MÜSABİQƏ TİKA-nın BAKI PROQRAM KOORDİNATORLUĞUNUN DƏSTƏYİLƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏ ÜZRƏ ELAN OLUNUB
Bugünlərdə Bakıda "Hər mövsüm bir işıq" mövzusunda, Azərbaycan və Türkiyənin ortaq mədəniyyətlərinin dəyərli şəxsiyyətlərini anlamaq və təbliğ etməyə yönələn layihənin təqdimatı və layihə çərçivəsində inşa müsabiqəsinin elan edilməsilə bağlı tədbir keçirilib. Layihə Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatorluğunun, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və "Avrasiya Beynəlxalq Tədqiqatlar İnstitutu" İctimai Birliyinin birgə əməkdaşlığı ilə gerçəkləşir.
Media nümayəndələri üçün təşkil edilmiş tədbirdə TİKA-nın Bakı ofisinin əməkdaşı - koordinator Mustafa Haşim Polat, "Avrasiya Beynəlxalq Tədqiqatlar İnstitutu" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva, Təhsil Nazirliyinin nümayəndəsi Firudin Həmzəyev və başqaları çıxış edərək layihənin, inşa müsabiqəsinin əhəmiyyətindən danışıblar.
Çıxış edənlər ölkəmizdə Prezident İlham Əliyevin "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 2014-cü il 21 yanvar tarixli Sərəncamına əsasən silsilə tədbirlərin keçildiyini bildirərək layihənin də ilk mərhələsinin bu görkəmli mütəfəkkirin həyat və fəaliyyətinə həsr edilməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Əli bəy Hüseynzadənin həyat və ictimai-siyasi fəaliyyəti, publisistikası haqqında söhbət açan natiqlər onu bütün türk dünyasının görkəmli mütəfəkkiri və Azərbaycan xalqının ictimai fikir tarixinin formalaşmasında müstəsna xidmətləri olan siyasi xadim, yazıçı-publisist kimi xarakterizə ediblər.
Qeyd edilib ki, böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olmuş Əli bəy Hüseynzadə təkcə Azərbaycan milli tarixinin deyil, bütövlükdə türk islam dünyasının nadir simalarından biridir. O, uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində özünəməxsus iz qoyub. O, XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində də müstəsna xidmətlər göstərib. Vurğulanıb ki, layihənin ilk mərhələsinin Əli bəy Hüseynzadəyə həsr edilməsinin məqsədi gənclərimizi böyük şəxsiyyətin mütərəqqi fikir və ideyaları ilə tanış etmək, bu görkəmli maarifpərvər insanın Vətəninə, dövlətinə, xalqına və insanlara olan sevgi və münasibətindən örnək götürməkdir.
Məlumat verilib ki, orta məktəblərin VII, VIII və IX sinif şagirdlərini əhatə edəcək "Hər mövsüm bir işıq" layihəsi çərçivəsində Azərbaycan və Türkiyənin tanınmış ədib, elm və mədəniyyət, ictimai-siyasi xadimlərinin həyat və yaradıcılığı haqqında hər üç aydan bir mükafatlı inşa müsabiqələrinin təşkili nəzərdə tutulub.
Layihə mədəni degenerasiyaya qarşı, ortaq dəyərlərimizi yaşadıb təmsil edən şəxsiyyətləri daha yaxşı anlamaq və təbliğ etmək üçün gənclərin təşviq edilə bilmələri məqsədilə həyata keçirilir.
Nəzərə çatdırılmışdır ki, müsabiqəyə təqdim olunacaq inşa yazıları mayın 5-dək toplanacaq və həmin ayın sonlarında qaliblər elan ediləcək. İlk 3 yerin sahibi müxtəlif hədiyyələrlə təltif olunacaq. Birinci yerin sahibi isə xaricdə təhsil almaq imkanı qazanacaq.
Sonda hər iki ölkənin böyük şəxsiyyətlərindən biri, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı inşa müsabiqəsi elan edilib.
çap et