525.Az

Küləyin bəd nəfəsini kəsən - Etüd


 

Küləyin bəd nəfəsini kəsən - <b style="color:red">Etüd </b>

KÜLƏYİN BƏD NƏFƏSİNİ KƏSƏN

(etüd) 

Küləkli havanı sevən az adam tapılar. Vıyıldayan, uğuldayan xəzri, xışıldayan gilavar insana kimsəsizlik və gücsüzlük təlqin edir. Özü də fəslin fərqi yoxdu; əksinə, belə hava yayda daha acı təsirdə olur - yaxınlaşan payızı, qışı xatırlatmasıyla.

Yayın tən ortası idi. Güclü xəzri əsirdi. Gəldi və... küləyin bədbinlik saçan nəfəsini kəsdi. O gündən küləkli günlər vurğunluq, duyğusallıq, romantika, bir sözlə, ürəyin səsi əhvalına köklənir... 

KÜLƏK, BAZAR ERTƏSİ VƏ... CƏNGAVƏR

(novella) 

Mən küləyəm. Küləklər şəhərinin xəzrisi, gilavarıyam. Nərmənazik xanımlar, üstəlik də, əgər duyğusal və meteohəssasdılarsa, məni heç sevməzlər, hətta qorxarlar məndən - həm fiziki, həm mənəvi cəhətdən; sürətimə sinə gərməkdə çətinlik çəkdiklərinə və vıyıltımın, uğultumun darıxdırıcı əhval yaratdığına görə.

Sözün düzü, bədbin əhval yaratmağım sıxırdı məni. Müsbətə doğru dəyişiklik etmək istəyirdim. O gün xəzrini bərqərar etmişdim. Yayın ortasına iki gün qalmışdı. Onların tanışlığının da orta çağları idi. Daha doğrusu, bu tanışlıq hələ birtərəfli idi, çünki Bəy Xanımı həyatda görsə də, Xanım Bəyi həyatda hələ görməmişdi, yalnız fotoşəklini görmüşdü.

Bu Xanımın mənimlə də, mənim uğultum, vıyıltım, xışıltımla da heç arası yox idi. Hətta təcili, vacib işi olmayanda mənimlə görüşməməyi, yəni evdən çıxmamağı üstün tuturdu. Amma o gün Bəyin ürəyinin səsinin sayəsində Xanıma illər boyunca təlqin etdiyim bədbin təəssüratlar nikbin duyğularla əvəzləndi. Artıq hər dəfə güclü külək əsəndə Xanım Bəyin ürəyinin səsinə qulaq asıb onun eyvanının qarşısına gəldiyi günün ovqatına qərq olur...

Mənim Bazar Ertəsi adlı bir dostum var. Atalar deyib, "dost dosta tən gərək, tən olmasa gen gərək". Bu Xanım Bazar Ertəsini də sevməzdi. Hətta xüsusi önəm verdiyi, gələcəyinə inandığı işlərini Bazar Ertəsinə salmamağa çalışırdı. "İgidin adı çıxınca, canı çıxsa yaxşıdı". Mənim dostumun adı "ağır gün", "duz günü" kimi çıxmışdı. Çox adam həmin gün ikiqat ehtiyatla davranır. Dedim axı, "dost dosta tən gərək, tən olmasa gen gərək". Dostum məndən nümunə götürərək ürəkaçan duyğular ünvanına çevrilmək istəyirdi. Ona görə Bəylə Xanımın ilk görüşünü bazar ertəsinə saldı... Həmin gün onların gözlərinin ilk dəfə bir-birinıə sancılmasından qopan qığılcımlar yayın tən ortasının parlaq günəşini daha da sevinclə gülümsəməyə həvəsləndirmişdi elə bil...

Dostumla tez-tez bu gözəl dəyişikliklər haqqında söhbətləşirik. Deyirik, sevgini, etibarı qazanmaq necə də gözəldir!.. Gərək çalışaq, bu münasibəti doğruldaq... Cəngavərliyə inamı daha da möhkəmlədək...

Samirə BEHBUDQIZI

 





13.07.2021    çap et  çap et