525.Az

Kitaba nifrət edənlər ölkəsi... - Türkan Turan yazır


 

Kitaba nifrət edənlər ölkəsi... - <b style="color:red">Türkan Turan yazır</b>

Ötən həftə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvlərinin Birliyin sədri, Xalq yazıçısı Anarla görüşü baş tutdu.

Xeyli fikirlər səsləndirildi, müxtəlif təkliflər irəli sürüldü. Demək olar ki, hər bir fikir ədəbiyyatın necə inkişaf etdirilə biləcəyinə hesablanmışdı. Təbii ki, bunlar təqdirəlayiqdir, gözəldir. Amma bir əmma var; dünyada ədəbiyyatı canlı tutan, ayaq üstə saxlayan, inkişaf etdirən böyük oxucu auditoriyasıdır. Məsələn, hansısa bir görüş təşkil edib, zal dolsun deyə zorla bir neçə nəfəri ora yığmaq xilas yolu deyil. Bizə təbii, öz xoşu ilə imza gününə qatılan, kitabçıları tək-tək gəzən, sətirləri barmaq uclarında, ehtiyatla, yavaşca hərlənən, yeni nəşr xəbərini eşidəndə həyəcanlanan oxucular lazımdır. Üzərində israrla durulan məsələlərdən biri televiziya oldu. Heç kimə sirr deyil ki, kitab oxuyan insanların böyük əksəriyyəti televizora baxmır və ya bu hal çox nadir olur. Çünki efir vaxtının yarısını şou, yarısını isə ailə-məişət problemlərindən bəhs edən verilişlər zəbt edib. Aralara da xəbər və digər fərqli proqramlar səpələyirlər. Dolayısıyla, oxumayan kütləyə televiziyada kitabdan, ədəbiyyatdan danışan yazıçı maraqlı deyil. Ümumiyyətlə, televiziya kitabın ən böyük düşmənidir. İnsanlara kitab oxumaq yerinə TV izləmək daha asan gəlir. Halbuki televiziya başqalarının yaşadıqlarının izlənməsi deməkdir. Kitab isə yazarın yazdığı hadisələri beyində canlandıraraq, onunla birlikdə bambaşqa bir yola çıxmaqdır. Bu zaman insanın xəyal gücü inkişaf edir. Televiziya, sosial şəbəkələr isə əksinə, bu gücü öldürərək monoton həyatın əsasını qoyur. Əslində, kitab oxumağın əhəmiyyətini hamımız bilirik. Amma bilmək ilə oxumaq arasında dərin uçurum var. Məsələn, kitab oxumağa ayırdığımız zamanın iki yüz qatını bir norveçli, yüz qatını bir amerikalı, səksən qatını bir ingilis, 70 qatını bir yapon ayırır.

Bəhanələr çox vaxt belə olur: kitab oxumağı sevmirəm, vaxtım yoxdur, çox işləyir və yoruluram, oxuduğum yadımda qalmır, kitab qiymətləri bahadır kimi fikirlərin ucundan tutulur, ucuzluğa doğru davam edirlər. Kitab oxumaq məsələsində həm pul, həm vaxt mövzusunda xəsis olduğumuz qədər başqa məsələlərdə əliaçıq olduğumuz isə danılmayan bir həqiqətdir. Sovet dövründən bəri iqtisadiyyat, sosial-siyasi dəyişikliklər baş verdi, böyük işlərə imza atıldı, ölkə dünyada tanındı, hər yöndə irəliləyiş müşahidə edildi, bircə ədəbiyyatın reytinqi gerilədi. Halbuki bu gün qonşu ölkələr də daxil olmaqla, dünyada kitab çapı, satışı ən məhsuldar dönəmini yaşayır. Yaxşı, Azərbaycanda oxunma sayı niyə aşağıdır deyə sual yaranır?! Çünki Azərbaycan insanı oxumağı yemək, içmək kimi bir ehtiyac olaraq görmür. Oxuyaraq nələrsə öyrənə biləcəklərini düşünmürlər. İçlərində kitab sevgisi yoxdur. Məsələn, uşaqlar iki-üç yaşlarında artıq mobil telefondan rahatlıqla istifadə edə bilirlər. Çünki gözünü açır evdə, çöldə, addımını atdığı hər yerdə əlində telefon olan insanlar görür və gördüyünü götürür. Hələ bu günə qədər anasının əlində kitab görən uşağın telefondan ötrü çırpındığını görməmişəm. Telefon demişkən, texnologiya inkişaf edir. Amma insanlar onun yararından daha çox zərərinə yönəlirlər. Vaxtlarını internetdə qəddarcasına məhv edirlər. Bu isə açıq-aydın sübut edir ki, insanlar kitab oxumağın faydasını dərk etmirlər. Amma kitab oxuyanların ağızlarının içinə baxdıqları da danılmazdır.

