525.Az

Beynəlxalq Humanitar Hüquq jurnalistikanın baxış bucağında


 

Beynəlxalq Humanitar Hüquq jurnalistikanın baxış bucağında<b style="color:red"></b>

Jurnalistika elə bir sahədir ki, onun cəmiyyətdə baş verən bütün proseslərlə bağlılığı var. Az və ya çox dərəcədə hamısı ilə. Çünki o, yaranışından ictimai xarakterlidir - bütün cəmiyyəti maraqlandıra biləcək məsələlərə, hadisələrə xitab edir.

Başqa sözlə, jurnalistikanın vəzifəsi ictimai əhəmiyyət kəsb edən olay və ya faktlar haqqında toplumu məlumatlandırmaqdır. Yəni bu peşə Beynəlxalq Humanitar Hüquqla (BHH) da bağlıdır. Çünki BHH olduqca mühüm ictimai və hətta qlobal əhəmiyyətə malik bir sahədir. Özəlliklə müharibənin və ya silahlı münaqişələrin getdiyi ölkələrdə beynəlxalq hüququn bu sahəsi xüsusi bir önəm kəsb edir. BHH müharibə kimi ağrılı, böyük itkilərə, faciələrə yol açan bir olayın tənzimlənməsini hədəfə alır. Bu tənzimlənmə hüquqi və insani xarakter daşıyır. Daha dəqiq desək, müharibəyə qoşulan tərəflərin müəyyən məsələlərdə bir-birinə humanist münasibət göstərməsini hüquqi öhdəlik və anlaşma səviyyəsinə yüksəldir. Bu yazı BHH haqqında bilinən və ya bilinməsi vacib sayılan əsas məsələlərdən bəhs etmək məqsədi daşıyır. 

Beynəlxalq humanitar hüquq nədir?

Sentyabrın 27-də başlayan və 44 gün çəkən II Qarabağ müharibəsində çox tez-tez "beynəlxalq hüquq" və onun bir hissəsi olan "beynəlxalq humanitar hüquq"  ifadəsini eşidirdik. Müharibənin "qaynar" mərhələsi sona çatsa da, onunla bağlı proseslər hələ də davam etməkdədir. Ölkə gündəmi minalanmış ərazilərin xəritəsi, sərhədlərin delimitasiyası, əsir və təxribatçı məsələləri, sülh haqqında danışıqlar, eləcə də digər əlaqədar xəbərlərlə dolub-daşmaqdadır. Belə məsələlərdə hüquq tənzimləyici rol oynayır, problemlərin həllində əsas meyar olaraq çıxış edir. Ona görə də biz beynəlxalq humanitar hüquqa istinadları hələ də eşitməkdəyik.  "Beynəlxalq humanitar hüquq" spesifik funksional özəlliyə malikdir, silahlı münaqişələr zamanı humanizmi, mərhəmətli və etik münasibəti təmin edən müəyyən hüquqi tənzimlənmələri nəzərdə tutur.  

BHH-yə niyə həm də "müharibə qanunu" deyilir?

Böyük ehtimalla, müharibələr insan oğlu ilə birlikdə "doğulub". Güman ki, kimsə Yer üzü nə qədər müharibəyə şahidlik edib deyə maraqlansa, sayıb bitirə bilməz. Bəlkə də kiçikli-böyüklü milyonlarla savaşa şahidlik edib dünya. Müharibələrin qaçılmazlığı faktı ilə bəlkə də hamı razılaşıb, çünki əksinə düşünmək üçün "üfüqdə" ümidverici heç nə görünmür, təəssüf ki. Lakin bu, müharibələr zamanı insani və şəfqətli münasibətin mümkünsüzlüyü anlamına gəlməməlidir.

Müharibədə baş verən zorakılıqların məhdudlaşdırılması üçün sistematik cəhdlər yalnız XIX əsrdə inkişaf etməyə başlamışdır. Başqa sözlə, BHH-nin yaranması ilə.

Bilindiyi kimi, klassik anlamda müharibələrdə məqsəd düşməni diz çökdürməkdir ki, buna da əsasən əks tərəfin döyüşçülərini məhv etmək, canlı qüvvələri yararsız hala gətirməklə nail olunur. Müharibə qaydalarına əsasən döyüş yalnız döyüş meydanında aparılmalıdır. Başqa sözlə, müharibədə birbaşa iştirak etməyən insanlara - dinc əhaliyə hücum yolverilməzdir, çünki onlar özlərini müdafiə etmək iqtidarında deyillər.

BHH döyüş meydanında belə vəhşət və zorakılıq hallarının azaldılmasını mümkün sayır, yaralı və xəstə əsgərlərə yardım edilməsi üçün şəraitin yaradılmasını tələb edir. Müasir Beynəlxalq Humanitar Hüququn bəzi təməl yanaşmaları bu prinsiplərdən çıxış edir.

Hər şey maariflənmədən keçir! Bəlkə də Maarifçilik dövründən... 

