525.Az

"Tarixi-Nadir"i yarısına qədər oxumaq... - Sosial şəbəkədə yazılanlar


 

"Tarixi-Nadir"i yarısına qədər oxumaq... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Etibar Cəbrayıloğlu, jurnalist:

- Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin başçılığı ilə Şuşaya səfər edən nümayəndə heyətinin tərkibində mən də var idim. Qəhrəmanlıq paytaxtından mədəniyyət paytaxtına çevrilən Şuşanı ziyarət etmək mənə də nəsib oldu. Bu qala şəhərin hər daşı, hər qarış torpağı uğrunda döyüşən, şəhid olan qəhrəmanlar qarşısında baş əyirəm. Üç boyalı bayrağımızı Şuşa qalası üzərində ucaldan qazilərimizə şəfalar diləyirəm, isğalçı erməniləri müqəddəs Şuşadan iti qovan kimi qovan igidlərimizi bir qardaş kimi bağrıma basıram.

Şuşa səfəri, orada keçirilən tədbirlər, digər konfessiya rəhbərlərinin verdiyi önəmli açıqlamalar barədə geniş yazmaq fikrində idim. Lakin son günlər sosial şəbəkələrdə, mətbuatda qaldırılan toz-tozanağı görüb bəzi məsələlərə münasibət bildirmək istədim.  Hər kəsin söz demək, fikir söyləmək haqqına hormətimi izhar edərək həm də hər hansı bir məsələ barədə danışarkən ədalət hissini itirməməyi, təhqirə yol verməməyi məsləhət görürəm.

Şeyx həzrətlərinin Şuşa səfəri, sübh namazında dini rütbəcə özündən böyük  Ocaqnejadin önə buraxılması müxtəlif aspektlərdən geninə-boluna müzakirə edilir. Bu məsələdə fəallıq göstərənlərin hər birinə cavab vermək fikrində və həvəsində deyiləm, buna heç səlahiyyətim də yoxdur. Sadacə, ədalət hissini itirənləri görəndə susmaq olmur. Dünən "Xural TV" də Əvəz Zeynallının qonağı olan Turan Partiyasının rəhbəri Cahandar Bayoğlunun efirdən dedikləri məndə təəccüb doğurdu. Cahandar bəyi milli azadlıq hərəkatının sıra nəfəri kimi çoxdan tanıyıram, qarşılıqlı hörmətimiz olub. Cahandar bəyin Şeyx həzrətlərinin Şuşaya Rusiya və İranın tapşırığı ilə getməsi, Azərbaycanda çevriliş hazırladığı, Türkiyənin bölgədən sıxışdırmağa çalışdığı barədə dediklərini yumşaq idarə etsəm, sağlam adamın məntiqinə sığışdırmıram. Ağlı başında olan hansı adam Əfqanıstanda baş verən son hadisələri gətirib Şeyx həzrətlərinin Şuşa səfərinə bağlamaq fikrinə düşər?

İndiki vəziyyətdə Şuşaya səfər Azərbaycan hakimiyyətinin ən üst qatının razılığı əsasında reallaşır. Bu sadə məntiqi bilmək üçün partiya sədri olmağa ehtiyac yoxdur. Şeyx həzrətlərinin iki gün çəkən səfərində Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsinin bütün tədbirlərdə iştirakı, məncə, hər şeyi deyir. C.Bayoğlu Prezidentin xüsusi nümayəndəsini, Türkiyə Cümhuriyyətinin Azərbaycandakı böyük elçiliyinin dini müşaviri Zeki Yavuzu görməzdən gəlməsi, əvəzində Şeyx həzrətlərinin kabinetində İranın ali rəhbərinin portretini "görməsini"  anlamaq olmur. C.Bayoğlu öz dediklərinə bir "Oka" avtomobilinə sığan partiya üzvlərini demirəm, heç olmasa  özü inanırmı?

Əfsələddin Ağalarov, jurnalist:

- Zaur Baxşəliyevi şəxsən tanımıram, heç bir ünsiyyətim olmayıb. Necə insandır, bilmirəm. Bunu öncədən yazdım ki, yazacaqlarıma şübhə ilə yanaşmayasınız. Söhbət təkcə Zaurdan da getmir. Ümumi olaraq mənfi bir tendensiya formalaşıb. Kənardan çox pis görünən tendensiya. Deməli, birini bir yerə çağıranda, bir yerə dəvət edəndə həmin o adamı tənqid atəşinə tuturlar. Zaur Şuşaya dəvət alıb və 30 ildir görmədiyi, anadan olduğu torpağa yollanıb. Bir az da duyğulanıb, ağlayıb. Bu adamın instaqram səhifəsi böyük kütləni özündə ehtiva edir. Verilişinə milyonlar baxır. Və Şuşadan olan tanınmış şəxsdir. Niyə bu adam Şuşaya getməməlidir? Allah qismət eləsin, hamımız gedək, görək. İnşallah ki, olacaq da. Amma anlamıram. Bu səfərə getmək üçün mübarizə aparmaq nəyə lazımdır? Yaxın gələcəkdə hamımız oranı su yoluna döndərəcəyik. 

