525.Az

Moskvanın terrorçu qonaqları - Xaqani Cəfərlinin şərhi


 

Moskvanın terrorçu qonaqları - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Siyasət hüququn önünə keçəndə qanunla qadağan olunan bir işin icazəli əmələ çevrilməsinin qoca tarix çox şahidi olub. Amma Rusiya Ali Məhkəməsi tərəfindən terrorçu təşkilat elan olunan Taliban Hərəkatının təmsilçilərinin Moskvaya səfərlərinin mütəmadi xarakter alması tarixdə çox nadir müşahidə olunmuş haldır.

Qeyd edək ki, 2003-cü ildə Rusiya Ali Məhkəməsi Baş Prokurorluğun təqdimatı əsasında Taliban Hərəkatını terrorçu təşkilat elan edib və onunla əməkdaşlığa qadağa qoyulub. Baş Prokurorluğun təqdimatı öz növbəsində Rusiya Federal Təhlükəsizlik Xidmətinin materiallarına əsaslanıb. Rusiya Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli qərarından sonra Taliban Hərəkatı ilə istənilən əlaqə ağır cinayət əməli hesab olunurdu. İndi isə həmin terrorçu təşkilatın təmsilçiləri cari il ərzində artıq üçüncü dəfədir, Moskvaya səfər edirlər. Rusiyanın terrorçu təşkilat hesab etdiyi Taliban Hərəkatının təmsilçiləri yanvar və mart aylarında da Moskvada olublar. Taliban Hərəkatının təmsilçilərinin Moskvaya ötən gün yekunlaşan ikigünlük səfəri tamamilə fərqli siyasi vəziyyətdə gerçəkləşib.

İyirmi il əvvəl NATO-nun hərbi müdaxiləsi nəticəsində hakimiyyətdən kənarlaşdırılan Taliban Hərəkatı Şimali Atlantika Alyansının Əfqanıstanı tərk etməyə başlaması ilə yenidən ölkəni öz nəzarətinə keçirməyə başlayıb. Təşkilatın rəsmi məlumatına görə, Taliban Hərəkatı Əfqanıstanın 85 faizinə nəzarət edir. Lakin rəsmi Kabul bu məlumatın yanlış olduğunu, Taliban Hərəkatının ölkənin yarısından bir qədər çoxuna nəzarət etdiyini bildirir. Üstəlik, paytaxt Kabul Əfqanıstanın qanuni hakimiyyətinin nəzarətindədir. Rusiya qaynaqlarına görə isə ölkədəki 400 əyalətdən ancaq 157-si Taliban Hərəkatının nəzarətindədir. Buna baxmayaraq, hər kəs Taliban Hərəkatının sıradan bir təşkilat olmadığının da fərqindədir. NATO-nun və Əfqanıstan hökumətinin bütün cəhdlərinə baxmayaraq, ötən 20 ildə Taliban Hərəkatını tamamilə məğlub etmək mümkün olmayıb. Eyni zamanda, NATO-nun dəstəklədiyi Əfqanıstan hökumətinin hakimiyyətini də Talibanın müqavimətinə görə bütün ölkədə bərqərar etmək mümkün olmayıb. Talibanın məğlubedilməzliyinin sirri bu hərəkatın Əfqanıstandakı ən böyük etnik qrupu - puştuları təmsil etməsidir.

Sayı 50 milyona çatan puştuların təxminən 10 milyonu Əfqanıstanda, yarıdan çoxu isə Əfqanıstanla qonşu Pakistanda yaşayır. Nüfuzlu araşdırmaçılar puştuları anarxist, dövlət hakimiyyətini qəbul etməyən və tayfa dünyagörüşünə malik xalq hesab edir.

