525.Az

"Bir gün Bakıya mütləq qayıdacağam" - Vaqif Nağıyev


 

VOKALİST VAQİF NAĞIYEV: "UĞUR QAZANMAQ ÜÇÜN TƏKCƏ İSTEDAD BƏS ELƏMİR, BUNUN ÜÇÜN HƏM DƏ AĞIL VƏ ÇALIŞQANLIQ LAZIMDIR"

"Bir gün Bakıya mütləq qayıdacağam" - <b style="color:red">Vaqif Nağıyev</b>

Vokalist Vaqif Nağıyevi musiqi camiəsi əvvəllərdən tanısa da, o, ölkə miqyasında bir neçə il əvvəl Ukraynada keçirilən "Qolos Ukrainı" ("Ukraynanın səsi") mahnı yarışmasından sonra populyarlaşdı.

Yarışmada azərbaycanlı vokalistin çıxışları dərhal sosial şəbəkələrdə yayılmağa başladı və gənc ifaçı onminlərlə izləyicinin rəğbətini qazandı.

Hazırda Vaqif Nağıyev Ukraynada yaşayır və bu səhədə fəliyyətini davam etdirir. Bu istedadlı, geniş səs diapazonuna, ecazkar səs rənginə malik gənc vokalisti bir qədər də yaxından tanımaq üçün elə  onun özü ilə həmsöhbət olmaq qərarına gəldik.

Gənc vokalist Vaqif Nağıyevlə müsahibəni təqdim edirik. 

***

- Vaqif, salam.

- Salam.

- Gəlin əvvəlcə tanış olaq. Vaqif Nağıyev kimdir?

- Vaqif Nağıyev Azərbaycan oğlu, bu gün Ukraynada yaşayan, öz Vətənini sevən vətənpərvər, ailəsini sevən oğul, həyat yoldaşı, ata, gənc musiqiçi, prezident təqaüdçüsü, vokalist.

- Bəs musiqi ilə ilk tanışlığınız?

- Mən üç yaşımdan oxuyuram. İlk dəfə, üç yaşım olarkən böyük bəstəkarımiz Oqtay Zülfüqarovun "Aysel" musiqi kollektivinin tərkibində Heydər Əliyev adına Respublika sarayının səhnəsində çıxış etmişəm.

- Görünən odur ki, ilk addımlarınızı peşəkar sənət adamları ilə atmağınız gələcək fəaliyyətinizdə də öz sözünü deyib. Bildiyimizə görə, bir çox istedadlı musiqiçilərin yetirməsi olduğu Bülbül adına orta ixtisas musiqi məktəbində oxumusunuz. Bəs sonrakı təhsilinizi harada davam etdirmisiz?

- Bəli, doqquzuncu sinifə qədər Bülbül adına məktəbdə oxumuşan. Sonra ustad dərsləri almaq üçün Moskva şəhərində Qnesin adına kollecdə bir il təhsil aldım və Bakıya qayıdıb Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinə daxil oldum. Oradan məzun olduqdan sonra, 2013-cü ildə Xarkov şəhərində Mədəniyyət Akademiyasına qəbul olundum. Orada üç ay təhsil aldım, "Qolos Ukrainı" şousunda iştirakdan altı ay sonra Kievdə Qliyer adına Musiqi İnstitutuna daxil oldum. Lakin orada da uzun müddət oxumadım. Təxminən bir il təhsil aldıqdan sonra Bakıya qayıtdım və məni ustad dərsləri üçün İtaliyaya göndərdilər. Romada San Luiz kollecində bir il ustad dərsləri aldıqdan sonra ali təhsilimi başa vurmaq üçün yenidən Kiyevə qayıtdım və orada da təhsilimi tamamladım.

- Nə vaxtdan Ukraynada yaşayırsız? Niyə məhz Ukrayna?

- Artıq səkkiz ildir, buradayam. Öncə təhsilimi davam etdirmək üçün gəldiyim bu ölkədə öz gələcək taleyimi tapdım və ailə qurdum. Sonradan da burada yaşayıb doğma Azərbaycanımın mədəniyyətini, musiqisini xaricdə tanıtmaq, təmsil etmək qərarına gəldim.

- Azərbaycan izləyicisi Vaqif Nağıyevi  ilk dəfə məşhur "Qolos Ukrainı" yarışmasından tanıdı, dəstəklədi və sevdi. Bu yarışmaya qatılmanızın tarixçəsini öyrənmək istərdim.

