525.Az

İmir Məmmədlidən LGBT mövzulu uzun hekayə


 

İmir Məmmədlidən LGBT mövzulu uzun hekayə <b style="color:red"></b>

Sirr

Hər insanın sirri olur. Heç vaxt, heç kəsə danışmadığı, açmadığı, bəlkə də özü-özündən dandığı bir sirri. Həmin sirri bacarsa, özüylə qəbrə aparır. O dünyada bir kəsə danışıb danışmadığını bilən yoxdur.

Alpaşanın da belə bir sirri var idi. Həmin sirr Alpaşanın xəbəri olmadan, qəribə bir təsadüf nəticəsində yaranmışdı. Amma Alpaşayla elə bir əlaqəsi var idi ki,  onu heç vaxt heç kəsə deməzdi... ancaq bəzi sirr, sən dedin-demədin, paraşüt kimi öz-özünə açılır.
         Alpaşanın dəhşətli sirri kimi.
         Alpaşa öz şəxsiyyətinə hörmət edən, yeri gəldikcə özünə yaxşı maya qoyan, tanış-biliş içində xeyli hörmət, nüfuz sahibi olan, gənclik çağını təzəcə başa vurmuş bir kişi idi. Çoxlarının həsəd apara biləcəyi gözəl, ismətli ailəsi var idi. Bütün bunların tacı olaraq elə maşın sürürdü ki, şəhərdə o maşından mənəm-mənəm deyən kişilərdə ola, ya olmaya.
         Onun harda işlədiyi, hansı işlə məşğul olduğunu yazmıram, əslində bunun oxucuya nə dəxli var. Alpaşa iş adamıdı. Ürəyi istədiyi qədər pulu var idi, nə özü, nə ailəsi heç nədən korluq çəkmirdi, bunu demək kifayətdir.
         Alpaşa kefinin ya saz, ya da təlx vaxtlarında dostlarıyla birlikdə sevdiyi restoranlardan birində oturub vurardı. Hər dəfə vurandan sonra özünə də, ömür-gün yoldaşına da söz verərdi ki, bir də sərxoş vəziyyətdə sükan arxasında oturmayacaq. Hər dəfə də doyunca vurduqdan sonra verdiyi sözü pozardı.
         Bu dəfə də belə oldu. Yenə axıradək vuran Alpaşa qədəh yoldaşlarıyla sağollaşıb restorandan çıxanda qalstukunu bir az da boşaldıb azca səldirəyərək, gedib bahalı maşınının qapısını açıb sükan arxasında oturdu. Maşının güzgüsündə özünü görüb həmişə dediyini dedi: “Əclaf, axırıncı dəfə olsun belə vəziyyətdə sükan arxasında oturduğun...”--
Bu sözlərdən sonra maşını işə salıb tərpətdi.
         Bir az getmişdi, gördü, restoranın yüz addımlığında bir gözəl durub, onsuz da aysız gecədə aya deyir, sən çıxma, mən çıxım.
         Alpaşanın diqqətini özünə cəlb edən gözəlin çiyninə tökülən sarı saçları, qaynar gözləri, qönçə qızılgül kimi azca parıldayan al dodaqları, incə beli, hündür qaməti oldu. Alpaşa özü də ucaboy olduğundan belə afətlərdən xoşu gəlirdi.
Odur ki, maşını, səkidə durub ona tərəf heyran-heyran boylanan gözəlin yanında saxlayıb pəncərəni aşağı çəkdi.

         Gözəl onun üzünə ehtirasla gülümsündü.

-         Ay səndən utanıb çıxmayıb, - Alpaşa, maşının qabaq şüşəsi imkan

verdiyi qədər göyə boylandı.

         Gözəl onun üzünə, aşıqlar demiş, canalan bir təbəssümlə gülümsünəndə,qönçə qızılgül axıradək parçalandı, dümağ dişlər göründü.

         Alpaşa maşının qapısını açdı.

-         Gəl otur! – Bunu deyib fikirləşdi, keçməli şey deyil. Mehmanxanaların birinə aparıb bir-iki saat kefə baxaram, evə bir az gec getsəm, dünya dağılmaz.

         Gözəl qız qəti etiraz etmədən keçib maşında oturdu.

-         Bir saatı neçəyədir?

     Gözəl çiyinlərini çəkdi.

-         Bilmirsən?

Afət başını buladı.

-         Yaxşı gedək, orda baxarıq, razı qalsam, səni də narazı yola salmaram.

     Alpaşa maşını tərpədəndə, xanım razılıq əlaməti olaraq mehribvancasına     gülümsündü.
     Alpaşa, çox vaxt itirməsin deyə, maşını yaxınlıqdakı mehmanxanaya sürdü.

     Özünü tarazlayıb maşından düşdü. Azca seziləcək qədər büdrəyə-büdrəyə fırlanıb gözəlçə oturan tərəfə keçdi, qapını açıb – buyur, - dedi.

     O maşından düşdü. Mehmanxananın ön həyətində yanan işıqlar afəti ilk baxışda olduğundan daha da cəlbedici göstərdi.

     --Gedək! – Alpaşa qolunu qızın qabağına tutdu. Gözəlçə əlini kişinin

intizarla açılan qoltuğuna qoydu, yüz ilin sevgililəri kimi mehmanxananın girişinə tərəf tərpəndilər.
     Ərklə qoşa addımlayan hündürboy cütlük bir-birinə elə yaraşdı, kənardan görən olsa, deyərdi, tanrı bunları, doğrudan da, bir-biri üçün yaradıb.
     Alpaşa pulunu ödəyib bir gecəlik lüks otaq aldı. Liftin düyməsini basıb  altıncı      mərtəbəyə  qalxdılar.
     Alpaşa içkili olduğundan otağın qapısını açmaqda çətinlik çəkdi. Afət kartı onun əlindən alıb açaryeriəvəzi yarığa dil kimi çəkdi. Qapı açıldı, onlar içəri keçdilər.

     --Işığı yandırma, - xanım yarıpıçıltılı səslə dedi, -istəyirəm ikimiz də

lüt soyunaq, yatağa elə girək... sənin çılpaq bədənini bədənimdə hiss etmək mənə xoş olar.
     Alpaşa pencəyini, köynəyini çıxaranda gözəl də həzin-hızin soyunmağa başladı.
     Bu afət otağın alatoranlığında Alpaşaya sondərəcə cəlbedici göründü. Şalvarının bir balağını çıxarmış vəziyyətdə büdrəyə-büdrəyə şığıyıb onun belindən qucaqladı.
     Gözəl qız onu ehmalca itələdi, Alpaşa arxası üstə yatağa sərildi.      Onun şalvarının o biri balağını və alt paltarlarını xanım soyundurdu.

     --Gəl! – Çılpaq Alpaşa fırlanıb yorğanın altına girəndən sonra dedi. Dedi, amma hiss elədi ki, yatağa uzanan kimi güclü mürgü dumanı onun göz bəbəklərini ağırlaşdırdı. Düşündü, içkinin təsirindədndi.

     --Gözəl tələsmədən paltarını tamam soyundu, yorğanı qaldırıb, halal-hümbət ərinin yanına girirmiş kimi onun yanında uzandı. Alpaşanı qucaqlayıb qulağına pıçıldadı:

     --Çevril, kürəyini sığallayım.

     --Yarımmürgülü Alpaşa nə etdiyinin fərqinə varmadan çevrildi. Gözəl çılpaq bədənini onun bədəninə yapışdırıb indi də Alpaşanı arxadan qucaqladı. Vücudu içkidən boşalmış Alpaşa bu vəziyyətdəcə dərin yuxuya getdi.

***

Alpaşa səhər oyananda günəş artıq çıxmışdı. O, gözlərini açıb ətrafa boylandı. Əvvəl harda olduğunu kəstirə bilmədi. Sonra sanki beyninin içi tədricən işıqlanmağa başladı. Mehmanxanada olduğunu xatırladı. Tədricən hər şey yadına düşdü. Başını çevirib böyrünə baxdı, yanını əli ilə də sinçilədi. Axşamdan lüt soyunub birgə yatdığı gözəlçə yanında yox idi. əvvəlcə fikirləşdi, güman ki, hamam otağına girib. Amma gözü qəflətən gözəlin masanın üstündəki sarı saçlarına dəyəndə, diksindi. Baxıb gördü qızın paltarı da axşamdan soyunduğu kimi səliqə ilə stulun üstündən asılıb. Amma onun öz paltarı gözünə dəymədi.

Alpaşa yerin içində dikəlib ətrafa boylandı. Yəqin etdi ki, onun axşam soyunub o yan- bu yana səpələdiyi paltarları otaqda yoxdu. Dalağı sancdı, bir də stulun üstündəki sarı parik saça diqqət kəsildi: - “deməli kişi imiş, - barmağını dişlədi, -mavi imiş...mənim paltarımı geydi, aradan çıxdı... Axşam çox içmişdim, onun kişi olduğunu biləmmədim... Məni lüt soyundurub yanıma uzandı... Səhərəcən onunla bir yorğan altda yatdım...” 

Alpaşa yaddaşına güc verdi, yorğanın altına girib arxasını ona çevirəndən sonra nəyin baş verdiyini heç vəchlə xatırlaya bilmədi.

