525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

 

Zərbəli Vidadi oğlu Qafarov 13 iyun 1990-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhərində fəaliyyət göstərən 15 saylı orta məktəbdə təhsil alıb. Uşaq yaşlarından ağır atletika ilə məşğul olan Zərbəli Qafarov müxtəlif yarışlarda iştirak edərək bir çox nailiyyətlər əldə edib. 1-ci, 2-ci 3-cü dərəcəli diplomlarla təltif edilib.

Orta məktəbi bitirdikdən sonra 2 iyul 2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb.  O, Füzuli rayonunun Şükürbəyli kəndindəki N saylı hərbi hissədə qumbaraatan köməkçisi kimi hərbi xidmətini layiqincə yerinə yetirib, 2010-cu il yanvarın 1-də tərxis olunub. Lakin Zərbəlinin vətənə olan sevgisi onu hərbçi olmaq arzusundan çəkindirmədi. 5 avqust 2019-cu ildən Müddətdən artıq həqiqi hərbi xidmətdə fəaliyyət göstərməyə başladı. İşlədiyi müddətdə vəzifə borcunu şərəflə, ləyaqətlə yerinə yetirdiyi üçün 21 mart 2020-ci ildə fəxri fərmana layiq görülüb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində cəsarətlə döyüşən Zərbəli Qafarov Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. O, ağır döyüşlərin birində oktyabrın 6-da şəhidlik zirvəsinə yüksəlib. 9 oktyabr 2020-ci ildə Gəncə şəhərində Şəhidlər xiyabanında dəfn edilib.

Ailəli olan şəhidimizdən vətənə əmanət iki övladı qalıb.

Zərbəli Qafarov şəhadətindən sonra "Suqovuşanın azad edilməsinə görə", "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

***

 

Elmin Saleh oğlu Nəcəfov 30 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Atası Saleh dülgər, anası isə Səidə idi. Ailədə 3 qardaş olan Elmin onlardan ən kiçiyi idi. O, təhsilini 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad tam orta məktəbində alıb, 2016-cı ildə həmin məktəbin məzunu olub. Elmin Nəcəfov 31 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan xidmətə yollanıb. O, xidmətini əvvəlcə Gəncədə, daha sonra Qazaxda çəkmiş, baş atıcı vəzifəsində qumbaraatan olub. 1 iyul 2018-ci ildə xidmətini başa vuran Nəcəfov əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olub.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. Nəcəfov 29 sentyabrda könüllü olaraq döyüşlərə qatılıb, xüsusilə Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad olunmasında iştirak edib. O, müharibə zamanı manqa komandiri vəzifəsində çalışıb.

Elmin Nəcəfov 9 oktyabrda Cəbrayıl uğrunda gedən döyüşlərdə Ermənistan qüvvələri tərəfindən atılan artilleriya mərmisi nəticəsində şəhid olub. O, 21 noyabrda anadan olduğu Neftçala rayonunun Həsənabad qəsəbəsində dəfn olunub.

Elmin Nəcəfov şəhadətindən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

***

 

Nicat Aşur oğlu Xankişiyev 27 yanvar 1999-cu il tarixində Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. Atası Aşur traktor sürücüsü, anası isə Seyidnisə idi. O, daha 2 oğlan və 2 qızın olduğu ailənin ən kiçik uşağı idi. Xankişiyev 2005-ci ildə Şəmsəddin Orucov adına Həsənabad qəsəbə tam orta məktəbində 1-ci sinfə daxil olmuş, 2016-cı ildə həmin məktəbin məzunu olub.

Nicat Xankişiyev 30 yanvar 2017-ci il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanıb. O, xidmətini Beyləqan rayonunda edib, 2018-ci ilin iyul ayında tərxis olub. Kəşfiyyatçı kimi xidmət etmiş Xankişiyev hərbi xidmətini təşəkkürnamə ilə başa vurub.

