525.Az

Şəhidlik məqamı - Anım


 

Şəhidlik məqamı - <b style="color:red"> Anım </b>

Vətən uğrunda canından keçənləri yad etdiyimiz zaman onlara şəhid deyil şəhidimiz deyə xitab edilməsinin tərəfdarıyam. Söhbətlərimizdə “şəhid” deyil, “şəhidimiz” var, “şəhid ailəsi” yox, “şəhidimizin ailəsi” deyə sözlərini istifadə etməliyik. Belə olan halda şəhidin bizim üçün nə qədər əziz olduğunu daha aydın ifadə edə bilərik. Təbii ki, şəhidlər yalnız dildə yox, ürəklərdə əziz olmalıdır, necə ki belədir.
“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, onlar diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Müqəddəs Qurani-Kərim şəhid məqamını bu cür izah edir. 44 günlük Vətən Müharibəsi şəhidlik məqamını xalqımızın şüurunda bir daha əməli şəkildə təsvir etdi. Qəhrəman oğullarımız xalqımıza qələbə sevinci yaşatmaqla bərabər həmdə şəhidliyin əsl mahiyyətini göstərdilər. Bu mövzuya öz cümə xütbələrində geniş yer verən hörmətli axundumuz Şahin Həsənli şəhidlərimizin hər şeydən əvvəl ictimai düşüncəyə sahib olduqlarını qeyd edir. Hacı vurğulayır ki, şəhidlərimiz bizim iftixarlarımızdır, onlar xalqımıza sanki yeni həyat bəxş etdilər. Onlar xalq üçün yaşadılar, canlarını başqaları uğrunda fəda etdilər ki, həyat daha gözəl olsun. Şahin Həsənli qeyd edir ki, şəhidlik ölüm deyil – həyat tərzidir. Bu həyat tərzinin əsasını “mən” düşüncəsi deyil, “biz” düşüncəsi təşkil edir. Və nəticədə: şəhidlərimiz tarixi torpaqlarımızı işğaldan azad etdilər.
Müharibədən sonra bir jurnalist olaraq bir neçə şəhidimizin ailəsi ilə görüşmək, onları yaxından tanımaq mənə də qismət oldu. Əminliklə deyə bilərəm ki, çalışdığım televiziya üçün barələrində reportaj hazırladığım bütün şəhidlərimiz məndə və həmkarlarımda oxşar təəssüratlar yaratdı – ağıllı, istedadlı, vətənpərvər, fədakar, bir sözlə, nümunəvi insan obrazları. Bir neçəsinin həyat hekayəsini qısa da olsa bölüşmək istərdim. Heç şübhəsiz ki, bu Şanlı Qələbəmizi biz Uca Allaha, Azərbyacan Ordusuna və Müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevə borcluyuq!

 
 
“Zirə” futbol komandasının şərəfini qorumuş İlqar Bürcəliyev müharibənin ilk günlərində Talış yüksəkliklərində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olub. Ömrünün son dəqiqələrində belə fədakarlıq göstərərək, yaralı halda döyüş yoldaşlarını mühasirədən çıxarmağa nail olub və sonadək düşmənə müqavimət göstərib. Atası Vüqar Bürcəliyevin sözlərinə görə, İlqar 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş sinif yoldaşının cənazəsini apararkən “şəhid olsam məni də belə apararsınız” sözlərini deyib. Bəli, İlqar öz arzusuna çatdı. Şəhidimizin anası Elnurə Bürcəliyeva oğlunun məktəb illərini xatırlayarkən, onun tez-tez bayraqlara büründüyünü, üzünə bayraq şəkilləri çəkdiyini və sosial şəbəkə hesabında paylaşdığını deyir. Lakin bütün bunları o, ailəsindən gizlədirmiş. İlqar özü öz hörmətini qazanan oğullardan idi. Kənarda etdiyi fədakarlığı heç vaxt ailəsinə bildirməzmiş. Haqqında danışılanları eşidəndən sonra onun istedadına heyran qalmamaq mümükün deyil. Şəhidimizin gördüyü xeyirxah əməlləri barədə doğmaları yalnız ölümündən sonra eşidib. Atası ilə sonuncu votsap yazışmasında “ata, tanklardayıq, gedirik, anama heçnə demə, haqqını halal elə” sözlərini yazıb. Bununla da Vüqar Bürcəliyev oğlunu bir daha görməyəcəyini anlayıb... “Acısı böyük olanların gülüşü gözəl olur...” Bu sözləri isə İlqar məktəb illəri zamanı taxta parçasının üzərinə həkk edibmiş. Sinif yoldaşları bu əmanəti onun ölümündən sonra ailəsinə təqdim edib. Onun gülüşü həqiqətən gözəldir. Amma bu acıdan doğan gülüş deyil, bu dünyada nicat tapmış, əbədi səadətə qovuşmuş şəxsin təbəssümüdür. Sanki cənnət sevincidir. Şəhidlərin yeri isə sözsüz ki, cənnətdir. İlqar Bürcəliyev ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib. 
    