Birdən Alpaşanın ağlına dəhşətli fikir gəldi: “Olmaya o məni ...?!” – O eşitmişdi ki, mavilər istədiklərini alandan sonra xoşhallanırlar, sonra da onlarla olanla özləri də olmaq fikrinə düşürlər, həvəslənirlər, - “Olmaya, xoşhallandı, gördü sərxoşam, özümdə deyiləm, məni çevirdi o üzümə...” – Alpaşa yorğanın altda əlini qeyri-ixtiyari dalına çəkdi, - “Oğraş oğlu, oğraş, onlardan nə desən çıxar... Bəlkə də gördü halsızam... o məsələ... Alpaşa ha xəyalına güc verdi, yatağa girənə qədər olanları bircə-bircə xatırladı, yataqda nələrin baş verdiyini heç cür yadına sala bilmədi. İçini yeyən şübhələrsə get-gedə şişir, lap inandırıcı görünürdü: “Belə deyilsə, bəs mənim paltarımı niyə geyinib, mehmanxanadan niyə kişi libasında çıxdı!? İşini bitirib paltarımı geyinməyiylə mənə işarə etdi, indi görək kişi kimdi, sənsən, yoxsa mən!? Kim kimi mehmanxaya gətirdi! Kim kimi... o məsələ... ” – Alpaşa özündən asılı olmayaraq əlini yenə dalına çəkdi. Sözün düzü orada elə bir şübhəli  şey hiss etmədi. Etdi-etmədi, fakt köpəkoğlu şeydi... Sənin danmağınla deyil ki!? Fakt məntiqə əsaslanır, məntiq isə insanın içini söküb dağıdan şübhələrə arxalanır. Bax, həmin şübhələr içindəcə gerçəkliyə çevrildisə, adama gənə kimi yapışar, qanının son damlasını sorana qədər əl çəkməz.

İndi Alpaşa neyləsin? Bu canüzücü şübhələri necə dağıtsın? Getsin ekspertiziyaya yoxlansın, ciddi müayinədən keçsin? Desin ki, baxın görün məni... mənimlə...? Lap bircə dəf də olsa, o iş olubmu?

Ekspert soruşmazmı ki, yekə kişisən, özün bilmirsən, olub, ya olmayıb?

Bilməmişəm! – Alpaşa cavab verə bilər, - məndən xəbərsiz ola bilərdi...

Həkim də onun cavabında deyə bilər: mal səninkidir, səndən xəbərsiz necə ola bilərdi?

Onda Alpaşa xəlvətcə onun cibinə pul basıb dil-ağız eləyə bilər: A kişi, məni sorğu-suala tutub səs salma, xəlvətcə yoxla gör olub, ya olmayıb.

Həkim də, daş atıb başını altına tuta bilər ki, daha doğrusu, cibinə qeyri-qanuni girən pulu ikrah hissi ilə çıxarıb Alpaşanın üstünə atıb qışqıra bilər: Götür bu pulları! Mən daha rüşvət almıram! görmürsən, rüşvətxorluğa qarşı amansız mübarizə gedir!

Alpaşa bu yerdə tövsiyyəyüklü pıçıltıya keçə bilər: A kişi, götür dədə malı kimi cibinə qoy! Mən boyda kişini şey eləyiblər, xəbərim olmayıb, sənin rüşvət almağından kim xəbər tutacaq!

 Amma bir bu qədər dərinə getməyəcək, çünki ümumiyyətlə ekspertizaya getməyəcək, niyə? Ona görə ki, ha düşündü, ha götür-qoy elədi, bu məsələylə bağlı müayinədən keçməyi özünə sığışdırmadı, adına-sanına yaraşdıra bilmədi.
         Allah eləməsin, birdən orda tanış-bilişə rast gələr. Bütün şəhərə yayılar ki, Alpaşa filan məsələylə bağlı ekspertizada yoxlanmağa gəlmişdi. Ayə, sən nə danışırsan!? Mən ölüm! Kim eləyib? Onu özü bilər. Sonra şəhərə, iki kişi arasına çıx, görüm necə çıxrsan.
         Alpaşa fərqinə varmadan dalını döşəyə sürtdü. Balıncı yuxarı çəkdi, yerinin içində dirsəklənərək gözbaxışlarını boşluğa zilləyib bir müddət beləcə qaldı.

Fikirləşdi, mehmanxanada vaxtı qurtarır, hələki gəlib onu qadınpaltarı yanında, yataqda lüt görməyiblər, durub getsin.

Necə getsin? Paltarı yoxdu, axı! Paltarı yoxdu, portmanatında  ki pulu var. Odur, portmanat sənədlərlə birlikdə stolun üstündədi, getsin yaxınlıqdakı mağazalardan birindən özünə bir dəst şalvar-köynək alsın. Gözəl fikirdir, amma yaxındakı mağazaya qədər çılpaq getsin? Çılpaq niyə gedir, budur e, qadın paltarı, elə bil Alpaşanın üstündə biçilib, geyinsin, sarı pariki də qoysun başına, dünən bura gətirdiyi adamın əvəzinə çıxsın otaqdan, necə ki, “gözəl” sübh tezdən onun əvəzinə çıxıb getdi, getsin özünə mağıl əyin-baş alsın... Başqa nə çarə. Elə belə də eləməlidir.
         Alpaşa yorğanı üstündən atıb yerindən durdu. əvvəlcə stolun üstündəki portmanatı götürdü, görsün, o alçaq bir şalvarlıq pulsa qoyubmu? Açdı,baxdı, pul yerində idi, qəribədir, bir qəpik də olsun götürməmişdi.
         “Ta nəyə götürsün!? Əvəz-əvəz olduq, çıxdı getdi” – stulun üstündə asılan qadın paltarına tərəf gedən Alpaşa üzündə acı təbəssüm fikirləşdi.

O, qadın paltarını ikrah hissi ilə qurdaladı. Sonra onu axşam özünə cəlb edən donu çarəsizcəsinə götürüb geydi. Don onu bir az sıxdı. Bu gecəki hadisədən sonra lüt bədənində donu hiss edəndə, Alpaşanı qəribə hisslər bürüdü. O hisslərin içində nifrət də var idi, hiddət də var idi, bir-birini əvəz edən iztirablar da var idi, ancaq hardasa alt qatlarda elə bil baş qaldırmağa cəhd edən bir qadın incəliyi də duyulurdu, ilk toy gecəsindən sonra yaranan mütilikqarışıq incəlik...
         Alpaşa dünən axşam vurulduğu sarıtelli pariki başına qoyub, öz-özünə fikirləşdi, yaxşı ki, bığım yoxdu, gülünc görünüşüm olardı. Yalnız ayaqqabılar Alpaşanın ayağına olmadı, xeyli cəhd etdi, lakin faydasız. “Eybi yoxdu, yaydı, ayağıyalın gedərəm, kimdi mənim ayaqlarıma baxan?!”- düşünərək sənədlərini, maşının açarını və portmanatı götürdü.
         Qapıya tərəf getdi. Qəflətən dönüb güzgünün qabağında durdu. Özünü bəyəndi, “qız olsam, hamı elçi düşərdi” – öz-özünə deyib qapının dəstəyini çəkdi. Qapı asanlıqla açıldı.
         Dəhlizdə heç kəs yox idi. O sürətli addımlarla gedib liftin ağzında dayandı. Düyməni basdı, başını aşağı salıb gözlədi. Bir azdan lift gəldi, qapı açıldı. Liftdə iki kişi var idi. Alpaşa çəkinə-çəkinə içəri keçdi. Gözünün ucuyla gördü liftdəkilər ona heyrətlə baxırlar. O bu baxışları tutanda qəlbini gəmirən şübhələr bir daha baş qaldırdı: ”Görəsən, salamatammı? Görəsən, o iş olandan sonra kişinin duruşunda, baxışında bir şey dəyişirmi? Ətrafdakılar başına iş gəldiyini duyurlarmı? İnanmıram, bir dəfədən sonra belə gözə çarpsın...”
         Alpaşa liftdən və mehmanxananın qapısından necə çıxdığını bilmədi. Küçəni sürətlə o yana keçib yaxında bildiyi paltar mağazasına tərəf tələsdi. Tələsdi, amma yerişindən şəkləndi...
         O mağazanın qapısından keçəndə içərində adam az idi. Bir-iki nəfər yanıqadınlı kişi fırlanır, özlərinə, daha doğrusu,,. Xanımlar öz zövqlərinə uyğun kişilərə kostyum-şalvar seçirdilər.

Alpaşa mehribançöhrəli satıcı qıza yaxınlaşdı:

     --Xanım qız, mənə bir dəst şalvar-köynək lazımdır, - bu sözləri deyəndə geyiminə uyğun səsini incəltmək yadından çıxdı. Odur ki, satıcı qız üzünə təəccüblə baxdı:

     --Hansı razmer?

     --Nəə?

     --Paltarı kimin üçün alırsınız? Oğlunuz üçün, ya əriniz üçün?   

     --Özüm üçün!

     --Burda kişilər üçün satılır...

     --Elə mən də kişi paltarı istəyirəm.

     --Bəs deyirsiz, özüm üçün? – qız gülümsündü.

     --Bağışlayın, ərim üçün alıram...

     --Onun boyunun ölçüsü?

     --Elə mən biçimdədir...

Alpaşa bu sözləri demişdi ki, tərs kimi mağazaya bir nəfər əlisilahlı gənc kişi soxuldu. O sürətlə gəlib Alpaşanın arxasına keçdi. Bir əliylə onun boynunu sıxıb, digər əliylə bıçağı Alpaşanın boğzına dirədi. Beləliklə, o, Alpaşanı girov götürərək özünə sipər elədi. Alpaşa bilmədi nə etsin, qəfil həyacandan və qorxusundan donub qaldı. Həmin adamın dalınca mağazaya iki nəfər əlisilahlı polis də girdi. Onlar silahlarını Alpaşaqarışıq cinayətkara tuşladılar.

     --Burax onu! – polislərdən biri qışqırdı – silahı yerə qoy, təslim ol!

     -- Bir addım irəli atsanız, bunun xirtdəyini kəsəcəm, bayisi siz olacaqsınız!

     --Kişi deyilsən, qadının arxasında gizlənirsən! – digər polis qışqırdı.

     --Kişi qadının arxasında gizlənməz! – o biri polis bunun sözünü təsdiqlədi.  

    Alpaşa istədi qışqırsın, mən qadın deyiləm, kişiyəm, fəqət ildırım surəti ilə anladı ki, cinsi müəyənləşdirmənin yeri deyil. Odur ki, bu kəlmənin əvəzinə dartındı, özünü cinayətkarla polislərin arasından çıxarmaq istədi. O dartınanda, vəziyyət bir az da gərginləşdi, onu özünə sipər edən adam girovun saçından yapışdı,ancaq parik əlinə gəldi.

     --Bu ki kişi imiş! – polislər gülümsündülər.

