525.Az

Bir-birimizə hörmətlə yanaşsaq, yaşadığımız mühit də qəddar olmaz


 

Bir-birimizə hörmətlə yanaşsaq, yaşadığımız mühit də qəddar olmaz<b style="color:red"></b>

Sosial şəbəkədə yazılanlar

Niyazi Mehdi, professor:

- Bir internet TV var, adını dəqiq bilmədiyim üçün deməyəcəm, ancaq güman çoxu elədir. Orada jurnalist qızın səsi pis deyil, ancaq hər dəfə "erməni dığaları", hərdən də "erməni köpək uşağı kanalımızdan şikayət edib" deyəndə gülmək məni tutur. Bu qız (bəzən də başqa jurnalistlər) bəzi sözlərin vurğusunu da düz demirlər. Örnəin, "mina"da vurğunu sonuncu səsliyə, "koridor"da birinci səsliyə qoyurlar. Onlara bir məsləhət. Sözü necə demək, vurğunu harada etmək məsələsini bilməyəndə İnternetdə yazıb öyrənin. Elə FB-də bizdən soruşmaq olar.

"Erməni dığaları" kimi sözlər ürəyinizdə səslənsə də, jurnalist olduğunuzdən dilinizdən çıxmamalıdır. Bütünlükdə hamımızın yadında qalsın, söymək qorxulu olanda, yəni söyməyə görə döyülmək, tutulmaq, öldürülmək qorxusu olanda söyüş effektli olur. Başqa hallarda tərbiyəsizlik, gücsüzlük kimi qavranılır.

Elman Bakuvi - jurnalist:

- Metanfetamin (şüşə, patı) günümüzün ən böyük bəlasıdır.

Alüdəçilər ətrafımızda sürətlə çoxalır. Bəlkə də, narkotika bu gün olduğu kimi heç vaxt geniş miqyaslı bəlaya çevrilməyib. Pəncərədən küçəyə baxırsan, orta məktəb uşaqlarının dilində universitetə qəbul olacağından daha çox "patı" sözü gəzir, vaxtilə tanıdığımız insanlar bu bəlanın təsirinə düşüb, özünü, ailəsini ömürlük dərdə düçar edib.

İrandan gələn bəlanın təsiri altında olan insanları digərlərindən hərəkətlərinə, danışıqlarına, cizgilərinə görə o qədər asan fərqləndirmək mümkündür ki, baxdıqca necə bataqlığa düşdüyümüzün fərqinə varırsan, içimizi göynədir.

Terror yalnız bomba partlatmaqla, kütləvi qətl törətməklə olmur ki. Bu "şüşə" adlanan mərəd bir xalq üçün kütləvi terrordan daha təhlükəlidir. Gənclərimiz bilərək özlərini kamikadze vəziyyətinə gətirib məhv olurlar. Beləcə, gəncliyimiz də onlarla birgə məhv olur.

Hər şeyi zarafata salırıq, gündəmi izləyib söz deməyə sözümüz olsun deyə söz partlatmağa çalışırıq. Hər hansı bir şəxsin səhv etməsini gözləyib linç baltamızı əlimizdə hazır edirik. Bu səhvlərdən sevinirik, ya kədərlənirik, bəlli deyil. Ancaq gözümüzün qarşısında məhv olan insanları görə bilmirik, hansı bəlalara düçar olduğunu unuduruq. Təbii ki, onlarla birgə ailələrinin də.

İlqar Əlfioğlu - jurnalist:

- İndicə böyük yazıçımız Çingiz Hüseynov mənə zəng çaldı, tərcümə etdiyim "Doktor N" romanının bəzi məqamlarını müzakirə etdik. Bu günümüzdən söz düşəndə, dedim ki, tarix təkrarlanır və biz də eyni dərsləri ikinci dəfə almalı oluruq, kaş bu dəfəki dərsimizdən nəticə çıxaraydıq.

Razılaşdı və qayıtdı ki, daha dəqiq deyək: KEÇMİŞ GƏLƏCƏKDƏN BİZƏ TƏRƏF ADDIMLAYIR...

Mən indimizi bu qədər dəqiq ifadə edən fikir eşitməmişdim...

Sağ ol, böyük dost, ömrün lap uzun olsun!

Fazil Mustafa, millət vəkili:

- Ermənistan öz dövlət büdcəsindən Qarabağ üçün 17 milyon dollarlıq kredit açmağa qərar verdi. Buna hökmən öz etirazımızı rəsmi səviyyədə bildirməliyik. Ümumiyyətlə, ABŞ və Avropa Birliyinin də bu istiqamətdə atılan addımlarına rəsmi münasibətimizi ortaya qoymaq vacibdir. Azərbaycan ərazisində hansısa əhali qrupuna yardım ancaq Azərbaycan üzərindən və Azərbaycanın razılığı ilə edilə bilər. "Bu etirazların xeyri yoxdur" deyib keçməyək, hər sənədin sabah hansısa işimizə yarayacağına inanaraq addım atmamız məqsədəuyğun sayılmalıdır.