Şəhidlərimizin bayrağa olan sevgisini ziyarət etdiyimiz bütün evlərdə aydın görmək olurdı. Bakı sakini olan Rəşad Ağayev Vətən Müharibəsində Talış kəndinə ilk daxil olan kəşfiyyatçılardan olub. Sonuncu dəfə ailəsi ilə 2020-ci il oktybarın 12-də görüşən Rəşad 5 gün sonra Suqovuşan və Ağdərə uğrunda gedən qızğın savaşda döyüş yoldaşları Mirağa Səlimov və İsrail Cəfərzadəni xilas edərək şəhidlik zirvəsinə ucalıb. Onun uşaqlıqdan bayrağa olan sevgisi insanı heyran edir. Anası Ruhiyyə Ağazadə deyir ki, Rəşad uşaq yaşlarından harada bayraq görürdüsə götürüb evə gətirərmiş. Şəhərdə mühüm idman yarışlarına getdiyi zaman hər zaman öz bayraqlarını da götürərmiş. Yəni, o qədər Vətənə bağlı insan olub.“Uşaqlıqda bayrağı alnına sarıyıb gəzirdi. Deyirdim ki, ay bala, nədi bu sən evin içində də belə? Gülürdü. Onun şəhid xəbəri gələndə artıq mənim bayraqlarım hazır idi”. 20 yaşlı kəşfiyyatçımız ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” müdalları ilə təltif edilib.
    
Haqqında bəhs etdiyim şəhidlərimiz arasında Vətən Müharibəsindən öncə 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərində şəhid olan general-mayor Polad Həşimovun qisasını almaqdan ötrü ordu sıralarına könüllü yazılanlar da az deyildi. Bu isə tam fərqli bir qəhrəmanlıq hekayələridir. Şəhid Saleh Əliyev onlardan yalnız biri idi. Füzuli və Cəbrayıl istiqamətlərində gedən gərgin döyüşlərdə iştirak edən Saleh Əliyev 2020-ci il oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb. Anası Solmaz Əliyeva deyir ki, şəhid general-mayor Polad Həşimovun dəfnindən sonra Saleh könüllü orduya yazılmışdı. Əslən Füzulidən olduqlarına görə, ailəsinə “sizi o torpaqlara özüm aparacam” deyirmiş.“Bir ana kimi çox çətindir, amma qürurludur. Ona görə qürurludur ki, torpaqlarımız azad olunub”. Saleh Əliyev paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsindəki qəbiristanlıqda, özündən 5 gün sonra şəhidlik zirvəsinə ucalmış Əfqan Nəsirovla yanaşı torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Milli Qəhrəman Mübariz İbrahiov və şəhid general-mayor Polad Həşimov qisasının almaq amalı ilə yaşamış şəhidlərimizdən biri də Bakının Buzovna qəsəbəsindən olan Ağaəmi Heybətovdur. Vətən Müharibəsində itirdiyimiz vətənpərvər, şücaətli, mərd, istedadlı, ailəcanlı, dostcanlı, xeyirxah, bir sözlə, nümunəvi əxlaqa malik gənclərimizdən biri idi Ağaəmi. O, ali təhsilli idi, bir neçə dil bilirdi, Müdafiə Sənayesi nazirliyində işləyirdi. Ailəsi onun parlaq gələcəyinə böyük ümidlər bəsləyirdi. Amma Ağaəmi nəzərini ən uca zirvəyə tuşlamışdı. Bu, şəhidlik zirvəsi idi! Hələ Aprel döyüşlərinin iştirakçısı olmuş Ağaəmi bunu ailəsindən gizlətmişdi. Bacısı Həlimə Heybətova deyir ki, qardaşının aprel döyüşlərində könüllü iştirak etdiyini barədə düz 4 ildən sonra öyrəniblər. Ağaəmi Vətən Müharibəsində iştirak etmək üçün də ailəsindən gizli şəkildə ərizə yazaraq orduya könüllü qismində yazılmışdı. Müharibəyə yollandıqdan sonra belə bu sirri heçkimə açmırdı. Həlimə Heybətova:  “Hər zaman da bizimlə danışanda: “hər şey yaxşıdır, heçnədən nigaran qalmayın, mən burada olmalıyam” - deyirdi. Hətta işi ilə əlaqədar geri çağırış da olunmuşdu. Amma qəbul etməmişdi. Demişdi ki: “yox, gəlmişəmsə buradan geri dönməyəcəm. Nə qədər laızmdırsa o qədər də irəli gedəcəm”. Budur bizim şəhidlərimiz - məğrur, ürəkli, cəsarətli... Şəhidlik şövqü ilə alışıb-yanan Ağaəmi 2020-ci il oktyabrın 16-da Tərtər-Goranboy istiqamətində şəhidlik zirvəsinə ucaldı. O, Bakının Buzovna qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilib. 

