525.Az

"Azərbaycanda seçilən təhsil müəssisəsi olmağa iddialıyıq"


 

"Azərbaycanda seçilən təhsil müəssisəsi olmağa iddialıyıq"<b style="color:red"></b>

Müsahibimiz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar kollecin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralovadır. Nərmin xanımla kollecin iş prinsipləri, geridə qoyduğu tədris ili və gələcək planlar haqqında danışdıq: 

- Nərmin xanım, hazırda direktoru olduğunuz kollecin ADMİU nəzdinə keçərək, yeni ad və status qazanmasından bir il ötür. Kollecin son bir ildə fəaliyyətini və başa vurduğunuz tədris ilini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, qeyd edim ki, orta ixtisas təhsil müəssisələrinin öz profillərinə uyğun ali təhsil müəssisələrinin nəzdinə keçməsi Azərbaycanda tədrisin təşkili, potensialının yenilənməsi və keyfiyyətinin yüksəldilməsi istiqamətində uzun zamandır gözlənilən mühüm addımdır. Həmçinin, orta ixtisas təhsil müəssisələrinin maddi texniki bazalarının və tədris proqramlarının yenilənməsi ilə bağlı yeni qərarlar verilməsi, onların əmək bazarına uyğun peşəkar kadrların hazırlanmasına istiqamətlənmiş fəaliyyət planı zamanla gənclərin orta ixtisas təhsili müəssisələrinə marağının artmasına səbəb olacaq. ADMİU nəzdində Humanitar Kollecin fəaliyyətinə gəldikdə isə onu deyə bilərəm ki, geridə qoyduğumuz tədris ilində təhsilin distant qaydada təşkilinin yüksək səviyyədə təmin edilməsi üçün əlimizdən gələni etdik. Həmçinin, pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, mövcud qaydalara uyğun şəkildə tədbirlər, vebinarlar, seminarlar təşkil olundu. Hesab edirəm ki, bu çətin şəraitə rəğmən kollecin müəllim heyəti və ümumilikdə kollektiv tədris ilini müvəffəqiyyətlə başa vurdu.

- 2020-2021-ci tədris ili pandemiya ilə yanaşı, II Qarabağ müharibəsi kimi tarixi və eyni zamanda, ağır bir mərhələyə də təsadüf etdi. İstərdim, bir az da bu haqda danışaq.

- Doğrusu, II Qarabağ müharibəsi bizə pandemiyanı belə unutdurdu. Hər kəs 44 gün ərzində vəzifəsini, peşəsini unudaraq, böyük inamla, səbrlə ordumuzun döyüş əzminə, Ali Baş Komandanın daxili və xarici siyasətinə, bir sözlə, 30 illik haqq davamızın müqəddəratına kökləndi. Azərbaycanın ərazi bütövlüyü uğrunda, tarixi ədaləti bərpa etmək üçün gəncliyini, arzularını qurban verən qəhrəman şəhidlərimiz arasında ADMİU nəzdində Humanitar Kollecin də tələbələri var - Əli Cabbarov, Hikmət Abbaslı, Mais Səfərov, Şahmar Soltanlı və dəyərli müəllimimiz Natella Heydərovanın oğlu Rafiq Heydərov... Həmçinin, tələbələrimizdən Zeynallı Sənan, Vəlizadə Murad, Namazov Nurəddin, Qasımov Cavid, kollecin müəllimi Fərid Atazadə, əməkdaşımız Allahverdiyev Rüstəm müharibə qazisidir. Müharibədən sonra ilk işimiz şəhidlərimizin ailələri ilə görüşmək, onların məzarlarını ziyarət etmək oldu. Gənclər günündə onların əziz xatirəsini əbədiləşdirmək üçün qısa, amma mənalı həyatlarını, keçdikləri döyüş yolunu əks etdirən xatirə lövhəsinin açılışını təşkil etdik. O xatirə lövhəsi kollecin ən müqəddəs guşəsi, qürur yeridir. Eyni zamanda, kollecdə hazırda təhsil alan və gələcəkdə təhsil alacaq gənc nəslin bir vətəndaş kimi məsuliyyətini dərk etməsində önəmli rolu var. Qeyd edim ki, istər şəhidlərimiz və onların əmanəti olan ailələri, istərsə də qazilərimiz hər zaman diqqət mərkəzimizdədirlər.

- Heç kimə sirr deyil ki, günümüzdə kolleclər nisbətən nüfuzunu itirib. Bunun əsas səbəbini nədə görürsünüz və bu reallığı dəyişmək üçün nə kimi təklifləriniz var?