Elxan Şahinoğlu, politoloq:

- Rusiya Prezidenti Vladimir Putin imperiya xislətini gizlətmir. Kreml sahibi illərdir açıqlamalarında və yazılarında eyni fikirləri təkrarlayır: "Rusiya torpaqları qarət olunub", "Bolşeviklər özbaşına torpaq paylayıblar", "Özünüzə aid olmayan torpaqlarla Rusiyadan ayrılmamalıydınız".

Vladimir Putin bu fikirləri əsasən Ukraynaya aid işlədir, ancaq onun bu sözlərinin Rusiyanın bütün qonşularına aidiyyatı var. Putin etiraf edir ki, Rusiya imperiyasını və ya SSRİ-ni bərpa etmək mümkün deyil. Belə isə Putin niyə hər dəfə qonşularını hədələyən açıqlamalarla çıxış edir? Putin Rusiyanın indiki gücü ilə keçmiş imperiyanı bərpa edə bilməyəcəyini anlayır, tək elə Krımın ilhaqı və müxtəlif separatçılara dəstək Rusiyaya həm siyasi, həm də iqtisadi mənada baha başa gəlir. Görünür, Putin bu açıqlamalarını gənc nəsil üçün deyir ki, gələcəkdə Rusiya güclənərsə, həmin gənc nəsil "itirilən torpaqları" geri qaytarsın. Putin bircə onu anlamır ki, sən başqalarından nəsə qoparmağı arzulayarkən, başqaları də sənin daha çox zəifləməni və parçalanmağını gözləyir. Sən təksən, başqaları isə çoxdur... 

Ələsgər Əhmədoğlu, hüquqşünas:

- Dünən gecə Şuşa şəhərinin rus "sülhməramlılar"ının olduğu istiqamətdən atəşə tutulması rus "sülhməramlılar"ının bölgədə bəyan etdikləri missiyadan çox uzaq olduqlarını və birgə bəyanatdan doğan öhdəliklərini icra edə bilmədiklərini açıq göstərir.

Azərbaycan tərəfi dərhal "sülhməramlılar"dan atəş açanların həbs olunmasını tələb etməli, bir daha bənzər hadisələrin olması durumunda üçtərəfli bəyanatın icra olunmadığını əsas gətirərək öz ərazisindəki qanunsuz silahlı birləşmələrin tərkisilah edilməsi əməliyyatına start verəcəyini aydın dillə ifadə etməlidir.

Əks halda, bu nəbz yoxlamalarının davamı başqa yerə gedib çıxar. 

Aslan İsmayılov, vəkil: 

- Son 3 ildə 3 nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri dəyişdi, ancaq internetin keyfiyyəti dəyişmədi ki, dəyişmədi. Bilmirəm, bunu bilərəkdən, yaxud bilməyərəkdən edirlər. Dəqiq bildiyim odur ki, internetin bu keyfiyyəti iqtisadiyyata böyük zərbədən savayı, həm də insanların əsəbləri ilə oynamaq və cibgirlikdir. İllərdir istifadə etdiyim məkanlarda internetin keyfiyyətinin düzəlməsi üçün, ödədiyim pula münasib sürət, keyfiyyət almaq istəsəm də, heç nəyə nail ola bilməmişəm.

Tək Bibiheybətdə evimdə istifadə etdiyim internetlə bağlı dəfələrlə Yasamal ATS-nin rəisinə, Nazirliyin müvafiq strukturlarına müraciət etsəm də, dəyişən heç nə yoxdur. 1 saat internet pulunun ödənməsinin gecikməsinə görə dərhal xətti kəsirlər, günlərlə internetdən mərhum olduğuma görə isə heç kim məsuliyyət daşımır. Məhkəmələrə müraciət etməkdən də yorulmuşam. Hamısını da məhkəmə qaydasında sübut etsəm də, bir vəzifəli şəxs belə məsuliyyət daşımadı. Əvəzində günlərlə, aylarla qiymətli vaxtımı itirdim. İndi də bu internet problemi. Bilirəm ki, hamıda da bu problem var. Bu dəfə də bir başqaları bunları məhkəmələrdə süründürsünlər, bəlkə ağılları başlarına gələ. 

Günel Mövlud, yazıçı:

- Tiflisə budəfəki səfərim hər nə qədər qəlbimi riqqətə gətirsə də, Qafqazdan ötrü manyak kimi darıxdığımı xatırlatsa da, neqativ müşahidələrim daha çoxdur.

Vallah, siz qafqazlılar hər şeyi səhv edirsiniz. Tam ciddi deyirəm. Gecə yarısı küçələrdə valideynləri ilə gəzən azyaşlı uşaqlar, ictimai yerlərdə siqareti siqaretə calamalar, ümumiyyətlə, siqaretdən əndazəsiz istifadə, içkinin litrlərlə içilməsi, qeyri-sağlam qidalanma, insanlardakı aqressiya, özü də aşırı aqressiya - hər şey bu dəfə gözümə daha açıq şəkildə batır və Qafqaz məni qorxudurdu.

