"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nurlana Bağırovadır. Nurlana xanımla məşhur kanadalı rəssam Rob Qonsalvesin "Üfüqə doğru" əsəri haqqında danışmışıq.
- Nurlana xanım, əsərin şərhinə keçməzdən öncə Rob Qonsalves haqqında qısa məlumat verə bilərsinizmi?
- Rəsm sənəti bir növ sehrdir. O, insanda hissi, həyəcanı oyadır və düşündürməyə məcbur edir. Hər hansı bir əsərə baxanda ilk olaraq onu rəssamın gözü ilə görmək və duymaq istəyirsən. Rəssamlıq aləmini, yəni həmin atmosferi hiss etmək, boyalarla dolu kətana baxmaq - bəlkə də bu sənət növünün sehridir. Bu sənətin sehrini bilən rəssamlardan biri də Robert Qonsalvesdir.
Rob Qonsalves 25 iyun 1959-cu ildə Kanadanın Toronto şəhərində qaraçı ailəsində anadan olub. Uşaqlıqdan rəsm çəkməyi öyrənir və ona olan marağını daim inkişaf etdirirdi. Artıq 12 yaşında perspektiv qanunlarını öyrənmişdi.
Təsviri incəsənətin keçmiş inkişaf dövrləri rəssamlıq dünyasına bir çox ekstravaqant istiqamətlər verib. Müasir kanadalı rəssam Rob Qonsalves öz yaradıcılığında fiqurativ klassizm və sürrealist rəssamlıq məktəblərini sintez edərək özünün magik realizm üslubunu yaratmışdı. Rob Qonsalves 70-dən çox əsərin müəllifidir. Qonsalves öz rəsmlərində yaratdığı optik illüziyaya görə tez-tez sürrealist adlandırılırdı, ancaq qeyd etmək lazımdır ki, magik realizm rəssamın yaradıcılığını səciyyələndirən əsas amillərdən biri idi. Təbiət mənzərəsi rəssamın yaradıcılığında böyük üstünlük təşkil edir.
- "Üfüqə doğru"da Qonsalves üslubu özünü necə göstərir?
- Qonsalves real həyat mövzularını ikili formaya salırdı. Rəssamın əsərlərində memarlıq nümunəsi olan akveduklara kifayət qədər tez-tez rast gəlinir. "Üfüqə doğru" əsərində körpu üfüqə çevrilərək itir, yox olur. Təsvirdəki gəmi və dalğalar incəliklə işlənib. Rəssamın əsərlərindəki ən tanınan xüsusiyyət təkcə işıq və kölgə oyunu deyil, yelkənli gəmilər və uzaq məsafəyə uzanan sonsuz bir üfüq perspektividir.
- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?
- Rəssam öz bədii sehrini yaratmaq üçün akril boya və kətandan istifadə edir. Əsərdə soyuq rənglərə üstünlük verən rəssam mavi, ağ və boz tonları əsas götürmüşdü. Rəssam əsərini iki hissəyə bölərək fərqli-fərqli tabloları yaradıb. Birində yol, digərində isə dəniz. Hər ikisi yoldur. Rəssam bu əsərdə işıq oyunundan və perspektivdən çox dəqiq istifadə edərək lazımi illüziyanı yarada bilib. Əsərə baxanda insanda sual doğur: görəsən, bu yol və yelkənlər hara gedir? Xoşbəxtlik adasınamı? Yoxsa xoşbəxtlik odur ki, sən üfüqə qarışaraq yox olursan? Kim bilir? Bəlkə də, sən xoşbəxtsən ki, yolu üfüqə bənzədirsən.
- Rəssam sanki bu əsərdə mövcud olmayan bir dünyanı təsvir edir.
- Müəllif bilərəkdən əsərdə real həyatda rast gəlməyən xüsusi effekt və keçidlər yaradaraq optik illüziyadan məharətlə istifadə edir. Bu cür illüziya yaradan əsərlər rəssamın yaradıcılığında çoxluq təşkil edir. Tamaşaçı ilə optik illüziyanın köməyi ilə danışmaq bacarığı kanadalı sənətkarın xüsusi istedadıdır. Perspektiv qanunlarını yaxşı bilən rəssam qeyri-real təsvirləri məharətlə işləyib. Vaşinqtondakı Huckleberry Gözəl Sənətlər Qalereyası onun "Üfüqə doğru" və bir neçə əsərlərinin reproduksiyalarını alıb.
Rəssam əsərdə reallığı məhv edərək təsvirdəki obrazları hərəkətə gətirir və fəlsəfi düşüncəni oyadır. Bu sehrə görə Qonsalvesin üslubu "magik realizm" ləqəbini daşıyır. Rob Qonsalves öz rəsmlərində yaratdığı optik illüziyaya görə tez-tez sürrealist adlandırılır, amma bu, belə deyil, daha doğrusu, bu, magik realizmdır. Başqa sözlə, rəssam gerçək və fantastik, adi və qeyri-adi, məntiqi və rasionallığı eyni rəsmdə çox incə və inandırıcı bir şəkildə birləşdirir, yeni dünyaya bir pəncərə açır. Bu rəsmə sehrli mənzərə verir.
- Maşın detalı qeyri-real bir dünyadan bizi reallığa qaytarır. Sizcə, bu maşın bu əsərdə niyə var?
- Rəssam əsərdə maşını zaman oxu boyunca hərəkəti idarə edən vasitə kimi göstərib. Zamanın oxunu isə hərəkətə gətirən ay işığıdır. Bu vasitə üfüqə doğru hərəkət edir. Hərəkət həyatdır - həyat isə davam edir.
- Ancaq rəssam öz həyatında əsərindəki kimi davranmır...
- Bəli, 2017-ci ildə rəssam depressiyaya düşərək həyatla vidalaşıb.
- Bu rəsm bizə nə deyir?
- "Üfüqə doğru" əsərində rəssam insan arzularının tükənməz olduğunu və bu arzuları gerçəkləşdirmək üçün yolu göstərir. Rəssam əsərdə iki yolu üfüqlə birləşdirir. Yollar körpü və dəniz yoludur. Arzular yollar kimi tükənməzdir. Körpü üfüqdə itərək ağ yelkənə çevrilir və beləliklə, arzular yenidən dəniz yoluna keçid alır.
Aytac SAHƏD