525.Az

Azərbaycanlı fotoqrafların yeni uğuru


 

Azərbaycanlı fotoqrafların yeni uğuru<b style="color:red"></b>

"Gilavar" Azərbaycan Foto Klubunun təşkilatı dəstəyi ilə keçirilən daha bir beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, "Azerbaijan Photo Salon -2021" adlı müsabiqəyə dünyanın 75 ölkəsindən 519 fotoqraf tərəfindən 7300 əsər təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, İtaliya və Hindistandan olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun həmsədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu yarışma "Gilavar" Azərbaycan Foto Klubu tərəfindən həyata keçirilən sayca yeddinci beynəlxalq fotomüsabiqədir: "Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 161 mükafata 38 ölkənin 121 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq.

Azərbaycandan olan fotoqraflar Ramil Zeynalov gümüş medal və fəxri lent, Roman İsmayılov, Orxan Əzimov, Valeriy Xlızov, Aleksandr Firstov, Fərqanə Qasımlı fəxri lent, Nurlan Tahirli və Rüstəm Məhərrəmov isə diplom qazanıb. Nəticədə isə azərbaycanlı fotoqraflar tərəfindən toplam 11 mükafat əldə olunub".

Qeyd edək ki, "Gilavar" Azərbaycan Foto Klubunun əsas məqsədi ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların beynəlxalq fotomüsabiqələrdə iştirak etmələrinə dəstək vermək və ölkəmizi dünyada tanıtmaqdır. Bütün bu işlərin nəticəsi olaraq ötən illərə nisbətən son dörd ildə beynəlxalq fotomüsabiqələrdə iştirak edən fotoqrafların, eləcə də qazanılan mükafatların sayı artır.

 





08.07.2021    çap et  çap et