525.Az

Yeni gərginlik ocağı - Şərh


 

Yeni gərginlik ocağı - <b style="color:red">Şərh </b>

Orta Şərqdə münaqişə ocaqlarında gedən prosesləri narahatlıqla izləyirik. Münaqişənin biri həll olunmamış, bəzi məkrli qüvvələrin ssenarisinə uyğun olaraq, digəri alovlanmağa başlayır. 

Heç şübhəsiz ki, həmin dairələrə məxsus beyin mərkəzlərinin, gözə görünən və görünməyən qüvvələrin layihəsi olan belə münaqişələr məqsədli şəkildə uzadılır. Görəsən, islam dininə qarşı yönələn belə prosesləri niyə dayandırmaq mümkün olmur?

Əfqanıstan yeni gərginlik ocağına çevrilməkdədir. Geopolitik maraqlara,  regionun sərvətlərinin yenidən bölüşdürülməsinə  xidmət edən Əfqanıstan problemi hazırda qabarmağa başlayıb. ABŞ qoşunlarının Əfqanıstanı mərhələli şəkildə tərk etməsi bu ölkədə Taliban rejimini  gücləndirir.  Prezident Co Baydenin ABŞ qoşunlarını Əfqanıstandan çıxarmasının arxasında kifayət qədər ciddi mətləblərin olduğu şübhəsizdir. Bütün hallarda Amerika bu regionu uduzmuş şəkildə tərk edir.

İslama nə qədər dəxli olub-olmadığını demək çətin olsa da, Taliban rejimi şəriət qanunlarına uyğun idarəetmə sistemi tətbiq etməkdədir. İslam sivilizasiyasından tamam uzaq olan, bu idarəetmə mexanizmini əfqan xalqına sabitlik, rifah gətirəcəyi inandırıcı deyil.

Bir anlıq  nəzər salaq,  Əfqanıstanda hərbi münaqişlər necə yarandı.  Hətta o dövrdə, yəni ötən əsrin 80-ci illərinə qədər  həmin regionu tədqiq edən, ora gedib-gələn, tərcüməçi kimi çalışan azərbaycanlılar da bu fikirləri təsdiqləyirlər ki,  vaxtilə  Əfqanıstanda  şahlıq dövründə  indikindən fərqli olaraq  normal  həyat tərzi olub.

Təbii ki, o zaman  həmin ölkənin əhalisi belə demək mümkündürsə  zamanın tələblərinə, ölkənin iqtisadi potensialına uyğun yaşayırdı.  Sovet İttifaqı ilə ABŞ-ın  hərbi poliqonuna  çevrilən kimi Əfqanıstan çokməyə başladı. Əfqanıstana ixrac olunan  azadlıq, əgər buna azadlıq demək mümkündürsə, görün, ölkəni  hara gətirib çıxarıb.

Həm Rusiya,  həm də ABŞ regiona sonu görünməyən fəlakət gətirdi. Təəssüf  ki, davam edən proseslər onu deməyə əsas verir ki, Əfqanıstanı münaqişəsiz heç zaman görməyəcəyik.

Bütün bu prosesləri izlədikcə, bu  qənaətə gəlmək olar ki, regional konfliktlərin həllinə mane olan faktorlar  münaqişə tərəflərinin maraqlarından  daha çox separatizmə dəstək verən, bu prosesləri idarə edən, dünyaya yalnız iqtisadi maraqları çərçivəsində yanaşan  böyük qüvvələrin strateji hədəfləridir.  Bu, çox təhlükəli  tendensiyadır.

Bəs Orta Şərqdə  bu tipli münaqişələrdən  qurtulmaq üçün nəyi etmək məqbul olar?  İlk öncə islam silizasiyasına ehtiyac var.  Əslində, islam həmrəylinin zəif olması, bir çox hallarda Orta Şərqdə arzuolunmayan  proseslərə rəvac verir. Şübhəsiz ki,  münaqişənin dərinləşməsində,  islam dininin gözdən salınmasında  maraqlı  qüvvələrin layihəsini ifşa etmək üçün  islam dövlətləri və xalqları arasında  səmimi həmrəyliyə ehtiyac var.

Ən əsası odur ki, islami dəyərlərin yayılmasına xidmət edən, islamın mahiyyəti ilə vəhdət təşkil edən  həmrəylik  toplumların, fərdlərin, müxtəlif  məzhəb sabiblərinin  öz potensialını, enerjisini dövlətin,  cəmiyyətin dağılmasına deyil, onun inkişafına sərf  etməsi məqbuldur.

Politologiyada göstərilən  metodologiyalar, Qərbin əlində bayraq etdiyi beynəlxalq hüquq nağılı  təəssüf  ki,  kağız, üzərində, kitablarda qalır. Belə layihələri cızan dairələrdən mərhəmət  gözləmək sadəlövhlükdür. Şübhə yoxdur ki, bundan sonra da meydana paradoksal geosiyasi situasiyalar çıxacaq. Bu  da münaqişələrin həllinə əngəl olacağı fikrini bir daha təsdiqləyir.

Lakin  qardaş Türkiyənin bu proseslərə qoşulması, Əfqanıstana daxil olması  pozitiv məqamdır. Çünki Türkiyənin Liviyada, Suriyada, həmçinin, Qarabağda münaqişələrin ədalətli çözülməsində  çox müsbət  və davamlı təcrübəsi var. Bu o anlama gəlməməlidir ki,  Türkiyə gedib Əfqanıstanda Taliban hərəkakına qarşı vuruşacaq. Xeyr, bu, yanlış bir addım olar. Ancaq Türkiyə müsəlman dövləti olaraq, regionda və dünyadakı nüfuzu, ən əsası Prezident Ərdoğanın xarizmatik liderliyi əfqan münaqişəsinin həllinə, barış missiyasına öz töhfəsini verəcək.

Türkiyənin gücü, islami dəyərlərə sadiqliyi, ən əsası siyasətə əxlaqi dəyərlər gətirməsi Orta Şərqdə münaqişələrin həllində müsbət tendensiyadır. Heç şübhəsiz, bu faktor Əfqanıstanda sabitliyə töhfə verə bilər. Çünki sabitlik olmayan yerdə iqtisadi inkişafdan, əhalinin rifahından danışmaq əbəsdir. Rusiya və ABŞ-dan fərqli olaraq Türkiyənin bu regiona gəlişi tərəflər arasında barışa təkan verə bilər.

 





13.07.2021    çap et  çap et