Şəhidlərimiz arasında yüksək intellektə malik gənclərimizin olması da qürurverici idi. 21 yaşında haqqın dərganına ucalmış Cavid Manafov bu cür istedadlı gənclərimizdən olub. Əbəs deyil ki, komandiri onun haqqında “o bizim kompüterimizdir” deyirmiş. Heydər Əliyev adına liseyinin məzunu olmuş şəhidimiz fenomenal biliyi və xeyirxahlığı ilə seçilib. Cavidin qohumu Nigar İbrahimova uşaqlıq illərini yada salaraq onun baxçadan qayıdarkən anası üçün necə həvəslə çiçək topladığını xatırlayır. Bu cür diqqəti ondan tək yaxınlarına deyil, ətrafdakı bütün insanlar görür və hiss edirdi. “Kimsə yerə zibil atırdı, adi siqaret kötüyü, o həmin şəxsə yaxınlaşaraq deyirdi ki: “Niyə yerə atırsınız? Axı onu da kiminsə anası yığışdırır. Zəhmət olmasa onu qaldırıb zilib qutusuna atın”. Bu qədər diqqətçil insan olub”. Cavid müharibədə olarkən anası komandirlərinin onlara zəng edərək təriflədiyini xatırlayır. Şəhidin anası Natəvan İbrahimova: “Komandiri dedi ki, Cavid bizim kompüterimizdir, o qədər savadlı uşaqdı, o qədər dəqiq hesablayıb zərbələr endirir, biz fəxr edirik ki, belə kadrlarımız var. Cavid Manafov Zəngilan və Qubadlı istiqamətlərində gedən gərgin döyüşlərdə başından yaralanıb. Buna baxmayaraq döyüş yoldaşlarına sonadək kömək edib. O, əməliyyat olunsa da, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb. Cavid Manafov noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğurnda” medalı ilə təltif edilib.

