525.Az

Doğma torpağın oğlu - Portret


 

Doğma torpağın oğlu - <b style="color:red">Portret</b>

İbad Mövsüm oğlu Hüseynov - bu adın Azərbaycanın müasir hərb tarixində məxsusi yeri var. Gənc yaşlarında Rusiyada hərbi xidmətdən təxris olunub, I Qarabağ müharibəsində öz kəndlərini qorumaq üçün döyüşlərə atılıb. Nizami ordunun olmadığı bir vaxtda ətrafına könüllü dəstə yığmağı bacarıb.

Dağlara, cığırlara, kəndlərə yaxşı bələd olduğundan, əsgərlikdəki təcrübəsinə arxayın olaraq kəşfiyyat əməliyyatlarını yerinə yetirib. Getdiyi bütün əməliyyatlardan uğurla qayıdıb. Silah-sursatın olmadığı, könüllü dəstələrin əliyalın, ov tüfəngləri ilə kəndlərin, rayonların müdafiəsinə qalxdığı vaxtlarda o düşmən arxasına keçib, mövqelərini dağıdıb, özü ilə müxtəlif tipli silah gətirib, hərbi hissəyə təhvil verib. Onun bu cəsarəti nəticəsində özünümüdafiə dəstəsi silahlanıb. Düşmən təxribatlarının qarşısı alınıb. 1992-ci il, iyulun 1-də Müdafiə Nazirliyinin 113 nömrəli arayışında yazılıb: "1992-ci il 11 yanvar tarixində Xocavənd rayonunun Qaradağlı kəndi ətrafında keçirilmiş döyüş əməliyyatı zamanı şəxsən İbad Hüseynov düşmənin 1 ədəd "BRDM" tipli zirehli döyüş maşının və onlarla əsgərini məhv etmişdir".

Bunun adı cəsarətdir. İyirmi yaşlı bir gəncin onlarla düşmən üzərinə atılması, onların zirehli ölüm maşınlarının qarşısına çıxması danılmaz igidlikdir. Deyəndə adi, təsəvvür edəndə asan görünə bilər bu addım, amma bunun nə böyük dəhşət olduğunu yaşayanda bilirsən. Çoxlarının adi bir güllə səsindən qorxub gizləndiyi, qaçdığı bir vaxtda amansız düşmənin üstünə yerimək hünər istəyir. Bu hünərin təməlində torpaq sevgisi, vətənpərvərlik ruhu, düşmənə qarşı qorxmazlıq hissləri dayanmalıdır. Bu üstün keyfiyyətlər İbad Hüseynovda cəmləşmişdi. Onun düşmən üstünə yeriməsi günlər keçdikcə adiləşirdi. Şüurlu olaraq bilirdi ki, işğal olunan onun torpağıdır. Bu da ona güc verirdi. Qüdrətini ana torpaqdan alırdı. Bilirdi ki, bu doğma torpağın oğludur. Düşmən nə qədər silahlanmış olsa da, iyirmi yaşlı, dəli-dolu, gənc İbadın gözündə böyümürdü. O, özü qurduğu taktiki-kəşfiyyat hücumlarını davam edirdi. Uğurlu nəticə alırdı. Müdafiə Nazirliyinin 1314 nömrəli arayışında yazılıb: "09 iyun 1992-ci il tarixində İbad Hüseynovun başçılıq etdiyi kəşfiyyat-diversiya qrupu düşmən arxasına keçərək onun 1 ədəd topunu və 9 əsgərini məhv etmişdir".

