525.Az

"Dövlət Proqramı sayəsində inanılmaz bir elmi mühitə yol tapdım"


 

BELÇİKANIN GENT UNİVERSİTETİNDƏ DOKTORANTURA TƏHSİLİ ALAN ELNARƏ SADIQOVA DEYİR Kİ, TAM TƏQAÜD İMKANI YARANMASA, BU ARZUSUNA ÇATA BİLMƏZDİ

<b style="color:red">"Dövlət Proqramı sayəsində inanılmaz bir elmi mühitə yol tapdım" </b>

Azərbaycanlı gənclərin xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələrinə peşəkar mütəxəssislərin hazırlanması dövlətin əsas hədəflərindən biridir.

Bu məqsədlə 2018-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" qəbul edilib. 2019-cu ildə isə Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar" təsdiq olunub.  Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

"2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox ciddi əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil  almaq imkanı qazanan gənclərdən biri Elnarə Sadıqovadır. O, hazırda  Dövlət Proqramı çərçivəsində Belçika Krallığının Gent Universitetində doktorantura təhsili alır.

E.Sadıqova Bakıda  anadan olub. 2011-ci ildə Bakıdakı İlyas Əfəndiyev adına Elitar gimnaziyanı  bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Biologiya müəllimliyi" fakültəsinə daxil olub. 2015-ci ildə  bakalavr təhsilini bitirib. 2016-cı ildə "Biotexnologiya"  ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun  magistraturasına daxil olub. Həmin ildə institutun "Bitki biotexnologiyası" laboratoriyasında böyük laborant vəzifəsində işə başlayıb. İşlədiyi müddətdə bitkilərin mikroklonal çoxaldılması və hüceyrə biologiyası metodologiyasını mənimsəyib, elmi işi sərbəst şəkildə yerinə yetirmək bacarıqlarına yiyələnib. 2018-ci ildə  "Şirvan-Şahı üzüm sortunun mikroklonal çoxaldılması zamanı morfogenezin hormonal tənzimlənməsi" mövzusunda magistr dissertasiyasını  müdafiə edib, təhsilini fərqlənmə diplomu ilə bitirib.  Magistratura ərzində və daha sonra nadir və itməkdə olan bitki növlərinin genefondunun xilas edilməsi və bərpası problemi ilə məşğul olub.  2018-ci ildən etibarən kiçik elmi işçi vəzifəsinə keçirilib, elmi fəaliyyətdə fərqləndiyinə görə AMEA-nın Fəxri fərmanı ilə təltif olunub. 2020-ci ildə   "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"  çərçivəsində Belçika Krallığının Gent Universitetinin "Applied In Vitro Plant Biotechnology" Laboratoriyasında "Somatik bitki kök hüceyrələrinin və təsadüfi zoğların  “in vitro” regenerasiyası üçün yeni vasitələr" mövzusunda doktoranturaya qəbul olub.

 

E.Sadıqovanın sözlərinə görə, tətbiqi biologiya, xüsusilə də biotexnologiya sahəsinə marağının artmasının ən böyük səbəblərindən biri AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda aldığı magistratura təhsili olub: "Mehriban, səmimi münasibəti ilə seçilən, hər bir tələbənin xüsusi diqqət göstərildiyi, bununla belə dərslərə qarşı ciddi yanaşıldığı bir tədris mühitində, tədqiqat sahələrindəki yenilikləri daim dərs prosesinə cəlb edən, dünyanın bir çox ölkələrində ölkəmizi təmsil etmiş, peşəkar və tələbkar müəllim və alimlərdən dərslər almışam.  Xüsusilə də öyrədilən nəzəri  biliklərin müəyyən bir hissəsini tətbiq edə biləcəyimiz laborator mühitin olması tədqiqat sahələrinə olan marağımı daha da artırıb".

O deyir ki, ziyalı ailəsində böyüyən hər uşaq kimi o da daim kitablarla dolu dünya ilə əhatə olunub, daim oxuyub, təkmilləşməyə çalışıb: "İnanıram ki, elmi tədqiqatla məşğul olan hər kəs öyrəndiyi hər yeni bilik vasitəsi ilə daha böyük yeniliklərlə dolu bir dünyaya qədəm qoyur. Mən də öz növbəmdə biologiya sahəsinə maraqla başlayıb, tətbiqi bitki biotexnologiyası ixtisaslaşma sahəsinə qədər gedən yolda daim öyrənməyə, bacarıqlarımı inkişaf etdirməyə çalışmışam. Aldığım hər təhsil pilləsi, öyrəndiyim hər məlumat, məndə yeni suallar yaratmış, daha çoxunu öyrənməyə olan motivasiyamı artırmışdır. Mənim üçün danılmaz faktdır ki, Dövlət Proqramı təhsilimdə inanılmaz əhəmiyyət kəsb edən addımı atmağıma ən böyük səbəb və dəstəkçim olmaqdadır. Belə ki, tədqiqat sahəm xüsusi texnoloji şərait və tətbiqi bacarıqların inkişafı üçün praktiki mühit tələb edir. Dövlət Proqramı çərçivəsində yaradılmış tam təqaüd imkanı olmasa, böyük ehtimalla, xaricdə doktorantura təhsili almaq arzuma çata bilməzdim. Sadə Azərbaycan ailəsində böyümüş gənc olaraq bu Dövlət Proqramı sayəsində inanılmaz bir elmi mühitə yol tapdım, son dərəcədə müasir və təkmilləşmiş laboratoriyada sahəmə aid yeniliklər ilə yaxından tanış olmaq imkanı qazandım.  Doktorantura təhsilimə başladıqdan sonra bizə ayrılmış təqaüd imkanlarının nə dərəcədə incəliklərinə kimi düşünüldüyünü bir daha hiss etmişəm".

