525.Az

Tovuzçay nekropolunun tədqiqinə dair elmi nəşr işıq üzü görüb


 

KİTAB ARXEOLOQ VƏ ANTROPOLOQLAR ÜÇÜN ƏHƏMİYYƏTLİ MƏLUMAT MƏNBƏYİDİR

Tovuzçay nekropolunun tədqiqinə dair elmi nəşr işıq üzü görüb<b style="color:red"></b>

Məlumdur ki, Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz kəmərlərinin tikintisi ilə əlaqədar, nəql  xətləri üzərinə düşən arxeoloji abidələrin öyrənilməsi proqramı üzrə əhəmiyyətli elmi tapıntılar əldə edilib və bu yöndə araşdırmalar davam etdirilir.

Bu günlərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən professor Nəcəf Müseyiblinin, tarix üzrə fəlsəfə doktorları Şamil Nəcəfov və Müzəffər Hüseynovun həmmüəllifləri olduqları "Tovuzçay nekropolu" adlı kitab nəşr olunub. Kitab Son Tunc - İlk Dəmir dövrünə (e.ə. II minilliyin ikinci yarısı - I minilliyin əvvəli) aid  Birinci Tovuzçay nekropolunda (dəfn məkanınında) aparılan arxeoloji qazıntıların nəticələrindən bəhs edir.

Sözügedən nekropolda qazıntılar 2004-2005-ci illərdə müəyyən fasilələrlə aparılıb. Nekropolun "Birinci Tovuzçay" adlandırılması eyni dövrə aid yeni nekropolun aşkar edilməsi ilə bağlıdır. Belə ki, ikinci  nekropol 2014-cü ildə Cənubi Qafqaz qaz kəmərinin tikintisi zamanı boru marşrutunun Tovuzçay hövzəsindən keçən hissəsində aşkarlanıb.

"Tovuz rayonunun Bozalqanlı və Əlimərdanlı kəndləri arasında, Tovuzçayın hündür sol sahilində yerləşən nekropolun boru kəmərləri dəhlizinə düşən hissəsində aparılmış arxeoloji qazıntı işləri zamanı 109  qəbir abidəsi qazılıb. Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid bu qəbirlərdə maraqlı dəfn adətləri öyrənilib, zəngin materiallar - saxsı qablar, metaldan məişət əşyaları, bəzəklər və silahlar, müxtəlif materiallardan muncuqlar və digən nümunələr aşkar edilib. Hesab edirik ki, bu nəşr arxeoloqlar, antropoloqlar, tarixçilər və bu elmlərlə maraqlananlar üçün əhəmiyyətli olacaq", - deyə nəşrin həmmüəlliflərindən biri, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun tunc və dəmir dövrü tədqiqatları şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov bildirir.

Müsahibimiz qeyd edir ki, aşkarlanan 109 qəbrin 83-ü  tədqiq edilib və əldə olunan məlumatlar əsasında Birinci Tovuzçay nekropolunun xüsusiyyətləri araşdırılıb. Həmçinin abidənin xarakteri, eləcə də hövzənin qədim sakinlərinin dini ideologiyası əsasında formalaşmış dəfn adətləri haqda bilgilər əldə edilib.

Zakir MURADOV
Gəncə

 





15.07.2021    çap et  çap et