Savaş və insan faciələrinə fərqli münasibət önəmli prosesləri (əsasən) eramızın XV-XVI əsrlərinə təsadüf edən Maarifçilik dövrünün təsiri ilə başlanmışdır. Avropada başlayan Maarifçilik dövründə insana fərqli, daha humanist münasibət formalaşırdı. Əvvəlki sərt və amansız yanaşmalar yerini tədricən mərhəmətli və anlaşıqlı münasibətə buraxırdı. Əlbəttə, bu proses birdən-birə baş vermədi, yeni başlayan hər şeydə olduğu kimi, o da kəskin müqavimətlə qarşılaşdı. Lakin Maarfiçilik dövrünün modernizm fəlsəfəsinə münasibəti danılmazdır. Bir sıra təməl prinsiplərə yeni baxış sosial-ictimai məsələlərə yanaşmanı da əsaslı surətdə dəyişdirdi. Bu prinsiplərdən biri də müharibələrə olan münasibət oldu. Başqa sözlə, söhbət dövlətlərin müharibəyə və orada baş verənlərə ənənəvi baxışlarının dəyişməsindən gedir.

Yuxarıda deyildiyi kimi, BHH döyüş əməliyyatlarının kənara sıçradılmasını və dinc əhaliyə yönəlik istənilən hücumu yolverilməz sayır. Lakin insanlıq və müharibə tarixi əks nümunələrlə doludur. Hərb tarixi döyüş meydanında yaşanan məğlubiyyətin acığını dinc əhalidən çıxarmaq kimi çirkin əməlləri göstərən faktlarla "doludur". II Qarabağ müharibəsi də istisna olmadı. Gəncə şəhəri, Bərdə və Tərtər rayonları ordumuzun müzəffər yürüşü qarşısında tab gətirməyən düşmən tərəfindən elə müharibənin ilk günlərindəncə ağır, bəzən isə istifadəsi çoxdan qadağan olunmuş silahlarla atəşə tutuldu. Coğrafi mövqeyinə görə ağır hücumlara daha çox məruz qalan Tərtər isə "Azərbaycanın Stalinqradı" adı aldı.  

Beynəlxalq humanitar hüquq necə "doğuldu" və ya Solferinoda birgünlük döyüşün yaratdığı böyük dönüş 

BHH-nin indiki halı ilə, yəni bir sistem kimi yaradılması təşəbbüsü bir döyüşün tarixçəsi ilə bağlıdır. 24 iyun 1859-cu ildə isveçrəli iş adamı Anri Dünan Solferinoya gəlmişdi. Həmin gün indiki İtaliyanın şimalında yerləşən Solferino yaxınlığında çox gərgin bir döyüş gedirdi. Fransa-İtaliya (Sardiniya Krallığı) müttəfiq qoşunları Avstriya ordusuna qarşı vuruşurdu. O vaxtlar İtaliyanın bir çox əraziləri Avstriya tərəfindən işğal olunmuşdu. Bu müharibə də ölkənin işğaldan azad olunması üçün aparılırdı.  Sardiniya Krallığının timsalında İtaliya Fransanı müttəfiq olmağa razı sala bilmişdi.

Anri Dünan Solferinoya öz işləri ilə əlaqədar - III Napoleonla şəxsən görüşmək üçün gəlmişdi (onun müharibə ilə əlaqədar Solferinoda olacağını bilirdi). Amma gəlib dəhşətli bir mənzərənin şahidi olmuşdu. Dünya hərb tarixinə ən qanlı vuruşmalardan biri kimi düşən bu birgünlük toqquşmadan sonra döyüş meydanında iyirmi üç min yaralı, can verməkdə olan və ölmüş hərbçi qalmışdı. Yaralılara göstərilən qayğı, demək olar ki, yox dərəcəsində idi. Bu mənzərədən şoka düşən Dünan mülki əhalini, xüsusən də qadın və qızları köməyə çağıraraq yaralı və xəstə əsgərlərə kömək göstərməyə başladı. Material və təchizat qıtlığı var idi. Dünan özü lazımi materialların alınmasını təşkil etdi, eləcə də səyyar xəstəxanaların tikilməsinə nail oldu. Yaxınlıqdakı Castiglione delle Stiviere şəhərinin qadınları tərəfindən hazırlanan "Tutti fratelli" ("Hamısı qardaşımızdır") şüarına istinad edərək yaralıların hansı tərəfə mənsubiyyətindən asılı olmadan əhalini onlara qulluq göstərməyə razı sala bildi. A.Dünan fransızlar tərəfindən tutulan Avstriya həkimlərinin sərbəst buraxılmasına da nail oldu. 

