525.Az

Əsrə sığan böyük missiya - Azərbaycan Dövlət Pedaqoji Universiteti-100


 

Əsrə sığan böyük missiya - <b style="color:red">Azərbaycan Dövlət Pedaqoji Universiteti-100</b>

2001-ci il... Orta məktəbi yenicə bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) daxil olmuşdum... Elə ilk dərs günü gözlənilməz dərəcədə isti qarşılanmağımıza xeyli təəccüblənmişdim də. Hə, astanadan içəri ilk addımlarımızı  atdığımız gün bir bayram ovqatı, bahar ab-havası əhatələmişdi məni də, tələbə yoldaşlarımı da...  

Hər tərəf gül-çiçəklə bəzənmişdi, universitetin tarixi əks etdirən bukletlər tələbələrə paylanırdı, mühazirələrimiz təbrik sözləri ilə başlanırdı. Həmin il universitet 80 illik yubileyini qeyd edirdi, bizə də elə o bayramdan pay düşübmüş...

20 il keçib... Sözün həqiqi mənasında, bu illər ərzində tələbəsi, magistri, əməkdaşı, müəllimi olduğum doğma universitetin həyatında müşahidə etdiyim inkişafı və tərəqqini əsrə bərabər böyük işlərin nəticəsi kimi dəyərləndirmək olar.

Dilimizdə məktəb, universitet sözləriylə paralel olaraq təhsil ocağı ifadəsi də işlənir. Ocaq... Məndən ötrü həyatımı, taleyimi, əmək kitabçamı bağladığım, evim kimi doğma ünvanım olan Pedaqoji Universitet də tələbəsindən tutmuş akademikinə, auditoriyasından kitabxanasına qədər bütün nəsnələriylə, sözün bütün mənalarında, müqəddəs ocaqdır. 100 ildir ki, bu Ocaq yanır... Və onun istisindən, işığından ölkəmizin dörd bir yanına pay düşür. O ocağın istisinə qızınmaq üçün ta ucqar kəndlərdən səf-səf tələbələr axışıb gəlirlər. Qapısından içəri girən hər kəsə eyni doğmalıqla qucaq açır və yetirmələri üçün sadəcə ali məktəb yox, həm də həyat məktəbi olur ADPU...

Bu gün ömrümün yarıdan çoxunu bu doğma məkana bağlamağın xoşbəxtliyini yaşayıram... İlk dəfə Azərbaycan Dövlət Pedaqoji Universitetinin binasına girəndə keçirdiyim hissləri heç unutmuram. O vaxt burda dinləyəcəyim mühazirələrin, qatılacağım müzakirələrin dünyagörüşümə, baxışlarıma necə təsir edəcəyini bilmirdim. Amma indi, illər sonra bu universitetin müəllimi kimi həmin auditoriyalara girəndə, tələbələr qarşısında danışanda o vaxtları, öz tələbəliyimi yada salıram. Ölkəmizin elmi-mədəni, ədəbi-ictimai həyatında məktəb yaradan sayğıdəyər müəllimlərimizin, bu qənimət adamların yeni gələn nəsillərə necə müsbət təsir etdiyini düşünürəm və hər söhbətdə tələbələrimə onlardan öyrənməyi, hər sözlərindən faydalanmağı məsləhət görürəm.

Pedaqoji Universitetin özünəməxsus tarixi, ənənəsi olduğu üçün bu ardıcıllıq itmir, yeni gələn nəsillərə ötürülür. 1921-ci ildə 6 nəfər tələbə ilə ana dilimizdə fəaliyyətə başlayan ilk ali pedaqoji təhsil ocağı məktəbləri yüksək ixtisaslı müəllimlərlə təmin etmək məqsədiylə yaradılıb. Zəngin ənənələrə sahib olan universitetin tarixinə nəzər salanda necə böyük çətinliklərdən keçdiyini, müxtəlif fədakar alimlərin sayəsində öz nüfuzunu, özünəməxsusluğunu qoruyub saxladığını görürük. Xüsusən yarandığı ilk vaxtda çətinliklərlə qarşılaşan, İkinci Dünya müharibəsi illərində də müxtəlif böhran vəziyyətlərindən keçən Pedaqoji Universitet bu gün ölkənin ən nüfuzlu ali təhsil müəssisələrindən biridir.