     --Kişi yox, gey! – bunu deyən cinayətkar göz qırpımında arxadan xoşagəlməz təkan-hərəkətlə Alpaşanı yana atdı, sürətlə irəli atılıb, sarı pariki polislərdən birinin üzünə çırpdı və iki polisin arasından çovğun kimi sıvrılıb qapıya tərəf cumdu. Bir an qabaq necə peyda olmuşdu, eləcə də qeybə çəkildi. Polislər çatdırıb onun arxasınca baxa da bilmədilər. Onlar nəyin baş verdiyini kəsdirəndə, təqib etdikləri adam artıq gözdən itmişdi. Polislər də bacardıqları qədər sürətlə dönüb onun arxasınca qaçdılar.

     Satıcı qız və mağazadakı adamlar keçirdikləri qorxudan hələ də özlərinə gəlməsələr də, gah qapıya, gah da ölümün əlindən qurtarmış Alpaşaya tərəf baxırdılar.

     Alpaşaya bir o qədər girov götürülməsi yox,o cür biyabırçı hərəkətlə yana itələnməsi təsir etmişdi. Sanki bu da axşamkı hadisəyə bir işarə idi. Odur ki, o, sezilmədən əlini dalına çəkdi, sonra gedib yerə düşən pariki götürüb bir-iki dəfə baldırında çırpıb başına qoydu. ətrafdakıların ikrahlı baxışlarını nəzərə almadan satıcı qıza yaxınlaşdı:

     --Alçaq sizin dalınızda gizləndi... – qız dedi

     “Dal” sözü yenə Alpaşanın həssas yerinə toxundu. Odur ki, dedi:

     --Kiminsə arxasında gizlənməli idi, qabağına mən çıxdım.

     --Həmin dəqiqə də arxanıza keçdi, - müştərilərdən gənc oğlan lağlandı,-dalınızı etibarlı yer bildi.

     Alpaşa oğlanın sataşdığını başa düşdü, amma fərqinə varmadı, fikirləşdi, geylə belə danışarlar da...

     --Yaxşı qurtardıq... – kimsə dedi:

     --Hamımızı bu xanımın, üzr istəyirəm, bunun pariki xilas elədi, - bayaq lağlanan oğlan dedi, - parik olmasa, burada qan tökülə bilərdi...

     --Hə, xanım qız, - Alpaşa mağazada yaranan bu mühiti tez tərk etmək niyyətilə dedi, - mənim şalvar-köynəyim noldu? Tələsirəm, verin gedim.

     --Bu dəqiqə, - qız mənalı-mənalı gülümsünüb ona bir dəst şalvar-köynək seçib verdi: - Büküm?

     --Yox,-- deyib Alpaşa pərdəlinin arxasına keçdi, satıcı qız onun dlınca baxıb dodağını büzdü.

     Alpaşa pərdənin arxasına keçən kimi başındakı pariki çıxardı, donu soyunub əvəzində şalvarı, köynəyi geyindi, öz əvvəlki simasını qaytardı. Pariki donun içinə büküb küncə qoydu. Pərdəlidən çıxıb qıza yaxınlaşdı.

     --Mən nə qədər ödəməliyəm?

Qız paltarın qiymətini dedi. Alpaşa artıqlamasıyla ödədi. Satıcı xırdasını qaytarmaq istəyəndə:

     --Qoy qalsın! – dedi, - əvəzində deyin görüm, yaxında ayaqqıbı dükanı varmı?

     --Bir tin keçirsiz, orada əntiqə mağaza var, - satıcı qız bic-bic gülümsünüb bilərəkdən əlavə etdi, - həm qadın, həm kişi üçün ürəyniz istəyən ayaqqabılar var.

         Alpaşa satıcı qıza heç nə demədən dönüb mağazadan çxıdı. Qız arxasınca qışqırdı ki, donla parik qaldı, o, arxaya dönmədən, cavab olaraq əlini yellədi.

         Niyə o gəlib məhz mənim arxama gizləndi? Bu nəyə işarə idi? Görəsən, bir dəfə olandan sonra adamın dalı başqalarını da özünə çəkir? – bu sayaq sualları ürəyində döyüşdürə-döyüşdürə gedən Alpaşa ayaqqabı dükanını asanca tapdı. Oradan özünə bir cüt şapşapı aldı. Mağazadan çıxan kimi maşını dünən qoyduğu yerə yönəldi. Küçəni yarıya qədər getmişdi ki, arxadan kişi səsi kürəyini döyəclədi:

              --Alpaşa!

         Dönüb geri baxdı. Gördü səkiyə yaxın duran BMV markalı maşından köhnə tanışlarından biri düşüb ona tərəf gəlir. O durub gözlədi.

              --Alpaşa! Səni arxadan çətinliklə tanıdım.

Yenə “arxadan”... bu söz Alpaşanı xeyli qıcıqlandırsa da, üzə vurmadı. Odur ki, şübhəli tərzdə soruşdu:

     --Çətinliklə? Niyə çətinliklə? Yerişimdə, hərəkətimdə ciddi dəyişiklik var ki?

     --Var!

     --Var?! –şübhə Alpaşanı lap bürüdü.

     --Daim maşınla hərəkət edən adamların yerişi ciddi şəkildə dəyişir.

     --Həə? – Alpaşa rahat nəfəs aldı.

     --Söz düşmüşkən, niyə maşınsızsan?

     --Maşını o tərəfdə mühmanxananın yanında saxladım. Burda bir işim vardı, dedim, bir az piyada gedim, qıçlarım açılsın.

     --Düz eləmisən, işlərin necə gedir?

     --Gedir... Yaxşı, tələsirəm...

     --Oldu. Səni gördüm, sevindim... Görüşərik...

     --Sağ ol!

         Alpaşa köhnə dostundan ayrılıb birbaşa maşının yanına gəldi. Oturub maşını işə saldı. Mühərrikin qızmasını gözlədi. Gözləyə-gözləyə hara getməsi barədə düşündü. Mühərrik qızdı. Amma Alpaşa bilmədi hansı yola yönəlsin. Hara gedəcəyini bilməsə də, yavaş-yavaş qazı basıb maşını yerindən tərpətdi. Get-gedə sürəti artırdı. Bu da mənzil başına tez çatmaq məqsədilə yox, mehmanxanadan, başqa sözlə, hadisə yerindən tez uzaqlaşmaq istəyindən irəli gəlirdi.

         Dünən o adamı götürdüyü yerə yaxınlaşanda qeyri-ixtiyari sürəti azaltdı. Gözlərinə qara eynək taxıb, ətrafa oğrun-oğrun boylandı, görsün həmin əclaf oralardadır, ya yox. Gözünə ona bənzər adam sataşmadı.

         Həmin bəd yerdən uzaqlaşar-uzaqlaşmaz gördü, o yandan ucaboy oğlan gəlir. Içindən yad və qəribə hisslər keçərək fikirləşdi: - “birdən bu olar?” Göz-gözə dəyməsinlər deyə, üzünü o yana tutdu. Güman ki, Alpaşanın bu hərəkəti “üz-üzdən utanar” deyiminə yaxın bir hissdən qaynaqlanırdı. Bu cür incə məqamda qaranlıq yer qalmasın deyə, onu da söyləyim ki, həmin anda Alpaşanın içindən keçən yad və qəribə hisslər, onun üçün doğrudan da yad və qəribə idi. Qəlbindən ildırım sürətilə keçməyinə keçdi, amma Alpaşa həmin hisslərin adını bilmədi. Həmin hisslərin içində abır-həya elementləri da var idi, bir gecədə sezilmədən dişiləşdirilmiş erkəyin məğlubiyyətindən doğan təslim olma duyğuları da.

         Ucaboy oğlan gəlib maşının yaxınından keçəndə Alpaşa qarşısı alınmaz marağa tab gətirə bilmədi, başını ehmalca çöndərib gözucu oğlana tərəf baxdı. Yox, bu o deyil. Bu, kobud üzlüdür. Onun üz cizgilərində cəlbedici bir incəlik var idi.

         Alpaşa ikinci hadisə yerindən və oğlandan uzaqlaşandan sonra maşının sürətini yenə artırdı. Maşın baş götürüb gedirdi, amma Alpaşa hara getdiyini, hara belə tələsdiyini bilmirdi.

         Alpaşanın gözü yolda, fikri mehmanxananın yarıqaranlıq lüks otağındaydı. Neçənci dəfə idi, dünənki axşamı xəyalında canlandırır, lent kimi yaddaşında dala-qabağa fırlayır, yenə də əyinlərini tamam soyunub yerə girəndən və arxasını ona çevirəndən sonra nələrin baş verdiyini heç vəchlə xatırlaya bilmirdi. Elə bil, kimsə yaddaşını bilərəkdən silib ki, Alpaşa tez-tez xatırlayıb özünə əzab -əziyyət verməsin. Bir də, budan sonra yüz də xatırla, olan olub, torba dolub.       Yox, Alpaşa bilməlidir nə olub. Bəlkə heç nə olmayıb.

         Beləcə, xoşagəlməz xatirə-iztirablarda Alpaşa baxıb gördü şəhər kənarına gəlib çıxıb. Maşının ağzını fırlayıb yana verdi. Başını sükana söykəyib yenə götürqoylara qərq oldu:

         Oldumu? Olmadımı? – Necə bilsin? Bəlkə həqiqəti bilməsə yaxşıdı, bəlkə beləcə müəmmalı qalması yaxşıdı? Oldusa da kim bilir? Iki nəfərdən başqa, yəni işin bilavasitə iştirakçılarından əlavə, başqa sözlə, eləyənlə, elətdirəndən savayı heç kəs bilmir. Amma yox!eləyən bilirsə, elətdirən də bilməlidir. Tutalım bildi, nə dəyişir?! Tutalım gedib onun lap özünü tapdı. Harda tapsın? Həmin həndəvərdə olacaq. Yəqin axşam düşən kimi ac qurd sayağı çıxır ova, səkidəcə durub, üzündə tilsimli təbəssüm növbəti şikarını gözləyir.   Yaxşı, tutalım, Alpaşa getdi o düdəməni axşamkı yerində tapdı. Nə desin? Salam, gəldim soruşam, axşam bir şey baş verdi, vermədi? Deməzmi, iki kişi lüt soyunub yorğan altına girəndə, əlbəttə nəsə baş verməlidir.