İbad Hüseynovun hərbi uğurları ayrı-ayrı şəhərlərdən, kəndlərdən döyüşməyə gələn könüllüləri ruhlandırır, onların döyüş əzmini, vətənpərvərlik hisslərini artırırdı. Onun uğurlu əmliyyatlarının sorağı səngərlərdən-səngərlərə yayılırdı. Həm ölkəmizdə, həm də düşmən cəbhəsində əks-səda verirdi. Elə buna görə də onun dəstəsində olmaq, onun komandanlığı altında döyüşmək istəyənlər hər gün artırdı. Daha güclü, daha sağlam bir kəşfiyyat dəstəsi yaratmaq üçün İbad Hüseynov tabeliyindəki əsgərlərə ən ağır məşqlər keçirdi. Onu yalnız bir məqsədi var idi: əsgəri ölməsin. Bu məşqlərə dözənlər onunla birlikdə əməliyyata gedirdilər. Bilirdi ki, yalnız iradəli, cəsarətli, psixoloji cəhətdən möhkəm olan adamlarla gecə kəşfiyyat əməliyyatına getmək, düşmən postlarının arxasına çıxmaq olar. Onun bu iti zəkası, anında qərar vermək bacarığı, mükəmməl bələdçiliyi sayəsində apardığı əsgərlər uğurlu əməliyyatdan sonra sağ-salamat qayıdırdılar. Gətirdiyi qənimətləri hərbi hissəyə təhvil verirdi. Bunlar 1993-cü ilin 14 iyulunda Müdafiə Nazirliyin 283 nömrəli arayışında qeyd olunub: "05 iyun 1992-ci il tarixində kəşfiyyat tağımının komandiri Hüseynov İbad Mövsum oğlu Xocavənd rayonu ərazisində keçirilmiş əməliyyat nəticəsində düşmənin 12 əsgərini məhv etmiş və ələ keçirdiyi 7 ədəd silahı qənimət olaraq N saylı hərbi hissəyə təhvil vermişdir".  

Düşmən ona daim gözlənilməz tərəfdən zərbə vuran komandiri əliçıraqlı axtarırdı. Ölüsünü, dirisini verəni külli miqdarda dollar gözləyirdi. Düşmən bu dəfə üz-üzə qalib gələ bilmədiyi İbad Hüseynlini öz xislətlərinə uyğun olaraq xəyanətlə ələ keçirmək istəyirdi. Çalışırdılar ki, müharibənin ən ağır vaxtlarında kimlərsə bu dolların iyinə, şəklinə şirniksin. Məlum məsələdir ki, müharibədə hamının niyyəti, əməli, hədəfi, məqsədi bir olmur. Belə vəziyyətdə yanındakı adamın beynindən keçənləri oxumaq mümkün deyil, kimin səni arxadan vuracağını bilmirsən. Könüllü adı ilə düşmən bizim ordunun içinə qarışmağı bacarmışdı. Onlara rəvac verənlər, gizlin iş birliyində olanlar da az deyildi. Bu, elə bir zaman idi ki, ağ sap qara sapdan seçilmirdi. Belə bir şəraitdə İbad Hüseynli həm arxasındakı maskalanmış, kamuflyaj olunmuş xainlə, həm də qarşısındakı amansız düşmənlə döyüşürdü. 1993-cü il 22 iyulunda Müdafiə Nazirliyinin 308 nömrəli arayışında yazılıb: "24 mart 1993-cü il tarixində Hüseynov İbad Mövsüm oğlunun başçılıq etdiyi kəşfiyyat tağımı düşmənə məxsus 1 ədəd T-72 markalı tankı məhv etmişdir".

İbad Hüseynov Milli Qəhrəman oldu

Düşmənin bütün müqaviməti bu istiqamətdə daim qırılır, məqsədlərinə çata bilmirdilər. Onların Xocavənddən sonra Ağcabədini, Bərdəni, nəhayət, Gəncəni işğal etmək planları baş tutmurdu. Bu plan ermənilərin səhra komandirləri beynəlxalq terrorçu Monte Melkonyana məxsus idi. Çirkin, qanlı əməllərilə istədiyi nəticəni asanlıqla almağa həvəslənən düşmən bu dəfə irəliləyə bilmirdi. Daş qayaya rast gəmişdi. Düşmənin bütün mövqelərinin koordinatları, planları İbad Hüseynli tərəfindən ələ keçirilir, təxribatlarının qarşısı vaxtında alınırdı. 1993-cü il iyulun 9-da Nazirliyin verdiyi 185 nömrəli arayışda qeyd olunub: "3 Aprel 1993-cü il tarixində Hüseynov İbad Mövsüm oğlunun başçılıq etdiyi kəşfiyyat tağımı Xocavənd istiqamətində aparılan döyüşlər zamanı düşmənin 1 ədəd "Zenit" qurğusunu və bir neçə əsgərini məhv etmişdir".

Hər dəfə bu istiqamətdə geri oturdulan düşmən qarşısında daha güclü bir rəqibin olduğunu anlamışdı. O, ən zəhərli ilanın başını əzmişdi. Bu itki ermənilərin bütün müqavimətini qırmışdı, onların Gəncəyə qədər uzanan planlarını darmadağın eləmişdi. Başsız qalmış düşmən ordusu qisası yalnız xəyanət güclərini artırmaqda gördü. Onların bütün ciddi cəhdləri adını eşidib, üzünü görmədikləri İbad Hüseynovu məhv etmək idi. Ratsiyalarda üç dildə elan olunurdu ki, dollar bandromunun sayı artıb.

