın ənənəvi müttəfiqləri ilə əlaqələrini məhv etmək üçün MDB-də parçalanma proseslərini qızışdırmağa yönəlib. Həmçinin, bir sıra dövlətlərin Rusiyanı təhdid və hətta hərbi düşmən adlandırdıqları da sənəddə öz əksini tapıb. Bir sıra ölkələr dedikdə NATO-ya üzv ölkələr nəzərdə tutulduğu şübhəsizdir. Çünki NATO-nun ötən ay Brüsseldə keçirilən sammitində Rusiya Şimali Atlantika Alyansı tərəfindən düşmən adlandırılmışdı.

Sənəddə qeyd olunur ki, kosmos və informasiya məkanı hərbi əməliyyatların yeni sahələri kimi fəal şəkildə inkişaf etdirilir. Rusiyanın dost olmayan hərəkətlərə qarşı simmetrik və asimmetrik cavab tədbirləri görmək hüququna malik olduğu da sənəddin əsas tezislərindəndir. Milli təhlükəsizlik strategiyasının prioritetlərı sırasında Çin və Hindistanla strateji tərəfdaşlığın inkişafı da öz əksini tapıb.

Rəsmən elan olunmasa da, bu sənəddin Rusiya Təhlüksizlik Şurasının katibi Nokolay Patruşevin başçılığı altında və onun müəyyən etdiyi tezislər əsasında hazırlandığı aydındır. Çünki iki ay öncə Nikolay Patruşev "Rossiyskaya qazeta"ya müsahibəsində milli təhlükəsizlik strategiyasının yenilənməsi zərurətini Qərblə münasibətlərdə ziddiyyətlərin böyüməsi və Rusiyaya qarşı dost olmayan hərəkətlərin güclənməsi ilə izah etmişdi.

 

Qeyd edək ki, Təhlüksizlik Şurasının katibi Nikolay Patruşev Rusiya hakimiyyətində "qırğılar" adlanan qrupun qeyri-rəsmi lideri, dövlət siyasətinin müəyyənləşdirilməsində əsas söz sahibi hesab olunur.

Bəzən onu hətta Sovet İttifaqının əsas liderlərindən biri olmuş Mixail Suslovla da müqayisə edirlər. Sovet dövlətinin "boz kardinalı" adlandırılan Mixail Suslov siyasi karyerası boyunca dövlətdə birinci şəxs olmasa da, Stalinin dövründən başlayaraq Moskvanın siyasətinin müəyyənləşdirilməsində əsas söz sahiblərindən biri olub. Leonid Brejnevin hakimiyyəti illərində isə onun hətta Kommunist Partiyasının Baş katibindən də çox təsir imkanlarına malik olduğu haqqında fikirlər mövcuddur. Bir çox tarixi mənbələrə görə, Sovet dövlətinin lideri Leonid Brejnev özü də asket həyat tərzi keçirən "boz kardinal"dan çəkinirmiş. İndi də Moskvada təxminən eyni hakimiyyətə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin malik olması ilə bağlı iddialar var.  Postsovet məkanında çox dəbdə olan "Suveren demokratiya" ideyasının da "məxməri inqilablar"a qarşı mübarizə strategiyası kimi məhz Patruşevə məxsus olması haqqında təkzibedilməz fikirlər mövcuddur.

Milli təhlükəsizlik strategiyasının qəbul olunması ərəfəsində xüsusi məqalə ilə çıxış edən xarici işlər naziri Sergey Lavrov da Təhlükəsizlik Şurasının katibinin "qırğılar" adlandırılan hakimiyyətdaxili qrupuna daxildir. Nikolay Patruşevin Qərbə qarşı fikirlərini öz məqaləsində inkişaf etdirən Sergey Lavrov yazır: "Birqütblü dünya qurula bilməz. Qərb öz qaydalarını diktə etməkdən imtina etməlidir. Çünki min illik dövlətçilik ənənəsi olan Rusiya və Çin var".

Rusiya qaynaqlarının məlumatına görə, Pekinlə Moskva arasında münasibətlərin yeni mərhələsini müəyyən edən əməkdaşlıq sazişinin hazırlanması üzərində ciddi iş gedir. Həmin sənəd Rusiya ilə Çinin strateji əməkdaşlığını təmin etməlidir. Rusiya müxalifəti Çinin təsirinin artacağından ehtiyat edərək, bu sazişin əleyhinə çıxır. Belə məlumatlar var ki, bu sazişlə Çin Rusiyanın xammal qaynaqları üzərində geniş nəzarət imkanları əldə edəcək. Hətta çox böyük ərazilərin 51 illiyinə Çinə icarəyə veriləcəyi ilə bağlı fikirlər səslənir. Bu fikirlərin nə qədər həqiqət olduğunu zaman göstərəcək. Ancaq iddialar gerçəkləşsə və Rusiya ilə Çin arasında sözügedən əməkdaşlıq sazişi imzalansa, bu, Moskvanın birmənalı şəkildə üzünü Qərbdən Şərqə çevirməsi demək olacaq. Eyni zamanda, Qərblə mübarizədə Rusiya-Çin ittifaqı da reallaşmış olacaq. Özünü Avropa ölkəsi, xristian sivilizasiyasına aid hesab edən rus xalqının Şərq ölkəsi və özünəməxsus qapalı sivilizasiyaya malik Çinlə bir ittifaqda olmasına uzun müddət dözəcəyi inandırıcı görünmür.

 





07.07.2021    çap et  çap et