         --Yox ey, mən onu soruşmaq istəmirəm. Yəni deyirəm, kim kimi... o məsələ?

         Gülüb deməzmi, o nə sualdı, mənə verirsən!? Yorğan altına girənlərdən biri elə olur, biri belə...

              --Məni yenə düz başa düşmədiniz. Bilmək istəyirəm, siz məni...                o məsələ...

         Deməzmi, bu nə axmaq sualdı, sən özün bilmirsən?

              --Ayə, bilmirəm ki, soruşuram.

              --Elə bilməməyin yaxşıdır, - deyib arxa çevirə bilər.

         “Bilməməyim yaxşıdır!”. Bir də nə olub, nəyi bilim? – Alpaşa bir gecəlik tərəf-müqabilinin xəyali məsləhətilə razılaşıb, xəyalındaca hər şeyi unutmaq qərarı verib maşını şəhərə tərəf çevirdi.

         Şəhərə çatanda yenə də hara gedəcəyini bilmədi. Evə getmək istəmirdi,elə bil arvad-uşağın gözünün içinə baxmağa özündə cəsarət tapa bilmirdi. Ofis də həmçinin. Hiss edirdi ki, onun  həm həyatında, həm də daxilində nəsə dəyişdi. Elə şey dəyişdi ki... o şey Alpaşanın əlini-ayağını işdən soyuda bilər, əvvəlki səadət dolu mühitindən (ev qarışıq) ayıra bilər, kəsəsi, Alpaşa kimi daim özünə güvənən kişini sındıra bilər.

         Alpaşa bir müddət şəhərin çoxmaşınlı küçələrində veyilləndi. Tıxaclarda başı özünə qarışıb gec tərpəndiyinə görə əvvəlcə arxadan sıqnallayan, sonra da üzünə tərs-tərs baxan sürücülərin cavabında əvvəlki kimi boz-boz dinmədi, başını müticəsinə aşağı salıb yoluna davam etdi.

***        

         Qaş qaralanda Alpaşa adəti üzrə sükanı çöndərib hara getdiyinin fərqinə varmadan öz evinə tərəf yönəldi.

         Evə yaxınlaşanda çalışdı özünü ələ alsın. Elə davranmalı, elə rəftar eləməlidir ki, heç kəs başına gələndən duyuq düşməsin. Heç nə olmamış kimi özünü əvvəlki tərzdə, əvvəlki qaydada aparmalıdır. Birdən arvad soruşsa ki, əzizim, kefin niyə təlxdir? Deməlidir ki, ofisə yoxlama gəlmişdi, bir az əlavə pul verməli oldum. Arvad desə ki, pulu sən qazanırsan, pula görə kefini pozma. Deməlidir ki, qazancımın belə asanlıqla əldən getməyi mənə təsir edir.  

         Arvad təsəlli versə ki, qorxma, atam dalında durub (hərçənd ki, bu, arvadın sevimli kəlmələrindəndir), özünü elə tutmalıdır ki, “dal” sözü onu qıcıqlandırdığını evdəkilər başa düşməsin. Əsas odur ki, arvad o kəlməni deyəndə, gözünü onun gözündən yayındırmalı, üznüdə qoruyucu təbəssüm yana baxıb deməlidir: Dalımda yox, arxamda.

         Alpaşa bu cür ailədaxili və ümumiyyətlə, daxili dialoqla evə çatdı. Maşını qaraja salıb, bir müddət həyət-bacada fırlanaraq özünü xeyli toxtatdı.

         Alpaşa ciddi kişilərə yaraşan tərzdə qəddini düzəldib üzünü turşutdu. O, qapını şəstlə açıb evə girən kimi hiss etdi ki, evdə nəsə dəyişib. Sanki heç kəs əvvəlki kimi onun gəlişinə sevinmir. Uşaqlar gözaltı ona tərəf tərs-tərs baxırlar. Hətta o, evə girəndə, on iki yaşlı oğlu durub başqa otağa keçdi. Arvad ağlamaqdan şişmiş gözlərini onun gözündən yayındırır, üz-üzə gəlmək istəmir.

              --Sizə nə olub? – Alpaşa boğuq səslə soruşdu.

              --Heç nə! – arvad köntöy-köntöy cavab verdi.

              --Qaşınız-qabağınız niyə yer süpürür?

         Arvad dinib cavab vermədi.

              --De görüm nə olub?

              --Alpaşa! – gərgin sükutdan sonra arvad dedi, - bura gəl, - onu        yandakı otağa çağırdı, -sənə sözüm var.

         Arvad qabaqda, Alpaşa da onun arxasınca otağa keçəndən sonra qadın qapını arxadan bağladı.

              --  Alpaşa! – arvad yarıpıçıltılı səslə başladı, sən qoluboysan?

     Bu sözü eşidən Alpaşa karıxdığından az qala yıxılmışdı.

     --Nəyəm? – Alpaşa qeyri-ixtiyari əlini dalına çəkdi.

     --Sən mavisən?

     --Maviyəm? Sən bunu hardan bildin?

     --İndi bunu bütün şəhər bilir.

     --Şəhər bilir?

     --Hamı bilir. Təkcə mən fil qulağında yatmışam. Illər ərzində bir yastığa baş qoymuşuq, bundan xəbərim olmayıb.

     --Hamı hardan bildi? Dünən gecə oldu... bəlkə də heç olmadı... Özü də bircə dəfə...

     --Dünən gecə də oldu?!- qadın dəhşət içində qışqırdı, -mən bədbəxt də oturub gecəyarıyadək kişinin yolunu gözləyirəm... Bu da kefdədi!.. Kişilərə kef verməyə gedib!...Kül başına! Kül sənin başına! Gül kimi oğul-uşağı damın altına qoyub gedib murdar kişilərin qabağında dişilik eləyirsən...

     --Sus! – Alpaşa necə qışqırdığını heç özü də bilmədi.

     --Mən susum! Amma indi bütün şəhər, tanış-biliş, qohum-qonşu bu barədə danışır.

     --Qonuç-qonşu hardan bilir? – Alpaşaya bilənlərin içərisində ən çox qonşuların, sonra tanış-bilişin bilməsi təsir elədi, - Tanış-biliş hardan bilir?

     --Necə yəni hardan bilir?! Səhərdən televizor səni göstərir...

     --Demək gecə baş verənləri xəlvətcə çəkiblər! Alpaşa instiktiv olaraq əlini yenə dalına çəkdi.

     --Gecə niyə? Mağazaya özün üçün çulki, bandaj almağa girəndə çəkiblər. Səhərdən xəbərlərdə azı beş dəfə göstəriblər, - qadın acı-acı gülümsündü, - pornoulduz olmusan, xəbərin yoxdur... bütün kanallar dönə-dönə verdi, mağazada sarı tellərini başından necə qopardılar, pariki polisin üzünə necə çırpdılar. Sən də necə durmuşdun ortalıqda ortaq mal kimi, əlibıçaqlı kişi sənin başından pariki qopardandan sonra dalından itələyib yana atdı!.. bütün düzü-dünya səhərdən buna baxır. Bilmirəm camaatın içinə necə çıxacağıq. Neçə adam, qohum-əqraba, qonum-qonşu zəng edib,--  olan işdi, odur Avropanı, Ameriikanı mavi rəng bürüyüb,--deyə mənə təsəlli verirlər. Başıma xeyr, nə böyük təsəlli! Elələri arvad almırlar, bir-biriylə evlənirlər! Sən də gedəydin bir özün kimisinə! Ta mənim qanıma niyə bayis olurdun, niyə mənim evimi yıxırdın!?  Dünyaya gül kimi balalar gətirib, niyə ömürlük gözükölgəli eləyirdin?! Onların günahı nədir? Bu gün sabah uşaqlar böyüyüb ailə qurmalı olacaqlar, kim səndən qız alıb, sənin oğluna qız verər?! Deyəcəklər, ataları ala itdən mənşərdi. Yox, mən bu ləkəylə, belə çirkabla yaşaya bilmərəm! – qadın son kəlməni hönkürtüqarışıq deyib qapını arxasınca çırpdı.

     Otaqda tək qalan Alpaşa bir müddət özünə gələ bilmədi, matı-mutu qurumuş halda donub qaldı. Arvadının haqlı sözlərinin cavabında nə deyə bilərdi? Deməyə söz olmalıdır ki, desin. Sözü olsa belə, deyə bilməzdi, sankı ağzının içi kimi, boğazı kimi nitqi də qurumuşdu. O nə etdiyinin fərqinə varmadan otağın qapısını açdı, dəhlizə çıxdı. Bir az durdu. Sonra arvad-uşaq olan otağa qayıtdı. Otaqda gözüyaşlı arvadla 13 yaşlı qızı idi, oğlu harasa çıxmışdı. Qapının ağzında duruxsundu, sanki nəsə demək istədi, demədi, fikrini dəyişdi. Dönüb çıxanda dəhlizdə oğluyla üz-üzə gəldi. Oğlan onun yanından keçərkən başını aşağı salıb dodaqlarında nəsə mıdıldadı.

     --Nəə? – Alpaşa köntöy-köntöy soruşdu.

     --Məhlədə uşaqlar deyirlər atan qaluboydur!... – Oğlan Alpaşanın üzünə baxmadan bu sözləri deyib otağa keçdi.

     Alpaşa bir müddət dəhlizdə durub çıxdı. Həyətdə gözaltı ətrafa boylandı, hiss etdi ki, qonşu evlərin pəncərəsindən gizlin-gizlin ona baxırlar, bu günədək əsl simasını bilmədikləri, kişi bilib dişi çıxan qonşularını ikrah hissiqarışıq istehzayla pərdə arasından seyr edirlər.