- Hər nə qədər radikal səslənsə də deməliyəm ki, cəmiyyətimizin özündə təhsilə münasibət ürəkaçan deyil. Məqsədyönlü təhsil almaq, ixtisas seçimində prinsipial olmaq əvəzinə topladığı bala əsasən "püşkatma" ilə öz gələcəyini qurmaq istəyən gənclərimiz çoxluq təşkil edir. Həmin tələbələr daha sonra həyatda özünü realizə edə bilmir və nəticədə əmək bazarında itir. Hesab edirəm ki, orta məktəblərdə şagirdlərə gələcəkdə təhsillərini doğru planlaşdırmaları, potensiallarına uyğun ixtisas seçmələri üçün təlimlər keçilməlidir. Ali təhsil almaq potensialı olmayan şagirdlərdə peşə təhsilinə, orta ixtisas təhsilinə maraq yaradılmalıdır. Bu gün Azərbaycanda yüksək səviyyəli peşə təhsili müəssisələri fəaliyyət göstərir və əmək bazarında da bu istiqamət üzrə yaxşı mütəxəssislərə ehtiyac var. Həmçinin, orta ixtisas təhsil müəssisələrində, yəni sizin qeyd etdiyiniz kolleclərdə ali təhsil almaq potensialı olmayan gənclər üçün perspektivli ixtisaslar var. Məsələn, zərgərlik, videoperator və sair. Kolleclərin nüfuzunu itirməsinə səbəb də məhz cəmiyyətin müəyyən hissəsinin reallıqdan uzaqlaşmasıdır. Elə abituriyent var ki, o, orta ixtisas təhsili müəssisələrindən birində öz gücünə, maraq dairəsinə uyğun hər hansı ixtisası seçib, hətta ödənişsiz əsaslarla yaxşı təhsil ala bilər. Amma ailəsinin təkidi ilə ali təhsil müəssisələrinə imtahan verir, yüksək bal toplaya bilmir, ödənişli əsaslarla və universitetin mürəkkəb tədris yükü ilə yüklənir, nəticədə ən yaxşı halda akademik borclarla 4 ili "yola verir". Beləliklə, kolleclər təhsilini müvəffəqiyyətlə başa vurub, onun nüfuzunu qaldıracaq məzunlar itirir. Təhsilin qeyd etdiyim kimi, mərhələli və şüurlu şəkildə təşkilini təmin edə bilsək, kolleclərin də peşə təhsili müəssisələrinin də nüfuzu qısa zamanda artacaq.

- ADMİU nəzdində Humanitar Kollec zamanında yüksək nüfuza sahib olan Mədəni Maarif Texnikomunun xələfi hesab olunur. Sizcə, bu nüfuzu geri qaytarmaq mümkün olarmı?

- Doğrusu, sualın bu cür qoyulması ilə razı deyiləm. Hər şeydən əvvəl onu qeyd edim ki, artıq ADMİU nəzdində Humanitar Kollec bayaq adlarını qeyd etdiyim qəhrəman tələbələri ilə yüksək nüfuza həm layiqdir, həm də sahibdir. İstər şəhidlərin, istərsə də qazilərin düşünmədən vətən üçün canlarından, sağlamlıqlarından keçməsində, tarixi kökünə, milli dəyərlərinə sahib çıxmasında, inandıqları həqiqət uğrunda ölümü gözə almasında ailə qədər təhsil aldıqları müəssisənin, onlara dərs deyən müəllimlərin də rolu var. Bəli, Mədəni Maarif Texnikomunda dövrün istedadlı sənət adamları təhsil alıblar. Amma bu gün də bizim istedadlı, savadlı, gələcəyi parlaq olan tələbələrimiz, məzunlarımız var ki, kollecdə aldıqları keyfiyyətli təhsilin nəticəsi olaraq artıq Polşa, İtaliya kimi ölkələrdə təhsillərini davam etdirmək üçün çalışırlar. Həmçinin, bu yaxınlarda İrlandiya-Polşa ölkələri arasında onlayn formatda keçirilən "Star Bridge" - Ümumdünya İslam Dövlətləri Beynəlxalq İncəsənət müsabiqəsində kollecin tar ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Məmməd Hacıyev II yeri qazanıb. Daha sonra 24 iyun tarixində Türkiyənin nüfuzlu universitetlərindən biri olan Antalya AKEV Universiteti ilə kollecimiz arasında "Akademik işbirliyi protokolu" imzalandı. Bu qeyd olunanları nəzərə alsaq, tam arxayınlıqla və məsuliyyətlə deyə bilərəm ki, biz hər hansı nüfuzun geri qaytarılmasına deyil, övladlarımızın qanı bahasına qazandığı nüfuzun qorunub-saxlanılmasına və daha yüksəklərə qaldırılmasına çalışırıq.

- Siz həm də ADMİU-nun "Musiqi tarixi və nəzəriyyəsi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pedaqoqsunuz. Rəhbər vəzifədə çalışmaq, gərgin iş rejimi elmi-pedaqoji fəaliyyətinizə necə təsir edir?

