525.Az

Əsgər bəy Eyvazov və övladları - Tarix


 

Əsgər bəy Eyvazov və övladları - <b style="color:red">Tarix</b>

2021-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoydu. Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına məktəb barədə məlumat verdi.

Emin Hüseynov: Cənab Prezident, bu məktəb Qarabağ bölgəsinin ən qədim məktəbi hesab olunur. Əslində, Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə əsası qoyulub. O, müxtəlif yerlərdə fəaliyyət göstərib. 1904-cü ildə həmin bu binaya, bu əraziyə gəlib və 1949-cu ilə kimi burada qalıb.

Prezident İlham Əliyev: Bu ərazidə?

Emin Hüseynov: Bəli, bu ərazidə qalıb. Məktəb 1993-cü ildə erməni işğalı zamanı tamamilə dağıdılmışdır. İkimərtəbəli bina olub. Amma təqdim olunan layihədə üçmərtəbəli bina nəzərdə tutulur. Plana uyğun olaraq, inzibati hissə, tədris korpusları, idman meydançası, texniki zona təşkil olunacaqdır.

Prezident İlham Əliyev: Şagirdlərin sayı nə qədər olacaq?

Emin Hüseynov: Məktəb 960 nəfər şagird üçündür.

Prezident İlham Əliyev: Əvvəlki məktəbdə nə qədər olub?

Emin Hüseynov: Əvvəlki məktəbdə az olub, 500 nəfər. Amma indi 960 şagird yerlik olacaq. Eyni zamanda, 18 sinif otağı, 37 fənn kabineti, kimya, fizika, biologiya laboratoriyaları yaradılacaq. Məktəbdə təhsil üçün hər cür şərait, bütün texniki imkanlar olacaqdır.

Prezident İlham Əliyev: Çox yaxşı.

Sonra dövlətimizin başçısı məktəbin təməlini qoydu.

Prezident İlham Əliyev: Xeyirli olsun.

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın şəhər və kəndlərində, o cümlədən, Qarabağ bölgəsində fəaliyyət göstərən yeni tipli məktəblərin sayı artmaqda idi. Bu məktəblərin, yəni dünyəvi təhsil mərkəzlərinin yaranmasında qabaqcıl maarifpərvər ziyalıların xidmətləri əvəzsizdir. Qarabağda fəaliyyət göstərmiş yeni tipli təhsil mərkəzlərinin yaradıcıları əsasən Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasının, Şuşa realnı məktəbinin məzunları idilər.

Belə təhsil ocaqlarından biri də Qori Seminariyasının Azərbaycan şöbəsini bitirən Əsgər bəy Eyvazov tərəfindən 1883-cü ildə Muradbəyli kəndinin sakini Əbdül Zamanovun mənzilində açılıb.

Məlumat üçün bildiririk ki, Muradbəyli Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidinin tərkibindədir. Kənd əvvəllər Şıxbabalı kənd sovetliyinin, sonralar isə Ağdam şəhər sovetliyinin tərkibinə daxil olaraq Ağdam şəhəri Muradbəyli sahəsi kimi qeyd olunmuşdu. Bu sahədə təxminən 200-ə yaxın ev var idi. Ermənilər tərəfindən işğal olunduqdan sonra evlərin və tikililərin hamısı məhv edildi. 1993-cü ilin iyul ayında Ağdam şəhərinin işğalından sonra 1 nömrəli məktəbin də qismətinə köçkünlük düşdü. Məktəb 1993-1994-cü tədris ilində Bərdə şəhərində öz fəaliyyətini bərpa etdi.

Ağdam şəhər 1 saylı orta məktəbi öz fəaliyyətinə beş nəfər şagirdlə başlamış və burada dərslər rus dilində keçirilmişdi. Əsgər bəy Eyvazov özü Azərbaycan və rus dillərindən, hesabdan və hüsnxətdən dərs demişdi.

Ağdam şəhər məktəbində təhsilə maraq artdıqca şagirdlərin sayı çoxalırdı. 1884-cü ilin fevralında şagirdlərin sayı 12 nəfərə çatmışdı.

Əsgər bəy Cəbrayıl qəzasının Qarğabazar (indiki Füzuli rayonunun Qarğabazar kəndi) kəndindəndir. Bu məqalədə Əsgər bəyin oğlu, tibb elmləri doktoru Ədil Eyvazovun, tanınmış jurnalist Orxan Zakiroğlunun (Baharlı) və digər müəlliflərin araşdırmalarına və tədqiqat materiallarına əsaslanaraq, Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında önəmli rol oynamış görkəmli tarixi şəxsiyyət, maarifpərvər ziyalı Əsgər bəy Eyvazovun pedaqoji və ictimai fəaliyyətinə dair bəzi fakt və epizodları oxuculara xatırlatmaq, onun övladları barədə bəzi məlumatlar vermək istəyirik.