N.Xankişiyev 21 sentyabr 2020-ci il tarixində cəbhəyə yollanıb. O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb, Füzuli, Cəbrayıl, Suqovuşan, Xocavənd, Qubadlı, Hadrut döyüşlərində yaxından iştirak edib. N.Xankişiyev 7 oktyabr 2020-ci il tarixində Hadrut uğrunda gedən döyüşlərdə şəhid olub və Həsənabad qəsəbəsində dəfn edilib.

Nicat Xankişiyev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Aysənan Əsgər oğlu Abbasov 29 iyun 1992-ci ildə Tərtər rayonunda anadan olub. Təhsilini tamamladıqdan sonra 27 dekabr 2014-cü ildə hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Aysənan Abbasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 30 sentyabr 2020-ci ildə Suqovuşan döyüşləri gedişatında Goranboy rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Aysənan Abbasov şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

***

Elçin Ələkbər oğlu Əliyev 15 yanvar 1997-ci ildə Neftçala rayonunun Mikayıllı kəndində doğulub. Elçin hələ körpə ikən 1 yaş 6 aylığında anası dünyasını dəyişib. 3 bacının yeganə qardaşı olan Elçin atası ilə yaşayırdı.

İlk təhsilini Mikayıllı kənd məktəbində alıb və həmin məktəbin məzunu olub.

Məktəbi bitirdikdən sonra 2015-ci ildə Həqiqi hərbi xidmətə çağırılıb və Tərtər rayonunda xidmətə başlayıb.

2016-cı ildə baş vermiş Aprel döyüşlərində iştirak edib.

II Qarabağ müharibəsinə qatılmaq üçün bacısı ilə birlikdə rayon komissarlığına gedib. Yol boyu Allaha dua edirmiş ki, dostu  İsməti  müharibəyə göndərməsinlər, Allah qorusun, başına bir iş gələr 2 övladı atasız qalar.

Beləliklə, sentyabr ayının 29-u Elçin müharibəyə yollanır və gedərkən ailəsinə narahat olmamağı, arxasınca ağlamamağı tapşırır. Sonuncu dəfə ailəsi ilə oktyabrın 18-də əlaqə saxlayıb.

Füzuli, Qubadlı, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əliyev Elçin oktyabr ayının 21-i qızğın döyüş zamanı Sınıx körpü adlanan ərazidə şəhidlik zirvəsinə yüksəlıb və oktyabr ayının 23-də doğulduğu Neftçala rayonunda Şəhidlər xiyabanında son mənzilə yola salınıb.

Elçin Əliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

***

Qəzənfər Ədalət oğlu Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub. Üç bacının tək qardaşı, evin son beşiyi idi. Anası onları çətinliklə böyütmüşdü.

1999-cu ildə Sumqayıt şəhər 6 nömrəli məktəbdə orta təhsilə başlayıb. 9-cu sinfi bitirdikdən sonra sənədlərini peşə liseyinə verir. Liseyi bitirən ili axırıncı imtahanı aprelin 25-nə düşdüyünə görə onu aprel çağırışına hərbi xidmətə aparırlar. Aprelin 25-də sonuncu imtahanını verən Qəzənfər günorta hərbi xidmətə çağırış məntəqəsinə gedərək könüllü ərizə yazıb, elə həmin axşam hərbi xidmətə yollanır. Hərbi xidmətini Tərtər və Goranboyda səngərdə düşmənlə üz-üzə keçirir. Onu çevikliyinə görə manqa komandiri seçirlər. Hərbi xidmətini başa vurduqdan sonra 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris mərkəzində kurs keçərək NATO tərkibli Sülhməramlıların hərbi hissəsində xidmət edir. Xidməti dövründə bir çox xarici ölkələrdə təlim və kurslar keçir.

2015-ci ildən Xüsusi Təyinatlı taborunun Xüsusi Təyinatlı qrupunun kəşfiyyatçısı kursunu uğurla keçərək kəşfiyyatçı kimi ayrı-ayrı hərbi hissələrdə xidmət edib.