- Əslində, mənim o layihədə iştirak etmək fikrim yox idi. Çünki 18 yaşım var idi və mən Bakıdan gəlmişdim. Məndə belə bir fikir formalaşmışdı ki, belə yarışmalarda iştirak edib müəyyən nəticələr əldə etmək üçün   istedadın o qədər də əhəmiyyəti yoxdur. Təəssüflə qeyd etmək istəyirəm ki, o dövrdə Bakıda bu yarışmalara düşmək, uğur qazanıb yer tutmaq üçün adamın mütləq tanışı, yaxşı əlaqələri olmalı idi. Doğrudur, klassik musiqi ilə bağlı müsabiqə və festivallarda mən hər zaman öz səsim, bacarığım sayəsində seçilib iştirak etmişəm, nailiyyətlər qazanmışam. Lakin televiziyalarda təşkil edilən yarışmalar haqqında bunu deyə bilməyəcəyəm.

Ukraynadakı yarışmada iştirak etməyi isə Xarkovdakı pedaqoqum, dekan Lyudmila Kudriç təklif etdi. O təkid etdi ki, kastinqlərə  qatılım. Mən və  yataqxanada yaşayan dörd nəfər tələbə dostum bu təklifə fikir vermədik, istirahət günü Xarkovda keçirilən seçimlərə getmədik. Birinci gün dərs vaxtı bundan xəbər tutan dekan təkidlə dedi ki, növbəti kastinqin hansı şəhərdə keçirilməsinin ona dəxli yoxdur və mən mütləq bu yarışmaya qatılmalıyam. Biz beş nəfər tələbə, Dnepropetrovskda keçirilən seçimlərə qatıldıq. Mən və bir dostum növbəti mərhələyə keçdik. Öncə prodüsserlərin qarşısında çıxış etdikdən sonra növbəti mərhələdə müsahibə verdik. Sonra Xarkova geri döndük. Əslində, mən bu müsabiqəni unutmuşdum, çünki keçəcəyimi gözləmirdim. Bu səbəbdən də özümü ümidləndirmək istəmirdim. Lakin yeni il öncəsi, heç gözləmədiyim halda yarışmanın prodüsseri, tanınmış bəstəkar Ruslan Kvinta mənə zəng edərək bildirdi ki, seçimləri qazanmışam və məni  dinləmələrə qatılmağa dəvət etdi. O dedi ki, mən əfsanəvi Müslüm Maqomayevin repertuarından "Sinəə veçnostğ" ("Mavi sonsuzluq") mahnısını ifa etməliyəm. Yəni ki, mən mahnını deyil, mahnı məni seçmişdi və yəqin ki, bu, bir tale idi. Sonra isə dünyanın hər yerində yaşayan həmyerlilərim bu yarışmanı izləyərək mənə dəstək oldular və mən finala qədər gəlib çatdım. Təəssüf ki, super finala keçə bilmədim. Lakin mən özümü qalib hesab edirəm. Çünki öz həmvətənlərimlə bahəm Ukrayna izləyiciləri də məni tanıdı, sevdi və dəstəklədi. Çox sevindirici haldır ki, səsvermə zamanı Ukrayna əhalisinin 54 faizi mənə səs vermişdi. Amma Tamara Qverdsiteli sonda mənə səs vermədi, yəqin ki, bunun öz səbəbi var idi. Çünki mən başqa ölkədən gəlmişdim və jüri məhz ukraynalı iştirakçının qalib olmasını uyğun gördü. Buna baxmayaraq, mən finala qədər gedib çıxdığım üçün hər kəsə təşəkkür edirəm.

- Sizin məşhur italyan müğənnisi İn-Qridlə  çox gözəl duetiniz var. Maraqlıdır, bu duet necə baş tutmuşdu?

- Bu duet təsadüfən alınmışdı. Bizim hər ikimizi Bakıda bir məkanın açılışına dəvət etmişdilər. Orada tanış olduq, hərə öz  musiqi nömrəsini məşq edirdi. Sonra bəstəkar Gövhər Həsənzadə bizə duet oxumağı təklif etdi və biz qısa müddət ərzində bu dueti hazırlayıb konsertdə ifa etdik. Zənnimcə, uğurlu bir duet alındı. Daha sonra bu musiqiyə klip çəkildi və biz zaman-zaman eyni konsertlərdə olarkən bu mahnını ifa edirik.

- Bildiyim qədərilə Adriano Çelentano ilə də oxumusuz. Bu barədə nə deyə bilərsiz?

- Təəssüf ki, Çelentanonun özü ilə oxumamışam. Lakin ümid edirəm ki, nə vaxtsa belə bir xoşbəxtlik mənə nəsib olacaq. Birlikdə səhnə aldığım isə Çelentanonun rəsmi oxşarı və dostudur. Hər dörd ildən bir Çelentano müsabiqə keçirərək öz oxşarını seçir və bu şəxs xarici ölkələrdə onu əvəz edir. Çelentanonun aerofobiyası olduğu üçün o, özü xarici ölkələrdə konsert vermir.