Əsgər bəy Eyvazov Qori Seminariyasında oxuyarkən tərəqqipərvər maarifçi A.O.Çernyavski seminariyanın Azərbaycan şöbəsinin rəhbəri idi. Məşhur pedaqoq hələ 1866-cı ildə Şamaxı qəzasının Mərəzə kəndində ibtidai xalq məktəbi açmışdı. O dövrün müəllimləri onun bu sözlərini tez-tez təkrar edərdilər: "İbtidai xalq məktəblərinin canı müəllimdir. Tədris işinin müvəffəqiyyəti ondan asılıdır. O, kənd əhalisinin qaranlıqda qalan kütləsi içərisində maarif pioneridir".

Əsgər bəy Qori Seminariyasında Hacı Kərim Sanılı və Qulubəy Rəhimbəyov kimi görkəmli ziyalılarla birlikdə təhsil almışdı. Azərbaycan mədəniyyətinin inkişafında mühüm xidmətləri olmuş Hüseyn Minasazov, Hənifə Terequlov, Fərhad Ağayev və Ağəli Qasımov da həmin illərdə seminariyada oxuyurdular. Ə.Eyvazov Azərbaycan ədəbiyyatşünaslığının banisi Firidun bəy Köçərli ilə yaxın dostluğundan iftixarla danışardı.

 

Qori Müəllimlər Seminariyasını bitirməsi barədə Ə.Eyvazova verilmiş şəhadətnamədə göstərilir ki, o, ibtidai məktəblərin ümumi təhsil proqramından əlavə, şagirdlərə skripkada çalmağı və nəğmə oxumağı da öyrədə bilər. Şəhadətnamədə həmçinin qeyd olunur ki, Ə.Eyvazov öz təcrübə vərdişlərini kənd təsərrüfatı işlərində (bağçılıq, arıçılıq, ipəkçilik, bostançılıq) tətbiq edə, cildçəkmə, idman məşğələləri apara, meteoroloji müşahidələrlə də məşğul ola bilər. Əsgər bəy həm də yaxşı foto çəkməyi bacarırmış.

Bunu da qeyd etmək lazımdır ki, özünün ilk iyirmi illik müəllimlik fəaliyyəti dövründə Ə.Eyvazov yay tətilləri zamanı Qafqaz tədris dairəsi müəllimləri üçün təşkil olunan kənd təsərrüfatı və sənətşünaslıq kurslarında iştirak edib.

Ə.Eyvazov 1898-ci il sentyabrın 1-dən Tuğ kəndində ikisinifli məktəbdə, 1902-ci il sentyabrın 1-dən isə Hadrut kənd məktəbində müəllim işləyib. Burada işə başlayandan bir ay sonra onu Yelizavetpolda (Gəncədə) Bağmanlar rus-tatar məktəbinə müdir təyin ediblər. Bir neçə vaxtdan sonra o, Ağdama gəlib və burada ikisinifli məktəbində müdir vəzifəsində işləməyə başlayib.

Unudulmaz müəllimi A.Çernyavskinin "ibtidai xalq məktəblərinin canı müəllimdir" prinsipi ilə çalışan Ə.Eyvazovun əmək fəaliyyəti heç də həmişə rəvan, əndişəsiz, ağrı-acısız olmayıb. O, əsassız təqiblərə də məruz qalıb. 1908-ci ilin mart ayında Əsgər bəydən yuxarılara belə bir donos çatdırılıb ki, guya o, qeyri-leqal millətçi "Difai" cəmiyyətinin üzvü olub. 1906-cı ildə burjua-mülkədar ziyalılardan, bəylərdən təşkil olunmuş bu millətçi partiyanın Qaryagində də özəyi var idi. Bu donosdan sonra Əsgər bəyi həbs ediblər. Ağdam məktəbində dərslərə müvəqqəti olaraq fasilə verilib.

Ə.Eyvazov haqqında xəbərçiliyin əsassız olduğu sonralar təsdiqlənib. Donosu yazan varlı təbəqənin nümayəndəsi idi. O, Ə.Eyvazovun qəzetdə dərc olunmuş məqalələrindən qəzəblənərək, belə çirkin əmələ əl atmışdı.

