525.Az

Əsrimizin Poladı: Şəhid Generalı tanımaq


 

İYULUN 14-ü MİLLİ QƏHRƏMAN, GENERAL-MAYOR POLAD HƏŞİMOVUN ŞƏHİD OLDUĞU GÜNDÜR

Əsrimizin Poladı: <b style="color:red">Şəhid Generalı tanımaq</b>

Uşaqkən ən ümdə arzumuz böyümək olur. Amma yaşa dolduqca kontekst dəyişir. Böyümək yox, böyük adam olmaq istəyirik. Bunun üçün təkcə yaşın üstə yaş gəlməsi yox, şəxsiyyətimizi kərpic-kərpic tikmək, ilmə-ilmə toxumaq lazımdır. Böyümək fiziki, bizdən asılı olmayan prosesdirsə, böyük adam olmaq birbaşa bizdən, bir qədər də düşdüyümüz mühitdən, ətrafımızdakı adamlardan asılıdır. Böyük adamlar həmişə tarixdə qalırlar. Bəziləri həmişə ulduz kimi işıq saçır, qaranlıqda mayak olurlar. Bəzilərini də kəşf etmək lazım gəlir.

Azərbaycanın hərb tarixi minilliklərlə ölçülür. Sanatürk, Atropatdan üzü bəri tariximiz böyük sərkərdələrin zəfərləri ilə yazılıb. Cavanşirimiz, Babəkimiz, Uzun Həsənimiz, Şah İsmayıl Xətaimiz hərəsi ayrılıqda bir tarix yazıb. Özlərindən sonra böyük bir irs qoyublar.

Günümüzdə müharibələrin konteksti, qaydaları dəyişsə də, qəhrəmanlar elə eyni cürdür. Fədakar, özünü yox, vətənini düşünən... Ən yeni tariximizdə bunu Aprel döyüşlərində qəhrəmanca həlak olan əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəxsində görmüşdük. Raquf Orucov da almaz yatağı kimiydi. Böyük kütlələr onu şəhidlik zirvəsinə ucalandan sonra tanıdı, sevdi. Ölümündən sonra nəhəngləşdi, zirvələşdi. Cəmi 4 il sonra elə onun döyüş yoldaşı, general-mayor Polad Həşimov Aprel döyüşlərində yazdığı qəhrəmanlıq dastanına yaraşacaq sonluq diktə etdi. 2020-ci ilin iyul ayının 13-dən 14-nə keçən gecə Tovuz döyüşlərində qəhrəmanca şəhid oldu.

Elə bir general düşünün ki, sağkən adına post olsun. 2016-cı ildə Talış kəndi istiqamətində azad etdiyi posta adı verilib - "Polad postu". Adı kimi polad sərkərdəmiz həmin döyüşdə xəsarət də alıb. Hətta bu qəhrəmanlığa görə vaxtından əvvəl general rütbəsinə layiq görüldüyü deyilir. Polad Həşimov, həm də öz ölümüylə bütün streotipləri dağıtdı. "Qərargahda oturub əmr verən general"lardan olmadığını sübut etdi. Həmişə can atdığı ön xətdə, düşmənlə üzbəüzdə həlak oldu. Əsl qəhrəman kimi...

Polad Həşimov təkcə qəhrəman zabit kimi yox, əsl insan təki də xatırlanır. Əsgərləri, tabeliyində olanlarla ata kimi davranıb - yeri gələndə sərt, yeri gələndə həlim, qayğıkeş...

Hətta dövlət tərəfindən ona bağışlanan evi şəhid ailəsinə bağışladığı deyilir.

Bir general təsəvvür edin. Rütbəsini döyüşlərdə göstərdiyi rəşadətlə artıran. Evini yox, səngəri üstün tutan. Kirayədə yaşayan general...

Xidməti maşınını ancaq iş üçün istifadə edən, şəxsi qayğılarının ardınca metro ilə gedən general.

Kredit götürüb, maşınını satıb post düzəltdirən, kazarma tikdirən, öz cibindən əsgərlərinə bayram sovqatı aparan general.

"Yastığı Vətən daşı, yorğanı qar olan" general.

Əsgərlərindən arxada yox, irəlidə olan general.

Qərargahda oturub əmr vermək əvəzinə əsgərlərlə bir səfdə döyüşən, onlarla bir qan töküb can verən general.

