525.Az

“Qarabağnamə -tarixin səhifələri” adlı virtual sərgi açılıb


 

 “Qarabağnamə -tarixin səhifələri” adlı virtual sərgi açılıb<b style="color:red"></b>

F.Köçərli adına Respublika Uşaq Kitabxanası Xalq rəssamı Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” adlı qrafika əsərlərini virtual şəkildə istifadəçilərə təqdim edib.

525.az AZƏRTAC-a istinadən xəbər verir ki, virtual sərgidə 45 sənədli-bədii qrafik rəsm əsərləri və eyniadlı kitabın tam mətni təqdim edilib.

Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılan “Qarabağnamə - tarixin səhifələri” silsiləsi həm əhatəli tutumuna, həm də bədii şərhinə görə seçilir. Başqa sözlə desək rəssam bu əsərlərdə qədim Albanya dövründən Xocalı faciəsinə qədər davam edən tariximizə işıq saçır. Qarabağ tarixinə bu bədii yanaşmada rəssamı hər şey maraqlandırıb. Qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif hadisələrin, onun qədimliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçi və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir.

Əsərlər tarixi materiallara əsaslanır. Silsiləyə daxil olan əsərlərdə Alban kilsəsi, tarixi faktlar, tarixi yerlərin mənzərələri və tarixi şəxsiyyətlərin portretləri təsvir edilib. Əsərlərdə Türkmənçay müqaviləsi, Alban kilsələrinin dəyişdirilməsi, Xocalıya aid kompozisiyalar əks etdirilib. Bu sərgidə nümayiş etdirilən əsərlərin özünəməxsusluğu ondadır ki, əsərlərin adları yoxdur. Qrafik əsərlərin üzərində yazılan mətn isə əks etdirilən hadisələri və şəxsiyyətləri təsvir edir. Xalq rəssamının “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibəsi”, “Pənahəli xan”, “Xalq musiqiçiləri” kimi əsərlərdə tarixi həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən təsvirləri kifayət qədər cəlbedici və yaddaqalandır. Sərginin bütün əsərləri qravüra şəklində işlənilib. Tarixi həqiqətlər rəssamın incə təxəyyülü vasitəsilə əsərlərində əks etdirilib. Ağ-qara qrafika vizual təsirə malikdir.

Sərginin sonluğu rəngli qrafik rəsm əsəri ilə bitir. Bu da Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi şanlı zəfərinin təsvirini əks etdirir.

Sərgi bütövlükdə tarixi faktlar əsasında qurulub və maarifləndirici xarakter daşıyır. Hər bir Azərbaycan vətəndaşı öz tarixini bilməlidir. Çünki Qarabağ – bizim torpağımız, bizim tariximizdir.

 





13.07.2021    çap et  çap et