525.Az

Taqorun "Fəlakət"i: Azərbaycanda selektiv... qətliam


 

Taqorun "Fəlakət"i: <b style="color:red">Azərbaycanda selektiv... qətliam</b>

"Xəbər günü" dediyimiz bir deyim var. Bu, əlbəttə, spesifik bir anlayışdır; medianın "xəbər otaqları"nda, reportyorların və redaktorların gündəlik dövriyyəsində "fırlanan", az qala frazeoloji anlamla yüklənmiş leksik "fenomen"dir . "Xəbər günü" həm də daha çox "günün xəbəri" ilə öz kondisiyasını tapır. Adına "xəbər gündəmi", "gündəm xəbəri" deyərik. Hər nə isə artıq...

Məqsədim heç də sizi jurnalistika mətbəxinə aid detallarla yormaq deyil. Demək istədiyim odur ki, xəbər günü necə başlayırsa, tək xəbəri tapanların, yazanların, yayanların deyil, bəlkə də daha çox oxuyanların həmin gününə öz möhürünü vurur, izini buraxır. Ancaq əlbəttə ki, o xəbər kontentini özündən süzən "süngər oxucu" kütləsindən danışırıq.

Səhər mən də bir xəbər oxudum. Yalanmı, doğrumu?! Deyə bilmərəm. Ancaq bu, ilk belə xəbər deyildi və görünür, sonuncu da olmayacaq. Nə yazıq ki! Bəli, yazıq!

"Sumqayıtda zibillikdən yeni doğulmuş körpə qız uşağı tapılıb".

"Kaş doğru olmasın" dediyim xəbərlərdəndi. Ancaq... əvvəllər təsdiqlənmiş belə faktlar olmuşdu; buna qədər zibillikdən tapılmış qız çağalar vardı. O xəbərlər də doğrulanmışdı, görüntüləri də göstərilmişdi. Yazıq qızlar! Körpə qızlar...

Amma və lakin...

Nə qədər qəribə olsa da, zibillikdən tapılmış o qız çağalar... şanslıdırlar. Bir anlamda... ikiqat şanslıdırlar; heç olmasa, dünyaya gəliblər və atıldıqları zibilxanalarda onları tapan olub.

"Buna da şükür demək" bəlkə qəribə səslənər. Çünki axı heç dünyaya gəlmək fürsəti olmayan, ana bətnində, sadəcə, qız olduqlarına görə öldürülənlər də var.

Tibbi kriminalistika və ya hər kimsə artıq... buna ad da verib: "Selektiv abort". Yəni insanı, doğulmaq, dünyaya gəlmək şansı və haqqı olan uşağı cinsinə görə seçib öldürmək...

Əslində, qanuna görə cinayətdir. Ancaq həm də artıq bir növ cəmiyyətimizdə oturuşmaqda olan anlamsız və amansız mühafizəkar adətdir. Benqal əsilli məşhur Hindistan yazıçısı, Nobel ödüllü Rabindranat Taqorun deyimi ilə desək: "Fəlakətdir".

Fəlakət demişkən, Taqor "Fəlakət" adlı bir roman yazmışdı; toplumun o cür mühafizəkar adətləri ilə yeni demokratik baxışlar, meyllər, belə desək, modern trendlər, ictimai kreativlik arasında toqquşmadan "bədii reportaj" vermişdi (bu arada, Taqor ədəbiyyata publisistikadan, jurnalistikadan gəlib; xəbər gündəmini hiss edə bilirdi).

Həmin bu "Fəlakət" romanında Okxoy həmsöhbəti Hemnoliniyə deyir ki, kişilər qadınlardan daha ağıllıdır: "...kişinin ağlı qılınca bənzər: hətta bu qılınc yaxşı itilənmədikdə belə təkcə ağırlığı ilə bir çox hallarda faydalı ola bilər, qadın ağlı isə karandaşyonan bıçaq kimidir: onu nə qədər itiləsən də, ciddi hallarda əsla vecə gəlməz".

Yəni yüz il əvvəlki Taqor Hindistanında mühafizəkar təfəkkür ən ağılsız kişini də ağıllı qadından üstün tutur. Sizcə, bu mühafizəkar "ictimai ağıl" Hindistanı hara, hansı uçurumun qırağına gətirib çıxarıb?!