     O, başını aşağı salıb qapıya tərəf yönəldi. Adəti üzrə pultun düyməsini basıb əvvəlcə qarajın, sonra maşının qapısını açdı. Sükan arxasına keçib maşını qarajdan çıxardı, düşüb darvazanı açdı, maşını bayıra sürdü. Bu an gördü, küçənin tinində boş-bekar oturan oğlanlar ona tərəf diqqətlə baxıb üzlərində bic təbəssüm nəsə xosunlaşırlar. O, maşından düşüb arxası həmin oğlanlara darvazanı bağlayanda apaydın eşitdi, oğlanlardan biri “mavi  gecələr, mavi gecələr!..” deyə xeyli hündürdən zümzümə edirdi. Onlara tərəf dönüb nəsə deməsə də, tərs-tərs baxmaq istədi, amma cürət eləmədi, qorxdu daha betər sözlər eşitsin. Odur ki, darvazanı bağladı, başını aşağı salıb gedib maşında oturdu. Gözünü məhlə uşaqlarından yayındıraraq tərpəndi. Bu ara qənşərinə çıxan qonşu qadına salam verdi, qadın onun gözlərinin içinə baxa-baxa çıxıb getdi, salamını almadı. Bir az getmişdi, gördü, məhlədə öz incə hərəkətlərilə tanınan qonşu yol kənarında durub tez-tez əlini dalına çəkə-çəkə ətrafa boylanır. O, Alpaşanın maşınını görən kimi sevincək irəli addım atıb əl elədi. Alpaşa maşını saxladı.

     --Salam.

     --Salam!

     --Aşağı gedirsən?

     --Bəli.

     --Mən də şəhərə düşmək istəyirəm.

     --Gəl otur! – Alpaşa bu sözləri açıq ikrah hissi ilə dedi.

Kişi maşının qapısını açıb Alpaşanın yanında oturdu. Alpaşa yenidən ayağını qaza basdı.

     --Alpaşa!

     --Bəli!

     --Bəri bax... Mən elə şeyə pis baxmıram...

     --Nəyə pis baxmırsan? – Alpaşanın səsində güc-bəla ilə cilovlanmış qəzəb hiss olundu.

     --O məsələyə... – Kişi bic-bic irişdi.

     --Hansı məsələyə?

     --Səni bu gün televizorda göstərdilər, mağazada...

     --Nolsun?!

     --Elə şey var idisə, mənə niyə demirdin? Mən hər şeyi başa düşən adamam...

     --Başa düşənsən?

     --Əlbəttə. Dünya dəyişir... Bunlarsa geridə qalıblar... Alpaşa, biz dost ola bilərik...

     --Nə mənada?

     --Mən səni yaxşı kruqla, əntiqə oğlanlarla tanış eləyə bilərəm... Sən də məni öz kruqunla tanış eləyərsən...

Alpaşa əyləci hiddətlə basıb maşını saxladı.

     --Düş!

     --Niyə?

     --Düş deyirəm sənə!

     --Dayan, özndən çıxma!

     --Düş!

     --Sonra məni axtararsan, tapa bilməzsən, haa!

     --Rədd ol!

     --Qulaq as!..

Alpaşanın səbri tükəndi. Özü düşüb yandakı qapını açaraq həmsöhbətinin qolundan tutub dartdı:

     --Hələ ki, səni it leşi kimi sürüyüb salmamışam, düş!

     --Özün bilərsən!- Kişi gördü Alpaşayla sövdələşə bilməyəcək, onun əmrinə tabe olub düşdü, -bizim xudmani yerimiz də var...

     --Əkil! – qonşu sərnişinin ayağı yerə dəyən kimi Alpaşa onu arxadan itələdi. Kişi büdrədi, yıxılmadı, tez-tez dönüb təəccübdolu gözlərilə arxaya baxa-baxa getdi.

     --Onsuz da gey olduğunu dünya-aləm bilir! – bunu tində dönərək üzü Alpaşaya qışqırıb gözdən itdi. 

Alpaşa maşında oturdu. Maşını yenidən işə salıb tərpədərək ürəyindən ötəri bir peşimançılıq hiss də keçdi: Nahaq qovdum, ayıbdı, hər necə olursa olsun, məhlə adamıdı, gündə üz-üzə gəlirik... Gərək qovmayaydım... Deyib-deyib özü susacaqdı... bir də kişi haqlıdı. Birincisi, televizorda “blandinka Alpaşa”nı öz gözü ilə görüb. İkincisi, lap belə əslinə qalsa, mən də onların bir tayıyam, nə fərqi var, istəyirsən bir dəfə olsun, istəyirsən min dəfə!... Adama deyərlər, olub? Olub! Bəs niyə özünü xora-xoşa qoyub naz edirsən? Bir dəfə də olmalıdır, iki min dəfə də... Yox, olmayıbsa, başqa məsələ... Olmadığını kim bilir? Eləyən! Ondan başqa kim bilər? Heç kəs! Niyə bəs heç kəs? Elətdirən də bilməlidir, amma bilmir...

         Alpaşa bu cür qarışıq fikirlərlə, dolaşıq küçələrlə maşını düz ofisin qabağına sürdü. Bir müddət maşından düşmədi, əməkdaşların üzünə çıxmağa üzü yox idi.

         Yəqin ki, indi əməkdaşların çoxu işini bitirib çıxıb evə getmiş olar. Bu vaxta qalan qarovuldan başqa bir iki nəfər də ola, olmaya.

         Alpaşa ofisin həyət qapısını açanda həyacandan dizləri əsdi. Onu görən növbətçi adəti üzrə ayağa durdu. Müdir özünü ələ alıb keşikçinin gözünün içinə diqqətlə baxdı, keşikçi onun üzünə gülümsündü, amma bu ciddi sifətin arxasında əli-qolu cilovlanmış bic murdar təbəssüm də var idi. Bəlkə də belə bir təbəssüm yerli-dibli yox idi, ancaq indi öz kölgəsindən də şübhələnən Alpaşaya elə gəldi ki, var idi.

              --Ofisdə kim var? – Alpaşa bu vəziyyətdə bacardığı qədər zabitəli səslə soruşdu.

              --Heç kəs!

              --Heç kəs?

              --Bir sizsiniz, bir də mən.

              --İkimizik?

              --Bəli, yalnız ikimizik. – Keşikçi onun üzünə gülümsündü.

              --Neynəyək deyirsən? – Alpaşa keşikçinin ürəyindən keçənləri bilmək məqsədilə soruşdu.

              --Nə mənada?

              --Bütün mənalarda! – Alpaşa bunu deyib keşikçinin gözünün içinə diqqətlə baxdı.

              --Siz nəyi məsləhət bilərsiniz, onu da eləyək. – Keşikçi bunu deyib mənasız təbəssümlə gülümsündü.

         Alpaşa bu sözlərdən baş aça bilmədi, istənilən səmtə yozula bilərdi. Odur ki, mərmər pilləkənlə qalxmağa başladı. Üç pilləkən qalxmışdı, Qəflətən dönüb geri baxdı, görsün keşikçi onun dalınca baxır, ya yox? Keşikçi baxmırdı. Kağızı açıb, bayaq müdir içəri girəndə yarımçıq qalan içikolbasalı butterbrotunu yeyirdi.

*** 

         Alpaşa səhər ofisdə öz kabinetinin arxa hissəsindəki darısqal isti rahat otaqda divanın üstündə oyandı. Gün ərzində keçirdiyi güclü stresdən canını qurtarmaq məqsədilə axşamdan yuxu dərmanı qəbul edib paltarını soyunmadan uzanıb yatmışdı.

         Gözünü açandan bir neçə saniyə sonra yaddaşında ilkin canlanan dünənki hadisə oldu. Öz-özünə düşündü: artıq iki gündü həyatımda hər şey dəyişdi, artıq əvvəlki  Alpaşa deyiləm. ən pisi də odur ki, bunu təkcə özüm yox, bütün dünya bilir. Bəlkə də artıq ailəm də yoxdur, subay, yüngülxasiyyətli qadınlar kimi imici korlanmış bir adamam.

         Durub elektron ülgücü cərəyana qoşub üzünün tükünü götürdü. Sonra əl-üzünü yudu, su onun ovqatını xeyli təzələdi. Gəlib yerində oturdu. Bir azdan  qapıarxasındakı canlanmadan hiss etdi ki, əməkdaşları artıq iş başındadırlar.

         Alpaşa bir istədi durub işçilərə baş çəksin, hal-əhval tutsun, işlərin necə getdiyini soruşsun, sonra da həmişəki kimi zarafatlaşsın, yüngülvari məzələnsin.

         Amma istədiyi kimi eləmədi, eləmək üçün içində təpər tapmadi. əməkdaşların ehtimal olunan tənəli baxışlarından qorxdu.

Beləcə, əndişəli tərəddüd içində bir saat keçdi. Srağagün axşam lüt soyunub yatağa girməmişdən öncə söndürdüyü cib telefonunu çıxarıb açdı. Telefonu açan kimi zəng gəldi. Baxdı, müavini idi.

              --Alo!

              --Salam, Alpaşa müəllim!

     --Salam!- Alpaşa diqqətini topladı, istədi müavininin səsində `ona qarşı bir dəyişikliyin olub-olmadığını müəyyənləşdirsin.

     --Bu gün işə gələcəksiniz?

     --Gəlmişəm,işdəyəm.

     --Burdasınız? Siz nə vaxt gəldiniz, mən sizi görmədim?

     --Sübh tezdən.

     --Dünən sizə nə qədər zəng elədim, telefonunuz bağlı idi.

     --Hə, bağlı idi.

     --Demək, indi yerinizdəsiniz.

     --Yerimdəyəm!

     --Vaxtınız varsa, gəlim, xeyli müzakirə olunmalı məsələ var.

     --Gəl!

         Alpaşa durub dünən gecə hər ehtimala qarşı bağladığı qapının açarını fırlayıb açdı. Qayıdıb yerində oturdu. Üz-gözünü xeyli turşudub ciddi görkəm almağa çalışdı. Qələmi əlinə alıb qarşısındakı vərəqə diqqət kəsildi, guya nəsə oxuyub, nəsə düzəldir.

