525.Az

Fikrət Qoca: şair ömrü, yazıçı yaşantıları


 

Fikrət Qoca: şair ömrü, yazıçı yaşantıları<b style="color:red"></b>

Oxuduğumuz bir çox hekayə romanı ünlü şair Fikrət Qocanın çoxdan bəri şeirlə birlikdə nəsr yaradıcılığıyla da məşğul olduğunu göstərir.  "Onun  əsərləri ilə şəxsiyyəti arasında qəribə bir uyğunluq mövcuddur. Həyatda çox dinc, sakit, həlim  təbiətli, yığıncaqlarda xeyir-şər  məclislərində adi diqqətdən yayınan bir insan kimi tanıdığımız Fikrət Qoca əsərlərində yüksək dərəcədə həssas həyəcanlı, xalqın, vətənin, dünyanın böyük dərdlərini yumruğu boyda ürəyində mətanətlə daşıyan, narahat, qayğılı cəfakar bir şairdir". Bu sözləri onun haqqında mərhum akademik Bəkir Nəbiyev yazıb. Professor Nizami Cəfərovun fikrincə isə: "Bizdə ədəbi proses elədir ki, nəsr düşüncəsi ardıcıl olaraq şeir düşüncəsindən qidalanır. Amma Fikrət Qocanın poetik marağı elədir ki, bir çox vəziyyətdə nəsr materialına da təsir edir, poeziyada nəsr təməlində düşünür, eksperimentlər  edir, bütün eksperimentlər isə təməldə tək məqsədə -qaydaları zədələmədən şeir düşüncəsinin sərhədlərini genişləndirmək məqsədinə xidmət edir".

Şair, ədəbiyyatçı  Gülxani Pənaha görə: "Fikrət Qocanın nəsr əsərlərində belə bir xətt daha çox gözə çarpır ki, müasir dövr keçmişlə üz-üzə gəlir, burada qarşılaşdırma deyil, yalnız ayrı-ayrı zamanların yetişdirdiyi insanların psixologiyası  araşdırılır.Onun  nəsr əsərlərinin hər biri zərurətdən yaranmışdır". Yazıçı Nəriman Əbdülrəhmanlı deyir ki: "Fikrət  Qocanın uzunlu- qısalı nəsr əsərlərində poeziyasından aldığı gözəl tərəflər çoxdur. Bu da, şübhəsiz hər qələm sahibinə nəsib olmayan sənətkarlıq hadisəsidir". Tənqidçi Vaqif Yusifli F.Qocanın nəsr yaradıcılığı haqqında bildirir: "Onun nəsrində çağdaş həyatımızın ən zəruri, ən acılı problemlərə toxunub. Bu baxımdan onun nəsri çağdaş nəsrimizin yönləriylə kəsişir".

Sadə, adi həyatı, vətəni, cəmiyyətin problemlərini, insanı, insani münasibətləri, insan sevgisini ehtiva edən şeirləriylə bərabər, duyub yazdığı  nəsr əsərləri Azərbaycanda sevilərək oxunur. Türkiyədə daha çox "Gəl, ey səhər" mahnısının mətn yazarı kimi tanınan usta şair Fikrət Qoca ilə Bakıda - Birinci katibi olduğu Azərbaycan Yazıçılar Birliyinin tarixi binasında söhbət etdik.

-Sizin bir çox əsərinizin; romanlarınız, uzun hekayələriniz, pyeslərinizin nəşr olunduğunu bilirəm. Amma neçə romanınızın çap olunduğunu tam olaraq bilmirəm. Dörd, yoxsa beşdirmi?

-Altı. Altı nəsr kitabım çıxıb: "Mavi dünyanın adamları", "Mil-mil balıq", "Qanlı qərənfillər", "Kələfin ucu", "Hələlik qiyamətəcən", "Taleyin ağır taleyi", "Dəniz altındakı xatirələr".

-Fikrət bəy, amma yeddi kitab oldu... Son illərdə hansı əsərləriniz işıq üzü gördü?

- Bəli, məndə belə şeylər olur, hər zaman öz işlərimdən danışanda az söyləyərəm, amma saydığımdan çox çıxar. Son illərdə şeirlərimdən ibarət beş cildlik "Seçilmiş əsərlər", "Dayanacaqda görüş", "Könlümdən keçənlər", "Sönən deyil bu ocaq" kitabları, eyni zamanda "Azərbaycan" jurnalında "Suzen Dark ya məhəbbət piri", "Qarğa səsi" adlı əsərlərim çap olundu.

-Əsərlərinizin qəhrəmanları sizin uşaqlarınız sayılır, yəni onları siz dünyaya gətirmisiz. Xarakterləri sizə bənzəyirmi?