Kitab oxumaq sıxıcıdır deyənlər sıxılmadan sosial şəbəkələrdə ən müxtəlif insanların səhifələrində təkcə paylaşımları deyil, yazılan şərhlərə qədər əzbər bilirlər. Halbuki mən Raskolnikovdan daha maraqlı həyatı olan görməmişəm sosial şəbəkədə, Tolstoydan daha dəyərli fikir söyləyən istifadəçiyə rast gəlməmişəm. Bəzən ailələr uşaqlarının kitab oxumamağından gileylənirlər. Sual yaranır, sənin əlində telefondan başqa nəsə görməyən uşaq niyə kitab oxusun ki?

Məsələn, Norveç, İsveç, Amerika deyirik, amma dünyada ən çox kitab oxuyanlar Cənub-Şərqi Asiya ölkələridir. Birinci yeri isə hindlilər tutur. Hindistan xalqı həftəlik vaxtının 10 saat 42 dəqiqəsini oxumağa sərf edir. Halbuki statistik məlumatlara görə, Hindistan xalqının savadlılıq dərəcəsi qlobal səviyyədən aşağıdır. İkinci yeri Tailand tutur. Bu ölkədə insanlar həftədə 9 saat 24 dəqiqə kitab oxuyurlar. Aparılan sorğuya görə, xalqın 88 faizi kağız üzərində çap olunmuş kitablar oxuyur və gündəlik vaxtlarının təqribən 28 dəqiqəsini oxumağa sərf edirlər. Üçüncü yerdə Çin durur. Bu ölkənin insanları həftədə təqribən 8 saatlarını kitab oxumağa sərf edirlər. Ölkə xalqının 96,4 faizi savadlıdır. Bu, dünya ortalamasından da yüksəkdir. Dünya ortalaması 86,3 faizdir. Çin xalqı arasında bədii, ya da əyləncəli ədəbiyyat oxumaq isə olduqca populyardır. Gündəlik vaxtlarının 11 dəqiqəsini isə qəzet və jurnal oxumağa sərfe dirlər. Yəni biz qəzetin yaxın zamanda tarixə qarışacağını gözlədiyimiz bir vaxtda dünyanın hər yerində yüksək tirajlarla çap edilən qəzetlər həvəslə, maraqla oxunmaqdadır. Hər dəfə bu cür statistikaları təəccüb və təəssüflə oxuyuram. Müqayisə edilməyəcək qədər fərq insanı üzür.

Sonda yazıçı Anar, "ədəbiyyatı ədəbiyyatçılar, yazıçılar ədəbiyyat yoxdur deyə-deyə gözdən salırlar" dedi. Haqlıdır. Bu ölkədə ədəbiyyatın ən böyük düşməni bir-birinin arxasınca qara piar aparan, bir-birinin yazdıqlarını gözdən salmaq üçün dəridən-qabıqdan çıxan, özündən öncəkiləri rədd edən, özü ilə eyni dövrdəkiləri pisləyən, özündən sonra gələcək olanları qəbul etməyən "ədəbiyyatçılardır". Təəssüf ki, bu cür boş gurultunun səsi yaradıcılığın səsini batırır.

 





11.07.2021    çap et  çap et