525.Az

"Məqsədyönlü çalışan gənc öz hədəflərinə daha tez çatır" - Müsahibə


 

"Məqsədyönlü çalışan gənc öz hədəflərinə daha tez çatır" - <b style="color:red">Müsahibə </b>

Son illərdə həyata keçirilən könüllülük layihələri bir sıra gəncin sosial iş üzrə püxtələşməsinə şərait yaratdı. Könüllüləri fərqləndirən isə odur ki, onlar mənfəət güdmədən, xüsusi sevgi ilə çalışırlar.

Uzun zamandır müxtəlif könüllülük proqramlarında fəal iştirak edən gənclərdən biri də Camal Səmədovdur. Camal Səmədov 24 fevral 1997-ci ildə Bakı şəhərində anadan olub.

O, "İrəli" İctimai Birliyinin yetişdirib cəmiyyətə təqdim etdiyi gənclərdəndir. Camal ilə fəaliyyəti barədə həmsöhbət olduq.

***

- Gənclərin arasında aktiv sosial fəaliyyətinlə seçilirsən. Səncə, uğurlu fəaliyyət üçün hansı amillər əsasdır?

- Birinci növbədə məqsədyönlülük. Çünki fəaliyyətini bəlli bir istiqamətə yönəldən, məqsədyönlü şəkildə çalışan gənc öz hədəflərinə daha tez çatır. İkincisi, daimi özünütəhlildir. Gənc, fəaliyyətdə olduğu müddətdə özünün zəif və güclü tərəflərini müəyyənləşdirməli və özünü bu istiqamətdə formalaşdırmalıdır. Üçüncü isə, güclü motivasiyadır. Gənc, fəaliyyəti zamanı bir çox layihələrdə iştirak üçün müraciət edir, uğurlu olduğu kimi, uğursuz olduğu hallar da baş verir. Bu zaman gənc özünü motivasiyadan salmamalı və daim öz üzərində işləməlidir. Hesab edirəm ki, bütün bu amilləri özündə birləşdirən gənc mütləq uğura yiyələnəcək, məqsəd və hədəflərinə çatacaq.

- Camal, könüllülük fəaliyyətin barədə danışaq...

- Könüllülərin siması olaraq bir çox tədbirlərdə, televiziya müsahibələrində ön planda olurdum. Bundan başqa, Bakıda keçirilən böyük və mötəbər tədbirlərdə aktiv fəaliyyətim olub. Bunlara misal olaraq demək istəyirəm ki, "Formula-1" (2016-2017-2018), Şahmat olimpiadası, "Səs Azərbaycan", "Redbull Soapbox race Baku 2016", Atıcılıq üzrə dünya çempionatı, 41-ci dünya skautlar konfransı, Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının tərkibində keçirilən oyunlar (2015-2017), milli və klublarımızın bütün oyunlarında iştirak etmişəm.

- Davamlı olaraq könüllük fəaliyyəti səni yormadımı?

- Sonralar bir sıra yerlərdə fəaliyyətimə könüllü kimi deyil artıq peşekar işçi kimi davam etdim: İslam oyunları, futbol üzrə 17 yaşlıların Avropa çempionatı (2016), Ən yeni il konserti (2016), UEFA Avroliqa çempionatı və hal hazırda UEFA EURO-2020 Avropa çempionatı. Və qeyd etmək istəyirəm ki, artıq 3 ilə yaxındır, "İrəli" İctimai Birliyi və Binəqədi Gənclər evinin aktiv üzvüyəm, bir çox lahiyələrində aktiv şəkildə iştirak etmişəm. 2018-ci ildə "İrəli" İctimai Birliyinin təşəbbüsü ilə Türkiyədə keçirilən Erasmus proqramının dəstəyi ilə "Tolerance will win" adlı layihə də iştirak etmişəm. 2019-cu ildə İngiltərənin Birmingham şəhərində təşkil olunan "The FA Leadership Academy" adlı tədbirdə ölkəni tək təmsil etmişəm. Layihə UEFA EURO-2020 Avropa çempionatı haqqında idi. Tədbirdə İngiltərənin fərqli şəhərlərində futbol federasiyasını təşkil edən iştirakçılar ilə yanaşı, ev sahibi olan 12 ölkədən öz ölkəsini təmsil edən iştirakçılar dəvət olundu. 2020-ci ildə AFFA-nın dəstəyi ilə Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən Zenit-Lokomotiv Moscow yarışına təşkilatçı kimi dəvət olunduq.

 

- Necə oldu ki, "İrəli"yə qoşulmaq  qərarına gəldin?

- Deməli, "İrəli" ilə ilk tanışlığım "Dostlarla oyunlar" layihəsində olub, bu da 2015-ci ilə təsadüf edir. Müraciət etdim və seçildim. Daha sonra "SAY:Green" layihəsi oldu. Ona müraciət etdim, lakin müsahibə uğursuz oldu deyə keçə bilmədim.