Təhsil aldığı universitet barədə söz açan E.Sadıqovanın dediyinə görə, Belçikadakı Gent Universiteti 1817-ci ildə Kral I Uilyam tərəfindən qurulub.  Cəmi 36000 tələbə və 9000 işçi heyəti olan Gent Belçikanın əsas tədqiqat universitetlərindən biridir. 11 fakültəsi, hər elmi fənn üzrə kurslar daxil olmaqla geniş bir akademik portfel təklif edir, tədqiqat yatırımı isə ildə ortalama 180 milyon funt-sterlinqə bərabərdir. Gent istedadlı tələbə və müəllimləri cəlb edən qlobal bir nüfuza sahib dünyanın aparıcı universitetləri arasında olmaqla Joseph Guislain, Walter Fiers, Marc Van Montagu və Peter Piot və bir çox Nobel mükafatı laureatı yetişdirib. Məzunları arasında internetin inkişafında Tim Berners-Lee ilə əməkdaşlıq edən Robert Cailliau və astronavt Dirk Frimout da var: "Tədqiqat mövzum "Somatik bitki "kök" hüceyrələrinin və təsadüfi zoğların  "in vitro" regenerasiyası üçün yeni vasitələr" olub tədqiqi bitki biotexnologiyası sahəsinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etməkdədir. Bitki "kök" hüceyrələri üzərində aparılan tədqiqatlara son bir neçə ildə başlanıldığını nəzərə alsaq, bir çox proseslər tam öyrənilməyib, bir çox bitki üçün metodologiya hazırlanmayıb. Bu baxımdan, tədqiqat nəticələri hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etməkdədir.  "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"  xaricdə təhsilini başa çatdırmış tələbələrin akademik tədris prosesinə cəlb edilməsində silsilə addımlar görməkdədir. Bildiyim qədəri ilə sahəm üzrə xaricdə doktorantura təhsili alan ilk tələbəyəm.  Ümidvaram ki, əldə edəcəyim bilik və bacarıqlar əsasında  tədris prosesində iştirakımla bir çox gənclərin daha təkmilləşmiş təhsil almalarına, onlarda sahəm üzrə marağın oyanmasına səbəb olacaq, təhsillərinin davamı üçün motivasiya rolu oynayacağam".

O bildirib ki, dünyada artan qlobal istiləşmə ilə bağlı olaraq, ənənəvi metodlar getdikcə artan qida tələbatını qarşılamır. Qida məhsullarının miqdarının və keyfiyyətini artırmaq üçün bitki biotexnoloji metodlarının tətbiqinə ehtiyac getdikcə daha çox hiss olunur. Bu səbəbdən tələblərə cavab vermək üçün məhsuldarlığını artırmaqdan başqa bir seçim yoxdur. Bitki fizioloji  proseslərinin, fitokimya, biosintetik yollar, molekulyar biologiya, genomika, proteomika və metabolik tənzimləmə sahələrində baş verən inkişaf və bitki biotexnologiyasına tətbiqi prosesi daha da asanlaşıb.  Elm və bitki biotexnologiyasının tətbiqi sahəsindəki irəliləyiş gələcək illərdə insan əhalisinin sağlamlığı və rifahı üçün kənd təsərrüfatı məhsuldarlığı, qida elmi və texnologiyasına təsir göstərəcəkdir. Bununla belə, bitki hüceyrəsinin manipulyasiyasının asanlığı yeni yaradılmış tədqiqat metodların yoxlanılması və inkişafı üçün model rolunu oynayaraq böyük əhəmiyyət kəsb etməkdədir. Bütün bunlar bitki biotexnologiyası sahəsinə marağın artmasına səbəb olmaqdadır.

Gələcək planlarından söz açan E.Sadıqovanın sözlərinə əsasən, doktoranturada təhsil almağının əsas səbəbi bilik və bacarıqlarını inkişaf etdirmək, mütəxəssis kimi özünü yetişdirməkdir: "Təhsilimi bitirdikdən sonra bitki biotexnologiyası sahəsində Azərbaycandakı böyük təməl imkanlarını dəyərləndirərək bu sahənin tətbiqi inkişafına, öyrəndiyim biliklərin yeni nəslə ötürülməsinə çalışacağam".

Sevinc QARAYEVA

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

 





13.07.2021    çap et  çap et