525.Az

Gürcüstanda yeni siyasi böhran


 

Gürcüstanda yeni siyasi böhran<b style="color:red"></b>

Parlament seçkilərindən sonra Gürcüstanda yaranmış siyasi böhran Avropa Birliyinin vasitəçiliyi ilə iqtidarla müxalifət arasında anlaşma əldə edilməsilə aradan qalxsa da, yeni siyasi böhranın da uzaqda olmadığı aydın idi.

Məsələ ondan ibarətdir ki, müxalifət "Gürcü arzusu"nun qalib gəldiyi parlament seçkilərini ədalətli seçki hesab etmir. Eyni zamanda, müxalifət iqtidarı Avroatlantik inteqrasiya kursundan yayınmaqda, Gürcüstanda Rusiyanın və Çinin təsirlərinin artmasına imkan verməkdə ittiham edir. Yəni iqtidarla müxalifət arasında münasibətlərdə dərin ziddiyyətlər mövcud olduğu üçün siyasi böhranın alovlanması üçün kiçik bir qığılcım yetərlidir.

"TV Pirveli" kanalının operatoru Lesko Laşkaravanın etiraz aksiyası zamanı aldığı xəsarət nəticəsində həyatını itirməsi Gürcüstanda siyasi böhran atəşini alovlandıran qığılcım oldu. Müxalifətin çağırışı ilə başlayan etiraz aksiyası parlament binasının zəbt olunması ilə nəticələndi. Müxalifət hesab edir ki, operatoru Lesko Laşkaravanın ölümünə görə hökumət məsuliyyət daşıyır və Nazirlər Kabineti tam tərkibdə istefaya getməlidir. Belə bir çağırışla "Mlli hərəkat"ın lideri Nika Meliya çıxış edib. Müxalifət hesab edir ki, "TV Pirveli" kanalının operatorunun ölümünün yaratdığı siyasi böhrandan yeganə çıxış yolu hökumətin tam tərkibdə istefaya getməsidir. "Gürcü arzusu"nu "təcavüzkar" adlandıran Nika Meliya xalqı küçələrə çıxmağa, parlament və iqtidar partiyasının yerləşdiyi binaların önünə yığışmağa çağırıb. Eyni zamanda, müxalifətin iki təmsilçisi - "Mlli hərəkat" və "Gürcüstan naminə Lelo" parlamentin fəaliyyətini yenidən boykot etməyə başlayıb. Müxalifət təmsilçiləri hökumətin isteafası və seçki qanunvericiliyinin dəyişdirilməsi müzakirə olunacağı halda parlamentin iclaslarına qatılacaqlarını, əks halda qanunverici orqanın işində iştirak etməyəcəklərini bildiriblər. Bununla Avropa Birliyinin vasitəçiliyi ilə iqtidarla müxalifət arasında anlaşma əldə olunmazdan əvvəlki vəziyyət yenidən yaranıb.

Parlamentin işində iştirakdan imtina edən "Gürcüstan naminə Lelo" partiyasının lideri Mamuka Xazaradze bəyan edib ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu keçid hökumətinin yaradılması və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsidir.

İrakli Qaribaşvilinin başçılıq etdiyi hökuməti ölkəni fəlakətə doğru aparmaqda ittiham edən müxalifət Nazirlər Kabinetinin istefasına nail olmaq istəyir.

Gürcüstan hökumətinin təmsilçiləri isə bəyan edirlər ki, "TV Pirveli" kanalının operatoru Lesko Laşkaravanın ölümünə görə hökumət məsuliyyət daşımır, bu hadisənin iştirakçıları artıq həbs olunublar. Həqiqətən də bu hadisə ilə bağlı beş nəfər həbs olunub. Hökumətin istefaya getmək istəməməsi, müxalifətin isə bu məsələdə təkid etməsi siyasi böhranın dərinləşməsinə səbəb olacaq. Əgər müxalifət öz tərəfdarlarını və hökumətin fəaliyyətindən narazı olanları kütləvi şəkildə  küçələrə çıxara bilsə, siyasi böhran dərinləşəcək. Bu dəfə iqtidarın vəziyyətini ağırlaşdıran hal isə müxalifətlə yanaşı, media və vətəndaş cəmiyyəti təmsilçilərinin də hökumətin əleyhinə çıxış etməsidir. Hökumət üçün digər arzuolunmaz hal Qərbin üstüörtülü halda müxalifəti dəstəkləməsidir. Məsələn, Avropa Birliyinin təmsilçisi zorakılıqları qəti şəkildə pisləyib, mətbuat və toplaşmaq azadlığın, dəstəklədikləyib. Bu isə iqtidarın etiraz aksiyalarına qarşı zor tətbiq etməsini çətinləşdirir. Belə görünür ki, Gürcüstanda yaranan yeni siyasi böhran dərinləşəcək və yalnız hakimiyyət dəyişikliyindən sonra başa çatacaq. Əgər "Gürcü arzusu" hakimiyyəti əlində saxlaya bilməsə, bu, Cənubi Qafqazda yeni geosiyasi proseslərin başlanğıcı olacaq.

 





14.07.2021    çap et  çap et