Əfqanıstanda güclü mərkəzi hakimiyyətə malik dövlət quruluşunun tarixən formalaşmamasının əsas səbibi də puştuların anarxist xalq olması ilə izah edilir. Ancaq heç şübhəsiz, son əlli ildə Əfqanıstanda yaşananlar puştuların da dövlətə baxışını dəyişib. Eyni zamanda, son əlli ildə puştular arasında radikal dini baxışlar əsas dünyagörüşünə çevrilib. Buna görə də puştuların sərt rejim tərəfdarı olduqları artıq məlumdur. Əfqanıstanın bölgələrini ard-arda ələ keçirən puştular şəriətə əsaslanan dövlət quracaqlarını açıq bəyan edirlər. Əfqanıstan dövlət quruluşuna görə İslam respublikası olsa da, sərt rejim mövcud deyildi. Ancaq puştuların sərt rejim yaradacaqları, onların iradəsini qəbul etməyənlərə qarşı cəza tədbirləri görəcəklərini də proqnozlaşdırmaq olar. Bu isə Əfqanıstandakı özbəklər, taciklər, türkmənlər, xəzərlər və digər etnik qruplar üçün böyük təhlükə deməkdir. Eyni zamanda, şiə məzhəbində olanlar da radikal sünni təriqətinə mənsub puştuların təqibinə məruz qala bilərlər. Əgər belə olarsa, Əfqanıstandan böyük köç başlaya bilər ki, bu da Tacikistan, Qırğızıstan və Özbəkistanda vəziyyəti gərginləşdirər.

Son məlumatlara görə, artıq 10 minə yaxın əfqan qaçqın Tacikistana sığınıb. Ağır sosial-iqtisadi böhran içərisində olan Tacikistan isə bu qədər qaçqını təmin etmək gücündə deyil. Eyni zamanda, Tacikistan ordusunun da yaranmış vəziyyətdə ölkənin təhlükəsizliyini təmin etmək gücü yoxdur. Bütün bunlara görə Rusiya Əfqanıstandan və Orta Asiayadan böyük köçün başlayacağından ehtiyatlanır. Ona görə də Rusiya rəhbərliyi terrorçu təşkilat hesab etdiyi Taliban Hərəkatının təmsilçiləri ilə rəsmi danışıqlar aparmaqdan çəkinmir. Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabarov Moskvanın gələcəkdə Rusiyada qadağan edilən Taliban Hərəkatı ilə əlaqələrini inkişaf etdirə biləcəyini istisna etməyib. Diplomatik əlaqələrin artmasına baxmayaraq, Rusiya eyni zamanda, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Tacikistana hərbi yardım edəcəyini də bir neçə dəfə açıqlayıb. Rusiya ilə yanaşı, Türkiyə də Orta Asiya respublikalarına Taliban təhlükəsi qarşısında hərbi dəstək vəd edib. İstisna deyil ki, Rusiya bu dəfə Taliban təhlükəsinə qarşı Türkiyə ilə birlikdə hərəkət edəcək. Suriya və Cənubi Qafqazda bu iki ölkə arasında əməkdaşlığın olmasını da nəzərə alanda, Rusiya ilə Türkiyənin Taliban təhlükəsinə qarşı Orta Asiyada faydalı əməkdaşlığı istisna edilmir. Əgər belə bir əməkdaşlıq mümkün olacaqsa, Azərbaycan da bu prosesə öz töhfəsini verə bilər. Bu isə heç şübhəsiz, ölkəmizin regionda və dünyada nüfuzunun artmasına səbəb olar. Artıq erməni mətbuatında  bununla bağlı narahatlıq dolu fikirlərə rast gəlmək olur. Bu ehtimalların hansının reallaşacağını söyləmək çətin olsa da, bir məsələ tam aydındır. Taliban yenidən qayıdıb və belə görünür ki, onun bu qayıdışı Avrasiyada yeni geosiyasi vəziyyət yaradıb. Rusiya Ali Məhkəməsinin terrorçu təşkilat elan etdiyi Taliban Hərəkatının Moskvada arzuolunan qonaqlara çevrilməsini təmin edən də Avrasiyada yaranmış yeni geosiyasi vəziyyətdir. 

 





11.07.2021    çap et  çap et