Əsgər bəy işinə bərpa olunandan sonra onun dərslərində bilavasitə iştirak etmiş xalq məktəbləri direktorunun hazırladığı arayışda deyilirdi: "O, dərsi məharətlə aparır və öz söhbətləri ilə şagirdlərində vətəndaşlıq hissləri oyadırdı". Ə.Eyvazovun demokratik baxışları ilə heç cür barışmayan nadanlar donos yazmaqda davam edirdilər. Lakin böhtan və iftiralar yoxlama zamanı təsdiq olunmurdu. 1917-ci ilin aprelində növbəti araşdırmadan sonra xalq məktəbləri müfəttişi yazırdı: "Ə.Eyvazov əhali arasında bacarıqlı pedaqoq və vətəndaş kimi xüsusi hörmətə malikdir. O, hər dəfə həmkəndliləri, həmçinin, əhali ilə hökumət məmurları arasında baş verən münaqişəli məsələləri həll etmək üçün dəvət olunur".

Cəmiyyətdə tutduğu mövqeyinə görə Ə.Eyvazov ictimai xadim kimi xalq arasında dərin hörmət qazanmışdı. Təsadüfi deyil ki, 1921-ci ilin sentyabrında o, Cəbrayıl Qəza İcraiyyə Komitəsi Bürosunun qərarı ilə Volqaboyu aclarına yardım komitəsinin katibi seçilmişdi.

Maraqlıdır ki, Ə.Eyvazov eyni zamanda, həm xalq maarif şöbəsinə, həm də ictimai təminat şöbəsinə rəhbərlik edirdi. O zaman qəzada müəllimlər kursunun, mədəni-maarif müəssisələrinin təşkili də onun adı ilə bağlıdır.

1922-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığına yazılmış arayışda deyilirdi ki, xalq maarif şöbəsi qəzada öz işini nümunəvi quran və səliqəliyi ilə fərqlənən yeganə şöbədir. Buna məhz Ə.Eyvazovun əməksevərliyi, enerjisi və öz işini yaxşı bilməsi nəticəsində müvəffəq olunub.

1923-cü ildə Ə.Eyvazov Qaryagin rayonundakı iki dərəcəli məktəbə müdir təyin edilib. O, həmin məktəbdə 1926-cı ilədək işləyib. Sonra Bakı Pedaqoji Texnikumunda dərs deməyə dəvət edilib. O, Bakıda işləyərkən, Qiyabi Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyatı şöbəsini bitirib.

Burada qeyd etmək lazımdır ki, Əsgər bəy Eyvazovun həyat yoldaşı Əsmət xanım dövrün məşhur maarifçisi Allahverdi bəy Ağabəyovun qızı olub.

Əsgər bəyin həyatı əsl örnək və nümunə olub. Ondan övladlarına nə var-dövlət, nə mülk, nə qiymətli əşya, nə də başqa bir maddi sərvət qalıb. Onlara qalan atalarının təmiz adı olub. Faydalı zəhməti, elmə, biliyə can atması, millət üçün pərvanə kimi oda yanması isə hədər getməyib. Onun haqqında Azərbaycan mətbuatı səhifələrində müxtəlif vaxtlarda bir sıra geniş materiallar dərc edilib. Azərbaycan Dövlət Radio və Televiziyasında onun maarifçilik fəaliyyəti barədə verilişlər təşkil olunub.

Bu faktlar və məlumatlar Ə.Eyvazovun fəaliyyəti barədə məlumatların yalnız cüzi bir hissəsidir. Eyni zamanda qeyd etməliyik ki, onun fəaliyyəti ilə bilavasitə bağlı olan çoxsaylı məqalələrdə və dərc olunmuş elmi işlərdə təqdim olunan bəzi məlumatların dəqiqləşdirilməsinə də zərurət var. Bir sözlə, onun həyat və fəaliyyətini tam əks etdirən tədqiqat işinin aparılmasına ehtiyac var.  Bununla belə, Ağdamda yeni tikilən məktəb binasında Əsgər bəyin xatirə lövhəsinin quraşdırılması barədə də düşünməyə dəyər.

Bir az da Əsgər bəyin oğlanları - Əməkdar elm xadimi, Əməkdar həkim, professor Bahadur Eyvazov və  tibb elmləri doktoru Ədil Eyvazov barədə danışmaq istəyirik.