Tiflis mənə daha isti və boğanaqlı, qəlyan tüstüsünə basdırılmış hallüsinasyon bir şəhər kimi gəlirdi. Gecə kafelərdə o saatda yağlı, bol xəmirli xaçapuri yemək, mədəni ağır pivə və şərabla doldurmaq kimi şeylərə baxanda, qəfildən fərqinə vardım ki, bu neçə il ərzində bəzi məsələlərdə mən istəməyə-istəməyə norveçli olmuşam. Xüsusilə də sağlam həyat tərzi sürmək məsələsində....

Amma bütün bunlarla yanaşı, Gürcüstanda qəlbim sonsuz bir bayram yaşayırdı. Gürcü və azərbaycanlı dostlarla spontan görüşlər, insanların ünsiyyətcilliyi, rahatlıq, günün, gecənin istənilən vaxtında insanlarla görüşə bilmək imkanı, beş ay öncədən planlamadan nəsə edə bilmək...

Gəzinti turları üçün zəng eləyəndə, operator mənə "doroqaya" deyirdi, salondakı bərbər müəllimələr "tı moya xoroşaya" deyib, "turkuli kava", yəni türk qəhvəsi təklif edirdi, gürcü sürücülər onları ötüb keçən sürücüləri və sonda da İvanişvilinin var-yoxunu söyüb, sonra üzr istəyirdilər.

Yenə Qafqazın romantikası praqmatikliyə, sağlam təfəkkürə qalib gəlirdi. Qafqaz belə qafqazdır. Doğma cəhənnəmimiz, öz cəhənnəmimiz... 

Mustafa Mehmandarov, dirijor:

- Üzeyir bəyin "O olmasın, bu olsun" musiqili komediyasında hamının çox yaxşı xatırladığı ziyafət səhnəsi var. Məşədi İbadın məhşur "Mən "Tarixi-Nadir" kitabını yarısına qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?" ifadəsi cəmiyyətimizdə gülüş doğursa da (kitabın 3 səhifədən ibarət olmasına görə), düşünürəm ki, burada Üzeyir bəy çoxlarının fikir vermədiyi başqa bir incə və eyni zamanda, iti bir məqamı nəzərdə tutub.

Məşədi İbadın "bisavad" adlandırdığı, əslində isə ali savadlı olan şəxslər Məşədinin bu ifadəsinə nədənsə susurlar... Görünən odur ki, Məşədinin puluna görə...

Təəsüf doğuran aktual və acı reallığımız...

Allah Üzeyir bəyə rəhmət eləsin! 

Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri:

- Hər şey belə başlayır. Hicab geyinməyən qadınları təhqir edənə qarşı heç bir hüquqi tədbir görülmədi. Biri belə yazır, sonra üzr istəyir. İkincisi yazır, amma üzr istəmir və beləliklə, mövzu adiləşir və sonra keçir praktikaya. Azərbaycan xanımlarına ərəb geyimi geyindirmək istəyənlərin sayı da durmadan artır. Halbuki Azərbaycanda islamın mövcud olduğu 1000 ildən artıq vaxt ərzində son 130-135 ili çıxsaq, heç vaxt hicab geyimi olmayıb. Birinci neft bumu zamanı onu İrandan Bakıya işləməyə gələnlərin ailələri dəb salıb. Amma o vaxt elə Bakı ilə hüdudlanıb. Müstəqillik dövründə isə regionlara da yayılmağa başlayıb. Hətta Azərbaycanı o vaxt işğal edən ərəb xilafəti belə tələb qoymamışdı. Azərbaycan xanımlarının həmişə öz geyimi olub: abırlı və gözəl.

Şəfəq Mehrəliyeva, jurnalist:

- Yerli kanallardan biri bir neçə gün əvvəl sosial mediada qadınlara geyiminə qarşı zorakılıq tətbiq etməyi çağıran bir axmağın sözlərinə münasibət bildirməyə dəvət etdi. Cədvəlimə görə proqrama qoşula bilməyəcəyimi dedim. Amma adamın adını eşidib, bu adı ümumiyyətlə Azərbaycan oğullarına verilməsinə səbəb olan Dədə-Qorqud eposunu xatırladım. Atası Qazan xan oğlu Turala müraciət edərək deyir ki, baxdım silahdaşlarıma "baş kəsib, qan töküb, ad qazanıb". Yəni Vətənini, icmasını, el adamını qoruyaraq ad çıxarıb. Sən bəs neyləmisən? Bu torpağın üç min oğulunun qanı ilə suvarılmış yerin üzündə gəzən, onların canları bahasına azad və firavan nəfəs alan adamcıq öz elinin insanının keşiyində durmaq əvəzinə, ona zorakılıq tətbiq etməyə çağırır. Görəsən, Polad Həşimov, Mübariz İbrahimov, Cərbayıl Dövlətzadə və ya onlar kimi bu xalqın namusunun keşiyində duran hansı birisi öz xalqının üzvlərini oturub ayırtlayıb ki,  bunları mən qoruyacam, o birisiləri isə verin getsin bada? Soyunu, kökünü bilməyən adamlardan diqqət mərkəzi düzəltməyin.

 





16.07.2021    çap et  çap et