Beynəlxalq humanitar hüquqa aparan yolun ilk "addımları"  

İyulun əvvəlində Cenevrəyə qayıtdıqdan sonra A.Dünan yaşadıqları barədə "Un Souvenir de Solferino" ("Solferino Yaddaşı") adlı bir kitab yazmağa qərar verir. 1862-ci ildə Dünanın öz hesabına çap etdirdiyi bu kitabın tirajı 1600 nüsxə olmuşdur. Kitabda müəllif Solferinoda şahidi olduğu döyüşsonrası mənzərəni, həmçinin sonrakı xaotik və acınacaqlı vəziyyəti izah etməyə çalışmışdı. A.Dünan gələcəkdə silahlı münaqişələr zamanı yaralı əsgərlərə qayğı göstərmək, onları taleyin hökmünə buraxmamaq üçün davamlı fəaliyyət göstərən bitərəf bir təşkilatın yaradılması ideyasını da irəli sürmüşdü. Bu, yaxın gələcəkdə əsası qoyulacaq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının, eləcə də onun bir "qolu" sayılan Qırmızı Xaç Komitəsinin nəzəri modeli (görünümü) idi. Müəllif öz ideyalarını geniş ictimaiyyətə tanıtmaq və yaymaq üçün Avropanı dolaşaraq kitabını bir çox məşhur siyasətçi və hərbçilərə paylamış, həmçinin, qərarvermə prosesində xüsusi rol oynayan diplomatlarla şəxsən görüşərək ideya və baxışlarını bölüşmüşdü. Məhz A. Dünanın fəaliyyəti sayəsində diplomatların işbirliyi ilə 1863-cü il 26 oktyabrda Birinci Cenevrə Konfransı adı ilə ilk Beynəlxalq Qurultay keçirildi. Bu qurultayın qərarı ilə 25 ölkə rəhbərliyinə Cenevrədə keçiriləcək konqresə nümayəndələrini göndərmək xahişi ilə müraciət qəbul edildi. Cəmi 16 ölkə bu təşəbbüsə qoşuldu. 1864-cü il avqustun 8-dən 22-ə kimi Cenevrədə keçirilən konqresdə I Cenevrə Konvensiyasının layihəsi qəbul edilmişdir. Maraqlıdır ki, 10 (bəzi mənbələrdə isə 11) maddədən ibarət olan bu Konvensiyanın müzakirəsinə 10 günə yaxın vaxt sərf olunmuşdu. Sonrakı illərdə isə dünyadakı hərbi vəziyyətin dəyişməsi ilə əlaqədar I Cenevrə Konvensiyasına bir neçə dəfə dəyişiklik edilmiş, daha üç Konvensiya qəbul edilmişdi. Sonuncu - IV Konvensiya II Dünya müharibəsindən sonra, 1949-cu ildə sıfırdan yazılmışdır. Bu sənədin yaranmasına II Dünya müharibəsi zamanı yaşanan ən böyük fəlakətlərdən biri - dinc əhalinin qoruna bilməməsi səbəb olmuşdur.   

BHH, Osmanlı İmperiyası, Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, ağ-qırmızı bayraqlar  

Güman ki, hamımız üzərində qırmızı xaç şəkli olan ağ bayraqları görmüşük. Hamımız deyirəm, çünki həmin bayraq çox yerdə görülə bilər - televiziya proqramlarında, ictimai yerlərdə vurulmuş maarifləndirici lövhələrdə və s. Onun rənglərinin və üstündəki xaç işarəsinin nə anlam verdiyini bilmək üçün isə bir az beynəlxalq humanitar hüququn tarixinə bələd olmaq lazımdır. Daha dəqiq desək, BHH-nin yaradılmasında müstəsna xidmətləri olan Anri Dünanın milliyyətinə. Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəmzi olan bayraq özündə A.Dünanın vətəndaşı olduğu İsveçrənin bayraqlarının rənglərini daşıyır - ağ və qırmızı. Sadəcə önəmli bir fərqlə - İsveçrə bayrağında əsas rəng qırmızıdır, onun üzərindəki xaç işarəsi isə ağdır. Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatını təmsil edən bayraqda isə əksinə - əsas rəng ağdır, xaç işarəsi isə qırmızıdır. Əlbəttə, ölkənin bayrağı Hərəkatınkından fərqlənməli idi.

1862-ci ildə Cenevrədəki İsveçrə Vətəndaşlar Komitəsi Qırmızı Xaç Komitəsini qurdu. 1863-cü ildə on altı dövlət Cenevrəyə nümayəndə heyəti göndərdi və beləliklə, həmin gün Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı kimi tanınan böyük birliyin təməli qoyuldu. Beynəlxalq Qırmızı Xaç Komitəsinin adı rəsmi olaraq 1880-ci ildə təsdiq edilmişdir. 17 fevral isə Qırmızı Xaç Komitəsinin yaranış günü sayılır. Hərəkatı təmsil edən işarələrdən biri kimi Aypara isə 1906-cı ildə Osmanlı İmperiyasının təkidi ilə qəbul olunmuş və rəmzlər sırasına əlavə olunmuşdur. 

BHH-nin yaranması ilə dünyada müharibələrə son qoyuldumu? Əlbəttə ki, yox. Ölkələr arasında münaqişələrin baş verməsi, eləcə də qırıcılıq gücünə görə daha dəhşətli silahların yaradılması ilə əlaqədar dünyada hərbi-siyasi vəziyyət davamlı surətdə dəyişir. Ona görə də, BHH və onun əsasını təşkil edən Cenevrə Konvensiyaları da, digər əhəmiyyətli sənədlər də daim yenilənir.

 





07.07.2021    çap et  çap et