-İnsanların damarlarındakı qan ilk baxışda eynidir, bənzərdir. Biz eyni zamanda bu eyni görünən qanların qədər fərqli olduğunu bilirik. Şübhəsiz, bu qəhrəmanların hər birində mənim hissimdən, duyğumdan, arzumdan, məndən bir şeylər var. Amma onların yaşadığı zaman hadisələrə, şəraitə, düşdüyü vəziyyətə görə tamamən fərqlidir. Məsələn, "Dəniz altındakı xatirələr" romanında Bəhram İkinci Dünya müharibəsində faşist Almaniyasına qarşı vuruşur. Müharibədə ölməkdən qorxur, çünki onun əsl düşməni öz kəndlərində qalıb. Onun nişanlısını almışdır. O, mütləq bu müharibədən ölmədən dönməlidi, intiqam almalıdı. Buna görə "mən kiçik bir ağac yarpağının arxasında güllədən qoruna bilərəm" deyə düşünür, "ölməməliyəm. Mən dönüb həqiqi düşmənimlə hesablaşmalıyam. Buradasa bilmirəm, kimə güllə atıb uşağını atasız buraxacam?" Beləcə romanın sonlarında isə Mingəçevirdə su elektrik stansiyası qurmaq üçün anbar tikirlər. Azərbaycanın ən zəngin təbiəti olan Samux meşələrindən kəndləri köçürürlər. Bəhramın uşaqlıq dostu, qonşusu Zeynəb gecə ay işığında içindəki qorxunun öhdəsindən gələrək anasının məzarı suyun altında qalmasın deyə təkbaşına bel, külüng götürüb dərəyə enir. Köhnə qəbiristanda anasının məzarını tapır qazır. Anasından qalanları heybəsinə doldurub yeni salınmış kəndinə dönür.

Mən onların mənə bənzəyib bənzəmədiyini bilmirəm. Amma Bəhram ilə Zeynəb psixoloji baxımdan bir-birinə bənzəyir. Mən onların vəziyyətində olmamışam. Mən onların vəziyyətinə düşsəm eləmi davranardım, bilmirəm. Amma onlar mənim uşaqlarımdı. O vəziyyətdə, o şəraitdə onların çıxardığı nəticə göstərdiyi davranışlarda bənzərlik var. Mən kağız üstündə bir həyat yaradıram, orada eyni zamanda eyni torpaqda, çeşidli şərtlərdə yaşayan insanları yazıram. Şübhəsiz onlar mənim olmaqla bərabər, həm o dövrün, o zamanın, o çevrənin uşaqlarıdır. Meyvə ağacın gövdəsindən uzağa düşmür, biz hamımız yaşadığımız dövrə bənzəyirik. Bizi Allah yaradıb deyirik. Taleyimizi Allah yazıb.  Əslində bizim hamımızda Allahın bir zərrəsi var. Bu, məntiqlə inkar edilməz.

Bəli, məntiq belədir, amma gəl gör ki, görünən ilə görünməzi necə qarşılaşdırırsan? Bizim Yaradana bənzədiyimizi necə isbat edə bilərsiniz ki? Həyatda sual buradan başlayır. Biri özünü "mən daha mükəmmələm, ona-Yaradana daha çox bənzəyirəm, daha yaxınam deyə inandırır". Bunu deyir, isbat edə bilmir. Əksini söyləyənlər əmin edib inandırmağa çalışır. Amma isbat edə bilmir. Budur, yazıçının işi burada başlayır. Yer üzündə, bu girdabda yaşayan hər bir insan roman qəhrəmanıdır. Ona yaxınlaş, içini çöz, düşüncəsini araşdır. Sevgisini, nifrətini, içində topladıqlarını tök. Diqqətlə, səbrlə sonunacan get, bir baxacaqsan ki, roman yazmısan. Hər kəsin gördüyü, diqqət yetirmədiyi adi bir insan da çox maraqlı bir əsər qəhrəmanı olacaq.

Deyəsən, mən çox danışdım. Neyləyim, çox şeylər yaşadım. İndi yetmiş səkkiz yaşındayam. Yaşadığım gərgin dövrü nəzərə alsaq, yaşım iki dəfə çox olar. 1930-cu illərin hadisələri mənim uşaq nəğmələrimi pozdu. Arxasınca İkinci Dünya müharibəsi, aclıq, yoxsulluq, sonra müstəqillik arzusu, 1990- ilin Qanlı Yanvarı. Sovet tankları altında əzilən əlisilahsız oğullarımız, qızlarımız. Arxasınca Qarabağ müharibəsi. Əslində əsas düşmənimiz Rusiya idi. Nəsr əsərlərimin hamısında bu hadisələrə toxunulub. Mən o qəhrəmanların hər birindən danışsam  yorucu,  üzücü bir söhbət olar.

- Mövzunu bir az da sizin Türkiyədə sevə-sevə  dinlənilən "Gəl, ey səhər" mahnısına yönəldək. "Gəl, ey səhər" mahnısına hər dəfə qulaq asanda müasir türk hekayəsinin tanınmış nümayəndələrindən  Sait Faik Abasıyanıkın şeir haqqında söylədiyi "Şeir olmayan yerdə insan sevgisi olmaz. İnsanı insana ancaq şeir sevdirir. Şeir insanı insana yaxınlaşdıran şeydir"ifadələri ağlıma gəlir. "Gəl, ey səhər" mahnınızın Türkiyədə   çox sevilməsi oxunması sizdə necə təəssürat yaradır?

- Bilirsinizmi, bir yazıçı üçün əsəriylə görüşmək vətəniylə, əqrabalarıyla, yaxınlarıyla görüşmək kimi bir şeydir. Ölkədən kənara gəldikdə  isə Türkiyə bizim üçün doğma bir diyardır, amma Türkiyə haqqında "bizim üçün yad bir ölkədir" deyə bir düşüncə var
 





09.04.2014    çap et  çap et