525.Az

Zərdabi irsində istiqlal izləri - Abid Tahirlinin araşdırması


 

PROFESSOR ƏHMƏD CƏFƏROĞLUNUN BAXIŞ BUCAĞINDAN GÖRÜNƏN MƏQAMLAR

Zərdabi irsində istiqlal izləri - <b style="color:red">Abid Tahirlinin araşdırması </b>

Dünya şöhrətli türkoloq, Azərbaycan mühacirətinin parlaq siması, istiqlal mücahidi, "Azərbaycan yurd bilgisi" dərgisinin naşiri və redaktoru İstanbul Universitetinin professoru Əhməd Cəfəroğlunun (1899 Gəncə, 1975 İstanbul) elmi, ədəbi-tənqidi, publisistik irsi, işıqlı, dəyərli fikirləri nəinki köhnəlməyib, əksinə, bu günümüzlə də həmahəng səslənir, aktuallığı və fundamental-nəzəri və tətbiqi əhəmiyyəti ilə diqqəti çəkir.

Əhməd Cəfəroğlunun 1985-ci ildə Ankarada nəşr olunan "Türk qövmləri" adlı əsərinə ön söz yazmış professor Məhərrəm Ergin onu "yalnız Türkiyə türkologiyasının deyil, bütün dünya türkologiyasının gəlib-keçmiş ən böyük simalarından biri" hesab edir.

Əhməd Cəfəroğlunun Azərbaycan tarixində yaşadacaq daha bir şah əsəri, əməli var: "Azərbaycan yurd bilgisi" elmi məcmuəsi (İstanbul,1932-1934-cü illərdə cəmi 36, 1954 - cəmi 1 nömrə). Nəşrin 37-ci - sonuncu nömrəsinin buraxılışı münasibəti ilə "Azərbaycan" jurnalı (Ankara) "Azərbaycan yurd bilgisi" sərlövhəsi ilə çap etdiyi məqalədə bu nəşri "kültür davamızda əski və əməkli bir dərgi", "Azərbaycan kültürünü tanıtma baxımından yüksək dəyər daşıyan elmi dərgi" (mart 1954, №12) kimi səciyyələndirir. Məcmuənin 30-cu illərin əvvəllərində nəşrə başlaması onun elmi, ədəbi-mədəni və tarixi əhəmiyyətini qat-qat artırır. Həmin dövrdə Azərbaycan mühacirlərinin Türkiyədə ideoloji-siyasi fəaliyyəti qadağan olunmuşdu və mühacirətin liderləri ölkəni tərk etmişdilər. "Azərbaycan yurd bilgisi" bir tərəfdən az-çox bu boşluğu doldururdusa, digər bir tərəfdən də Azərbaycan mədəniyyətini, ədəbiyyatını fəal tədqiq və təbliğ tribunası kimi yeni bir istiqamətin, fəaliyyət sahəsinin bünövrəsini, təməlini qoyurdu. Bəzən "Azərbaycan yurd bilgisi"ni siyasi fəaliyyətdən uzaq, sırf ədəbi-nəzəri-elmi nəşr hesab edirlər. Yanılırlar. Məcmuənin materialları ilə diqqətlə və dərindən tanış olduqda, onun çoxsahəli, çoxşaxəli missiyanı yerinə yetirdiyinin, o cümlədən, istiqlal uğrunda ideoloji-siyasi mücadilə də apardığının şahidi oluruq. Məcmuənin redaktoru, professor Əhməd Cəfəroğlunun birinci nömrədə dərc etdirdiyi "Bir neçə söz" adlı proqram məqalədən də bu qayə açıq-aydın hiss olunur. "27 Aprel 1920-ci il tarixində böyük türk dünyasının köksündə hürriyyət bayrağını dikən bir türk ölkəsinin ocağı sönmüş, Azərbaycan - Odlar yurdu qızıl ruslar tərəfindən işğal edilmişdir" (aprel 1933, №16) - kimi kədərlə yazan "Azərbaycan yurd bilgisi" digər tərəfdən, istila ilə barışmadığını da bəyan edirdi: "Türkün yurdu türk tarixində bir çox 27 Aprel fəlakətləri keçirmiş, fəqət heç bir vaxt idealını qeyb etməmiş, istiqlaliyyətini unutmamışdır. Aprel 1937, №28). Göründyü kimi, "Azərbaycan yurd bilgisi" vətənin istiqlalı və istilası mövzusu üzərindən sükutla keçməmişdir. Əksinə, yeri düşdükcə, azadlığa inam dolu materiallar da dərc etmişdir: "Bu gün özünə "Azərbaycanlıyam" - deyən hər bir türk, azəri türk izzəti nəfsinə endirilən vicdansız acını bir daha görməkdə, milli Azərbaycan məfkurəsinin nə olduğunu bir daha təqdir edir və istiqlal işığının artıq dan yerindən sökülməyə başladığını sezir" (yenə orada). Beləliklə, istiqlal mövzusuna məcmuədə kifayət qədər yer ayrıldığını söyləyə bilərik. Bu baxımdan professor Əhməd Cəfəroğlunun "Azərbaycan yurd bilgisi" məcmuəsinin dalbadal 4 nömrəsində dərc olunmuş və "Səbir sənə, ey əziz Vətən" sözləri ilə başlayan "Azəri ədəbiyyatında istiqlal mücdiləsi izləri" adlı irihəcmli və sanballı məqaləsi (avqust-sentyabr, №8-9; oktyabr, №10; noyabr, №11; dekabr, №12, 1932) böyük maraq doğurur, aktual və əhəmiyyətlidir.