Bahadur Əsgər oğlu Eyvazov 1907-ci ildə Füzuli rayonunda anadan olub. Hələ tələbə ikən elmi-tədqiqat işinə həvəs göstərib. Ali təhsilini başa çatdırdıqdan sonra o, institutun dəri-zöhrəvi xəstəlikləri kafedrasında saxlanılıb, tibb elminin ən zəruri məsələlərinin həlli ilə məşğul olmağa başlayıb. Ziyalı ailəsində doğulub tərbiyələnmiş gənc B.Eyvazov hələ 29 yaşında tibb elmlər doktoru elmi dərəcəsi alıb. 1946-1964-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olub. İndi də xatirələrdə əfsanəvi rektor kimi yaşamaqdadır.

1973-cü ildən Azərbaycan SSR Elmi-Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru vəzifəsində çalışmışdı. Tədqiqatı əsasən, dəri-zöhrəvi xəstəliklərin klinikası və epidemiologiyasının, respublika balneoloji kurort sərvətlərinin (Naftalan nefti, Suraxanı kükürdlü suyu, Şuşa iqlim kurortu və s.) öyrənilməsinə həsr olunmuşdu.

Bahadur Eyvazov Azərbaycan Cümhuriyyətinin rəhbərlərindən olan Həsən bəy Ağayevin qızı Xurşid Ağayeva ilə ailə qurmuşdu. Azərbaycan SSR Ali Sovetinin (2-ci və 5-ci çağırış) deputatı seçilmişdi. 1987-ci ildə vəfat etmişdi.

"O, həkim idi. Ancaq heç zaman yalnız həkimliklə kifayətlənməmişdi. Eyni zamanda, işgüzar, qüsursuz, səriştəli bir təşkilatçı və həmişə gələcəyə baxan, irəlini görən bir insan idi. O, ömrü boyu yenilik hissi ilə yaşamışdı. Təbabət elminin hansı sahəsində çalışırsa çalışsın, orada qısa vaxt içərisində sər-sahman yaratmağı bacarırdı. Düzlüyü, təmizliyi sevən, qəlp ürəkli, natəmiz adamlara nifrət edən prinsipial bir şəxsiyyət idi. Belə yüksək bəşəri keyfiyyətlər hər adama nəsib olmur", - bu sözləri Bahadur Eyvazov haqqında Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Qılman İlkin deyib.

Bu məqalənin müəllifi ilk dəfə 1960-cı ildə, 12 yaşı olarkən Bahadur Eyvazovla görüşüb. Əlbəttə, on iki yaş qayğısız bir həyat yaşaya biləcəyiniz, lakin eyni zamanda, yetkin bir gənc olmağa başladığınız çox gözəl bir yaşdır. Həmin il mən Bakıdakı orta məktəblərin birinin şagirdi idim və yay tətilində Bərdəyə valideynlərimin yanına gəlmişdim. Atam burada rəhbər partiya işində işləyirdi. Avqust ayının bazar günlərinin birində Bahadur Eyvazov Ağdamdan bizim evimizə təşrif buyurmuşdu. O, Səhiyyə Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında qonşu rayonda  ezamiyyətdə olmuşdu.

İşlərini tam başa çatdırandan sonra professor Bakıya getməmişdən öncə yolüstü uzun illər boyu tanıdığı atamı görmək üçün onu ziyarət etməyi qərara almışdı. Həyətdəki nəhəng qoz ağacının kölgəsi altında çay masasının arxasında oturan atam və qonağı sakit tərzdə adətən iki yaxın dostun görüşündə danışıla biləcək mövzuda nələri isə müzakirə edirdilər. Bir müddət sonra professor məni yanına çağırdı və mənimlə danışmağa başladı. O, daha çox nəyə həvəs göstərməyim və dərslərim barədə suallar verirdi, hansı fənləri daha yaxşı bildiyimi, hansında çətinliklərim olduğunu, məktəbi bitirdikdən sonra nə ilə məşğul olmaq istədiyimi soruşurdu. Bu və digər suallara mümkün qədər dolğun cavablar verməyə çalışırdım. Bir az narahatlığımı və utancaq durumumu hiss edərək, o, cavablarımı mehriban bir təbəssüm və anlayışla qəbul edir, bu və ya digər epizodu özü şərh edirdi.

Sonra mənə dərslərimdə uğurlar arzulayan professor, iyirminci əsrin əvvəllərində məktəb yaşlı uşaqların hansı çətinliklərlə üzləşdikləri, o cümlədən, ibtidai və orta təhsil müəssisələrinin çatışmazlığı, orta məktəblərdə ümumi nisbətdə azərbaycanlı şagirdlərin sayının az olduğu barədə danışmağa başladı. Bahadur Eyvazov bütün bunları qeyri-adi dərəcədə sadə və çox anlaşıqlı bir şəkildə danışırdı.