 

O general ki, heç vaxt unutmayacağıq.

O general ki, heç vaxt yeri dolmayacaq.

O general ki, itkisi bizi həmişə yandıracaq.

O general ki, sağlığında tanımadığımıza görə həmişə peşmanlıq duyacağıq.

O general ki, qoruya bilməməyimizin yanğısını ürəyimizdə gəzdirəcəyik.

O general ki, Milli Qəhrəman adını almamışdan əvvəl belə, xalqın qəhrəmanına çevrilmişdi.

***

Polad Həşimov kiminlə münasibət qurub, kiminlə tanışlıq yaradıbsa, böyük göy cisimləri kiçikləri öz cazibə qüvvəsinə tabe edib peykinə çevirən kimi, onları öz təsirinə salıb.

Vəfa Məmmədova Polad Həşimovla 11 il bir sinifdə oxuyub: "Yuxarı siniflərdə dost olmuşuq. 10-11-ci sinifdə mən sinif nümayəndəsi, o da müavinim idi. Jurnalları birlikdə işləyirdik. Mən, rəfiqəm Vəfa, Hüseyn və Polad pəncərə tərəfdən arxadakı iki partada əyləşirdik. Mən Hüseynlə, Polad da Vəfayla. Aşağı siniflərdə Polad da, mən də ön partalarda əyləşərdik. Son siniflərdə isə hərdən söhbət edək deyə, arxada əyləşirdik, çünki qabaqda müəllim imkan vermirdi. Jurnalları yazanda sinifdə baş verən hadisələri müzakirə edirdik. Polad çox gözəl məsləhətçiydi, əla danışıq qabiliyyəti vardı. Bütün fənləri yaxşı oxuyurdu, xüsusilə, dəqiq elmləri çox sevərdi, əsasən də riyaziyyatı. Riyaziyyat dərslərində dərsin əvvəlindən sonunadək lövhədə olurdu. Bütün fənlərdən qiymətləri əlaydı. Həmişə bizə kömək edirdi. Hansısa misalı, məsələni başa düşməyəndə izah edirdi. Səbirlə izah etməyi xoşlayırdı. Köçürməyə verməyi yox, izah etməyi sevirdi. Mən də ona lazım olanda ingilis dilindən kömək edirdim. Elə özü də yaxşı oxuyurdu. Bütün sinif yoldaşlarıyla münasibəti gözəldi. Hamıyla mehriban, səmimi... Təbiətən sakit, ciddi insandı. Ondan bir az çəkinirdim. Nəsə xoşuna gəlməyəndə mənə deyirdi. Bütün müəllimlər onu çox istəyirdilər. Hamı onu qiymətləndirir, hörmət edirdi. Polad hüquqşünas olmaq istəyirdi. Sonra fikrini dəyişdi. O, hərbçi olmaq istədiyini deyəndə kədərləndim. Çünki həmin vaxtlar müharibə gedirdi. İstəmirdim ki, ona müharibədə nəsə olsun. İstədim, fikrindən daşındıram. Dedim, bəs axı, sən hüquqşünas olmaq istəyirdin. Nə oldu?

Gözləri güldü:

- Hərbə o getməsin, bu getməsin, bəs kim getsin?

Dedim:

- Düz deyirsən. Mən səninlə fəxr edirəm.

Onu məktəbi bitirəndən sonra bircə dəfə gördüm. Rəfiqəm Vəfagildə ev telefonu vardı. Ora gedəndə hərdən Poladın evinə zəng vurub, onu soruşurduq. Adətən, evdə olmurdu. Anasından, bacısından necəliyini öyrənirdim. 3-cü kursda oxuyurduq. Dedi ki, sizin məktəbinizə gələcəyəm. Fonetika dərsiydi. Qapı açıqdı. Gördüm, qapının ağzında iki hərbçi var. Poladı tanıdım. Vəfaya dedim ki, bax, Polad gəlib bizi görməyə. Dərsdən sonra görüşüb söhbət etdik.