Çelentanonun oxşarı Adolfo Sebastyaninin Ukraynadakı  konsertinin təşkilatçıları mənim tanışlarım idi. Onun ansamblında iştirak edən italyan musiqiçilərlə isə mən Romada bir yerdə oxumuşdum. Onlardan xahiş etdim ki, Adolfo mənim ifamı dinləsin. Mən Çelentanonun repertuarından ən çox sevdiyim "Konfesso" mahnısını ifa etdim və ifamı çox bəyənən Adolfo konsertdə bu mahnını onunla bərabər oxumağımı təklif etdi. Bu hadisə konsertdən cəmi bir neçə saat əvvəl baş vermişdi. Bu mənimçün gözlənilməz və çox böyük xoşbəxtlik idi.

Təəssüf ki, bir çoxları mənim bu çıxışımı yanlış dəyərləndirərək onu “qara piar” adlandırdılar. Lakin bunun mənimçün heç bir əhəmiyyəti yoxdur. Mən sadəcə səhnəyə çıxıb ən sevdiyim işi gördüm və düzgün insanlar bu işi layiqincə qiymətləndirdilər.

- Musiqi sizinçün nədir?

- Musiqi mənimçün nəfəs aldığım havadır. Musiqi elə bir şeydir ki, onsuz  yaşamaq qeyri-mümkündür. Hətta lal-karlar belə musiqini duyub hiss edirlər. Bütün həyatımız, nitqimiz, ünsiyyətimiz, hətta yerişimiz, bir körpənin gülüşü - bunların hamısı bütövlükdə bir  ritmdir, vahid harmoniya təşkil edən musiqidir. Bir sözlə, musiqi həyatın özüdür.

- Bəs səhnə?

- Səhnə mənim sığınacağımdır. Səhnə evimdən sonra ikinci yerdir ki, orada özümü tam təhlükəsiz və gərəkli hiss edirəm.

- Sizmi musiqidə, yoxsa musiqimi sizdə yaşayır?

- Musiqi məndə yaşayır. Qismən mən onda yaşasam da, əsasən musiqi mənim bütün varlığımı əhatə edir.

- Elə bir mahnı varmı ki, sizdən bəhs edir?

- Bəli. "Mavi sonsuzluq" (“Sinəə veçnostğ"). Bu mahnını ifa etmək mənimçün böyük fəxrdir. Məni çox zaman zarafatla Dəniz-Vaqif, Vaqif-Dəniz deyə çağırırlar. Biz bu mahnı ilə artıq bir bütün olmuşuq. Mən bu mahnını bütün ruhum və cismimlə hiss edirəm, onu ifa edərkən özümü çox xoşbəxt sayıram. Təbii ki, mən heç vaxt onu dahi Müslüm Maqomayev kimi ifa edə bilmərəm. Lakin çox sevinirəm ki, insanlar mənim ifamı bəyənirlər.

- Necə düşünürsüz, uğur qazanmaq üçün təkcə istedad bəs eləyirmi?

- Xeyr. Bununçün həm də ağıl və çalışqanlıq lazımdır. Təəssüf ki, bir çoxları öz istedadlarından düzgün, ağılla istifadə etmir, onu puç edirlər. İstedad  hər kəsə verilmir və o, əslində, sənə məxsus deyil. O, xalqındır. Hər hansı sahədə olursa-olsun, insan öz istedadından ağılla, düzgün şəkildə istifadə efib, onu cilalayıb insanlara bəxş etməlidir. İstedad böyük nemətdir.

- Hazırda nə işlə məşğulsunuz?

- Hazırda yarıdıcılıqla yanaşı, ictimai fəaliyyətlə də məşğulam. Mən Ukraynada Azərbaycan Gənclər Təşkilatına rəhbərlik edirəm. Ölkəmizi xaricdə layiqincə təmsil etməyə, onun mədəniyyətini, incəsənətini  dünyada  yüksək səviyyədə tanıtmağa  çalışıram və bunu özümə borc bilirəm.

- Gələcək planlarınız?

- Dünyamızı sarsıdan bu pandemiya bitdikdən sonra, inşallah, bür gün Ukrayna boyunca konsert turuna çıxmağı düşünürəm.

- Bakı üçün darıxırsızmı?

- Əlbəttə. Hər gün doğma şəhərimi, gəzib dolaşdığım küçələri xatırlayır və çox darıxıram. Üstəlik, anam da Bakıda yaşayır. O üzdən darıxmamaq sadəcə mümkün deyil.

- Bəs Vətənə geri dönməyi necə, düşünürsüzmü?

- Bəli, düşünürəm. Doğrudur, nə zaman qayıdacağımı hələ ki, bilmirəm. Amma bir gün Bakıya mütləq qayıdacağam.

Şahrun SÜLEYMANLI

 





07.07.2021    çap et  çap et