525.Az

Litva sərhəd hasarı çəkəcək


 

Litva sərhəd hasarı çəkəcək<b style="color:red"></b>

Minsklə Vilnus arasında münasibətlər gərginləşdikdən sonra Belarus sərhədini keçərək Litvaya daxil olan qanunsuz miqrant axını sürətlənib.

Ötən altı ay ərzində 800 nəfərdən artıq qanunsuz miqrant Belarusla sərhəddən Litvaya daxil olub ki, bu da ötən ilin müfaviq dövrü ilə müqayisdə 5 dəfə çoxdur.

İraq, İran və Suriya vətəndaşları olan bu miqrantlar öz ölkələrində ağır sosial-iqtisadi vəziyyətə görə Avropaya qaçmağa çalışılar. Litvaya axın edən miqrantların sayının belə kəskin artması rəsmi Minskin onların qarşısını almaq istəməməsi ilə izah edilir.

Belarusun avtoritar lideri, Qərbdə Avropanın sonuncu diktatoru adlandırılan Aleksandr Lukaşenko bəyan edib ki, qanunsuz miqrantların Avropaya köçünün qarşısını almayacaqlar. Brüssel və Avropa paytaxtlarında Lukaşenkonun bu açıqlamasını açıq təzyiq kimi dəyərləndiriblər. Qərbdə belə rəy mövcuddur ki, Lukaşenko qanunsuz miqrant axınının qarşını almamaqla, hətta onu təşviq etməklə Avropaya təzyiq göstərir. Məqsəd isə sanksiyaların aradan qaldırılması və ya yumşaldılmasıdır. Lakin Avropa güzəştə getmək istəmir. Buna görə Litva Belarusla sərhəddə hasar çəkmək istəyir. Bunu televiziyaya müsahibəsində Litvanın daxili işlər naziri Aqne Bilotaite bəyan edib. Litva-Belarus sərhədinin uzunluğu 678,8 km-dir. Ancaq hasarın bütün sərhəd boyunca quraşdırılması nəzərdə tutulmur. Çünki relyef buna imkan vermir. Hasar sərhədin məhz qanunsuz miqrantların keçidi üçün əlverişli olan ərazilərdə inşa ediləcək. Bu isə Litva büdcəsinə 15 milyon avroya başa gələcək. Lakin bu tədbir də Belarus sərhədini keçərək Avropaya qaçmağa çalıçan qanunsuz miqrant axınının qarşısını tam almayacaq. Çünki Belarusla Litva sərhədinin 92 km-ini su sərhədi təşkil edir. Burada isə hasar çəkmək mümkün deyil. İtaliya və Yunanıstanın təcrübəsi də göstərir ki, Avropaya daxil olmaq istəyən qanunsuz miqrantların qarşısını dənizlər də kəsə bilmir.

Məlumatlara görə, bir qanunsuz miqrantın Avropa sərhədinə kimi yolçuluğu 4000 avroya başa gəlir. Belarus kimi ölkələrin vasitəsilə bunu etmək daha sərfəli olur. Çünki dövlət qanunsuz miqrant axınının qarşını almaq istəmir. Üstəlik, ortada böyük pullar olduğu üçün Belarus rəsmiləri və məmurları miqrantlara qarşı daha dözümlü yanaşırlar.

Minsklə Vilnus arasında davam edən əsəb savaşının hələ bir müddət davam edəcəyi aydın görünür. Litva Belarus hakimiyyətinə qarşı sanksiya tətbiqinin əsas təşəbbüskarıdır. Digər tərəfdən, Litva Lukaşenkonu qanuni prezident kimi tanımaqdan imtina edərək, son prezident seçkilərinin qalibi kimi Svetlana Tixanovskayanı tanıyır. Litva Belarus müxalifətinə ən güclü dəstək verən ölkələrin önündə gedir. Bütün bunlar Lukaşenko hakimiyyəti tərəfindən düşmən münasibət kimi qəbul edilir və Vilnusdan qisas almaq üçün qanunsuz miqrant axınının qarşısı alınmır. Litva isə hələlik çıxış yolunu Belarusla sərhəddə hasar çəkməkdə və digər təhlükəsizlik tədbirlərini gücləndirməkdə görür.

 





10.07.2021    çap et  çap et