         Bir azdan qapı açıldı, ortayaşlı, tökməboy, qalınbığlı müdir müavini içəri keçdi. Müavin bir azca həyacanlı idi, hiss olunurdu ki, bilmir özünü nücə aparsın.

     --Olar?

     --Gəl keç!- Alpaşa öz müavininin üzünə diqqətlə baxır, hərəkətlərini cidd-cəhdlə izləyirdi ki, görsün bu da bir şey bilirmi, bilirsə, nə fikirdədir.

Müdir müavini otağa keçib Alpaşaya üzbəüz stulda əyləşdi.

     --Işlər necədir?

     --Yaxşı deyil, Alpaşa müəllim.

     --Niyə? Bir gündə dünya alt-üst oldu? – Alpaşa bu sualı bilərəkdən verdi ki, müavin bildiklərini açsın töksün.

     --Elə alt-üst olmuş kimi bir şeydir.

     --Nə oldu?

     --Dünən günortadan sonra partnyor firmaların əksəriyyəti zəng elədi, bizimlə olan əməkdaşlıq sazişlərini dayandırdıqlarını söylədilər.

     --Niyə? – Alpaşa bu sualı verməklə onu vurğuladı ki, guya niyəsini bilmir.

     --Bilmirəm, deyirlər, bizə nə mal verəcəklər, nə də bizdən mal alacaqlar

     --Neçə firmadan zəng olundu?

     --Beş!

     --Daşdəmirgil də belə qərar verib?

     --Daşdəmir müəllim özü zəng eləmişdi.

     --O nə deyir?

     --Deyir, sazişi birtərəfli pozuram.

     --Səbəbini soruşmadın?

     --Soruşdum.

     --Nə deyir?

     --Üzr istəyirəm, - müavin əvvəlcə gözünü müdirin gözlərindən yayındırdı, sonra başını aşağı saldı, -ağlına gələni danışır.

     --Nə deyir axı?

     --Deyir...

     --Hə!.. Nə deyir?

     --Deyir, mən Alpaşa müəllimlə əməkdaşlıq eləyirdim, ta “blandinka Alpaşa” ilə yox...

     --“Blandinka Alpaşa” kimdir?

     --Sizi deyir?  

     --Məni?

     --Hə,sarı parikinizi nəzərdə tutur.

     --Demək o da baxıb...

     --Baxıb...

     --Sən də baxdın?

     --Otaqda televizor açıq idi, tərs kimi, yanımda adamlar var idi, hamı baxırdı, mən də baxdım.

     --Sən də inandın? – Alpaşa elə soruşdu ki, hiss olundu, öz müavinindən “inanmadım” cavabını almaq istəyir.

     --Əvvəlcə inanmadım. Sizi günorta xəbərlərində göstərəndə yanımdakı əməkdaşlar çaşqınlıq içində qışqırdılar ki, Alpaşa müəllimə baxın, cinayətkar onu özünə sipər eləyib,dalına gizlənib!... Mən onların üzünə çımxırdım, dedim, axmaq-axmaq danışmayın, korsunuzmu? O qadındı, sadəcə olaraq Alpaşa müəllimə oxşayır!.. Adam adama oxşayar da!... Onlar inadlaşdılar ki, nəyə deyirsən mərc gələk, Alpaşa müəllimdi! Belə olduqda acıqlanıb təpindim, dedim, səsinizi kəsin, hətərən-pətərən danışmayın! Görmürsünüz xanımdı, özü də sarışındı. Az qala onları inandırıb susdurmuşdum ki, o köpəkoğlu cinayətkar saçınızdan yapışdı, parikinizi başınızdan qoparıb, polisin üzünə çırpdı. Sizi belə görəndə, sözün düzü matım-qutum qurudu, deməyə sözüm qalmadı. Sizi özünə sipər eləyən it oğlu pariki başınızdan qoparanda, otağa bir uğultu yayıldı,-- Gördünüz? İndi əmin oldunuz?!-- Hərə bir tərəfdən qışqırdı.

     --Ən çox fəallıq eləyən kim idi?

     --Nişapur!

     --Əməyim onun burnundan gəlsin! Nankor!

     --Elələri adamı rüsvay eləmək üçün məqamı gözləyirlər...

     --Firuz necə?

     --Yalan deyə bilmərəm. O, nə ağ deyirdi, nə qara. Eləcə televizorda verdiklərini maraqla izləyirdi.

     --Hə, pariki başımdan çıxaranda sən də inandın.

     --Çaş-baş qaldım, bilmədim gözlərimə inanım, inanmayım... Amma ekrana diqqətlə baxanda, gördüm... gördüm...

     --Nə gördün?

     --Gördüm sizsiniz...

     --Və inandın..

     --Nə deyim vallah, hələ də özümə gələ bilmirəm.

     --Göz gördüyünə iananar...

     --Onu siz dediniz...

     --Işçilərin hamısı yerindədir?

     --Hamı yerindədir.

     --Nə deyirsən, çıxım baş çəkim, yoxsa, hələ üzə çıxmağım məsləhət deyil?

     --Çıxıb bir “obxod” eləməyiniz məsləhətdir. Çıxmasanız şübhələri daha da artar.

     --Yaxşı, çıxım deyirsən, çıxaq, otaqları gəzək! - Alpaşa bunu deyib yerindən durdu. Müavin də onunla birgə qalxıb qapıya tərəf yönəldi.

         Alpaşanı görən işçilər karıxıb qalmışdılar, bilmirdilər, əvvəlki kimi rəftar eləsinlər, yoxsa dünən televizorda müxtəlif kanallarda bir neçə dəfə gördükləri imicə uyğun davransınlar. Bəziləri, içlərini çovğun kimi söküb dağıdan həyasız gülüşü gücbəla ilə cilovlayırdılar, Alpaşa da bunların hamısını əməkdaşların üz-gözündən oxuyurdu, amma heç nə deyə bilmirdi. Bir də nə deyə bilərdi? Bunlardan da soruşa bilməzdi ki, dünən televizorda əyanı şəkildə gördüklərinizə, yəni hörmətli müdirinizin maviliyinə inanırsınız, inanmırsınız?

         Dönüb deməzdilərmi, necə inanmayaq ki, dünən mağazada sarıtelli parikini gözümüz önündə başınızdan qoparıb polisin ayaqları altına atdılar. Az qala, güllü-çiçəkli donunuzu cırıb pardaxlayıb oradaca, camaatın gözü qabağında zorlamışdılar... İndi özünüz  deyin, cənab müdir, bundan sonra necə inanmayaq. Bu kor olmuş gözlərimizlə gördüklərimizə inanmasaq belə, kar olmuş qulaqlarımızla eşitdiklərimizə də inanmayaq? Dünən gün ərzində çeşidli kanalların xəbər aparıcıları yekdilliklə təkrarlayırdılar ki, tanınmış resedivisit təqib edilərkən, filan mağazaya soxulub və orada təsadüfən qarşısına çıxan seksual azlıq nümayəndəsini girov götürüb, xoşbəxtlikdən günahsız girovu tezliklə buraxıb və aradan çıxıb. Bütün bunlar həmin mağazanın nəzarət kamerasına düşüb, belə ki, həmin o nadir görüntüləri diqqətinizə təqdim edirik... – Aha, bu da sənə göz gördüklərinin səsli əsası olan qulaq dəlili!

          Alpaşa belə bir cavabı əvvəlcədən güman edirdi deyə, dünənki hadisənin qəti üstünü vurmadı. Otaqlaqlara baş çəkəndə də özünü arada-bərədə heç nə olmamış kimi aparırdı. Amma birinci dəfədir belə qəliz məsələ ilə qarşılaşan zavallı işçilərdən daha həssasları özlərini belə apara bilmirdilər, sanki üzlərindəki ifadələr ciddi nəzarətdən çıxmışdı.

         Alpaşa Nişapurla tərs kimi dəhlizdə rastlaşdı. Ona tərəf bir növ qanlı-qanlı-qanlı baxdı. Nişapur üzündə ikibaşlı təbəssüm “Salam, Alpaşa müəllim!” – deyib keçəndə Alpaşa dönüb geri baxdı, gördü

Nişapur da geri baxır, odur ki, onların gözbaxışları toqquşdu.

              --Dalımca niyə baxırsan, əə?! – Alpaşa bunu deyib, əlini qeyri ixtiyari dalına çəkdi.

     --Mən sizin dalınızca baxmıram! – Nişapur tutuldu.

     --Baxırsan axı!

     --Alpaşa müəllim, Nişapur bic-bic gülümsündü, -arxayın ola bilərsiniz, məni elə şeylər maraqlandırmır...

     --Nə cür şeylər maraqlandırmır? -  Alpaşa hirsini güc-bəla ilə cilovlayaraq soruşdu.

     --Sizi maraqladıran şeylər...

     --Məni maraqlandıran şeylər!?

     --Bəli, elə şeylərdən uzağam. Mən ənənəvi seksual oriyentasiyaya sadiqəm!..

     --Sən bu gündən bu firmada işləmirsən!  Eşitdin!? – Alpaşanın səsinə xırıltı qarışdı.

     --Onsuz da bilirdim, mənim kimilərinə sizin yanınızda yer ola bilməz. Sizə sizin kimiləri lazımdır!

     --Rədd ol! Bir dəqiqədən sonra səni bu ofisdə görməyim!

     --Görmək istəsən də, görə bilməzsən!

         Nişapur bu sözləri deyib dönüb getdi. Bundan sonra Alpaşanın ofisində heç kəs dönüb arxaya baxmadı, bildilər bu çox xatalı şeydir. əslində dönüb dala baxmağa elə bir səbəb də yox idi, çünki Alpaşa üç gün, üç gecə çöldəkilər üçün ofisdən, ofisdəkilər üçün kabinetdən çıxmadı.

         Heç kəsi qəbul etmədiyindən, kimsə ilə kəlmə belə kəsmədiyindən bilən olmadı həmin üç sutka ərzində Alpaşa orda nə ilə məşğul oldu, nə fikirləşdi, hansı qərarı qəbul etdi.