İbad Hüseynovun qazdırdığı səngəri yarmaq mümkün deyildi. O, elə bir mövqe seçmişdi ki, düşmən yaxınlaşa bilmirdi. Çox təəssüflər ki, erməni hiyləsi gözlənilməz bir vaxtda baş tutdu. O, həmişə gedib-gəldiyi işlək yolda, öz ərazimizdə UAZ markalı maşını ilə atası ilə görüşməyə gedərkən məhz onun yoluna qoyulmuş tank əleyhinə minaya düşdü. Amma nə düşmənin gülləsi, nə minası, nə hiyləsi, nə xəyanətlər onu öldürə bildi. İbad Hüseynov Əzrailin özü qorudu. Onu ölümün astanasından geri qaytardı. Qorudu ki, Vətən uğrunda necə savaşmağı, Vətəni, dövləti necə sevməyi, sadiq olmağı gələcək nəsillər ondan nümunə götürsünlər.  Onun bütün bu uğurlu əməliyyatlarının sorağı o dövrdə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı olan Ümummilli liderimiz Heydər Əliyevə də çatdı. Həmin vaxt İbad Hüseynov hərbi hospitalda komada yatırdı. Onunla Heydər Əliyev şəxsən maraqlanmışdı. 1994-cü il oktyabrın 9-da Heydər Əliyev İbad Hüseynovu  "Azərbaycan Bayrağı" ordeni ilə mükafatlandırdı.

Səhhətinə görə İbad Hüseynov məcburən ön cəbhədən təxris olundu. Sonra da iki ölkə arasında rəsmi olaraq atəşkəs imzalandı. Onun üçün savaş bitmədi. Nə səngərlərdə, nə də müxtəlif gizlin, aşkar cəbhələrdə. Daim dövlətin diqqətində olan İbad Hüseynov ayağa qalxanda bu dəfə dövlətinin möhkəmlənməsi, güclənməsi uğrunda çalışdı. Ölkədə, ölkədən kənarda hər bir səfərində və görüşlərində Azərbaycanın haqlı mövqeyini, qazilərin, şəhidlərin qəhrəmanlığını geniş ictimaiyyətə çatdırdı. Əli çatan hər yerdə onların hüquqlarını müdafiə elədi. Onun bütün bu mücadiləsini Türkiyə hökuməti də rəğbətlə qarşıladı. Adı Ankarada, Adanada küçələrə, parklara verildi.

İbad Hüseyinov II Qarabağ müharibəsi başlayan gün özünü ön cəbhəyə yetirdi. Hələ Tovuz döyüşləri başlayanda əsgərlərin yanında, onların sıralarında yer aldı. Əsgərin daha çox ruh yüksəkliyinə ehtiyacı olduğu bir vaxtda onlarla birlikdə ön postlarda dayandı. Əlindən gələn yardımı əsirgəmədi. Taleyin parlaq qisməti bu dəfə ona ən ali mükafatı almağı nəsib elədi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin üç hərbi qulluqçusuna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Bu Sərəncamla, ehtiyatda olan baş çavuş Hüseynov İbad Mövsüm oğlu da "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü. Vətən uğrunda həyatını əsirgəməyən bu qəhrəman öz layiqli adını aldı.

İbad Hüseynov bu gün də Vətənə xidmət edir. Aldığı fəxri adların, titulların, orden, medalların kölgəsində dincəlmir, rahatlanmır. Azərbaycanın Milli Qəhrəmanı olaraq dövlətinə sədaqətlə, cəsarətlə xidmətdədir.

Bu gün güclü, qürurlu, qalib xalq olmağımızda xidməti olan bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin rəşadətini minnətdarlıqla xatırlayır, onlara ehtiramımızı bildiririk. Yaşadığımız bu gözəl, fərəhli günlərə görə onlara borcluyuq və indi bizim bir mühüm vəzifəmiz də Vətəni, dövləti qoruyanları layiqincə qorumaq, hörmətini saxlamaq və işıqlı əməllərini davam etdirməkdir.

 





12.07.2021    çap et  çap et