525.Az

İnformasiya Kommunikasiya Texnologiyalarının dövlət idarəetməsinə inteqrasiyası


 

İnformasiya Kommunikasiya Texnologiyalarının dövlət idarəetməsinə inteqrasiyası<b style="color:red"></b>

Sürətlə dəyişən dünyanın hazırkı dövrünü İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı xarakterizə edir. İKT artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib və bizi əhatə edən bütün sahələrə geniş şəkildə sirayət edib.

Təbii ki, yeni texnologiyaların tətbiqi bütün dünyada bərabər şəkildə getmir. Bu, hər bir ölkənin inkişaf tempi və əldə olan daxili imkanlarından daha çox asılıdır. Eyni zamanda, İKT-nin nə dərəcədə yüksək tətbiq edilməsi bir ölkənin təhsil səviyyəsi, intellektual potensialı, insan kapitalına verilən dəyər və s. kimi göstəricilərdən asılıdır. Bu isə süni intellektdən geniş istifadə, istehsalın avtomatlaşdırılması,  robotlaşma, iqtisadiyyatın bütün sahələrində rəqəmsal texnologiyaların tətbiqi deməkdir. Ümumilikdə yeni sənaye inqilabı rəqəmsallaşma ilə bağlı bütün sahələrdə ən yeni, fərqli və daha əlverişli texnoloji infrastrukturdan istifadəyə gətirib çıxarır.

Son onillikdə dünya bazarında elektron ticarətin rolunun artdığı müşahidə olunur.  Ümumilikdə, indi ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti onların informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadəsindən əhəmiyyətli dərəcədə asılıdır. Hətta ölkələr bu sahənin inkişaf etdirilməsi üçün ardıcıl addımlar atmış, nəticədə onu dövlət siyasətinin prioritetlərindən birinə çevirmişdirlər.  

Hazırda Azərbaycanın sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya kommunikasiya texnologiyaları sahəsi inkişaf səviyyəsinə görə fərqlənir. Ölkəmizdə bu sahə üzrə  innovasiya yönümlü fəaliyyətin inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Bir ümumiləşdirmə aparsaq, dövlət tərəfindən müasir texnologiyaların tətbiqinin təkmilləşdirilməsi, daha  informativ cəmiyyətin qurulması üçün daima islahatların aparıldığını görərik. Bu islahatların  əsas istiqamətləri isə iqtisadi tədbirlərin səmərəli həyata keçirilməsi ilə təmin olunmalıdır. Əsas istiqamətlər dedikdə: İKT sahəsinin inkişafında dövlət dəstəyinin artırılması, informasiya cəmiyyəti və iqtisadiyyatının təşkilində digər ölkə təcrübələrinin öyrənilməsi və tətbiqi, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, İKT üzrə innovasiya fəaliyyəti ilə məşğul olan  subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, eyni zamanda, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım və s. nəzərdə tutulur. Ən başlıcası isə İKT sahəsi üzrə sahəsində nəzərdə tutulan mühüm tədbirlərin lazımi səviyyədə həyata keçirilməsi və fəaliyyətin səmərəlilik səviyyəsinin artırılması üçün, yüksək nəzəri biliklərə və müəyyən təcrübəyə malik olan kadr hazırlığı səviyyəsinin artırılması mütləqdir.

"Elektron Hökumət"in yaradılması

Son illər ölkəmizdə inkişaf dinamikasını daha da artıran amillərdən biri "Elektron Hökumət"in (ingilis dilində e-Government) formalaşdırılması hesab edilir. Bu, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. "Elektron Hökumət" virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.

Demək ola ki, artıq əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər həm də bürokratik əngəlləri aradan qaldırır. Elektron xidmətlər sahəsinə ən müasir nümunə kimi  "ASAN xidmət"in yaradılmasını göstərə bilərik. 2012-ci ildə yaradılan mərkəzlər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindədir. Yaradılan qurumun məqsədi dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Çünki dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələrdən biri dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi və s. prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb. Ümumiyyətlə, Azərbaycanda rəqəmsal hökumətin inkişafı, maliyyə sektorunda tətbiq edilən həllər, qanunvericiliyin yeni texnoloji trendlərə uyğunlaşdırılması prosesi yüksək sürətlə davam etdirilməkdədir.