         Ağzıgöyçəklər (söhbət ofisin əməkdaşlarından gedir) xosunlaşaraq deyirdilər ki, deyəsən heç kabinetdə deyil. Gecə əl-ayaq çəkiləndə, qapıdakı keşikçi bir anlığına yuxuya gedəndə, müdir sevimli üstüçiçəkli miniətəkli donunu geyinib, uzuntelli parikini başına qoyub aradan çıxıb, yəni gedib qədim peşənin pişvazında durmağa, xoşhallanaraq inildəyə-inildəyə nazını çəkməyə.. o gedən gedib, geri qayıtmayıb.

         Amma bu cür dedi-qodunun əleyhinə olan bir fakt, danılmaz bir fakt ofisin həyətində, belə demək mümkünsə,tərpənmədən dururdu, bu da nə idi? Alpaşanın bahalı maşını. O, üç gün bundan qabaq sahibi harda saxlamışdısa, həmin yerdə idi.

         Bu faktı batilləşdirmək niyyətində olanlar xosun-xosun deyirdilər, maşını gözdən pərdə asmaq üçün orda saxlayıb, özü isə əqidədaşlarının maşınına minib gedib.

         Ofisdəkilər bilməsələr də, biz ki bilirik, bunlar hamısı şaiyədən başqa bir şey deyil. əsl gerçəklik bundan ibarətdir ki, o adam üç gün, üç gecə kabinetdən çıxmayıb, dərin fikirlərə dalıb tülkü tələyə düşən kimi, düşdüyü vəziyyətdən çıxış yolu axtarırdı.

         Həmin müddət ərzində telefonlarına zənglər də gəldi. Bəziləri xəttin o başında susub ehtiraslı tərzdə fısıldaşırdılar. Alpaşa bir-iki dəfə “alo, alo!” deyib dəstəyi asanda, bir də zəng edib şəhvətli fışıltı ritmini artırırdılar.

         “Fısılda, fısılda görüm haçanacan fısıldayacaqsan, sənin yaxşı-yamanını!...” Alpaşa bu sözləri dişinin arasından buraxıb dəstəyi telefon cihazının üstünə çırpırdı. Bəzilərisə daha açıq davranırdılar. Məsələn, zəng edib məhz Alpaşa müəllimlə danışdıqlarını dəqiqləşdirəndən sonra, srağagün Alpaşa yolqırağından götürdüyü adamdan soruşduğu kimi soruşurdular, bir gecəsi, və yaxud bir saatı neçəyədir.

         O belələrinə cavab vermirdi, boğazına gələn qəhərdən boğula-boğula dəstəyi asırdı.

         Beləcə, üç gün dolaşıq fikirlər və qarışıq zənglər içində keçdi. Alpaşa ha düşündü, ha daşındı, bir yana bir şey çıxara bilmədi.

         Dördüncü gün iş vaxtı başa çatandan sonra Alpaşa əvvəlki adəti üzrə kabinetdən çıxıb, ona heyrətlə baxan qapıçıya “axşamın xeyirə qalsın” deyib getdi. Bir başa getdi demək düz çıxmaz. O, qapıdan çıxan kimi qəflətən dönüb geri baxdı, ağzında çörək-kolbasa höykələyən qapıçı xoşbəxtlikdən onun dalınca baxmırdı. Bu ismətli, gözütox qapıçıya hörməti daha da artan Alpaşa maşına oturdu. Nə fikirləşdisə, geri düşdü, gedib qapıçıya 50 manat verdi. Qapıçı təəccüblə üzünə baxdı. “Nəyə görə?”- deyə soruşdu. “Yaxşı oğlan olduğuna görə!...” – deyib yenidən maşına tərəf getdi. Amma bilmədi ki, qapıçıya ülvi minnətdarlıq hissi olaraq verdiyi o pulu da nahaq verdi. Niyə? Ona görə ki, nəfsitoxluğa görə verilən mükafat yeni şayələrin əsasını qoyaraq azca öləziyən dedi-qodunu alovlandırdı: Səhər işə gələn ofisin əməkdaşları həmin pul məsələsini ucdan-qulaqdan eşidəndə yenidən pıçıldaşmağa başladılar: “Az, lap sırtılıb, dünən axşam qapıçıya “padxod” eləyirmiş, cibinə əlli manat basıb (bəziləri deyirdilər yüz manat olub) deyib, sən yaxşı oğlansan, səndən möhkəm xoşum gəlir, ölürəm sənin üçün, səni görəndə əriyirəm...”

         Nə isə... kürəyinə gözətçinin heyrətli gözbaxışları zillənən Alpaşa maşına minib birbaşa evə sürdü. Əvvəl olsaydı, o yan-bu yana dönərdi, yol boyu dost-tanışa baş çəkərdi, gedib evə çatana qədər gündəlik kama çatardı. Amma indi Alpaşanın halı o hal deyildi, imkan daxilində az adam gözünə görünmək, evə tez çatmaq istəyirdi.

Alpaşa öz həyətinə yaxınlaşan kimi, gözü evin üst mərtəbəsinin pəncərələrini tutdu. Gördü, pəncərələrdən heç birində işıq görünmür. Giriş qapının üstündəki işıq da yanmır. Demək, evdə adam yoxdur. Bəlkə evdədirlər, məyus halda, erkən də olsa, işığı söndürüb yatdılar. Eləsə, qapıdakı işığı niyə söndürüblər? Yox, bu yaxşı əlamət deyil, bu o deməkdir ki, ev kimsəsizdir.

         Alpaşa maşını darvazanın ağzına sürdü. Bir təhər sürdü desəm, daha düz olar, çünki gözbəbəy qədər əziz bildiyi evinin pəncərələrini qaranlıq görəndə, sanki dizləri taqətdən düşdü, qazı basmağa ayağında bir pedallıq qüvvət qalmadı, çünki bu qaranlıq pəncərələr onun candan əziz bildiyi ailəsinin getməyi, həmişəlik getməyi deməkdir.

         O, maşından düşüb darvazanı açanda, instiktiv olaraq ətrafa boylandı. Bekarların yığışdığı mənşər yerdə iki-üç qaraltı var idi. Qonşu pəncərələrdə işıqlar yanırdı, elə bil evlərdəki işıqlar onun evindəki işığın yanmamasını vurğulamaq üçün, otaqlarda hökm sürən cansıxıcı boşluğu və qaranlığı daha da tündləşdirmək üçün yanırdı.

         Həmin anda Alpaşaya elə gəldi ki, küçənin tinində siqaretlərinin ucu qurd  gözü kimi parlayan oğlanlar da evlərdəkilər də üzlərində rişxəndli təbəssüm gözlərini mərətləyib yeniimicli qonşularına baxırlar, onun dişilərə məxsus etirasından, güdazına getdiyi şəfqətli nəfsindən danışıb şirin-şirin pıçıldaşırlar.

         Alpaşa maşını içəri sürüb qaraja saldı. Pultun düyməsini basıb qarajın qapısını bağlayandan sonra evin qapısına yaxınlaşdı. Əlini atıb dəstəyi aşağı çəkdi, qapı qıfıllı idi. Cibindən açarı çıxarıb qapını açdı. Sanki içəridəki zülmət ev sahibini çölə itələdi. O, əliylə sinciləyib dəhlizdəki işıq qurğusunu tapıb işığı yandırdı. Ayaqqabılarını çıxarıb otağa keçdi, oranın işığını da yandırdı. Ev bomboş idi. Sanki evdəki bu boşluqda, bu kimsəsizlikdə insana yer qalmamışdı, hər yanı boşluq tutmuşdu, bu boşluq Alpaşanı ən sıx qalabalıqdan, tünlükdən daha çox sıxdı.

         Alpaşanın ürəyi boğazına tıxandı, ağlamaq istədi, amma ağlaya bilmədi. Qəflətən gözü maşının üstündəki kağız parçasına sataşdı. Keçirdiyi iztirablardan əli əsə-əsə götürüb oxudu: “Alpaşa, mən daha bu evdə qala bilmərəm, mavi bir kişi ilə bir damın altında yaşayammaram. Balalarımı da götürüb atamgilə gedirəm. Uşaqlarımın bu gününü və gələcəyini hər cür ləkədən qorumaq mənim analıq borcumdur. Neynəməli, görünür, qismətimiz belə imiş. Bu gündən belə gəncliyimdə tanıdığım, onunla birgə isti yuva qurduğum Alpaşanın xatirəsilə yaşayacam. Bircə şeyə təəssüflənirəm, necə olub ki, sən öz pozgun, əxlaqsız məxfi həyatını məndən gizlədə bilmisən?! Hər şey burnumun ucunda baş verib, mənimsə bundan xəbərim olmayıb. Əlvida. Sevda”.

     Alpaşa məktubu oxuyub masanın üstünə atdı. Bu dəfə nə qədər əsassız olsa da, dərindən köks ötürüb etdiyinin fərqinə varmadan əlini dalına çəkdi.

         O bir müddət beləcə qaldı, bilmədi nə etsin. Sonra dönüb qapını arxadan bağladı, dəhlizdəki işığı söndürüb yenidən otağa qayıtdı. Divanda oturub fikrə daldı. Sonra durub otaqları gəzdi, yataq otağının qapısında durub Sevdayla birlikdə illərlə baş qoyduğu yatağa xeyli baxdı. Divardakı saat durmadan işləyirdi, elə bil bir azdan nəsə baş verəcək. “Vaxt boşluqda da gedərmiş” – bunu Alpaşa öz-özünə fikirləşirdi, - birinci dəfədir ki, adamsız zaman görürəm... Amma bu evin sakinləri qayıtmalıdırlar, nəyin bahasına olursa-olsun qayıtmalıdırlar. Dayanmadan işləyən saat da buna bir işarədir. Zaman dayanmayıbsa, demək ümid hələ ölməyib, zaman hər şeyi dəyişdiyi kimi, vəziyyəti bir də dəyişə bilər, beş də.