Poladın şəhid olduğunu oğlumdan eşitdim. Ayın 14-ü, ya da 13-ü axşam idi. Oğlum telefonda sosial şəbəkələrə baxırdı. Şəhid verdiyimizdən çox narahatdım, pis olmuşdum. Oğlum dedi ki, generalımız yaralanıb. Çox narahat oldum, kefim pozuldu. Amma onun Polad olduğu ağlıma da gəlmədi. Çünki general olduğunu bilmirdim. Soruşdum ki, başqa nə yazıblar? Dedi ki, başqa heç nə. Yazılıb ki, general Polad Həşimov yaralanıb. Kim olduğunu soruşdum. Bir də təkrar etdi. Onda başa düşdüm ki, bizim Poladdır. Televizora baxdım. Ancaq həmin vaxt bu barədə heç nə vermədilər. Səhv etmirəmsə, səhəri günü oğlum Poladın şəhid olduğunu dedi (kövrəlir)...

Mən Poladı sonuncu dəfə hardasa 25 il əvvəl görmüşdüm. İllər sonra onu televizorda, 45 yaşlı şəhid general kimi görəndə qəribə hisslər keçirdim. Daha böyük vəzifələrdə görmək istəyərdim, amma təəssüf... Adının əbədiləşdirilməsi çox yaxşı olardı. İstərdim, oxuduğu məktəbə, universitetə adı verilsin, həmin məktəbin qarşısında heykəli ucaldılsın, Bakıdakı küçələrdən biri adını daşısın..."

Daha bir sinif yoldaşı Mail Hümbətov deyir ki, Polad Həşimov çox tərbiyəli, aktiv, savadlı, öz üzərində çalışan, zəhmətkeş şagird olub: "Qiymətləri həmişə əla olurdu. Bütün fənlərdə aktiv idi. Xüsusən, dəqiq fənlərə üstünlük verirdi. Hamı da bilirdi ki, Polad hərbi sahəyə can atır. Sinif yoldaşları ilə çox yaxşı münasibəti vardı. Həmişə deyib-gülürdü, gülərüzdü. Qızlarla da rahat ünsiyyət qururdu, anlaşırdı. Xüsusi rəğbətlərini qazanmışdı. Dərsə gəlməyəndə darıxırdıq. Onun kimi gülərüz şagirdin hərbçi olacağını təxmin etmək çətindi. Amma yaxından tanıyanlar bilirdilər ki, məğrur, adı kimi polad iradəyə malik, vətənpərvər, döyüş əzmi olan insandır. Hərbçi olacağını həmişə qürurla deyirdi: "Mən general olum, siz də baxın".

Məktəbi bitirəndən sonra bir-iki dəfə görüşmüşük. Ali məktəbə daxil olan gün təbrik edəndə "bildiyini elədin" dedim. Sumqayıta gələndə tanışlar zəng edirdilər ki, Polad gəlib, dur, gəl. Amma mən çox vaxt yarışlarda olduğumdan vaxt tapa bilmir, telefonla əlaqə saxlayırdım. Poladın göstərdiyi şücaəti öz dilindən eşitməzdik. Həmişə şahidi olanlar danışardılar. Hətta Aprel döyüşlərində etdiyi qəhrəmanlıqdan da bir kəlmə danışmayıb".

Rütbəsini və adını vermək istəməyən döyüş yoldaşı generalla tanışlığını belə xatırlayır: "Şəhidimizlə 2005-ci ildə tanış olmuşam. O vaxt gənc leytenant idim, general Həşimov isə mayordu. N saylı hərbi hissəmiz ön xətdə yerləşirdi. Həmin hissəyə yeni təyin olunmuşdum. Polad Həşimov komandir müavini idi. Məni yanına çağırıb xidmətə necə başlayacağımla bağlı məsləhətlər verirdi. Deyirdi ki, xidmətə ön xətdə başladığıma görə çox sevinir. Hər gün hərbi biliklərimi yoxlamaq üçün silah və texnikaya aid müxtəlif suallar verir, mən də öz növbəmdə sevə-sevə cavablandırırdım. Daha sonra idman hazırlığımı yoxlayırdı. Heç yorulmaz, bezməzdi.

General haqqında hamı gözəl fikirdə idi. Məndən rütbəcə böyük zabitlər Həşimova komandirlikdən əlavə, xüsusi hörmət göstərirdilər. Çünki xidmətini ağır cəbhələrdə keçirmişdi. Bu isə hərbçilər arasında xüsusi nüfuz qazandıran xüsusiyyətdir.