2016-cı ildə Aprel döyüşlərində Talış kəndi istiqamətində ağır döyüş yolu keçib. Həmin döyüşdə Qəzənfərin şəhid olma xəbəri gəlir. Döyüş qurtardıqdan 3 gün sonra Qəzənfər özü ilə bərabər 4 nəfər və hərəsinin çiynində bir yaralı mühasirəni yararaq geri dönürlər.

Müharibədən qayıdan Qəzənfər Zöhrə adlı qızla  ailə qurur. Bu nikahdan onun Mələk adlı qız övladı dünyaya gəlir.

2020-ci il sentyabrın 27-də II Qarabağ müharibəsi başlayır. Bu müharibədə Füzuli-Cəbrayıl istiqamətində ağır döyüş yolu keçir. Döyüş yoldaşları Qəzənfərin igidliyindən çox danışırlar. Heç kimin bacarmadığı tapşırıqları Qəzənfər yerinə yetirirdi. Döyüş bölgəsindən yüzlərlə yaralı və şəhid yoldaşlarını kənara çıxarıb. Cəsurluğuna görə yoldaşları Qəzənfərə "Pələng" ləqəbi vermişdilər. Ermənilər onun başına pul qoymuşdular ki, öldürülsun.

Oktyabrın 5-i Qəzənfər və onunla birlikdə 7 döyüş yoldaşı - 3 gizir, 5 əsgər olmaqla sübh çağı tapşırığa gedirlər. Yolları üstündə pusqu quran ermənilərlə qızğın döyüş gedir və Qəzənfər döyüş yoldaşları ilə birgə şəhid olur. Oktyabrın 6-sı Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.

Gizir Qəzənfər Mütəllimov sağlığında Silahlı Qüvvələrin 95 illik yubileyi, 100 illik yubileyi medallarına və bir çox fəxri fərmanlara layiq görülüb.

Ailəli olan şəhidimizin Mələk və Nişanə adlı iki yadigar qızları var.

Qəzənfər Mütəllimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına" görə, "İgidliyə görə" medalları ilə təltif olunub.

***

 

Tank komandiri gizir Səbuhi İbrahim oğlu Səmədov 23 iyun 1985-ci ildə Neftçala rayon Xıllı qəsəbəsində anadan olub. 2002-ci ildə Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbi bitirib. Müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra, yenidən ordu sıralarına qayıdıb. 2010-cu ildə tank komandiri vəzifəsinə təyin edilib. Xidmət müddətində nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərman və medallara layiq görülüb. Aprel döyüşlərinin də iştirakçısı olub.

II Qarabağ müharibəsi başlayanda o da döyüşlərə qatılır. Sonuncu dəfə ailəsi ilə oktyabrın 7-si səhər saatlarında telefon əlaqəsi saxlayarkən böyük ruh yüksəkliyi ilə hər şeyin yaxşı olduğunu deyib, tezliklə  ordumuzun düşmən işğalında olan bütün torpaqlarımızı azad edəcəyindən danışıb. Lakin təəssüf ki, özü bu azadlığı görə bilmədi. O, Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı və oktyabr ayının 9-u Neftçala rayonunda dəfn olundu.

Səbuhi daim Aprel döyüşlərində iştirak etməsindən, Lələtəpənin azad olunması döyüşlərindən qürurla danışar, Ali Baş Komandanın əmri ilə işğalda olan torpaqlarımızın azad olunmasına hazır olduğunu deyərmiş. O, hər zaman anasına deyərmiş: "Ay ana, Cənnət sənin ayaqlarının altındadır. Mən səndən ayrı düşməmək üçün Cənnəti qazanmalıyam".