Azərbaycan Milli Elmlər Akademiyasının 10 prezidentindən üçünün - Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayevin Pedaqoji Universitet məzunu olması ADPU-çulardan ötrü xüsusi qürurverici faktdır. Bu məqamda universitetimizin tarixinə ekskursiya etdikdə adları xüsusi minnətdarlıqla çəkilən Mikayıl Rəfili, Bəkir Çobanzadə, Feyzulla Qasımzadə, İsmayıl Şıxlı, Mehdi Hüseynzadə və bu kimi neçə-neçə ziyalının xidmətlərini xüsusi vurğulamaq istərdim. Məhz bu şəxsiyyətlərin qoyduqları təməllər əsasında bu günün universiteti, müasir, dinamik, çevik ali təhsil müəssisəsi kimi fəaliyyət göstərir. Və istər rəsmi məlumatlardan, istər qeyri-rəsmi, yəni xalq arasında gedən söhbətlərdən, istərsə də statistik göstəricilərdən universitetimizin nüfuzunun ildən-ilə necə artmasını müşahidə edirik.

Pedaqoji Universitetin rektoru, professor Cəfər Cəfərov müsahibələrindən birində bu məqamı qısaca şərh edirdi ki: "Müəllim hazırlığı ölkə üçün ordu quruculuğu, hətta bəlkə ondan daha artıq dərəcədə vacibdir. Müasir şəraitdə görüləsi işləri də göz önünə gətirərək belə düşünürəm ki, müəllim hazırlığı ölkənin milli təhlükəsizlik məsələsidir. Bununla bağlı görüləcək işlər çoxdur. Təhsil Nazirliyi də, Pedaqoji Universitet olaraq biz də məşğul oluruq. Hazırda həm infrastrukturun müasirləşdirilməsi, həm tədrisin optimallaşdırılması, həm də kadrların yenilənməsi ilə bağlı addımlar atılır".

Həqiqətən universitetimizdə təhsilin keyfiyyətinin artırılması üçün, həmçinin, istər universitet əməkdaşları, istərsə də tələbələr arasında canlanmaya gətirib çıxaran obyektiv seçki, müsabiqə, attestasiya, yeni imtahan qaydalarının tətbiqi öz müsbət nəticəsini verib.

Pedaqoji Universitetin uğurlarından danışmışkən beynəlxalq əlaqələrimizin genişlənməsini, nüfuzlu alimlərin mühazirələrinin, görüşlərinin təşkilini qeyd etmək istərdim. Bu mənada, Türkiyənin Van Yüzüncü İl Universiteti ilə  ikitərəfli əməkdaşlıq müqaviləsinin və Mövlana Mübadilə Proqramı çərçivəsində protokolun imzalanması əlamətdar məqamlardandır. Xarici universitetlərlə bu cür birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsi təhsilin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

31 yanvar 2019-cu il tarixdə isə Azərbaycanda ilk olaraq Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə saziş imzalandı. Mahiyyət etibarilə, beynəlxalq miqyasda bağlanan bu kimi anlaşmalar təkcə universitetin təhsil proqramının deyil, geniş mənada cəmiyyətimizin mənəvi tərəqqisinə yönələn dəyərli bir addımdır.

Bakalavr, magistratura, doktorantura pillələrində təhsil aldığım və bu gün müəllimi olduğum filologiya fakültəsinin də özünəməxsus zəngin tarixi ənənələri var. Dəyərli elm və qələm adamlarımız - Mir Cəlal Paşayev, Mikayıl Müşfiq, İsmayıl Şıxlı, Cəfər Xəndan Hacıyev, Məmməd Cəfər, Həmid Araslı, Osman Sarıvəlli, Məmməd Rahim, Mirvarid Dilbazi, Ələkbər Əbülhəsən, Məhəmməd Hüseyn Təhmasib, Məmməd Aslan və başqalarının ədəbi-bədii təfəkkürünün formalaşmasında məhz Pedaqoji Universitetin, xüsusilə də təhsil aldıqları filologiya fakültəsinin böyük rolu olmuşdur.