Hərbçi peşəsini seçməyimin əsas səbəbi ailəmizdə bir neçə şəhidin olmasıdır. 1996-cı ildən başlayan hərbçi həyatımın məqsədi onların qısasını almaq idi. Bu peşədə hərənin öz idealı olur. Mənim də ideal seçimimdə Həşimovun tələbkar, səmimi, məsuliyyətli davranışı, hərbi libasa yaraşan komandir olması böyük rol oynayıb. Açığı, onun haqqında danışmaq mənimçün çox ağırdır (susur)...

Bir ildən sonra Polad Həşimovun vəzifəsi artırıldı və başqa hərbi hissəyə təyin edildi. Yollarımız hələlik ayrıldı. Sonrakı görüşümüz isə Aprel döyüşləri zamanı oldu.

Döyüşə girəcək əsgərlərə özü şəxsən təlimat verirdi. Generalımın döyüşə atılmaq istəyi heç zaman azalmır, əksinə, artırdı. Elə bil, şəhid olmaq üçün fürsət gəzirdi. Nəhayət, istəyinə çatdı..."

Polad Həşimovun əsgəri olan Pərviz Sadıqov deyir ki, hərbi xidmət keçdiyi dövrdə Polad Həşimov briqada komandiri olub. "Həmin vaxt polkovnik-leytenant rütbəsində idi. Əsgərlər xətrini istəyirdilər, zabitlər ondan daha çox çəkinirdi, nəinki əsgərlər. Ailəli əsgərlərin problemləri ilə tez-tez maraqlanırdı. Hərbi hissə gediş-gəliş üçün rahat ərazidə olmadığına görə ailəsini görə bilməyən əsgərlərə şərait yaradırdı. Bir dəfə Qurban bayramında ona hədiyyə gətirilən 3 qurbanlıq qoyunu əsgərlər üçün kəsdirib yeməkxanada paylatdırmışdı. "Hədiyyədir" demişdi, amma bəlkə də, özü almışdı.

Atəşkəs pozulanda əsgər və zabitlərlə bir yerdə əməliyyatlarda iştirak edirdi. Briqadada çox az olurdu. Daha çox postlarda gəzir, ermənilərlə təmas xəttində dolaşırdı. Ölümündən sonra hamı haqqında yaxşı danışıla bilər. Amma 10 ildir, əsgərlikdən qayıtmışam, hər dəfə də əsgər yoldaşlarımızla görüşəndə Polad Həşimovdan danışırıq ki, çox savadlı və əla insandır.

Ölüm xəbərini işdə aldım. İş yoldaşım birdən uca səslə xəbəri oxudu: "General-mayor Polad Həşimov şəhid olub". Xəbər təsdiqlənməyənə qədər hamıyla mübahisə edirdim ki, dezinformasiyadır, inana bilmirdim. Həzi Aslanovdan sonra döyüşdə həlak olan ilk generalımızdır. Milli Qəhrəman adının verilməsini istəyirdim. Kiçik Qafqaz tərəfdə, Tovuz, Daşkəsən, yaxud Gədəbəydə bir yüksəkliyə, yaxud zirvəyə Polad adının verilməsinin yerinə düşəcəyini düşünürəm. Azərbaycan ordusunda Polad kimi zirvəni itirsək də, "Polad zirvəsi" tarixdə yaşayardı..."

***

İndi hər yeri şəhid generalımızın şəkilləri bəzəyir, hara getsən, adı dillərdədir. Büstü, barelyefi hazırlanıb. Haqqında film çəkilir, kitablar yazılır.

Polad Həşimovu gec kəşf etdik, çox gec. Onun sağlığında qədir-qiymətini bilmədik, heç tanımadıq da. Bu cür qəhrəman general ömrü boyu kirayələrdə yaşadı. Səngərdə əsgərlərlə bir səfdə dayandı, elə səngərdə də şəhid oldu. Müdafiə Nazirliyi də açıqlama yaydı. Bildirildi ki, general məhz ön xətdə, real döyüş şəraitində, səngərdə həlak olub. Polad Həşimovu itirsək də, onun ölümüylə inamımız doğuldu. Bizə, cəmiyyətə, xalqa, orduya inam. Bir daha inandıq ki, bizi hücuma, döyüşə, qələbəyə aparacaq zabitlərimiz, sərkərdələrimiz var, olacaq da.

Cənab general, Azərbaycan Əsgəri Sizin müqəddəs intiqamınızı aldı!

 





14.07.2021    çap et  çap et