“Ana başını heç aşağı əymə, gör sənin oğlun hara gedir...” Vətən müharibəsində şəhid verdiyimiz oğlullarımız, təbbi ki, öncə vətən aşiqləri idilər. Aralarında nişanlı olub toy etməyi planlaşdıranlar da az deyildi. Bir çoxları sevib-seçdikləri xanımlara olan əhdlərini Vətən eşqinə qurban verdilər. 24 yaşlı şəhidimiz, Güləş Federasiyasının milli yığmasının üzvü olmuş Səbuhi Sadıqov əslən Füzuli rayonundan idi. Doğma torpaqlarına ayaq basmağı arzulayan Səbuhi, müharibə başlayanda könüllü olaraq orduya yazılmışdı. O, 37 gün düşmənlə üz-üzə Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində vuruşaraq şəhidlik zirvəzinə ucalıb. Anası Yeganə Əliyeva xatırlayır kı, Vətən Müharibəsi zaman ordudan çağırış zamanı Səbuhi sevincindən özünə yer tapa bilmirdi. Oğlunun nişanlı olduğunu və ailəliklə toya hazırlaşdıqlarını deyən şəhid anası toyun vaxtının da təyin edildiyini deyir. Evlilik isə pandemiya səbəbindən təxirə salınmışdı. Müharibəyə yollanarkən doğmaları ilə sağollaşan Səbuhi anasına üz tutaraq, nişanlı olduğu qıza haqqını halal etdiyini demişdi. “Qucaqladı məni, qulağıma: “ana, nişanlıma de ki, nə olub olub, haqqımı ona halal edirəm, getsin ailə qursun, xoşbəxt olsun”. Bunu deyəndə dünya elə bil gözümdə uçdu, yerimdə dondum”... Şübhəsiz ki, Səbuhi öz arzusuna çatdı. Əslən Füzulidən olan ailə bundan sonra əbədi olaraq doğma yur-yuvalarında məskən salacaqlar. Vətən naminə igidliklə döyüşən Səbuhi Sadıqov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

 “Böyüyəndə gedib o torpaqları ermənilərdən alacam...” Ailəsinə bağlılığı, Vətənə sevgisi ilə seçilən daha bir Vətən Müharibəsi şəhidi Ədülrza Rəfibəyli uşaqlıqda belə deyirmiş. Bir çoxları kimi onun da ən böyük arzusu torpaqlarımızı azad etmək idi. Ailədə 3 qardaş idilər. O, işləyərək həmdə ailəsinə kömək edirdi, qardaşlarına qayğı göstərirdi. Yaşca qardaşlarından kiçik olsa da, böyüklük sanki Əbdürzanın taleyinə yazılmışdı. 2016-cı ildə Naxçıvanda topçu, minamyotçu vəzifəsində hərbi xidmət keçmiş döyüşçümüz müharibənin ilk günündən savaş meydanına atılmışdı. O, Füzulidən Xocavəndə qədər döyüş yolu keçərək 2020-ci il oktyabrın 23-də şəhidlik zirvəsini fəth edib. Anası Səkinə Rəfiyeva oğlunun yaşından böyük olduğunu etiraf edir.“22 yaşı var idi, bəlkədə mən ona 50 yaş deyərdim. Mənim oğlum tez qocaldı. Həmişə deyirdi, qoy heç olmasa uşaqlar yaşasın. İşğal davam etsə, uşaqların gələcəyi olmaycaq. Ona görə könüllü yazılmışdı”. Əbdülrzanın Atası Şəmməd Rəfiyev gözlərinə inanmadığını deyir. İnanmaq çətin olsa da, Əbdülrza yüzlərlə şəhidimiz kimi savaş meydanında bəlkədə mümkün olmayanı etməyi bacarmışdı.“Gözlərimə inanmırdım ki, oğlum gedib torpaqlarımızın hansısa bir qisminin azad edilməsində iştirak edəcək. Qismət belə imiş. Özü şəhid olsa da, arzusuna çatdı”. Ədülrza Rəfibəyli Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