Natiq Məmmədli, jurnalist:

- Çox unatc verən, jurnalist peşəsini cəmiyyətin gözündən salan biabırçı faktla üz-üzəyik! Özünü "jurnalist" kimi təqdim edən bir dəstə dələduz Şəhid ailələrindən material hazırlamaq, guya "Şəhid övladlarını təbliğ etmək" adı altında pul alırlar. 

İnsan nə qədər vicdan və ləyaqət hissini itirsin ki, belə şərəfsizliyə imza atsın! Bunu hiddətlə pisləyirik!

Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşan, jurnalistikanın təməl prinsiplərini, etik davranış qaydalarını əsas götürərək peşə borcunu yerinə yetirən Azərbaycan jurnalisti, məsuliyyətli media təmsilçisi heç vaxt belə addım atmaz.

Bu hadisədən iki nəticə çıxarmaq olar:

1. Tək jurnalistin yox, bütün cəmiyyətin media savadlılığı istiqamətində hamımız fəallığımızı artırmalıyıq.

2. "Kimdir jurnalist" sualına cəmiyyətin cavabı aydın olmalıdır. Bu baxımdan jurnalistin sosial statusunu konkretləşdirən və təəssüf ki, bəzilərinin anlaşılmaz münasibət sərgilədiyi vahid "Jurnalist vəsiqəsi"nin aktuallığı burada özünü göstərir.

Həmkarlarımız, ciddi media təmsilçiləri haqlı olaraq Şəhid ailələrinə qarşı belə addımı pisləyir. İctimai qınaq zəruridir və buna hər kəs öz münasibətini bildirməlidir.

Aslan İsmayılov, vəkil:

- Məmurundan tutmuş sıravi vətəndaşına qədər sanki hamımız bir-birimizin qəsdimizə durmuşuq. İmkan olan kimi bir-birimizi acılayırıq, özümüzdən zəif olanı tapdalamağa hazırıq, şər-böhtan atmaqdan zövq alırıq, kimsə dedi deyə, acılamağa imkan verirsə, yoxlamadığımız böhtanı dərhal tirajlayırıq, həyatlarında uğurlu olanlara sanki uğursuzluğumuzun günahkarı kimi baxırıq.

Tam ciddi deyirəm ki, əgər biz bir-birimizə olan münasibəti tam əks istiqamətə dəyişsək, maddi durumumuz bundan qat-qat ağır olsa da, yaşayış tərzimiz, psixoloji-mənəvi durumumuz, güzəranımız bu gündən dəfələrlə yaxşı olar. SSRİ dönəmində maddi durum bu günkündən dəfələrlə pis idi. İnsanlar bir-birinin evinə ehtiyacları olduğundan kartof, soğan almaq üçün gedirdi. Ən yaxşı halda çoxlarının evində ayda bir dəfə ət bişərdi. Paltarlara yamaq vurub gəzərdilər. İnsanlarda bugünkü qədər kin-küdurət, paxıllıq, nifrət olmadığından insanlar bugünkündən daha xoşbəxt idilər. Özü də nə qədər təzadlı səslənsə də, kasıb təbəqədə aqressiya daha çoxdur. Dünən əzilənlər sırasında olan bu gün vəzifəyə gedən kimi daha qəddar olur. Bunu elə özüm hər gün görürəm. Sıravi polis serjantında gördüyüm hökmü, ədabazlığı, kobudluğu polis generalında görmürəm. Bəzən az qala bağırmaq istəyirəm ki, nə olar bir həftə bir-birimizə qarşı mehriban, dözümlü, anlaqlı olaq. İnanın həyatımız dərhal müsbətə doğru dəyişər.

Buradan heç kim mənə ağıl verməsin ki, baş verənlərdə ancaq hakimiyyət günahkardır, təhsil, maariflənmə yoxdur. Maddi durumumuzun, təhsilimizin, səhiyyəmizin, ədalətin hansı səviyyədə olduğunu çoxlarından yaxşı bilirəm. Günahı özümüzdən başqa hamıda görürük. Ancaq yenə də çox şey məhz bizlərdən asılıdır. Hakimiyyətdə olanlar da bizlərdəndir. Vəzifə görən kimi dərhal dəyişirlər. Belələrini yüzlərlə görmüşəm. Dünən qarşımda baş əyənin vəzifəyə gedən kimi məni tapdalamağa hazır olduğunun da şahidi olmuşam. Yaşadığım evə, şəhərin mərkəzində olan ofisimə baxmayın, maddi durumum da çoxlarından fərqlənmir. Bugünkü vəziyyətimizin tək maddi durumla bağlı olmadığına əminəm. İçimizdə sevgi, başqalarının uğuruna sevinmək, bir-birimizə hörmətlə yanaşmaq olsa, belə qəddar mühitdə yaşamazdıq. Bu mühiti hamılıqla biz özümüz yaradırıq. Bu gün ölkəmizdə olan psixoloqlar, sosioloqlar bu mövzuda ayrıca araşdırma aparıb, fikirlərini, təkliflərini bölüşsələr, çox faydalı olacağına əminəm.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- ABŞ, Fransa və Rusiyanın səfirləri Azərbaycan hökumətinin dəvəti ilə  Şuşa şəhərinə səfərdən imtina ediblər.