İndi olduğu kimi, o zamanlar Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi kafedrasının nəzdində "Gənc qələmlər" yaradıcılıq birliyi fəaliyyət göstərirmiş. İsmayıl Şıxlının yaratdığı həmin ədəbi dərnəyə daha sonralar Paşa Əfəndiyev, Kamal Qəhrəmanov, Şıxəli Qurbanov rəhbərlik ediblər. Ədəbi mühitdə sənətkar kimi sözünü deyən, böyük uğurlara imza atan Tofiq Bayram, Məmməd Araz, Qabil, Sərdar Əsəd, İlyas Tapdıq, Yusif Həsənbəy, Mədinə Gülgün, Məstan Günər, Ramiz Heydər, Ramiz Məmmədzadə, Əhəd Muxtar, Kələntər Kələntərov, Sabir Almazov, Arif Rəhimli kimi söz adamları həmin "Gənc ədiblər" dərnəyinin fəal üzvləri olublar.

O vaxtlar Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə məktəbi" də məhz ADPU-nun nəzdində Qafur Əfəndizadənin rəhbərliyi ilə fəaliyyət göstərib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizdə ali pedaqoji məktəblər arasında universitet statusu alan ilk tədris və elm ocağı olub. Belə ki, 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali təhsil ocağına universitet statusu verilib. Zəngin elm və təhsil ənənələrinə malik olan ADPU bu gün respublikamızda ali pedaqoji təhsilin bayraqdarı hesab edilir.

Hələ yarım əsr bundan öncə 26 may 1972-ci il tarixində ADPİ-nin 50 illik yubileyi və pedaqoji sahədəki uğurlarına görə institut SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Qırmızı Əmək Bayrağı Ordeni" ilə təltif edilib. Tarixin parlaq səhifələrindəndir ki, həmin ordeni məhz Ümummilli lider Heydər Əliyev universitetə təqdim edib. Universitetin professor - müəllim və tələbə kollektivi ilə görüşlərin birində Ulu öndər çıxış edərək ADPU-nun Azərbaycan elmi mühitində müstəsna yeri olduğunu vurğulayaraq deyib ki:  "Azərbaycan Dövlət Pedaqoji Universiteti böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, bu institut xalq maarifi üçün yüksək ixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik insanlardır".

Hələ Mərkəzi Komitənin I katibi olduğu dönəmlərdə belə Heydər Əliyev Pedaqoji Universitetə xüsusi qayğı ilə yanaşmış, hətta həmin ərəfədə qısa zaman kəsiyində universitetə bir neçə dəfə səfər etmiş, ziyalılarla görüşmüşdü. Məhz ümummilli liderin bu etimad və qayğısının nəticəsidir ki, bu gün də Pedaqoji Universitet həm elmi, həm mədəni istiqamətlərdə öncüllüyünü qoruyub-saxlamaqdadır.

Çağdaş texnika, sosial media və internet resursların ictimai fikri yönləndirdiyi bir zamanda 100 yaşlı müdrik ADPU-nun müasirliklə ayaqlaşması da bir başqa üstünlükdür. Universitetin sosial şəbəkə hesablarında hər gün yenilənən məlumatlar, internet resurslarda gedən pozitiv xəbərlər və tələbələrlə 24 saat virtual ünsiyyət, onların suallarının, pandemiya dövründə narahatlıqlarının qısa müddətdə cavablandırılması, bütün bunlar yeni yaradılmış Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin çevik işinin sayəsindədir. Xüsusi qeyd etməliyəm ki, məhz ADPU-nun tələbələrindən seçilmiş gənc mütəxəssislərdən ibarət şöbə universitetin müasir imicinin formalaşmasında xüsusi rol oynayır. Elə bu məqamın özü də hazırkı rəhbərliyin gənclərə münasibətinin, qayğısının, istedadlı yeni nəslin yetişməsi üçün fədakarlığının nümunəsidir.  

Zəngin və gələcək nəsil üçün nümunəvi bir yol keçərək günümüzə yetişən, bu gün böyük qürur hissi 100 yaşını qeyd edən doğma universitetimi - ömrümün yarıdan çoxunu həsr etdiyim evim, ailəm, valideynlərim kimi dəyərləndirdiyim əziz, sevimli ADPU-nu və ADPU-çuları təbrik edir, ölkəmizin maarifçilik sahəsində çiçəklənməsi və elmi bazasının möhkəmlənməsində Pedaqoji Universitetin həmişə bir sütun olacağına ürəkdən inanıram!

 





11.07.2021    çap et  çap et