525.Az

Kənd təsərrüfatı naziri Samuxda fermerlərlə işgüzar görüşlər keçirib


 

GÜNƏBAXAN İSTEHSALÇILARI İLƏ YIĞIMQABAĞI MƏSƏLƏLƏR, HƏMÇİNİN, HEYVANDARLIQ VƏ BAĞÇILIQ TƏSƏRRÜFATLARININ QAYĞILARI MÜZAKİRƏ EDİLİB

Kənd təsərrüfatı naziri Samuxda fermerlərlə işgüzar görüşlər keçirib<b style="color:red"></b>

Bir neçə gündən sonra günəbaxan əkini sahələrində məhsul yığımı mövsümü balayacaq. Samux bu sahədə istehsalın həcminə görə əhəmiyyətli, qabaqda gedən rayonlarımızdandır. Kənd təsərrüfatı naziri İnam Kərimov yığım ərəfəsində günəbaxan əkini ilə məşğul olan samuxlu fermerlərlə görüşüb.

Rayonun Alıuşağı kəndində keçirilən görüşdə məhsul yığımına hazırlıq prosesi, yığılmış məhsulun satışı, günəbaxan toxumçuluğu, sahələrdə bitki mühafizə tədbirləri, suvarma məsələləri və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, günəbaxan əkinlərinin əsas hissəsi qərb bölgəsində yerləşən rayonların payına düşür. Bu il Samux rayonunda 1791 hektar sahədə günəbaxan əkilib, avqustun ilk günlərindən samuxlu fermerlər məhsul yığımına başlayacaqlar.

O da vurğulanıb ki, bu il Azərbaycanda 11 min hektara yaxın sahədə günəbaxan əkilib. Ötən il sahələrdən hər hektar üzrə orta hesabla 22,4 sentner məhsul yığılıb, düzgün aqrotexniki tədbirlərin aparılması nəticəsində bu il orta məhsuldarlığın daha yüksək olacağı gözlənilir.

Görüşdə günəbaxan istehsalçısı olan yerli fermerlərin qaldırdığı məsələlər və səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Nazir İnam Kərimov səfər çərçivəsində rayon mərkəzində yerləşən heyvandarlıq müəssisəsinə, təkrar əkin sahələrinə, həmçinin, Sərkar kəndində salınmış intensiv üsullu meyvə bağlarına baş çəkib. Təsərrüfatlarda fermerlərlə açıq sahələrdə keçirilən görüşlərdə aqrar sahədə aparılan islahatlar, kənd təsərrüfatına dövlət dəstəyi, intensiv bağçılığın inkişafı üçün görülən tədbirlər, təkrar əkinlərin əhəmiyyəti və aqrar sahənin digər aktual məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Son dövrlər fermerlərimizin yüksək məhsuldarlığa təminat verən qabaqcıl istehsal üsullarına üstünlük verməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.

Zakir MURADOV
Samux

 





17.07.2021    çap et  çap et