- İlk olaraq onu qeyd edim ki, elə ən yüksək, ən nüfuzlu və məsuliyyətli vəzifə müəllimlikdir. Bir müəllimin sənəti ilə bağlı məsuliyyəti, qayğıları, narahatlığı heç nə ilə müqayisə edilə bilməz. Ali təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olmaq isə daha mürəkkəb prosesdir. Çünki orada təhsil almağa gələn gənclərin formalaşmış bir fikri, individuallığı, təfəkkür tərzi, həqiqəti var. Onların üzərində işləmək, bir şəxsiyyət kimi formalaşmaları üçün səy göstərmək, yanlışlarını düzəltmək (qeyd edim ki, bu, çox çətin prosesdir), doğru bildiklərinə inam yaratmaq, analitik düşüncə formalaşdırmaq, hadisələrə, problemlərə yanaşma üslubunu aşılamaq böyük səbr, vaxt və enerji tələb edir. Amma zaman keçdikcə onların gələcək vəd edən fərdlərə çevrilməsini görmək, şəxsiyyət kimi formalaşmalarının ilk addımlarına şahid olmaq bütün yorğunluğumuzu unutdurur. Tam əminliklə deyə bilərəm ki, bu gün ən böyük motivasiyam pedaqoji fəaliyyətim və etimadımı doğruldan tələbələrimdir. Bu günümü mənə nümunə olan, məsləhətlərini əsirgəməyən müəllimlərimə borcluyam. Hər zaman öz müəllimlərim kimi müəllim olmağı arzulamışam, bunun üçün əlimdən gələni edirəm. Müəllimin iş rejimi nə qədər gərgin olur olsun, hardasa elmə, öyrənməyə, maariflənməyə ehtiyacı olan bir şagird onun işığını gözləyirsə, sönməyə haqqı yoxdur.

Həmçinin, pedaqoji fəaliyyətimlə yanaşı, bir musiqişünas kimi elmi fəaliyyətimə də vaxt ayırıram. Beynəlxalq konfranslarda musiqişünaslıqla bağlı aktual olan mövzularda çıxış edirəm, jurnallarda məqalələrim çap olunur.

- Vəzifəyə təyin olunduğunuz gündən həm sizin, həm də kollecin ətrafında çox söz-söhbətlər dolaşdı. Bunlara münasibətiniz necədir?

- Əvvəla deyim ki, mən "söz-söhbətdən" uzaq adamam (gülümsəyir). Bizim ilk gündən prioritet məsələmiz kollecdə olan bütün neqativ halları aradan qaldırmaq olub. Bu prosesi isə şəxsi ambisiyalarımızı güdmədən, hər cür qərəzli mövqedən uzaq, tam obyektiv şəkildə və ən əsası dövlətin təhsil siyasətini dəstəkləyəcək formada həyata keçirmişik. Təhsilin keyfiyyətinin yüksəldilməsi adına gördüyümüz işlər, müsbət dəyişikliklər narahatlığa səbəb olubsa, deməli, doğru yoldayıq. Tarixdə passiv mübarizənin lideri kimi tanınan Mahatma Qandi deyir ki, "Əvvəl səni görməzdən gələrlər, sonra sənə gülərlər, sonra səninlə mübarizə apararlar və sonda sən qalib gələrsən"... Mən hesab edirəm ki, biz bu ardıcıllığın sonuncu mərhələsindəyik!

- Kollecin gələcək fəaliyyəti ilə bağlı nə kimi planlarınız var?

- Yeni tədris ilinə hazırlaşırıq. Ümid edirik ki, artıq ənənəvi təhsil bərpa olunar və tədrisin təşkilində daha səmərəli fəaliyyət göstərə bilərik. Bayaq qeyd etdiyim kimi, Antalya AKEV Universiteti ilə imzaladığımız "Akademik işbirliyi protokolu" çərçivəsində əməkdaşlığımız olacaq. Tələbələrin müasir təhsil standartlarına cavab verəcək səviyyədə təhsil alması üçün birgə layihələr təşkil edəcəyik. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin mədəni tədbirlərə cəlb olunması, ölkədaxili və beynəlxalq müsabiqələrdə iştirak etmələri üçün əlimizdən gələni edəcəyik.

Biz ADMİU nəzdində olduğumuza görə kollecimizdə  incəsənət yönümlü ixtisasların da sayını artırmağı düşünürük. Bu məqsədlə növbəti tədris ilində iki yeni ixtisas - kinooperator və aşıq sənəti açılıb. Əsas məqsədimiz daha sonra təhsilini bakalavr kimi davam etdirəcək tələbələrin nəzəri və praktiki cəhətdən hazırlıqlı olmasını təmin etməkdir. Burada illərini pedaqoji fəaliyyətə həsr etmiş, vicdanla çalışan müəllimlər var. Başda onlar olmaqla, bütün kollektivin səyi və dəstəyi ilə Azərbaycanda ən nüfuzlu və seçilən təhsil müəssisəsi olmağa iddialıyıq.

Şahanə MÜŞFİQ

 





14.07.2021    çap et  çap et