- Camal, istərdim "İrəli" ilə bağlı təəssüratlarını bölüşəsən...

- "İrəli" İB ilə olan bağlantım çox böyükdür. Doğrudan da çox möhtəşəm bir hissdir. İstər mühit, istərsə də yeni tanışlar və dostlar baxımından böyük təcrübə qazandım. Mən özümü onlarla kəşf etmişəm. Belə deyim, özümdəki potensialın üzə çıxmasında "İrəli"nin böyük payı var. Mənə həm motivasiya oldu, həm də liderlik qabiliyyətimi formalaşdırdı.

- "İrəli" ilə sıx bağlılığın necə yarandı?

- "İrəli"nin "SAY: Solidarity" layihəsinə yenidən müraciət etdim, müsahibə uğurlu oldu deyə bu dəfə layihədə iştirak haqqı qazandım. Ən böyük bağlılığım buradan yarandı.  İctimai Birliyin 2017-ci ildə keçirdiyi bütün layihələrdə iştirak etdim, üzv oldum. Daha sonra "SAY: All Star" layihəsi baş tutdu və mən orda da iştirak etdim. "İrəli" İctimai Birliyinin ən geniş tərkibli layihələrindən biri olan "Marş İrəli" layihəsində komanda rəhbəri olmuşam. "Şahbulaq" komandası tərkibində yarışda biz 2-ci yeri tutduq.

- "İrəli"yə üzvlüyünün doğru addım olduğunu ən çox nə zaman hiss etmisən?

- Açığı deyim ki, üzv olandan bu günə kimi ən doğru addım atdığımı öz-özlüyümdə demişəm. Hər zaman demişəm, nə yaxşı ki, mən "İrəli" İB-yə üzv oldum. Hər dəfə gəlib-getmək mənim üçün çox möhtəşəm hiss olub.

- Bildiyimiz kimi, hazırda çox sayda ictimai birlik var. Bir gənc nəyə görə "İrəli" İB-ni seçməlidir? Üstünlük nədən ibarətdir?

- "İrəli" İctimai Birliyi təkcə təşkilat deyil, bir ailədir. Bu birliyə üzv olan gənc özünü yeni ailəsindəki kimi hiss edir. Çünki mehriban kollektivi, gənclərə dəyər verən rəhbərliyi var. "İrəli" İctimai Birliyinə üzv olan gənc özünü formalaşdırmaqda çətinlik çəkmir. "İrəli" İB indiyə kimi çox sayda lider gənc yetişdirib. Hansı ki, hazırda yüksək vəzifələrdə çalışırlar. Gənclərə hər zaman İRƏLİdə olmağı arzulayıram!

-"İrəli" İctimai Birliyi sənə daha çox nə qazandırıb?

- Bu təşkilat mənə komandada işləmək bacarığı qazandırıb, gənclərlə iş üzrə və müxtəlif sahələrdə özümü inkişaf etdirməyimə xüsusi şərait yaradıb. Buradakı fəaliyyətimiz zamanı təcrübəyə gələn gənclərimizə təşkilatdan öyrəndikləri bilikləri daim digər gənclərə də ötürməyi tövsiyə edirik. Bunun da nəticəsidir ki, "İrəli"yə gələn gənclər öz yoldaşlarına öyrəndiyini öyrədir və biz təşkilat olaraq fəaliyyətimizi bu istiqamətlərdə formalaşdırırıq. Düşünürəm ki, olduğumuz yerlər bizə mütləq nəsə qazandırmalıdır. Və "İrəli" elə bir qurumdur ki, bura gəlib heç nə qazanmadan gedən gənc tanımıram. Çünki komanda birliyi var və hər bir komanda üzvü gələn gəncə yeni nəsə öyrətməyə can atır. Bu da çox önəmli məqamdır. Gənc görür ki, o, diqqətdədir və inkişaf edir. Bu inkişaf da sonra özünü fərqli yerlərdə göstərir. Adi elektron poçt ünvanından göndərilən e-maillərdən tutmuş, geniştərkibli layihənin bütün məsuliyyətinə qədər hər şey gəncə öyrədilir.

- Hazırda fəaliyyətini harada davam etdirirsən?

- "Marş İrəli"  layihəsinin 3-cü mövsümündə "İrəli" komandası ilə işləyirəm.

- Bildiyim qədərilə, digər işlərin də var. Bu işlərə necə vaxt ayırırsan?

- Bəzən olur ki, öz işlərimə də xeyli zaman ayırıram. Hazırda UEFA-da işləyirəm. AFFA-nın bütün oyunlarında işçi heyətindəyəm. Çox gələ bilməsəm də, bacardığım qədər "İrəli" İctimai Birliyi üçün daha çox vaxt ayırıram. "İrəli"nin bütün layihələrinə tam gücümlə dəstək oluram və bundan sonra da belə davam edəcəyəm.

Nadir YALÇIN

 

 





17.07.2021    çap et  çap et