Baxın, 2019-cu ilin araşdırmaları göstərir ki, Hindistanda yeni doğulan oğlanların sayı qızların sayından 10 milyon çoxdur. 15 milyon yeni uşaq doğulursa, onun cəmi 5 milyonu qız olur. Onda təsəvvür edin: 18 ildən sonra yeni doğulan o 10 milyon oğlanın 5 milyonuna cinsi tərəfdaş tapılmayacaq. Buna görədir ki, orta məktəbdən gələn azyaşlı qızı yolda 30 kişi tutub təcavüz etmişdi. Bu, ölkədə dəhşətli demoqrafik FƏLAKƏT yaradıb. Taqor bunu 100 il qabaq görmüşdü axı.

Bilirsiniz, bəzi şəxsiyyətlər öz ölkəsindən çox böyükdür. Markes Kolumbiyadan, Koelho Braziliyadan... böyük olduğu kimi. "Sürüklənən bəşəriyyət qadınla yüksələcək" deyən Hüseyn Cavid də ölkəsindən bir baş yuxarıdaydı. Dostoyevski, Tolstoy, Brodski... Hər biri Rusiyadan böyük.

Taqor da nəinki Benqal əyalətindən, bütövlükdə Hindistandan çox böyük idi. Vaxtında bu fəlakətin ayaq səslərini dinləmişdi, dinlətmişdi, anlamışdı, anlatmışdı. Ancaq nə yazıq ki, eşidənlərin hamısı dinləməmişdi, dinləyənlərin hamısı anlamamşdı. Demək olar, heç kim bu fəlakətin qarşısına çıxacaq, durduracaq gücü özündə tapmamışdı.

Bax, o Okxoy qadın qətliamının düşüncə zəminini yaradırdı; Hemnoliniyə deyirdi ki, qadınlar ağılsız, vecsiz məxluqdur, işə yaramırlar. Yəni qadınlar olmasalar da, dünya dağılmaz. Ancaq baxın, Hindistan dağılır demoqrafik acıdan. Dünya, doğrudan, dağılır axı. Böyük fəlakətdir. Və o fəlakətin bir nüsxəsi də bizə gəlib çatıb: hər 14 oğlana 10 qız düşür. Bu, bizi dəhşətə gətirməli statistik mənzərədir.

Statistikdir, amma statik deyil; hər gün pis tərəfə doğru dəyişir. Fəlakətin dinamikası qorxuncdur.

Ölkədə gələcək anaların qıtlığı hər gün daha da artır. Və biz yeni doğulmuş qız körpələri... zibilliklərdən toplayırıq. Ana bətnində öldürülənlərin qalıqları da hər gün tullantı qutularına doldurulub klinikaların arxa qapısından daşınır, zibilxanaya atılır.

O, tullantı bilib zibilliyə atdığımız... candır, ruhu, nəfəsi olan insandır, həm də bizim gələcəyimizi bətnində daşıyacaq sabahkı analardır.

Yaxşı, biz də qadın qətliamına göz yumub, daha pisi, Okxoy kimi haqq qazandırıb doğulmuş, doğulmamış qız uşaqlarını məhv edəcəyiksə (ediriksə), sabah təcavüz və cinsi istismar, eləcə də, bu zəmində başqa cinayətlər daha da çoxalmayacaqmı?! Cinayətlərin xronikasına, xronologiyasına baxın. Hindistanda yox, elə Azərbaycanda. Qadına təcavüz edilərkən təhqir olunması, döyülməsi, xəsarət yetirilməsi, şikəst edilməsi, hətta öldürülməsi halları olmayıbmı, yoxdurmu?!

Və də ailə qurmağa qız tapmayan o 4 oğlan uşağı nəsil artırmasa, necə olacaq? Bəs bu millətin gələcəyini öz bətnində kim daşıyacaq, kim dünyaya gətirəcək?! Kim böyüdüb tərbiyə verəcək?! Kim?!

P.S. əvəzi:

...Selektiv qətliamdan danışdıq. Cinayət qanununda cəzaları var. Bunu da özünün gəlir (rüşvət) mənbəyinə çevirib varlananlara sözümdür: hərdən o sevimli, "verimli" məşğuliyyətinizdən - pul yığmaqdan fasilə verib bu millətin gələcəyini də düşünün... Yəni ən azı özünüzün də gələcəyini. Əgər düşünə bilirsinizsə hələ...

07.07.2021
Bizimyol.info

 





08.07.2021    çap et  çap et