Səbuhi Səmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

***

Rövşən Məmmədağa oğlu İsmayılov 1999-cu il 30 oktyabr tarixində Bakıda doğulub. O, orta təhsilini 2005-2016-cı illərdə 83 nömrəli məktəb-liseydə alıb. Rövşən məktəb illərində kyokuşinkay karate, kikboks və boksla məşğul olub. O, 2016-cı ildə Kooperasiya Universitetinin Maliyyə fakültəsinə qəbul olub.

2020-ci ildə universiteti bitirdikdən sonra iyul ayında hərbi xidmətə N saylı hərbi hissəyə yollanıb. 2 aylıq təlimdən sonra N saylı hərbi hissəyə göndərilib. Ailəsinə kəşfiyyat qrupuna qoşulmaq istəyini deyəndə ailədə ciddi narazılığa səbəb olmuşdu. Rövşən ailəsindən gizlin şəkildə hərbi hissədə yaradılmış "Həmlə" könüllülər qrupuna qoşulur. Onun xidmət etdiyi bölükdə vəzifəsi baş atıcı idi. Uşaq yaşlarından vətənpərvər ruhda böyüdülən Rövşən həmişə müharibədə iştirak arzusunda olub. Bu arzusu da reallaşır. Rövşən II Qarabağ müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edir. Bu döyüşlərin əsas məqsədi şimal cəbhəsində gərginliyi saxlamaqla, cənub və orta cəbhədə irəliləyişi təmin etmək olub. Məhz bu səbəbdən Ağdərə cəbhəsi çox ağır olub. Burda savaşan igidlərimizin çoxu 2 dəfə yaralanıb yenidən döyüşə qayıdanlar, yaralı, şəhid yoldaşlarını döyüşdən çiyinlərində çıxaranlar olublar. Rövşən oktyabrın 3-də əlindən və üzündən qəlpə yarası alır və hospitala göndərilir. O, oktyabr ayının 18-nə kimi sərəncamda olmalı idi. Hospitalda bir neçə döyüş yoldaşları ilə birlikdə müalicələrini yarımçıq qoyub, həkimlərin narazılığına baxmayaraq, böyük israrla oktyabrın 7-si yenidən döyüş meydanına qayıdırlar. Son döyüşdən bir gün əvvəl - 12 oktyabrda ailə üzvləri ilə son dəfə danışır. 13 oktyabr gecə Ağdərə istiqamətində, "Tülkü dərəsi" adlanan yerə döyüşə yollanırlar. Rövşən ən öndə gedən 8 nəfərlik dəstənin üzvü idi, belə ki, həmin yerə ilk və son ayaq basan onlar olurlar. Rövşən döyüş yoldaşlarıyla ilə birlikdə azad etdikləri bir erməni səngərindən digərinə keçən zaman başından snayper gülləsi alaraq şəhid olur. Rövşən və onun dostları həmin səngərdə şəhid olurlar. Rövşənin nəşi ailəsinə şəhid olduqdan 35 gün sonra təhvil verilir və o, noyabrın 19-da Binəqədi rayonunun Şəhidlər xiyabanında dəfn olunur.

Rövşən müharibədə iştirak etdiyi 16 gündən heç bir xatirəsini ailəsi ilə bölüşmür. Şəhadətindən sonra bütün bu məlumatlar ailəsinə döyüş yoldaşları tərəfindən çatdırılır. Rövşən yəqin ki, şəhid olacağını gözə almışdı. Çünki döyüş yoldaşı Rövşəndən xatirə qalan köynəyi və qolbağını onun istəyilə sonradan ailəsinə çatdırır.

Rövşən İsmayılov şəhadətindən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

***

 

Babək Saleh oğlu Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1996-2007-ci illərdə M.Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. Babək Həsənov 2008-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib. 2013-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Babək Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Laçın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

B.Həsənov noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub və Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

Ailəli olan şəhidimizin bir qız övladı Vətənə əmanət qalıb.

