525.Az

Maya Sandunun növbəti qələbəsi - Xaqani Cəfərlinin şərhi


 

Maya Sandunun növbəti qələbəsi - <b style="color:red">Xaqani Cəfərlinin şərhi </b>

Ötən bazar günü Moldovada keçirilən parlament seçkilərində prezident Maya Sandunun lideri olduğu "Fəaliyyət və Həmrəylik" Partiyası (Partidul "Aciune i Solidaritate") böyük üstünlüklə qələbə qazanıb.

Seçki kampaniyasının ilk günlərindən prosesi diqqətlə izləyən Rusiyada Maya Sandunun tərəfdarlarının böyük üstünlüklə qələbə qazanacağını şübhə altına alırdılar. Bütün rəy sorğuları "Fəaliyyət və Həmrəylik" Partiyasının qalib gələcəyini göstərirsə də, Rusiyada ehtimal edirdilər ki, prezidentin tərəfdarları parlamentdəki yerlərin yarısından çoxunu qazana bilməyəcək və Moldovada yenə koalisiyon hökumət qurulacaq. Prezident Maya Sandunun partiyası isə bütün ehtimalları dağıdaraq böyük üstünlüklə qalib gəldi. Moldova Mərkəzi Seçki Komissiyası səslərin 99 faizinin sayıldığını və "Fəaliyyət və Həmrəylik" Partiyasının seçicilərin 52.8 faizinin səsini qazandığını açıqlayıb. Bunun nəticəsində də prezident Maya Sandunun partiyası 101 yerlik parlamentdə 63 deputatla təmsil olacaq. Bu o deməkdir ki, "Fəaliyyət və Həmrəylik" Partiyası təkbaşına hökumət qurmaq imkanı qazanıb. Bu isə çox böyük əhəmiyyətə malikdir. Çünki Moldova parlamentli respublikadır və prezident çox məhdud səlahiyyətlərə malikdir. Maya Sandu ötən ilin noyabrında keçirilən prezident seçkilərində qalib gəlsə də, parlamentdəki çoxluq ona öz proqramını həyata keçirməyə mane olurdu. İndi isə parlament və hökumət prezidentin siyasətini həyata keçirəcək.

"Fəaliyyət və Həmrəylik" Partiyasının böyük üstünlüklə qələbəsindən sonra Moldovanın Avroatlantik strukturlara, ilk növbədə isə Avropa Birliyinə inteqrasiya istiqamətində qətiyyətli addımlar atacağını ehtimal etmək çətin deyil. Bəzi şərhçilər prezidentin tərəfdarlarının qələbəsini Moldovada Rusiyanın məğlubiyyəti, Qərbin uğuru kimi dəyərləndirirlər. Bu fikirlər tamamilə həqiqəti əks etdirir. Rumıniya vətəndaşlığı da olan Maya Sandu Moldovanın Avropa Birliyi və NATO-da təmsilçiliyinin ən asan yolunu ölkəsinin Rumıniya ilə birləşməsində görür. Hələ aprel ayında prezident Maya Sandu dövlət dilinin rumın dili adlandırılması təşəbbüsü ilə çıxış etmişdi. O zaman parlamentdəki rusiyayönümlü qüvvələr prezidentin bu təklifinin qəti əleyhinə çıxmışdılar.

Eyni mənşəli və əsasən ləhcə fərqi olduğu üçün rumın və moldovan dillərini eyni dil hesab etmək olar. Özü də bu, yalnız siyasətçilərin fikri deyil. Dilçilər də hesab edirlər ki, kiçik fərqlərə baxmayaraq, rumın və moldovan dilləri eynidir. Digər tərəfdən, hər iki dil hazırda latın qrafikalı əlifbadan istifadə edir. Yalnız Dnestryanı bölgədə hələ də Kiril qrafikalı əlifbadan istifadə olunur. Google kimi şirkətlər Moldovanın dövlət dilini rumın dili kimi göstərsə də, hələlik bu, tam rəsmiləşməyib. Prezidentin aprel ayındakı təklifi parlamentdəki çoxluq tərəfindən rədd edildikdən sonra Moldovada siyasi böhran yaranmış və vaxtından əvvəl parlament seçkiləri gündəmə gəlmişdi. İndi parlament seçkilərində Maya Sandunun tərəfdarlarının böyük üstünlüklə qələbəsi prezidentin təklifinin çox yaxın zamanlarda rəsmiləşəcəyini təxmin etməyə imkan verir.

 

Moldovadakı ən güclü siyasi təşkilatlardan olan rusiyayönümlü Sosialistlər Partiyası cəmiyyətdə mövqelərini itirdiyi üçün Maya Sandu ard-arda qələbə qazanmaqda davam edir. Prezident seçkisində qələbə qazandıqdan sonra rus dilinin millətlərarası ünsiyyət dili statusunun ləğv edilməsinə nail olan prezident Rusiyanın mövqelərini zəiflətməkdə davam edirdi. Parlament seçkilərində "Fəaliyyət və Həmrəylik" Partiyasının böyük üstünlüklə qələbəsindən sonra Rusiyanın Moldovadakı mövqelərini tamamilə itirəciyini də təxmin etmək mümkündür. Keçmiş prezidentlər Vladimir Voronin və İqor Dadonun tərəfdarlarının təmsil olunduğu "Kommunistlər və sosialistlər" Bloku 27.17 faiz səs toplayaraq parlament seçkilərində ikinci olsa da, Maya Sandunun Moldova dövlətinin xarici və daxili siyasətinin istiqamətini dəyişməsinə mane ola bilməyəcəklər. Hər kəs anlayır ki, parlament seçkilərindəki qələbədən sonra Moldovanın bütün xarici və daxili siyasətinin istiqaməti Buxarest, Vaşinqton və Brüsselə yönələcək.

Çox böyük ehtimalla, prezident Maya Sandu Moldovanın Rumıniyaya birləşməsi ilə bağlı referendum keçirilməsinə çalışacaq. Xanım Sandu bəyan edib ki, əgər belə bir referendum keçirilsə, o, özü şəxsən Moldovanın Rumıniyaya birləşməsinə səs verəcək.

Rusiya bu prosesi narahatlıqla izləsə də, Moldovanın seçiminə təsir etmək imkanlarını sürətlə itirir. Bunu ötən ilin noyabr ayında keçirilən prezident seçkisi və ötən bazar keçirilən parlament seçkiləri çox aydın şəkildə üzə çıxardı. Ümumiyyətlə, Rusiya postsovet məkanında mövqelərini sürətlə itirir və özünün sərhədlərinə doğru çəkilir. Ermənistanda və Moldovada keçirilən parlament seçkilərində Qərbyönümlü qüvvələrin qələbəsi bunun nəticəsi hesab oluna bilər.

Moldovada parlament seçkilərində "Fəaliyyət və Həmrəylik" Partiyasının böyük üstünlüklə qələbəsi Belarus, Ukrayna, Gürcüstan və digər postsovet respublikalarına da təsir göstərəcək. Bundan sonra Ukraynanın Qərbyönümlü siyasətində də qətiyyətli addımlar müşahidə olunacaq. Eyni zamanda, Avropanın sonuncu diktatoru adlandırılan Aleksandr Lukaşenkonun Belarusdakı hakimiyyətini qorumaq Rusiya üçün daha çətin olacaq. Ona görə tam əminliklə demək olar ki, ötən bazar günü Moldovada keçirilən parlament seçkilərində Rusiya məğlub olub, Qərb isə qalib gəlib.

 





14.07.2021    çap et  çap et