Bəli, bu kiçik söhbət həqiqətən çox təbii alınmışdı. Bu da professorun müdrik bir insan olması, onun nəzakət hissinin dərinliyi, geniş dünyagörüşü ilə bağlı idi. Buna görə də 60 ildən sonra da onun söylədiyi fikirlər yaddaşımda qalıb. Bu gün həmin görüşü dəfələrlə xatırlayaraq, sonrakı illərdə onun həyat və yaradıcılığı ilə bağlı araşdırmaları təhlil edərək bir nəticəyə gəlirəm: o, parlaq zəkalı və mehriban bir insan idi. Bu, onun öz qəlbinin dərinliklərindən gələn bir keyfiyyət idi və burada hər kəs üçün bir yer, isti bir söz, ürəkdən gələn bir cavab var idi.

Bir az da Əsgər bəy Eyvazovun digər oğlu - tibb elmləri doktoru Ədil Əsgər oğlu Eyvazov haqqında danışmaq istəyirəm.

Ədil Eyvazov 1921-ci ildə Füzuli rayonunda anadan olub. Orta məktəbin altıncı sinfini uğurla başa vurduqdan sonra fəhlə fakültəsində təhsil alıb, oranı bitirib Azərbaycan Tibb İnstitutuna (ATI) daxil olub, həmin ali təhsil müəssisəsini 1942-ci ildə bitirib. Elmi qabiliyyətini və pedaqoji səriştəsini nəzərə alaraq, hələ tələbə ikən Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar Leninqraddan Bakıya köçürülmüş hərbi feldşerlik məktəbində müəllimlik fəaliyyətinə cəlb olunub. Sonralar uzun müddət - 25 il Bakıda tibbi təhsil müəssisələrində tədris hissə müdiri və müdir işləyib. 1943-1945-ci illərdə ATİ-nin Müalicə-profilaktika fakültəsində dekan müavini, 1946-1950-ci illərdə burun-boğaz kafedrasında baş laborant, ordinator, assistent, 1951-1967-ci illərdə həkimləri təkmilləşdirmə institutunda burun-boğaz-qulaq kafedrasında assistent vəzifələrində fəaliyyət göstərib. 1967-ci ildən ömrünün sonuna qədər Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda baş elmi işçi və şöbə müdiri vəzifəsində işləyib, 2008-ci ildə vəfat edib.

Bir fikri xüsusi qeyd etmək lazımdır ki, Ədil Eyvazov qardaşı haqqında, həmin dövrün keşməkeşli məqamları barədə öz müşahidələrinə, yaxın adamların mülahizələrinə və arxiv sənədlərinə istinad edərək, qəribə taleli bu görkəmli şəxsiyyət haqqında çağdaş nəslə öz sözünü çatdırmaq niyyəti ilə bir necə memuar yazmışdı. Bu əsərlər elmi və tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı.

Əsgər bəy Eyvazovun daha bir oğlu - Zülfüqar bəy Eyvazov, iki qızı - Nimtac xanım Eyvazova və Balış xanım Vəlibəyova-Eyvazova olmuş və onlarda artıq dünyalarını dəyişmişdi. 

Sonda onu da qeyd edək ki, Əsgər bəy Eyvazov və onun övladları ilə bağlı faktları və epizodları daha geniş təsvir etmək üçün başladığımız söhbətə qəzet məkanı yetərli olmayacaq. Buna baxmayaraq, yuxarıda qeyd etdiyimiz kimi, əvvəlki məlumatlar və təhlillər əsasında bu istiqamətdə, xüsusən Əsgər bəyin həyatı ilə bağlı araşdırmaları davam etdirmək və ölkənin geniş ictimaiyyətinə çatdırmaq lazımdır.

Bunu etmək bir də ona görə vacibdir ki, Əsgər bəy Eyvazovun təşəbbüsü ilə açılan Ağdam şəhər 1 nömrəli orta məktəbin 2023-cü ildə 140 yaşı tamam olacaq. Sevindirici haldır ki, Azərbaycan təhsilinin inkişafında öz yeri və izi olan, son 28 ildə köçkün həyatı yaşamış məktəbin yubiley tədbiri doğma Ağdam şəhərində, yeni tikilmiş Ağdam şəhər 1 nömrəli məktəbin binasında qeyd ediləcək.

 





17.07.2021    çap et  çap et