525.Az

Beynəlxalq tədbirdə Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən danışılıb


 

Beynəlxalq tədbirdə Qarabağda həyata keçirilən bərpa-quruculuq işlərindən danışılıb<b style="color:red"></b>

Montoneqro parlamentində Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyası keçirilir.

525.az xəbər verir ki, ölkəmizi bu tədbirdə Milli Məclisin deputatı Könül Nurullayeva təmsil edir. Azərbaycanlı deputat bu tədbirdə qurumun Beynəlxalq əlaqələr komitəsinin üzvü seçilib.

Tolerantlıq və Sülh üçün Beynəlxalq Şuranın Prezidenti Ahmed Aljarvanın rəhbərliyi ilə keçirilən tədbirdə müxtəlif ölkələrin xarici işlər nazirləri, parlament sədrləri və üzvləri iştirak edirlər.

Sessiyada Ahmed Aljarvan da daxil olmaqla, Monteneqro parlamentinin sədri Aleksa Becic, Monteneqronun xarici işlər naziri Dorde Radulovic, qurumun Baş Məclisinin sədri Haqqer İsmail İbrahim Abouqbal, Kolumbiya parlamentinin üzvü və Beynəlxalq Parlamentin spikeri Marqarita Restrepo, Qvatemala Konqresinin prezidenti Allan Eestardo Rodriges və Parlamentlərarası Birliyin prezidenti Duarte Paçekonun çıxışları dinlənilib.

Tədbirin gündəliyində quruma üzv ölkələr arasında sülhün, təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsi, tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının vacibliyi, münaqişə zonalarında ekoloji terrora qarşı mübarizə kimi məsələlər yer alıb.

Sessiya ölkəmizin beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsində nümayiş etdirəcəyi mövqe baxımından böyük əhəmiyyət kəsb edir.

Altıncı plenar iclasda çıxış edən azərbaycanlı K.Nurullayeva Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunaraq, 44 günlük Vətən müharibəsi zamanı qazandığımız parlaq Qələbədən söhbət açıb. Deputat müharibənin başa çatmasından keçən 8 ay ərzində işğal zamanı viran edilmiş Qarabağ zonasında kompleks yenidənqurma layihələrinə start verildiyini bildirib. Deputat Zəfər yolu layihəsi, “yaşıl enerji” texnologiyasının tətbiq olunacağı və ekoloji cəhətdən səmərəli olacaq “ağıllı kənd” və “ağıllı şəhər” layihələrindən, eləcə də strateji əhəmiyyət daşıyan ərazilərdə yeni hava limanlarının və su elektrik stansiyalarının tikintisi işləri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

K.Nurullayeva, həmçinin Ermənistanın postmünaqişə dövründə həyata keçirdiyi cinayətlərə də diqqət çəkib. Bildirib ki, 120-dən çox Azərbaycan vətəndaşı, o cümlədən iki jurnalist ermənilərin işğal zamanı basdırdığı tank və piyada əleyhinə minaların partlaması nəticəsində həyatını itirib və ya insan yaralanıb. O, Sülh və Tolerantlıq üzrə Beynəlxalq Parlamentinin minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə veriləcəyinə göstərəcəyi dəstəyin bölgədə sülhün inkişafına töhfə olacağını bildirib.

Azərbaycanlı deputat quruma üzv ölkələri sülhün təbliğinə dəstək göstərməyə və bu sahədə ölkələrarası əməkdaşlığı genişləndirməyə çağırıb.

Sessiyanın gedişində 7 ölkənin Sülh və Tolerantlıq üzrə Beynəlxalq Şuraya üzvlüyü ilə əlaqədar anlaşma memorandumu imzalanıb.

 





16.07.2021    çap et  çap et