“Döyüş gözəl şeydi, insanın içindəki kişiliyi ortaya çıxardır. Döyüş göstərir ki, sən kişisən ya qorxaqsan”. Bu sözləri şəhidimiz Aqil Salyayev hələ döyüş bölgəsində telefonla çəkdiyi videoda demişdi. Müharibənin başlanmasına görə sevinən igid döyüşçülərimizdən biri idi Aqil. O, müharibədən heç qorxmurdu və daim şəhidlik eşqi ilə yaşayırdı. Aprel döyüşlərinin də iştirakçısı olmuşdu. İdmanla ciddi məşğul olurdu. Güclü bədən quruluşana malik idi. 3 ilə yaxın Lələtəpədə post komandiri vəzifəsində çalışan Aqil Vətən Müharibəsində, 1 ay ərzində, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşdu. Anası Xədicə Salyayevanın sözlərinə görə, müharibə başlayanda onlar xaricdə olublar. Aqil isə ailəsini nigaran qoymamaq üçün hər gün telefonla əlaqə saxlayıb onları arxayın edirdi. Aqil Salyayev doğum günündən 3 gün sonra oktyabrın 26-da Füzulinin Veysəlli kəndində şəhidlik zirvəsinə ucaldı. Onun xatirəsi Zəfər Muzeyində əbədiləşdiriləcək. Aqilin bəzi əşyaları, o cümlədən hərbi forması artıq muzeyin fonduna təqdim ediblib. Valideyinləri bu gün də onu vətənpərvər, mərd, qürurlu, qormaz oğul kimi xatırlayırlar. Anası Xədicə Salyayeva: “Zəfər Muzeyini təşkil etdiklərinə görə, çox sağ olsunlar. Bizim balalarımızı tanıtdırırlar. Qoy gələcək nəsil Aqillər kimi qürurlu, mərd, qorxmaz olsunlar”. Şəhidimiz Ağstafa rayonunun Köçvəlili kəndində dəfn edilib. Ölümündən sonra “Füzulinin, Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
“Ana, sən mənimlə fəxr edəcəksən, çünki sən, şəhid anası olacaqsan”. Şəhid Orxan Qəhrəmanovun bu sözlərindən də aydın olur ki, şəhidlərimiz müharibədə iştirak etdiklərinə görə həm fəxr edir, həm də şəhidlik zirvəsinə ucalmaq arzusu ilə vuruşurdular. Bundan da ümdə arzu varmı? Analarına, sən şəhid anası olacaqsan, deyərək onların ürəklərini sanki ovundurmağa çalışır, təsəlli verirdilər. Televiziyada aprel şəhidlərimiz haqqında reportajları izləyərk ağlayan anasına: “Ağlama, bu yol bir gün səni də gözləyir” deyən şəhid kapitan Əsəd Həsənov, “ana, bir də gördün sənə zəng gələcək, deyəcəklər ki, qapını geniş aç, şəhid oğlun gəlir, onu qəbul elə” deyən şəhid Cahangir Qurbanov kimi ölümün gözünə dik baxan şəhidlərimiz. Hələ yaxınlarını nigaran qoymamaq üçün müharibədə olduqlarını gizlədən şəhidlərimiz... Onların bu kamalına tərif vermək üçün söz tapmaq belə çətindir. Telefonla anasının:
- Mənim balam, səs gəlir axı ordan? – nigarançılığına,
- Yox ana, başqa şeydi o səs, uzaqdan gəlir, bizə aid olan iş deyil. Sən qorxma, heçnə yoxdu, - cavabını verən şəhid Fariz Zülfüqarzadə.
Qızğın döyüşlərə yolladıqları zaman şəhid olacaqlarını hiss edərək, evlərinə zəng edib və ya ismarış göndərib halallaşan şəhidlərimizə hansı tərifi verək? Hardan idi onlarda bu qədər fədakarlıq, cəfakeşlik, məsuliyyət? Deməli, torpaq yetişdirir. “Bu hərbi forma mənim üçün namusdu, qeyrətdi, həyatdı” deyən şəhid Tehran Cəfərov, “biz vətən üçün doğulmuşuq, vətən üçün də öləcəyik” deyən şəhid Kərim Hüseynov və başqaları əsl mərdlik, igidlik nümunəsi göstərərək tarixi torpaqlarımızda bayrağımızı ucaltdılar.

“Şəhidin qanı yerə tökülmür, cəmiyyətin damarlarına axır”. Görkəmli filosof  Mürtəza Mütəhhərinin bu sözlərinin nə qədər dərin məna kəsb etdiyinin Vətən Müharibəsində bir daha şahidi olduq. İndi damarlarımızda axıdılan bu qan xalqımızı işıqlı gələcəyə doğru aparır - daha məsuliyyətli, daha xoşbəxt, daha ləyaqətli gələcəyə! Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin "Bayraq" şeirindən olan misralarla məqaləmi tamamlayıram:
“Daim ucalasan! Savaş günündə,
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə,
Səni alqış üçün əyilən görüm.

Mahmud Rövşənoğlu


 

 





08.07.2021    çap et  çap et