Əsərin girişində professor Əhməd Cəfəroğlu qarşıya qoyduğu məqsədi oxucu ilə bölüşür, yazır ki, həqiqəti yanlış görməyə və tanıtmağa adət etmiş rus tarixçilərinə müqabil, bizdə hələlik əsaslı bir Azərbaycan tarixi yazılmadığından, heç olmasa indilik milli ədəbiyyatımızda Azərbaycan milli istiqlal mücadiləsi izlərini axtarmağı özümüzə borc bilirik. Müəllif bu qənaətdədir ki, rus istilasından sonra intişar edən və milli ədəbiyyatımızda müstəqil bir cərəyan kimi formalaşan istiqlal mücadiləsi ədəbiyyatı diqqətdən kənar qalmış, az da olsa, araşdırılmamışdır. Azərbaycan istiqlal mücadiləsini təsvir və tərənnüm edən istiqlal mücadiləsi ədəbiyyatının nəşri Çar hökuməti vaxtında olduğu kimi, Sovet dövründə də yasaqdır. Müəllif rus istilası ilə başlayan milli istiqlaliyyət ədəbiyyatını mövzusuna görə 5 mərhələyə bölür:

 - Cavad xanın mücadiləsi ətrafında yazılan dastanlar və şeirlər;

 - Şimali Qafqazın müdafiəçisi Şeyx Şamil haqqındakı şeirlər;

 - Qaçaq dastanları və aşıq ədəbiyyatında rus istilasını əks etdirən nümunələr;

- Azərbaycan vətənpərvər şeir məktəbi və milli cərəyan;

- Son mühacirət dövrü istiqlal poeziyası.