         Saatın aramsız olaraq işləməsinə baxa-baxa hardansa, Alpaşanın ürəyinə qəribə bir nikbinlik hissi gəldi.

         O, qəflətən dönüb bayaqkı otağa qayıtdı. Stolun üstündəki kağız parçasını səliqə ilə qatlayıb cibinə qoydu. Durub ətrafa boylandı. Hiss etdi ki, evdə otura bilməz, qalsa, bu gecə bu boşluq onu sıxıb boğa bilər.

         Alpaşa bayıra çıxdı. Pultun düyməsini basıb, qarajın qapısını açdı. “Mütləq bilməliyəm mehmanxanadan salamat çıxdım, ya yox? Bunu bilsəm, ailəmi qaytarmağa da təpər tapacam” – O, bunu maşına minərkən fikirləşdi.

         Həmin axşam Alpaşa şəhərin küçələrində xeyli veyilləndi. Gedirdi, gedirdi, amma getdiyi ünvan yox idi. Sonra sükanı fırlayıb geri dönürdü, geriyə dönən yollar da ünvansız idi. Bəlkə də şəhərin dolaşıq küçələrində özünü azıtmaq, özündən qaçmaq istəyirdi. Bəlkə də onun qəlbində ani ümid işartısı yandıran vaxtı hərəkətdə qoruyub saxlamaq istəyirdi... Soruşsan, özü də dəqiq cavab verə bilməzdi, nə istədiyini özü də bilmirdi.

         Bir iki dəfə sükanı qeyri-ixtiyari axşamlar kef elədiyi restoranlara tərəf fırladı, fikirləşdi, bir qədəh vursun, bəlkə stresdən çıxır, halı bir az yüngülləşir, sonra bu fikirdən daşındı. Tövbə deyib axı, ölənə qədər içməyəcək, içsə də sükan arxasında oturmayacaq.

         Restoranların yaxınlığından keçəndə bir növ əti ürpəşdi, sümüyü çaxnaşdı. Buralarda onun, o alçağın, xortdan kimi qabağına çıxacağından xoflandı.

         Görəsən, buralarda rastına çıxsa, Alpaşa neynəyər? Şir kimi atılıb onu boğarmı? Ailəsini dağıtdığına görə, el içində rüsvay elədiyinə görə, və nəhayət kişini yuxuya verib müəmmalı vziyyətdə onun paltarını geyib gecə ikən aradan çıxdığına  görə onun şah damarını açıb qanını içərmi? Yoxsa əvvəlcə onun xirtdəyinə çöküb həmin gecə əslində nəyin baş verdiyini, kimin kiminlə olduğunu öyrənməyə cəhd edər, buna nail olandan sonra isə qanına qəltan edib it leşi kimi küçənin ortasına atar?... Yoxsa, Alpaşa ara-namusa boğular, görsə də, görmədim deyib gözünü ondan yayındırar, göz-gözə sataşınca, ismətli xanımlar kimi aradan çıxar?

         Yox, üz-üzə gəlsələr, Alpaşa nə edəcəyini dəqiq deyə bilməz. O da adamdı. Həmin anda hansı hissin hakim kəsiləcəyini, hansı impulsun vuracağını maşında oturduğu yerdə müəyyənləşdirmək çətindir. Gərək üz-üzə gəlsinlər ki, gerçəkllik də özünü göstərsin.

         Xeyli veyilləndikdən sonra Alpaşa hiss etdi ki, həm sükan, həm bu götürqoylar, həm də aramsız iztirablar onu yordu. Növbəti restoranın lap yaxınlığında “yox, burdan keçməyəcəm!”deyib maşını ağzını evə tərəf gedən yola döndərəndə sanki sükan arxasında diksindi. Gördü, onu gördü, amma Alpaşa gözlərinə inanmadı.

         O, demək olar ki, yenə də eyni libasda, başında sarı parik, restorandan gələn yolun döngəsində durub o yandan gələn maşınları üzündə növbətçi təbəssüm diqqətlə izləyirdi.

         Alpaşa maşını ona tərəf necə sürdüyünü, onunla üzbəüz necə saxladığını, maşından düşüb onun üstünə necə atıldığını bilmədi. Sanki bunların hamısını Alpaşanın özü yox,onun daxilində hansısa məchul bir qüvvə elədi. Elə bil həmin qüvvə Alpaşanı onun üzrəinə top kimi atdı.

         O, təntidi, qaçmaq istədi, ancaq artıq gec idi. Alpaşa onun sarı tellərindən yapışdı. Parik Alpaşanın əlində gəldi.

         Alpaşa özünə gələndə gördü, onun qarşısında bir azca hürkmüş, qara qaş, qara göz, siyahsaç, hündürboy bir xanım durub.

              --Demək, sən.... sən... Xanımsan? – Alpaşa çaşqınlıqdan və içini ildırım sürətilə bürüyən sevincdən bilmədi nə desin.

              --Bəli! – qız bir növ məğrurcasına gülümsünüb, başıyla da təsdiqlədi.

              --Bəs... Srağagün mehmanxanada... Niyə belə elədin?..

              --Sən yatırdın... Oyatmaq istəmədim... durub getdim.

Alpaşa qızın istehzasını tutdu. Odur ki, soruşdu.

              --Bəs niyə mənim paltarımı geydin?

              --Bu uzun məsələdir...

              --Mənim üçünsə son dərəcə əhəmiyyətli məsələdir.

              --Onda qulaq asın, deyim... Bəlkə əvvəlcə məni çaya dəvət edəsininz?

              --Yenə paltarımı geyinib qaçmazsan ki?

              --Paltarını soyunma ki, geyinib qaçmayım. Bir də nəzərə alsaq ki, çay süfrəsi arxasında paltarı çixarmırlar, əmin ola bilərsiniz, sizi təkrarən belə təhlükə gözləmir.

              --Yaxşı, gedək! – Alpaşa maşına yaxınlaşdı, xanım üçün qapını açdı. Sonra özü də sükan arxasında əyləşib maşının ağzını restorana tərəf döndərdi.

*** 

         Onlar restoranda xudmani bir küncdə əyləşdilər. Alpaşa həm özü üçün, həm də xanım üçün çay və tort sifariş verdi.

     --Hə! – Yəni o uzun məsələni söylə deyə, xanıma işarə etdi.

     --Mən bu üsulla sizin kimi hər şeydən doyub xanımların üzünə gəyirən kişilərdən qisas alıram. – Bunu deyəndə xanımın üzünə acı təbəssüm çəkildi:

     --Məni kimi?

     --Pula pul deməyən, özlərindən başqa heç kəsin taleyi ilə maraqlanmayan, əksinə kövrək taleləri sındırıb ayaqları altında tapdayan kişilərdən heyif alıram...

     --Başa düşmədim.

     --Mın zərif bir qız idim. Sizin kimi bir iş adamı guya mənə vuruldu, məni sevdi, hisslərimlə oynadı... Məqsədi isə bir neçə gecəlik eyş-işrət imiş. O, məni bədbıxt edib atandan sonra mənim nəzərimdə sizin kimiləri, üzr istəyirəm, camaatın hesabına harınlamış kişilər birləşib bir sifət oldunuz. Mən zərif bir qadınam, kimə neyləyə bilərdim. Bunu mənə bir nəfər rəfiqəm öyrətdi. O da mənim kimi atılmışlardandır, bunu özü icad eləyib... Artıq bir neçə ildi restoranlardan bir az aralıda durub, yeyib-içib köpən kişilərin yolunu gözləyirəm. Bizim kişilər qızbaz, ətək sevəndi, onlar məni görən kimi maşını saxlayıb aparırlar, əslində mən onları aparıram. Soyunub yatağa girən kimi ehmalca dəsmalımda burunlarına yuxu dərmanı yaxınlaşdırıram. Dərman və içkinin təsirindən gözlərinə yuxu gedir. Mən isə onların paltarlarını geyininib aradan çıxıram. Oyananda, elə təsəvvür yaranır ki, yatarkən onların namusuna təcavüz edib işlərini bitiriblər. Bu minvalla şəhərimizdə neçə-neçə kişi sənin kimi elə bilir ki, bakirəliyini yatarkən verib, dişiləşib. O gündən sonra instiktiv olaraq, əllərini dallarına çəkə-çəkə gəzirlər. Fikir verin, ətrafda belələrinin sayı get-gedə artır... Ölənə qədər bu hisslə yaşayırlar, öləndə də həmin “sirr”i özləri ilə birgə qəbrə aparırlar. Bundan böyük cəza olar?!

     --Mənim ailəm dağıldı, axı! Sənin paltarını geyib mağazadan özümə paltar almağa gedəndə, orada hadisə baş verdi, nəzarət kameralarına düşdüm, televizorda göstəriblər, hamı baxıb, ailəm də...

     --Bilirəm, mən də baxdım, doyunca güldüm...

     --Mənimsə halıma ağlayan lazımdır, -Alpaşa bunu deyib, cibindən kağız parçasını çıxarıb qatını açaraq xanıma uzatdı.

Xanım məktubu oxuyub gülümsündü, ona qoşulub Alpaşa da güldü.

     --Indi neynəyək?

     --Sən o kişilərdən yeganə kişisən ki, bu sirri bildin, amma ən çox cəza alan da sən oldun, - xanım üzündə xoş təbəssüm dedi, -səni mükafatlandırmaq olar. Qoy bu çay qalsın, insanın evindəki çayı soyumamalıdır. Elə deyilmi?

     --Elədir!

     --Eləsə, dur çayın pulunu ödə, məni qaynatangilə, arvadının yanına apar, mən ona hər şeyi xırda-xırda danışaram, o məni bir qadın kimi başa düşər. Hələ ümidvaram ki, söylədiklərimdən məmnun qalar.

          Çayın pulunu ödədikdən sonra, onlar restoranın qabağında duran Alpaşanın bahalı, kasıbların hesabıyla çox bahalı maşınına sarı yönəldilər. Kənardan baxanda bir-birinə elə yaraşırdılar, hara getdiklərini bilməsəm, mən də deyərdim, fələk bunları bir-biri üçün yaradıb.

 





09.07.2021    çap et  çap et