Babək Həsənov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

***

 

Xaspolad Fikrət oğlu Qasımov 1993-cü il dekabrın 14-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub. 2000-ci ildə Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin I sinfinə gedib. 2011-ci ildə isə 11 illik təhsilini başa vurub, hərbi xidmətə yollanıb. Xidmətdə olduğu müddətdə nümunəvi hərbi qulluqçu olmuşdur.

Azərbaycan Ordusunun kiçik giziri olan Xaspolad Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaspolad Qasımov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub.

Ailəli olan şəhidimizin bir oğlu yadigar qalıb.

Xaspolad Qasımov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

***

 

İlham Tahir oğlu Rəşidov 1983-cü il martın 1-də Türkmənistan Respublikasının Marı vilayətində doğulub. Sonradan Rəşidovlar ailəsi Azərbaycana gəliblər və Xudat şəhərində yaşamağa başlayıblar.

Azərbaycan Ordusunun baş giziri olan İlham Rəşidov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İlham Rəşidov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Xudat şəhərində dəfn olunub.

Ailəli olan şəhidimizin bir oğlu və bir qızı yadigar qalıb.

İlham Rəşidov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

İskəndər Vüqar oğlu Dövlətli 24 sentyabr 1992-ci ildə Lerik rayonunun Soru kəndində doğulub. Hərbi xidmətdən sonra isə ailəsi ilə birgə Sulutəpədə məskunlaşmışdı.

Əmisi Aqşin Dövlətli 1992-ci ildə Birinci Qarabağ müharibəsində döyüşüb və şəhid olub.

Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan İskəndər hərbi xidmət müddəti bitəndə yenidən orduda qalıb və hərbi xidmət müddətini davam etdirib. Kəşfiyyatçı İskəndər xidmətinə görə gizir rütbəsi alıb.

Azərbaycan Ordusunun giziri olan Sahil Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, oktyabrın 30-da Hadrud istiqamətidə gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

İskəndər Dövlətli şəhid olduğu gündən 33 gün sonra atası Vüqar Dövlətli vəfat edib.

İskəndər Dövlətli şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

***

 

Həci Kərim oğlu Hüseynov 1996-cı ildə iyunun 12-də Sumqayıt şəhərində anadan olub. O, orta məktəb illərində idmanla maraqlanıb, futbolla məşğul olub.

Vətən müharibəsində ön cəbhədə vuruşan əsgər Həci Hüseynov öz şəhidliyini də öncədən hiss edib sanki. Döyüş yoldaşlarının sözlərinə görə, Həci şəhid olmamışdan 3 gün öncə yuxuda sürdüyü maşının aşdığını görüb.

O, əsgər yoldaşları arasında "Canavar" adını qazanmışdı. Hətta bir dəfə yaralanıb hospitalda yatsa da, müalicəsi tam bitməmiş silah yoldaşının şəhid olduğunu eşidib, yenidən könüllü döyüşlərə qoşulmuşdu. Bütün döyüş bölgələrində iştirak etmişdi, lakin Şuşadan başqa. Ən böyük arzusu isə Şuşanı görmək imiş. 

Döyüş yoldaşlarının sözlərinə görə, söhbət əsnasında onlar arzularından, xəyallarından danışarkən Həci "mən üç gün sonra şəhid olacam, görərsiniz" - deyib.  Onun dediyi kimi də olur. Bu söhbətdən 3 gün sonra - oktyabrın 23-dən 24-nə keçən gecə maşınında əsgərləri apararkən düşmən öndəki maşının qabağına minamyot atıb və Həci Hüseynov əsgərlərə heç nə olmasın, çox şəhid verilməsin deyə maşının istiqamətini dəyişmək istəyəndə maşın dərədən aşıb və elə oradaca şəhidlik zirvəsinə ucalıb.

Füzulidə şəhid olan Həci 25 oktyabr 2020-ci ildə Xocahəsən qəsəbəsində dəfn olunub.

Həci Hüseynov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 





15.07.2021    çap et  çap et