Bu ölkələr uzun müddətdir ki, həm də ATƏT-in Minsk qrupunun həmsədrləridir.

Düşünürəm ki, onların bu hərəkəti,  ermənilərlə həmrəylik nümayişidir və yumşaq desək, ölkəmizə qarşı çox böyük hörmətsizlikdir.

Belə anlaşılır ki, onlar Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini qəbul edə bilmirlər, ikili standartlar sərgiləyirlər.

Düşünürəm ki, cəmiyyətimiz baş verənlərin fərqində olmalıdır. Azərbaycanın milli maraqları əsas götürülməklə adekvat addımlar atılmalıdır.

Sərdar Amin, jurnalist:

- Son illər qəbul və buraxılış imtahanlarına salınan suallar birmənalı şəkildə tələbələri taxtabaşlığa hazırlayır.

Sırf öz sahəmə aid məqama toxunuram. Suallar aşağı-yuxarı bu məzmunda olur:

"Salur qazanın evi yağmalanarkən 40 incəbelli qızın 38-cisinin adı nə idi?"

"Sarı donlu Selcan Xatun altdan nə geyinmişdi?"

"Dədə Qoqudun qardaşı oğlunun atının adı nə idi?"

"Giziroğlu Mustafa bəyin atasına gizir rütbəsi hansı nailiyyətinə görə verilmişdi?"

"Koroğlunun atasının eynəyinin ölçüsü neçə idi?"

"Keçəl Həmzənin harası keçəldi?" və s.

Bu suallarla insan yetişdirmək olmaz, nə də qoyulan məsələlər intellekt, savad testi deyil, sadəcə uşaqları əzbərçiliyə, kələkbazlığa səsləyir...

Bəhruz Həsənov, ictimai fəal:

- Adətən, hər il bütün səfirliklərdə rəsmi ziyafətlər təşkil edilir. Respublika günü və s. Təbii, ziyafətlərə dövlət və hökumət nümayəndələri, parlament üzvləri, ölkə ictimaiyyətinin tanınmış simaları, media mənsubları dəvət edilir. ABŞ, Rusiya və Fransanın ölkəmizdəki səfirliklərinin növbəti bu tipli tədbirlərində iştirak etməmək lazımdır.

Şuşaya səfər dəvətindən imtina etmək ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı - tanınması kimi ali dəyərə, ümumilikdə isə dövlətimizə  hörmətsizlikdir.

Mahiyyətindən asılı olmayaraq isə hər bir davranış qarşılıqlıdır və ya qarşılıqlı olmalıdır!

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Ordumuzun böyük zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra erməni təbliğatı sərsəmləmə olduğunu bildiyi halda "kiçik, lakin məğrur Arsağın" (bu sözün kiçik hərflə yazılmasının əleyhinəyəm, çünki öz sözümüzdür, xalis türk toponimidir) birləşmiş Azərbaycan, Türkiyə, Pakistan ordularına, bütün dünya terrorçularına, marsiançiklərə və s.  dəhşətli müqavimət göstərməsi, böyük itkilər yaşatması barəsində dil boğaza qoymadan danışırdı.

İndi olmayan "Arsax respublikası" öz itkiləri barəsində rəsmi məlumat yayıb. Deyirlər ki, 750 hərbçi və 82 mülki şəxs həlak olub. Deyək ki, həqiqətən belədir. Onda gəbərdilmiş əlavə 5000 (ən azı!) erməni zinvoru haradan peyda olub? Biz bu sualın cavabını bilirik.

Amma erməni təbliğatının daim "yalançının yaddaşı olmaz" prinsipi ilə hərəkət etməsi düşündürücüdür. Görünür, öz toplumlarını kifayət qədər səviyyəsiz və gerizəkalı saydıqlarından qabaqlarına hər cür düşük yalanlar atmaqdan çəkinmirlər. Ya da Göbbelsin məşhur prinsipi ilə hərəkət edirlər...

 





13.07.2021    çap et  çap et