525.Az

"Şərq qapısı" qəzeti və Naxçıvanda mətbuatın inkişafı" müzakirə olunub


 

"Şərq qapısı" qəzeti və Naxçıvanda mətbuatın inkişafı" müzakirə olunub<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində "Şərq qapısı" qəzeti və Naxçıvanda mətbuatın inkişafı" mövzusunda keçirilən konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.

İ.Hacıyev Ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtdıqdan sonra "Şərq qapısı"na verdiyi müsahibədə dediyi "Mən "Şərq qapısı" qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün "Şərq qapısı"ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb" fikirlərini xatırladıb. Akademik deyib ki, qəzet bütün dövrlərdə muxtar respublikada elm, təhsil, maarifçilik, ədəbiyyat sahəsində gedən inkişaf proseslərinin güzgüsünə çevrilib və bu gün də bu yöndə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

İ.Hacıyev "Şərq qapısı" qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə" 2021-ci il 1 iyun tarixli Sərəncamın söz, qələm əhli ilə yanaşı ziyalı fikrinə, elm adamlarına da verilən böyük önəm olduğunu vurğulayıb. Qeyd edib ki, təsdiq olunan tədbirlər planına uyğun olaraq bölmə və qəzetin əməkdaşları tərəfindən artıq kitabın hazırlanmasına başlanılıb. Akademik, elmə, təhsilə, ziyalılığa göstərdiyi yüksək diqqət və qayğıya görə konfrans iştirakçıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib. Elm adamlarının, ziyalıların kənar müəllif kimi qəzetlə müntəzəm əməkdaşlığı üçün göstərdiyi təşəbbüsə görə "Şərq qapısı" qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova AMEA Naxçıvan Bölməsinin Fəxri fərmanı ilə təltif olunub.

"Şərq qapısı" qəzetinin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova çıxışında qəzetin muxtar respublikada elm, təhsil istiqamətində aparılan uğurlu siyasəti, qazanılan uğurları geniş şəkildə işıqlandırmasından bəhs edib, aparıcı mətbuat orqanının keçdiyi tarixi inkişaf yoluna nəzər salıb. Bildirib ki, tarixən Azərbaycançılıq ideologiyasına, milli məfkurəyə xidmət edən "Şərq qapısı" qəzeti XX əsrin 90-cı illərinin əvvəllərində Sovetlər Birliyində nəşr olunan ilk müstəqil mətbuat orqanı kimi tarixə düşüb, 1990-cı il 20 yanvar tarixdən etibarən səkkiz nömrəsi müstəqil çıxan qəzet milli həmrəylik, demokratiya və milli müstəqillik uğrunda mübarizədə ideoloji bayraqdar funksiyasını yerinə yetirib. 1990-1993-cü illərdə Ulu öndərimiz Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə qəzetin müstəqil mətbuat orqanı kimi formalaşması mərhələsinin əsası qoyulub. Ulu Öndər qəzetin fəaliyyəti ilə yaxından maraqlanıb, çətin şəraitdə belə, onun nəşr olunmasını təmin edib.

Çıxışda bildirilib ki, "Şərq qapısı" qəzeti daim Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunub, bu mətbu orqanın 75, 80, 85, 90 illik yubileyləri yüksək səviyyədə qeyd edilib. İndi isə 100 illik yubiley qeyd olunur və M.Sultanova buna görə Naxçıvan Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov bildirib ki, bu gün "Şərq qapısı" qəzeti redaksiyasında yüksək səviyyəli, müasir tələblərə cavab verə biləcək qəzetin nəşri üçün müasir iş şəraiti yaradılıb. 2012-ci ildən etibarən www.serqqapisi.az saytı vasitəsilə qəzet dünyanın Naxçıvanla bağlı informasiya tələbatını ödəməyə başlayıb, qəzetin elektron arxiv bazası yaradılıb.

Konfransda filologiya elmləri doktoru Yusif Səfərov, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov, dosentlər Şəhla Şirəliyeva və Nüşabə Məmmədova məruzələrlə çıxış ediblər.

Sonda  "Şərq qapısı" qəzeti ilə yaxından əməkdaşlıq edən AMEA Naxçıvan Bölməsinin əməkdaşları filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova, iqtisad üzrə fəlsəfə doktoru Eltun İbrahimov və Naxçıvan Müəllimlər İnstitutunun dosenti Qızıltac Şahbazova ya Fəxri fərman, digər elm adamları və ziyalılara yubiley hədiyyələri təqdim olunub.

Nail ƏSGƏROV

 





15.07.2021    çap et  çap et