İnformasiya mübarizəsi və müharibədən texnoloji yeniliyə ilk addım

Müasir dövrdə baş verən hərbi toqquşmalar və müharibələr onu deməyə əsas verir ki, qarşı tərəf üzərində üstünlük təkcə silah gücünə deyil, həm də informasiyanın, texnoloji üstünlüklərin gücünə əldə edilir. Bu sahədə zəif olan tərəf, digər baxımdan nə qədər güclü olmasına baxmayaraq, ağır məğlubiyyətlə üzləşə bilər. İnformasiyanın toplanması, ələ keçirilməsi, operativ reaksiya və digər bu kimi proseslər düşmənlə aparılan informasiya müharibəsində böyük üstünlük yaradır. Hansı ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı nəinki cəbhədə, eləcə də İKT-nin imkanlarından istifadə edərək informasiya müharibəsində də öz sözünü deyə bildi. Həmçinin, zəfərlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda texnoloji əsaslarla şəhərsalmanın həyata keçirilməsi istiqamətində bir çox işlərə start verilib. Yenidənqurma işlərinin əsasında texnoloji imkanlarla zəngin "Ağıllı kənd" layihəsidir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd kənd yerlərində insanlara elə şərait yaradılmasıdır ki, əhalinin şəhərdə əldə edə biləcəyi bütün xidmətlərə kəndlərdə də rahat çıxış olsun. Eyni zamanda, insanlara kənddə daha çox gəlir əldə etmək və məşğulluq imkanı yaradılmalıdır. Üçüncü məqam isə kənd sakinlərinin dövlət xidmətlərinə çıxışının təmin olunması üçün tam şəraitin formalaşdırılmasıdır. Yəni "Ağıllı kənd" konsepsiyasında xidmət, qazanc və dövlət xidmətlərindən yararlanmaq baxımından kənd və şəhər fərqi faktiki olaraq aradan qalxmış olur.

"Ağıllı kənd təsərrüfatı" - istehsal üçün tələb olunan insan əməyini optimallaşdırarkən məhsulların miqdarını və keyfiyyətini artırmaq məqsədilə müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə edən yeni bir konsepsiyadır. 5 komponent üzrə icra ediləcək layihə yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı" və alternativ enerji sahələrindən ibarətdir. Buradakı evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq. Bu kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək. Bu konsepsiyaya əsasən, prosesin elektronlaşdırılması istehsal imkanlarını gücləndirir. Belə ki, suvarma sistemindən tutmuş torpağın əkilib-becərilməsinə, məhsulun toplanmasına kimi avtomatlaşdırılmış, bir mərkəzdən idarə olunan və bütün platformanın birgə idarə olunduğu bir sistemdir, həm də ən qabaqcıl texnologiyalar və texnotransferlərin tətbiqini nəzərdə tutur. Bu sistemin kənd infrastrukturunun digər sahələrinə - alternativ enerji mənbələrinə və müasir nəqliyyat sisteminə inteqrasiyası "Ağıllı kənd"in konsepsiyasını tamamlayacaq.

Sadalanan bütün xidmətlər ölkəmizdə rəqəmsallaşma və elektron xidmətlərdə əldə etdiyimiz yeni nailiyyətlərin göstəricisidir. Aparılan islahatlar, dövlət və özəl sektor tərəfindən icra edilən mühüm proqramlar rəqəmsal iqtisadiyyat quruculuğu üçün mühüm baza formalaşdırır. Regionun Enerji və Nəqliyyat Mərkəzi statuslarına sahib olan Azərbaycanın artıq yeni dövrdə mövcud resurslardan, qabaqcıl dünya təcrübəsindən istifadə etməklə qısa zamanda rəqəmsal iqtisadiyyat qurmaq və regionun Rəqəmsal Mərkəzinə çevrilmək imkanı əldə edir.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





12.07.2021    çap et  çap et