Hər bir mərhələyə xas ictimai-siyasi prosesləri və ona uyğun yaranan istiqlal ədəbiyyatı nümunələrini dərindən və hərtərəfli təhlil edən professor Əhməd Cəfəroğlu "ilk Azərbaycan tarixini qələmə alan Abbasqulu Ağa Bakıxanovu, komediyaları ilə Azərbaycan türkcəsinə milli lisan həyatı verən Mirzə Fətəli Axundovu və ilk milli mətbuatın təməlini qoyan Həsən bəy Zərdabini milliyyətpərvər cərəyanın mübbəşirləri" (müjdəçiləri - T.A) hesab edir və hər birinin yaradıcılıq fəaliyyətinə işıq salır, onların Azərbaycan ictimai fikrində silinməz izlər qoyduğunu, milli Azərbaycan mədəniyyətinin inkişafında müstəsna rol oynadığını vurğulayır, bildirir ki, bu xidmətlərinə görə Azərbaycan xalqı əsrlərlə "Azərbaycan hərəkatının təməli" sayılan bu üç şəxsə borclu olacaqdır. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsasını təşkil edən istiqlal ideyası məhz həmin xadimlərin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətindən nəşət tapmışdır.

Professor Əhməd Cəfəroğlu Həsən bəy Zərdabinin zəngin ədəbi, publisistik irsini və coşqun milli fəaliyyətini böyük sevgi ilə dəyərləndirir və qeyd edir ki, o, Azərbaycan türkləri arasında birinci olaraq "ruslaşdırma siyasəti cihazlarını sezmiş, milli mədəniyyətdən uzaqlığın, onun tərqəqqisinə laqeydliyin, dini cəhalət pərdəsinin rus siyasətinin ana xəttini təşkil etdiyi qənaətinə gəlmiş və bu pərdəni yırtmaq üçün mücadiləyə başlamışdır. Ə.Cəfəroğlu H.Zərdabinin məqalələrindən tutarlı sitatlar gətirərək fikirlərini əsaslandırır, Həsən bəyin qəzet təsisi ilə ruslaşdırma siyasətinə qarşı mübarizənin müsbət nəticə verəcəyi fikrini diqqətə çatdırır və "Əkinçi"nin nəşri ilə bağlı dövlətin, cəmiyyətin və cəhalətpərəslərin yaratdığı çoxsaylı əngəlləri cəsarət və fədakarlıqla dəf etdiyini yazır. "Mətbuat vasitəsi ilə milləti hüquq və haqq davasına cəlb etməyə" çalışan H.Zərdabi məqalələri ilə bu mücadilənin xarakterini, mahiyyətini və bütün mərhələlərini layiqincə işıqlandırmışdır. Ə.Cəfəroğlunun həmin yazılardan gətirdiyi nümunələr Həsən bəy Zərdabinin xalqın milli duyğularının dirçəldilməsinə, onun tərəqqisinə yönələn rəşadətli mücadiləsinin məramı və tarixi əhəmiyyəti barədə zəngin təəssürat yaradır: "Bəs qəzeti necə çıxardım? Pul yox, yoldaş yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır. Bizim qubernator mərhum general Staroselski, doğrudur, xalis rus idi, amma onun övrəti gürcü qızı idi və Qafqazın yerli əhalisini özünə dost bilirdi. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını "Əkinçi" qoyum ki, guya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzurluğu qəbul eyləsin. Bu töör ərizə verib izn aldım". "Əkinçi"nin nəşrindən az müddət sonra onun "səmərə verməyə" başladığını, "öz vətən dilində oxumaqdan həzz alan", "ilk milli qəzetin intişar gününü bayram" kimi qeyd edən zümrə yetişdiyini" xatırladan Əhməd Cəfəroğlu rus məmurlarının bu cərəyana, milli dirçəlişə zəmin yaradan qəzetə və onun sahibinə qarşı amansız tədbir gördüyünü - min bir bəhanə ilə H.Zərdabini şəhərdən uzaqlaşdırdığını, qəzeti bağladığını kədərlə yazır və Həsən bəyin xatirə yazısından təsirli sitat gətirir: "Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə, gərək mən Yekaterinador şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb xalq işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim".

