525.Az

"Azərbaycan ilə Türkiyə qardaşlığı sonsuza qədər davam edəcək"


 

"Azərbaycan ilə Türkiyə qardaşlığı sonsuza qədər davam edəcək"<b style="color:red"></b>

Türk xalqının böyük oğlu Mustafa Kamal Atatürk deyib ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri kədərimizdir".

Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Müharibənin ilk günündən Azərbaycanın tək olmadığını, Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən dost, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bu həlledici məqamda ölkəmizi tək qoymadı, hər zaman yanımızda oldu. Müharibədən sonra da qardaş ölkənin dəstəyini əsirgəmədiyini görürük. Müharibənin fəsadlarını aradan qaldırmaq üçün qalib ordumuzun qəhrəmanları fiziki-mənəvi zərər görmüş hər kəsin yardımına gələn psixoloqlar bizimlədirlər.

FHN-i tərəfindən Türkiyədən dəvət olunmuş peşəkar klinik-psixoloq və psixoterapevtlər müharibə nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşlarımızın, o cümlədən, uşaq və yeniyetmələrin psixoloji reabilitasiyasını həyata keçirirlər.

Bu yardımlarda fəal iştirak edənlərdən biri də  klinik-psixoloq Kərəm Yılmazdır.

Kerem Yılmaz 1996-cı il fevralın 5 də İstanbulda anadan olub. İstanbul Gelişim Universitetində bakalavr və magistr təhsili alıb. Psixodinamik məktəbin inkişaf etmiş EMDR terapevtidir. Uzun müddət Bakırköy Mazhar Osman Ruhi və sinir xəstəlikləri xəstəxanasında təcrübə keçib. Eyni zamanda, İstanbulda müxtəlif psixiatriya klinikalarında və psixoloji məsləhət mərkəzlərində fəaliyyət göstərir. Psixi sağlamlıq mütəxəssisləri üçün təlim və seminarlar təşkil edir. 

***

- Kərəm bəy, necə oldu ki, Azərbaycana gəldiniz? Ailəniz bura gəlməyin haqda qərarınızı necə qarşıladı?

- Azərbaycana gəlməyim bir anlıq qərarımla oldu. İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri, müharibə iştirakçıları, qazilər, terror qurbanları ilə bağlı bir layihə olduğunu eşitdim. İlk eşidəndə belə bir layihənin olması məni çox qürurlandırdı. Bu, mənim üçün mənəvi yükü yüksək olan bir layihə idi. Sənədlərimi göndərdim və layihənin bir parçası oldum. Ailəmə bura gəlməyimi deyəndə təəccübləndilər. Heç vaxt ailəmdən bu qədər uzaq qalmamışam. Bu layihə haqqında ailəmə deyəndə məni dəstəklədilər.

- Neçə vaxtdır burdasınız?

- 4 aydır Azərbaycandayam. İlk öncə 45 gün Bərdədə oldum, sonra Qəbələyə getdim. Əsasən döyüş bölgələrinə yaxın ərazilərdə olmuşam. Sonra bir müddət Bakıda yardımlarımızı davam etdirdik. Hazırda fəaliyyətimi Milli Onkologiya Mərkəzində və Talassemiya Mərkəzində davam etdirirəm.

- Burada işləmək çətin deyil ki? Ən çox hansı problemlərlə üzləşmisiniz?

- Bir az dilə görə mən və həmkarlarım çətinlik çəkəcəyimizi düşünürdük. Amma inanılmaz dərəcədə asan bir ünsiyyət dövrü  keçdik. Uşaqlar və gənclər türk seriallarını, cizgi filmlərini və yarışma proqramlarını izlədikləri üçün türk dilində çox yaxşı danışırlar.

Xüsusilə Azərbaycan xalqının qonaqpərvərliyi bizi çox sevindirdi. Təxminən 4 min seans keçirdik. Başlanğıcda müharibədən kədərlənsək də, aldığımız nəticələr bizi sevindirir. Hazırda böyük xoşbəxtliklə çalışmağa davam edirik.

- Azərbaycanla bağlı gerçəkləşdirmək istədiyiniz hansısa bir planlar varmı?

- Əlbəttə, hər zaman Azərbaycanın yanında olmaq, burdakı həmkarlarım ilə bir yerdə hər iki dövlətin gözəl gələcəyi, inkişafı üçün planlarım və layihələrim olacaq.

- Kərəm bəy, bir gənc psixoloq kimi insanlara əsasən gənclərə nə demək istəyərsiniz?

- Həmişə güclü və cəsarətli olsunlar. Təcrübə qazanmaq üçün səhv etməkdən çəkinməsinlər. Bir müdrik insandan soruşurlar, necə bu qədər təcrübəli olmusan? Deyir, səhv etməklə. Çünki ən yaxşı təcrübə səhv etməklə qazanılır. Çox oxusunlar, çox səyahət etsinlər və ən əsası sevdikləri işlə məşğul olsunlar. Bir işi pula görə yox sevdiklərinə görə etsinlər

- Sonda nə söyləmək istərdiniz?

- Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Bura gəldiyimiz ilk gündən azərbaycanlı qardaşlarımız evlərini bizə açdılar, qonaqpərvərlik göstərdilər. Azərbaycanın hər bir yerində Azərbaycan və Türkiyə bayraqlarının bir yerdə asıldığını görmək bizi çox qürurlandırdı. Azərbaycan ilə Türkiyə arasındakı dostluq və qardaşlıq sonsuza qədər davam edəcək.

Xəyalə HACIYEVA

 





08.07.2021    çap et  çap et