Əhməd Cəfəroğlu "Əkinçi" bağlandıqdan sonra da Həsən bəyin digər vasitələrlə məzlum və cəhalət içərisində boğulan qardaşlarına yardım üçün səy göstərdiyini, fədakarlıq etdiyini yazır. Həsən bəy Zərdabini "istiqlal uğrunda yürüyənlərə seçmə bir nümunə", "rus istilasına qarşı elmi və həyatı ilə çarpışmış qəhrəman" adlandıran müəllif onun türk qızları üçün məktəb açmaq üçün ərizə ilə hökumətə müraciət etdiyini, "fəqət qəddar rus hökumətinin bu təşəbbüsə də mane" olduğunu bildirir. H.Zərdabinin qız məktəbi açmaq üçün etdiyi müraciətə rus sinodu Pobedonosovun verdiyi cavab çarizmin yürütdüyü milli siyasətin məqsədini, rus istilası vəhşətinin əsl mənzərəsini, İslam dininə, o cümlədən, müsəlman qadınlarının təhsil almasına münasibətini bütün çılpaqlığı ilə göstərir: "İslam yeddibaşlı div kimi bir heykəldir. Bu heykəlin bir başı kəsilərsə, əvəzində yüzü bitər. Bunların kişilərinin savadlanmasından qorxuruq, qadınları savadlansa, onların öhdəsindən gəlmək olmaz". Həsən bəy Zərdabi bu təşəbbüsünün həyata keçməməsindən məyus olsa da, sınmır, sarsılmır, "əski amalından zərrə qədər farağat etmədi, təkrar milli yolda çalışmasına davam etdi... Dəfələrlə təhqir olundu, qovuldu, işdən atıldı, fəqət heç yenilmədi. Zərdabinin ən böyük məziyyəti də bax, bundadır".

Əhməd Cəfəroğlu Həsən bəyin başladığı milli işin, milli varlıq mücadiləsinin hədər getmədiyini, xələflərinin səyi ilə istiqlal fikrinin daha da geniş miqyas aldığını, milli cərəyana, hərəkata çevrildiyini, "istiqlal düşməni rusların" bütün cəhdlərinə baxmayaraq, Zərdabi çırağının sönmədiyini, əksinə istilaya, müdaxiləyə qarşı mücadilə alovunun daha da gücləndiyini qeyd edir və yazır: "Azəri türklərinin mədəni və milli intibahlarında ən böyük vətəni xidmət mətbuat və qəzetçilik 1905-ci ildən sonra yenidən canlandı. Ağaoğlu Əhməd və Hüseynzadə Əli bəylərin qəzetçilik aləminə atılmaları, vətənpərvər Azəri münəvvər mühitinə yeni istiqlal imanı aşıladı. Milli mətbuat daha çox etimad qazandı".

Azərbaycan ədəbiyyatşünaslığının və türkologiyanın inkişafında xüsusi mərhələ sayılan Əhməd Cəfəroğlu irsinin ən sanballı nümunələrindən biri olan "Azəri ədəbiyyatında istiqlal mücdiləsi izləri" əsərində müəllifin Həsən bəy Zərdabinin həyat və yaradıcılığına geniş yer ayırması maraqlı olduğu qədər də təbiidir. Hələ bu əsərdən xeyli əvvəl istiqlalçı mücahid, istedadlı publisist Mirzə Bala Məhəmmədzadə də XIX əsrin iki böyük xadiminin M.F.Axundovun və Həsən bəy Zərdabinin - istiqlal fikri tariximizdəki yeri və rolunu yüksək dəyərləndirmişdi: "Zənnimizcə, Mirzə Fətəli və Həsən bəy Zərdabi əlli il sonra dünyaya gəlsəydilər, istiqlal fikri, Azərbaycan Misaqi Millisi də əlli il sonra meydana gələcəkdi. Bunların arasında sıx bir münasibət və rabitə vardır" ("Yeni Qafqasya", №17, 1926).

İyun-iyul, 2021

 





12.07.2021    çap et  çap et